Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər
Azərbaycan büdcəsi ilə bağlı yeni proqnoz: kəsir yarıbayarı azalacaq. Maliyyə Nazirliyi gözləntini dəyişdi – büdcəyə 756 milyon manat artıq gəlir daxil olacaq. Büdcədə böyük dəyişiklik: 841 milyon manat az xərclənəcəkAzərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmiş göstərici ilə müqayisədə təxminən yarıbayarı azalaraq 1 milyard 497,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində (Mid-Year Review) əksini tapıb.
Beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun hazırlanmış sənəddə 2026-cı ilin ilk altı ayı üzrə büdcənin faktiki icrası ilə yanaşı, ilin sonuna makroiqtisadi və fiskal göstəricilərin yenilənmiş gözləntiləri təqdim olunub.
İlin sonuna büdcə gəlirləri 39,365 milyard manat gözlənilir
2026-cı ilin dövlət büdcəsinin təsdiq edilmiş gəlirləri 38 milyard 609 milyon manat olduğu halda, Maliyyə Nazirliyi ilin sonunda faktiki gəlirlərin 39 milyard 365 milyon manata çatacağını gözləyir. Beləliklə, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəricidən 756 milyon manat və ya 2% çox ola bilər.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil etmişdi. Buna görə də 2026-cı il üzrə gözlənilən gəlirlər ötən ilin faktiki göstəricisindən 180,4 milyon manat və ya 0,5% çoxdur.
Büdcə gəlirlərinin ÜDM-ə nisbətinin isə 28,5% olacağı gözlənilir. Təsdiq edilmiş büdcədə bu göstərici 28,8% nəzərdə tutulmuşdu.
Neft gəlirləri proqnozdan çox olacaq, amma ötən ildən 1,7 milyard manat aşağı qalacaq
Maliyyə Nazirliyi 2026-cı ilin sonunda dövlət büdcəsinin neft gəlirlərinin 17 milyard 85 milyon manat təşkil edəcəyini gözləyir. Təsdiq edilmiş büdcədə neft gəlirləri 16 milyard 435 milyon manat nəzərdə tutulmuşdu. Beləliklə, yeni gözlənti ilkin göstəricidən 650 milyon manat və ya 4% çoxdur.
Lakin 2025-ci ildə dövlət büdcəsinin neft gəlirlərinin 18 milyard 828,4 milyon manat olduğu nəzərə alınarsa, 2026-cı ildə bu mənbədən daxilolmaların 1 milyard 743,4 milyon manat və ya 9,3% azalacağı gözlənilir.
Neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisinin 2025-ci ildəki 48,1%-dən 2026-cı ilin sonunda 43,4%-ə düşəcəyi proqnozlaşdırılır. Bu, 4,6 faiz bəndi azalma deməkdir.
Qeyri-neft gəlirləri 22,3 milyard manata yaxınlaşacaq
Əks istiqamətdə dəyişiklik qeyri-neft gəlirlərində gözlənilir. 2026-cı ilin dövlət büdcəsində qeyri-neft gəlirləri 22 milyard 174 milyon manat təsdiq edilsə də, Maliyyə Nazirliyi ilin sonunda göstəricinin 22 milyard 280 milyon manata çatacağını proqnozlaşdırır. Bu, təsdiq edilmiş göstəricidən 106 milyon manat və ya 0,5% çoxdur. 2025-ci ildə qeyri-neft gəlirləri 20 milyard 356,2 milyon manat təşkil etmişdi. Beləliklə, bir il ərzində qeyri-neft gəlirlərinin 1 milyard 923,8 milyon manat və ya 9,5% artacağı gözlənilir.
Nəticədə qeyri-neft gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisinin 51,9%-dən 56,6%-ə yüksələcəyi proqnozlaşdırılır.
Başqa sözlə, 2026-cı ilin sonunda büdcəyə daxil olan hər 100 manatın təxminən 57 manatının qeyri-neft mənbələrindən formalaşacağı gözlənilir.
