“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid
Azərbaycanda daşıyıcılara yeni subsidiya modeli tətbiq olunur. Avtobusun vaxtında gəlməsi artıq daşıyıcının gəlirinə təsir edəcək.İctimai nəqliyyat sisteminin inkişafı, avtomobil yönümlü şəhərdən vətəndaş yönümlü şəhərə keçid, mikromobilliyin inkişafı və s. istiqamətlərdə atılan addımların davamı olaraq, daha bir yeniliyin - “brutto müqavilə”nin tətbiqinə başlanıb. Müvafiq dövlət proqram və layihələrinin reallaşdırılması çərçivəsində ölkəmizdə ictimai nəqliyyatın idarə olunması və maliyyələşdirilməsi sistemində mütəmadi dəyişikliklər və təkmilləşdirmələr aparılır. Bunun bir nümunəsi kimi, 2026-cı ilin sentyabrından etibarən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsində yeni “brutto müqavilə” modelinin tətbiqinə başlanılması ictimai nəqliyyat sektorunda idarəetmə fəlsəfəsinin dəyişməsi baxımından əhəmiyyətli hadisədir. Yeni sistemin tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiyanın hesablanması və ödənilməsi Qaydası” əsasında həyata keçirilir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirir ki, “Brutto müqavilə” modelinin əsas mahiyyəti ondan ibarətdir ki, daşıyıcının gəliri yalnız avtobusa minən sərnişinlərin sayından asılı olmur. Əvəzində daşıyıcı əvvəlcədən müəyyənləşdirilmiş xidmət parametrlərinə – avtobusların sayına, hərəkət intervalına, qət edilən məsafəyə və xidmət keyfiyyətinə uyğun olaraq əlavə ödəniş - subsidiya alır. Başqa sözlə, dövlət və ya səlahiyyətli qurum nəqliyyat xidmətini, müəyyən mənada, “satın alan” tərəfə çevrilir, daşıyıcı isə qəbul edilmiş standartlara uyğun nəqliyyat xidməti göstərir. Təbii ki, bu halda xidmətlərin keyfiyyəti, təhlükəsizliyi, çevikliyi və s. məsələlər daha prioritet olur. Ona görə ki, bu yanaşma ənənəvi modeldən prinsipial şəkildə fərqlənir. Sərnişin gəlirlərindən daha çox asılı olan sistemdə daşıyıcı üçün kommersiya baxımından daha çox sərnişin cəlb edən marşrutlara üstünlük vermək, daha çox sərnişin daşımaq kimi prioritetlər, bəzən daha önə çıxırdı. Az sərnişin axını olan istiqamətlərdə isə xidmətin həcmi və keyfiyyəti azalır, belə istiqamətlər daşıyıcı üçün maraqlı olmaya bilər. “Brutto müqavilə” modelində isə daşıyıcının əsas maliyyə stimulu sərnişin sayından deyil, müəyyən edilmiş nəqliyyat xidmətinin vaxtında, tam və keyfiyyətli göstərilməsindən formalaşır. Bu baxımdan sistem ictimai nəqliyyatın kommersiya deyil, sosial xidmət xüsusiyyətlərini daha çox nəzərə almağa imkan verir.
Şöbə müdirinin fikrincə yeni modelin mühüm üstünlüklərindən biri də marşrut planlaşdırılmasının mərkəzləşdirilməsi və xidmət standartlarının əvvəlcədən müəyyən edilməsidir. Marşrut üzrə hansı sayda avtobusun işləyəcəyi, onların hansı intervalla hərəkət edəcəyi və gün ərzində nə qədər məsafə qət edəcəyi əvvəlcədən müəyyənləşdirildiyindən nəqliyyat xidmətinin proqnozlaşdırılması asanlaşır. Bu mənada, “brutto müqavilə” modelinin tətbiqinin əsas məqsədlərindən biri də, xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, avtobus marşrutlarının müəyyən edilmiş cədvələ uyğun fəaliyyət göstərməsini təmin etməkdir.
“Brutto müqavilə”nin tətbiqindən mühüm gözləntilərin biri də xidmət keyfiyyətinin maliyyə mexanizminə inteqrasiya olunmasıdır. Əgər daşıyıcı, yalnız avtobusun xəttə buraxılmasına görə deyil, həm də müəyyən edilmiş xidmət keyfiyyətinə görə qiymətləndirilirsə, onda avtobusların texniki vəziyyəti, hərəkət qrafikinə riayət edilməsi, avtobuslararası intervalın qorunması, avtobus parkının yenilənməsi və sərnişinlərə xidmət səviyyəsi daha böyük əhəmiyyət qazanır. Bu isə o deməkdir, “brutto müqavilə” sadəcə yeni subsidiya mexanizmi deyil, həm də keyfiyyətə əsaslanan idarəetmə modeli kimi çıxış edir.