Vergi Xidməti büdcəyə planlaşdırılandan 850 milyon manat çox ödəyə bilər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 2026-cı ildə dövlət büdcəsinə 17 milyard 760 milyon manat daxilolma gözlənilir. Təsdiqlənmiş göstərici 16 milyard 910 milyon manatdır. Beləliklə, vergi daxilolmalarının proqnozu 850 milyon manat və ya 5% üstələyəcəyi gözlənilir.
2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 16 milyard 355,2 milyon manat daxil olub. Yeni proqnoz ötən ilin nəticəsindən 1 milyard 404,8 milyon manat və ya 8,6% çoxdur.
Vergi daxilolmalarının strukturunda da qeyri-neft sektoru əsas artım mənbəyi olacaq.
Neft sektoru üzrə vergi gəlirlərinin 4 milyard 250 milyon manat olacağı gözlənilir. Bu, təsdiqlənmiş 3 milyard 600 milyon manatlıq göstəricidən 650 milyon manat və ya 18,1% çoxdur.
Bununla belə, neft sektoru üzrə vergi daxilolmaları 2025-ci ilin 4 milyard 347,4 milyon manatlıq göstəricisindən 97,4 milyon manat və ya 2,2% az olacaq.
Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının isə 13 milyard 510 milyon manata çatacağı gözlənilir. Bu, təsdiqlənmiş göstəricidən 200 milyon manat və ya 1,5%, 2025-ci ildən isə 1 milyard 502,2 milyon manat və ya 12,5% çoxdur.
Gömrük gəlirləri proqnozdan 100 milyon manat aşağı gözlənilir
Dövlət Gömrük Komitəsinin xətti ilə 2026-cı ildə büdcəyə 6 milyard 762 milyon manat daxilolma gözlənilir. Təsdiqlənmiş büdcədə gömrük daxilolmaları 6 milyard 862 milyon manat nəzərdə tutulmuşdu. Beləliklə, Maliyyə Nazirliyi gömrük gəlirlərinin ilkin proqnozdan 100 milyon manat və ya 1,5% aşağı olacağını gözləyir. Bununla belə, göstərici 2025-ci ildəki 6 milyard 369,9 milyon manatla müqayisədə 392,1 milyon manat və ya 6,2% çox olacaq.
Dövlət Neft Fondundan transfert 1,646 milyard manat azalacaq
2026-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 12 milyard 835 milyon manat səviyyəsində qalacağı gözlənilir. Bu məbləğ təsdiqlənmiş büdcə göstəricisinə uyğundur. 2025-ci ildə isə Neft Fondundan dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edilmişdi. Beləliklə, 2026-cı ildə transfertin ötən illə müqayisədə 1 milyard 646 milyon manat və ya 11,4% azalacağı gözlənilir. Bu azalma büdcənin neft mənbələrindən asılılığının aşağı düşməsində əsas amillərdən biridir.
İlk yarımildə büdcənin gəlirləri 625 milyon manat azalıb
2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat təşkil edib. 2025-ci ilin ilk yarısında bu göstərici 19 milyard 803,8 milyon manat idi. Beləliklə, dövlət büdcəsinin gəlirləri bir il ərzində 624,6 milyon manat və ya 3,2% azalıb.
Lakin yarımillik gəlirlər Maliyyə Nazirliyinin 18 milyard 828,9 milyon manatlıq proqnozundan 350,3 milyon manat çox olub və proqnoz 101,9% icra edilib.
Gəlirlərin azalmasının əsas səbəbi neft-qaz sektorundan daxilolmaların aşağı düşməsi olub.
Neft-qaz gəlirləri 1,328 milyard manat azalıb
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin neft-qaz sektoru üzrə gəlirləri 8 milyard 198,2 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstərici 9 milyard 526,6 milyon manat təşkil etmişdi. Beləliklə, neft-qaz gəlirləri 1 milyard 328,4 milyon manat və ya 13,9% azalıb. Neft-qaz gəlirlərinin ümumi büdcə gəlirlərində payı 48,1%-dən 42,7%-ə enib.
Azalma 5,4 faiz bəndidir.
Qeyri-neft gəlirləri 704 milyon manat artıb
Neft-qaz gəlirlərinin azalmasının əksinə olaraq qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları yüksəlib. 2026-cı ilin ilk yarısında qeyri-neft-qaz gəlirləri 10 milyard 981 milyon manat təşkil edib.
2025-ci ilin ilk yarısında bu göstərici 10 milyard 277,2 milyon manat idi/ Artım 703,8 milyon manat və ya 6,8% təşkil edib.
Qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 51,9%-dən 57,3%-ə yüksəlib. Beləliklə, ilk yarımildə dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu qeyri-neft-qaz mənbələrindən formalaşıb.
Vergi gəlirləri 139 milyon, gömrük gəlirləri 52,5 milyon manat artıb
2026-cı ilin ilk yarısında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 8 milyard 842,7 milyon manat daxil olub.
Bu, 2025-ci ilin eyni dövründən 139 milyon manat və ya 1,6% çoxdur.
Vergi Xidmətinin dövlət büdcəsinin gəlirlərində payı 43,9%-dən 46,1%-ə yüksəlib.
Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar isə 3 milyard 143,6 milyon manat olub.
Gömrük daxilolmaları ötən ilin eyni dövründən 52,5 milyon manat və ya 1,7% artıb.
Gömrük gəlirlərinin büdcədə xüsusi çəkisi 15,6%-dən 16,4%-ə yüksəlib.
Neft Fondundan yarımillik transfert 820,5 milyon manat azalıb
2026-cı ilin ilk yarısında Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert edilib. 2025-ci ilin eyni dövründə transfert 7 milyard 240,5 milyon manat idi. Beləliklə, transfert 820,5 milyon manat və ya 11,3% azalıb.
Neft Fondunun transfertinin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi də 36,6%-dən 33,5%-ə düşüb.
Dövlət büdcəsinin xərcləri 320 milyon manat azalıb
2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat təşkil edib.
2025-ci ilin ilk yarısında büdcədən 17 milyard 95,6 milyon manat xərclənmişdi.
Beləliklə, xərclər 320,1 milyon manat və ya 1,9% azalıb.
Lakin xərclərin strukturu ciddi dəyişib.
Cari xərclər 10 milyard 571,3 milyon manatdan 11 milyard 642,5 milyon manata yüksəlib.
Artım 1 milyard 71,2 milyon manat və ya 10,1% təşkil edib.
Cari xərclərin ümumi büdcə xərclərində payı 61,8%-dən 69,4%-ə yüksəlib.
Əsaslı xərclər isə əksinə, 5 milyard 496,8 milyon manatdan 4 milyard 188,2 milyon manata düşüb.
Azalma 1 milyard 308,6 milyon manat və ya 23,8% təşkil edib.
Əsaslı xərclərin ümumi xərclərdə payı 32,2%-dən 25%-ə enib.
Dövlət borcuna xidmətlə bağlı xərclər 82,7 milyon manat və ya 8% azalaraq 944,8 milyon manat təşkil edib.
Əməkhaqqına xərclər təxminən 917 milyon manat artıb
Büdcə xərclərinin iqtisadi təsnifatı göstərir ki, 2026-cı ilin ilk yarısında ən böyük artımlardan biri əməyin ödənişi üzrə qeydə alınıb.
Əməkhaqqına büdcədən 5 milyard 608,5 milyon manat yönəldilib.
2025-ci ilin ilk yarısında bu göstərici 4 milyard 691,6 milyon manat idi.
Artım 916,9 milyon manat və ya 19,5% təşkil edib.
Əməyin ödənişinin dövlət büdcəsinin bütün xərclərində payı bir ildə 27,4%-dən 33,4%-ə yüksəlib.
Başqa sözlə, büdcədən xərclənən hər 3 manatın təxminən 1 manatı əməkhaqqının payına düşüb.
Malların və xidmətlərin satın alınmasına xərclər 46% artıb
Malların, işlərin və xidmətlərin satın alınması üzrə xərclər də kəskin yüksəlib.
Bu istiqamətdə xərclər 1 milyard 591,1 milyon manatdan 2 milyard 324,6 milyon manata çatıb.