Aqil Əsədov bildirir ki, yeni modelin uğuru yalnız müqavilə mexanizminin tətbiqindən deyil, nəzarət və ölçmə sisteminin effektivliyindən də asılı olacaq. Çünki “xidmət keyfiyyətinə görə ödəniş” prinsipinin işləməsi üçün keyfiyyət göstəriciləri dəqiq və ölçülə bilən olmalıdır. Avtobusun marşruta vaxtında çıxması, müəyyən edilmiş intervala riayət etməsi, reyslərin tam yerinə yetirilməsi, texniki və sanitariya vəziyyəti, sərnişinlərin təhlükəsizliyi və digər göstəricilər elektron monitorinq vasitələri ilə izləniləcəkdir. Əks halda, sistemin əsas məqsədi – dövlət vəsaitinin faktiki göstərilmiş və keyfiyyətli xidmətə uyğun ödənilməsi – tam reallaşmaya bilər. Bütün bunlar üçün isə rəqəmsallaşma olduqca vacibdir. GPS, elektron bilet sistemi, avtomatlaşdırılmış marşrut monitorinqi, sərnişin axınının təhlili və məlumat analitikası “brutto müqavilə” modelinin daha şəffaf və səmərəli fəaliyyətinə imkan verə bilər. Ona görə də yeni müqavilə modeli ictimai nəqliyyatın rəqəmsal transformasiyası ilə paralel inkişaf etdirildikdə daha uğurlu ola bilər.
“Brutto müqavilə” modelinin daha bir üstünlüyü sosial əhəmiyyətli, lakin kommersiya baxımından zəif olan marşrutların qorunmasına imkan verməsidir. Əgər müəyyən əraziyə sərnişin axını azdırsa, sırf kommersiya maraqları baxımından həmin istiqamətdə xidmətin azaldılması və ya dayandırılması riski yarana bilər. Yeni modeldə isə dövlət müəyyən xidmət standartını maliyyələşdirdiyindən belə marşrutların fəaliyyətinin davam etdirilməsi mümkündür. Bu xüsusilə şəhərin kənar əraziləri və əhalinin ictimai nəqliyyatdan asılı olduğu istiqamətlər üçün mühüm sosial əhəmiyyət daşıyır.
Beləliklə, 2026-cı ildə Azərbaycanda “brutto müqavilə” sisteminin tətbiqinə başlanılması ictimai nəqliyyatın inkişafında yeni institusional mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, “brutto müqavilə”nin əsas əhəmiyyəti avtobus daşıyıcılarının maliyyələşmə mexanizmini dəyişdirməklə məhdudlaşmır. Bu model “sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçidi ifadə edir. Əgər bu mexanizm effektiv monitorinq, şəffaf subsidiyalaşdırma, rəqəmsal nəzarət və keyfiyyət standartları ilə tamamlanarsa, Bakı və digər şəhərlərdə ictimai nəqliyyatın daha planlı, etibarlı, təhlükəsiz və sərnişin yönümlü sistemə çevrilməsinə mühüm töhfə verə bilər. Bu baxımdan, yeni sistemə yalnız maliyyə islahatı kimi deyil, ictimai nəqliyyatın idarə edilməsinin modernləşdirilməsi layihəsi kimi yanaşmaq daha məqsədəuyğundur. Ümid edirik ki, islahatın uzunmüddətli uğuru gündəlik təcrübədə – avtobusun vaxtında gəlməsi, intervalın sabitliyi, rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəlməsi ilə özünü göstərəcəkdir.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
- 30 d. əvvəl
-
- 32 d. əvvəl
-
47 d. əvvəl
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
- 1 saat əvvəl
-
1 saat əvvəl
FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
-
1 saat əvvəl
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
-
1 saat əvvəl
“PalmPay”in əhatə dairəsi genişlənir: Ovuc ilə ödənişlər artıq 5 yeni ünvanda
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycana gələn turistlərin xərcləri 18 %-dən çox azalıb
“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Ən çox oxunanlar
Dövlət 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır - Tələb yüksək olsa, 400 milyon manatadək borc alına bilər
Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq
Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib
İlin əvvəlindən fantastik məbləğlər qazanıblar - Bu il sərvətini ən çox artıran milyarderlər
