Artım 733,4 milyon manat və ya 46,1% təşkil edib.
Satınalmaların ümumi büdcə xərclərində payı 9,3%-dən 13,9%-ə yüksəlib.
Əməkhaqqı və mal, iş və xidmətlərin satın alınması birlikdə ilk yarımildə təxminən 7 milyard 933 milyon manat təşkil edib. Bu, dövlət büdcəsinin yarımillik xərclərinin təxminən 47,3%-nə bərabərdir.
Qeyri-maliyyə aktivlərinə xərclər 1,453 milyard manat azalıb
Ən böyük azalma qeyri-maliyyə aktivləri üzrə əməliyyatlarda qeydə alınıb.
Bu istiqamətdə xərclər 5 milyard 436 milyon manatdan 3 milyard 983,1 milyon manata düşüb.
Azalma 1 milyard 452,9 milyon manat və ya 26,7% təşkil edib.
Qeyri-maliyyə aktivlərinin ümumi büdcə xərclərində payı 31,8%-dən 23,7%-ə enib.
Qrantlar və digər ödənişlər 25,8% azalaraq 1 milyard 599,7 milyon manata, subsidiyalar 21,8% azalaraq 483,2 milyon manata, faiz ödənişləri isə 11,6% azalaraq 467,4 milyon manata düşüb.
Sosial ödənişlər isə 143,1 milyon manat və ya 9,5% artaraq 1 milyard 643,3 milyon manata çatıb.
Müdafiə və milli təhlükəsizlik xərcləri 413 milyon manat azalıb
Funksional təsnifata görə, 2026-cı ilin ilk yarısında müdafiə və milli təhlükəsizlik istiqamətində 3 milyard 437,4 milyon manat xərclənib.
2025-ci ilin eyni dövründə bu göstərici 3 milyard 850,1 milyon manat idi.
Beləliklə, bu istiqamətdə xərclər 412,7 milyon manat və ya 10,7% azalıb.
Təhsil xərcləri 72,5 milyon manat və ya 2,9% azalaraq 2 milyard 400,1 milyon manat, səhiyyə xərcləri isə 201 milyon manat və ya 25,4% azalaraq 591,6 milyon manat olub.
İqtisadi fəaliyyət üzrə xərclər 138,9 milyon manat və ya 5,1% azalaraq 2 milyard 578 milyon manat təşkil edib.
Kənd təsərrüfatına ayrılan vəsait 61,5 milyon manat və ya 10,4% azalaraq 527,3 milyon manata düşüb.
Sosial müdafiə xərcləri 162 milyon manat artıb
Sosial müdafiə və sosial təminat üzrə büdcə xərcləri 2026-cı ilin ilk yarısında 2 milyard 359,8 milyon manat olub.
Bu, ötən ilin eyni dövründən 161,7 milyon manat və ya 7,4% çoxdur.
Ümumi dövlət xidmətlərinə xərclər 175,8 milyon manat və ya 8,1% artaraq 2 milyard 339,5 milyon manata, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa xərclər isə 118,2 milyon manat və ya 9,2% artaraq 1 milyard 403,7 milyon manata çatıb.
Mənzil və kommunal təsərrüfat xərcləri 17,3%, ətraf mühitin mühafizəsi xərcləri isə 19,6% artıb.
İlk yarımildə 2,4 milyard manat profisit yaranıb
2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri xərcləri 2 milyard 403,7 milyon manat üstələyib. Beləliklə, dövlət büdcəsi yarımilliyi 2,4 milyard manatdan çox profisitlə başa vurub. 2025-ci ilin eyni dövründə profisit 2 milyard 708,2 milyon manat idi. Profisit bir il ərzində 304,5 milyon manat və ya 11,2% azalıb. Ancaq ilin sonunda 1,5 milyard manat kəsir gözlənilir/
Yarımillikdə böyük profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi ilin sonunda dövlət büdcəsinin 1 milyard 497,6 milyon manat kəsirlə bağlanacağını gözləyir.
Nazirliyin cədvəlində təsdiq olunmuş kəsir göstəricisi 3 milyard 51,6 milyon manat göstərilir.
Yeni proqnoza əsasən, büdcə kəsiri təsdiqlənmiş həddən 1 milyard 554 milyon manat və ya 50,9% aşağı ola bilər.
Kəsirin ÜDM-ə nisbətinin isə təsdiqlənmiş 2,3% əvəzinə 1,1% təşkil edəcəyi gözlənilir.
Bu, fiskal nəticənin təsdiq edilmiş büdcə ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşması deməkdir.
İlin ikinci yarısında xərclər kəskin sürətlənməlidir
Maliyyə Nazirliyinin ilin sonuna gözləntisi ilə yarımillik faktiki göstəricilər müqayisə edildikdə daha bir diqqətçəkən mənzərə yaranır.
İlin ilk yarısında büdcəyə 19 milyard 179,2 milyon manat gəlir daxil olub. İllik gözlənti 39 milyard 365 milyon manatdır.
Bu o deməkdir ki, ilin ikinci yarısında təxminən 20 milyard 185,8 milyon manat gəlirin daxil olması gözlənilir.
İlk yarıda büdcədən 16 milyard 775,5 milyon manat xərclənib. İlin sonuna xərc gözləntisi 40 milyard 862,6 milyon manatdır.
Deməli, ilin ikinci yarısında təxminən 24 milyard 87,1 milyon manat xərclənməlidir.
Bu məbləğ birinci yarımildəki xərclərdən 7 milyard 311,6 milyon manat və ya 43,6% çoxdur.
İlk yarımildə büdcədən orta hesabla ayda təxminən 2 milyard 796 milyon manat xərclənibsə, ikinci yarımildə illik gözləntinin reallaşması üçün orta aylıq xərc təxminən 4 milyard 15 milyon manata yüksəlməlidir.
Beləliklə, ilin ikinci yarısında dövlət xərclərinin icra tempinin nəzərəçarpacaq dərəcədə sürətlənməsi gözlənilir.
İkinci yarımildə təxminən 3,9 milyard manatlıq mənfi balans yaranmalıdır
İlk yarımildə büdcənin profisiti 2 milyard 403,7 milyon manatdır.
İlin sonunda isə 1 milyard 497,6 milyon manat kəsir gözlənilir.
Bu göstəricilərin reallaşması üçün iyul-dekabr dövrünün özündə büdcə gəlirləri ilə xərcləri arasında təxminən 3 milyard 901,3 milyon manatlıq mənfi fərq yaranmalıdır.
Bu isə bir daha göstərir ki, ilin ilk yarısındakı profisiti ilin yekun fiskal nəticəsi kimi qiymətləndirmək düzgün olmaz.
Əsaslı və investisiya xarakterli xərclərin daha böyük hissəsinin ilin ikinci yarısında həyata keçirilməsi büdcənin yarımillik profisitdən illik kəsirə keçməsini izah edə biləcək əsas amillərdən biridir.
İcmal büdcənin gəlirləri 24,405 milyard manat olub
2026-cı ilin ilk yarısında icmal büdcənin gəlirləri 24 milyard 405 milyon manat təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 24 milyard 357,8 milyon manat idi.
Beləliklə, icmal büdcə gəlirləri 47,2 milyon manat və ya 0,2% artıb.
İcmal büdcə xərcləri isə 19 milyard 593,7 milyon manatdan 19 milyard 824,3 milyon manata yüksəlib.
Artım 230,6 milyon manat və ya 1,2% təşkil edib.
Nəticədə icmal büdcənin profisiti 4 milyard 764,1 milyon manatdan 4 milyard 580,7 milyon manata düşüb.
Azalma 183,4 milyon manat və ya 3,8% təşkil edib.
Neft Fondunun gəlirləri nəzərə alınmasa, icmal büdcə kəsirdədir
Maliyyə Nazirliyinin məlumatına görə, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 2026-cı ilin ilk yarısında 3 milyard 950,7 milyon manat təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 4 milyard 51,8 milyon manat idi.
Beləliklə, Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 101,1 milyon manat və ya 2,5% azalıb.
Bu göstərici dövlət maliyyəsində qeyri-neft gəlirlərinin artmasına baxmayaraq, neft gəlirlərinin ümumi fiskal balans üçün hələ də mühüm rol oynadığını göstərir.
DSMF-də gəlir və xərclər sürətlə artır
2026-cı ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun büdcə gəlirləri 4 milyard 295,4 milyon manat təşkil edib.
Ötən ilin eyni dövründə gəlirlər 3 milyard 962,9 milyon manat idi.
Artım 332,5 milyon manat və ya 8,4% olub.
Fondun xərcləri isə 380,2 milyon manat və ya 10,2% artaraq 4 milyard 123,7 milyon manata çatıb.
İşsizlikdən Sığorta Fondunun gəlirləri 3,1% artaraq 125,2 milyon manata yüksəlib, xərcləri isə 7,5% azalaraq 78,1 milyon manat olub.
İcbari Tibbi Sığorta Fondunun gəlirləri 19,3% azalaraq 1 milyard 12,3 milyon manata düşüb, xərcləri isə 13,6% artaraq 1 milyard 153,8 milyon manata çatıb.
Dövlət Neft Fondunun icmal büdcədə nəzərə alınan gəlirləri 3,2% azalaraq 8 milyard 531,3 milyon manat, xərcləri isə 11,4% azalaraq 6 milyard 434,3 milyon manat təşkil edib.
Büdcədə əsas dəyişiklik nədir?
2026-cı ilin yarımillik və ilin sonuna dair gözləntiləri birlikdə qiymətləndirildikdə Azərbaycan dövlət maliyyəsində bir neçə mühüm tendensiya görünür.
1. İlin sonunda büdcə təsdiqlənəndən daha yaxşı nəticə göstərə bilər
Maliyyə Nazirliyi gəlirlərin təsdiqlənmiş büdcədən 756 milyon manat yüksək, xərclərin isə 841 milyon manat aşağı olmasını gözləyir.
Bu iki amilin birlikdə təsiri nəticəsində büdcə kəsirinin təxminən yarıbayarı azalaraq 1,5 milyard manata enəcəyi proqnozlaşdırılır.
Bu, 2026-cı ilin fiskal mənzərəsində ən mühüm dəyişikliklərdən biridir.
2. Büdcənin gəlir strukturu qeyri-neft sektorunun xeyrinə dəyişir
2025-ci ildə büdcənin 48,1%-i neft, 51,9%-i qeyri-neft gəlirlərindən formalaşmışdı.
2026-cı ilin ilk yarısında neft-qaz gəlirlərinin payı artıq 42,7%-ə düşüb, qeyri-neft-qaz gəlirlərinin payı isə 57,3%-ə yüksəlib.
İlin sonunda da qeyri-neft gəlirlərinin 56,6% paya malik olması gözlənilir.
Bu struktur dəyişikliyində iki proses eyni vaxtda iştirak edir: qeyri-neft gəlirləri artır, neft gəlirləri və Dövlət Neft Fondundan transfert isə azalır.
3. Qeyri-neft vergilərində ikirəqəmli artım gözlənilir
2026-cı ilin sonunda qeyri-neft sektoru üzrə vergi daxilolmalarının 13,51 milyard manata çatacağı və 2025-ci illə müqayisədə 12,5% artacağı gözlənilir. Bu göstərici büdcənin neftdənkənar vergi bazasının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümumi qeyri-neft büdcə gəlirlərinin də 1,924 milyard manat artacağı proqnozlaşdırılır.
4. Dövlət Neft Fondundan transfert azalır
Neft Fondundan dövlət büdcəsinə transfertin bir il ərzində 1,646 milyard manat və ya 11,4% azalacağı gözlənilir. İlk yarımildə də transfert 820,5 milyon manat azalıb.
Bu, büdcənin maliyyələşmə strukturunda Neft Fondunun birbaşa rolunun nisbətən azalmasını göstərir.
5. Xərclərin strukturu cari xərclərin xeyrinə dəyişib
İlk yarımildə ümumi büdcə xərcləri 1,9% azalsa da, cari xərclər 10,1% artıb, əsaslı xərclər isə 23,8% azalıb.
Əməkhaqqı xərclərinin 19,5%, malların və xidmətlərin satın alınmasının isə 46,1% artması cari büdcə öhdəliklərinin çəkisinin yüksəldiyini göstərir.
Eyni zamanda qeyri-maliyyə aktivlərinə xərclərin 26,7% azalması kapital xarakterli xərclərin daha zəif icrasını göstərir.
6. İlin ikinci yarısı büdcə üçün tam fərqli ola bilər
İlk yarımillik 2,4 milyard manat profisitlə başa çatıb.
Ancaq illik gözlənti 1,5 milyard manat kəsirdir.
Bunun üçün ilin ikinci yarısında büdcənin təxminən 3,9 milyard manat kəsirlə icra olunması tələb olunur.
Eyni zamanda iyul-dekabrda xərclərin yanvar-iyunla müqayisədə təxminən 43,6% yüksək olması gözlənilir.
Bu səbəbdən büdcənin ilk yarısındakı mənzərəni ilin bütövlükdə fiskal vəziyyətinə birbaşa tətbiq etmək mümkün deyil.
7. İcmal büdcənin Neft Fondundan asılılığı hələ böyükdür
İcmal büdcə 4,58 milyard manat profisit göstərsə də, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadıqda 3,95 milyard manat kəsir yaranır.
Bu fərq Azərbaycanın fiskal mövqeyində neft gəlirlərinin hələ də mühüm “təhlükəsizlik yastığı” rolunu oynadığını göstərir.
8. Büdcədə paradoksal mənzərə yaranıb
2026-cı ilin büdcə mənzərəsini qısa şəkildə belə ifadə etmək olar: neft gəlirləri azalır, qeyri-neft gəlirləri artır; ümumi gəlirlər ilk yarıda aşağı düşür, amma illik planın üstələnməsi gözlənilir; xərclər ilk yarıda azalır, amma ikinci yarıda kəskin sürətlənməsi proqnozlaşdırılır; büdcə ilk altı ayda 2,4 milyard manat profisit verir, lakin ili təxminən 1,5 milyard manat kəsirlə başa vurması gözlənilir. Bu mənzərə 2026-cı ilin ikinci yarısının dövlət maliyyəsi baxımından birinci yarıdan xeyli daha aktiv dövr olacağını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
35 d. əvvəl
“FERRUM Kapital” 14%-lik istiqrazlarla 1 milyon manat cəlb edir
-
-
46 d. əvvəl
Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir ®
-
1 saat əvvəl
Azər Türk Bank və “YAŞAT” Fondu birgə əməkdaşlıq sənədi imzaladı
-
1 saat əvvəl
Məşhur jurnal yeni 100 manatlıqdan yazdı: “iqtisadiyyat və inkişafın milli ifadəsi”
- 2 saat əvvəl
-
2 saat əvvəl
7 ayda xarici ətə 66 milyon dollar xərclənib - Ət idxalı həm həcmdə, həm də qiymətdə artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“FERRUM Kapital” 14%-lik istiqrazlarla 1 milyon manat cəlb edir
Məşhur jurnal yeni 100 manatlıqdan yazdı: “iqtisadiyyat və inkişafın milli ifadəsi”
“Ambisiyamız kifayət qədər böyükdür” - MÜSAHİBƏ
Ən çox oxunanlar
7 ayda xarici ətə 66 milyon dollar xərclənib - Ət idxalı həm həcmdə, həm də qiymətdə artıb
Ümumi idxal azalsa da, xaricdən ərzaq alışı isə artıb
Xaricdən mal alışına 3,7 milyard dollar az xərclənib
Yeni mövsüm başlayır, Baku Electronics-də “Seçimlər Hazırdır”! ®
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
ABB növbədənkənar ümumi yığıncaq keçirəcək











.png)













