Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bankı nə vaxt dəyişmək lazımdır? - 7 tövsiyyə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankı nə vaxt dəyişmək lazımdır? - 7 tövsiyyə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün şirkətlərin və imkanlı şəxslərin lisenziyası ləğv edilmiş banklarda pulunun "batdığı" haqqında xəbərləri eşidirik. Belə banklarda fiziki şəxslərin qorunmayan əmanətləri və müştəri hesablarındakı vəsaitlərin ümumi həcmi Əmanətlərin Sığortalanması Fondunun zəmanət verdiyi həcmi xeyli üstələyir. Bu vəsaitlər, bəzi şeyləri başa düşmək istəməyən, etibardan çox yüksək faizə üstünlük verən imkanlı şəxslərin və ya tanışlıq və tapşırıq ilə bankı seçmiş şirkətlərin vəsaitləridir. "Marja" mövzunun aktuallığını nəzərə alaraq bu məsələ ilə bağlı bəzi tövsiyyələri təqdim edir.

 

Bu ilin yazınadək Azərbaycanda banklara 30 min manatadək illik 12% dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlər hesab olunurdu. Əmanət 12%-dən yüksək faizlə və ya 30 min manatdan artıq məbləğdə yerləşdirldikdə sığortalanmırdı. 02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Buna baxmayaraq hələ də bir çox imkanlı şəxslər dollarda və manatda olan vəsaitlərini yuxarıda qeyd olunan faiz dərəcələrindən yüksək faizlər  ilə “tanışlıq”, “qohumluq”, “yüksək gəlir” və digər səbəblərə görə banklarda saxlayırlar.

 

Bu gün bankın rəhbərinin “uzun illərdi tanıdığınız” və ya “yaxın qohumunuz” olması sizin əmanətlərin qorunmasına zəmanət verə bilməz. İkincisi, sizin bankın əsas və yeganə unikal kommersiya üstünlüyü əmanət üzrə yüksək faiz dərəcəsidirsə, bu, risk üçün verdiyiniz əvəzdir. Yaxın perspektivdə başına döyən şəxslər sırasında durmağa hazır olun.

 

Bir neçə şirkətin bağlanan bankdan vəsaitlərini ala bilməməsi nəticəsində özünün də bağlanması dediklərimizə sübutdur.

 

İmkanlı şəxslərin və şirkətlərin pul itirməsində bankirlərin böyük rolu var. Onlar, iqtisadi bilikləri elə də yüksək olmayan,  prosesləri yaxından izləməyən və düzgün proqnozlaşdırmayan müştərilərinə vaxtında məlumat verməyiblər, öz mənafelərini üstün tutub reallıqları gizlədiblər.

 

Son dövrlər baş verən iqtisadi proseslər, az da olsa insanların risk anlayışını dəyişdirdi. Gəlir deyil, inam  ön plana çıxmağa başlayıb və investisiyalar bu əsasda yatırılır. Sahibkarlar, şirkət rəhbərləri və digər imkanlı insanlar  “Private” bankçılıq (özəl bankçılıq) ilə daha çox maraqlanırlar.  Çünki böyük dəyişiklik başlayıb. Ehtimal ki, artıq heç bir şey əvvəlki kimi olmayacaq. Yeni dövrdə pul qazanmaq və sərvəti artırmaq çətinləşib. Buna görə,  investisiyalarından istədikləri nisbətdə gəlir əldə etməyən şəxslər bu işi peşəkarlarına  təhvil vermək istəyirlər. Özəl bankçılıqda nəyinki  sərvətiniz idarə olunur, sizin satınalma, vergi, təhsil və digər ehtiyaclarınıza uyğun məsləhətlər verilir və xidmətlər göstərilir.

 

Təbii ki, özəl bankçılıqdan sərvəti müəyyən məbləğin üzərində olan insanlar istifadə edə bilərlər. Nisbətən az sərvəti  olan vətəndaşlar da bankını qiymətləndirmək, lazım gələrsə dəyişmək barədə düşünməlidir.   

 

Kreditlərə tələbin aşağı düşməsi, dollarlaşma, vaxtilə risklərin idarə edilməsində buraxılan səhvlər, vaxtı keçmiş kreditlərin artması, banklara qarşı tələblərin sərtləşməsi, rəqabət  bankları yüksək risk zonasına atır. Ona görə də, daha “həyat qabiliyyətli” maliyyə təşkilatlarının cari "seleksiyası" tamamilə təbii görünür.

 

Bankirin vəzifəsi istənilən məhsulu və ya xidməti müştəri üçün faydalı dildə təklif etmək və onun kapitalını artıraraq, problemini həll etməkdir. Pis bankir məhsul satır, yaxşısı isə problemləri həll edir. Aşağıda sadalananlardan hansı iləsə qarşılaşdıqda, bankınızı dəyişin.

 

Əgər sizin bankir:

 

1. Vədinə əməl etmir. Ən azından bir dəfə. Bu, onunla vidalaşmağın ən yaxşı indikatorudur. Bankirin birinci və əsas vəzifəsi öhdəliklərini və vədlərini yerinə yetirməsidir. Əmin deyilsə, vəd verməməlidir. Amma vədi veribsə, nə olursa-olsun, ona əməl etməlidir.

 

Bu vədin nəyə aid olduğu önəmli deyil: 3 saata kart buraxmağı və onu sizə çatdırmağı vəd edibsə, bunu təmin etməlidir.  Vədə əməl edilməsinin cəmi bir düsturu var: “fikir” – “söz” – “iş”. Bu, başqa cür işləmir. Bankir üçün vədinə əməl etmək – onun borcudur. Əgər sizin bankir bu qaydaya riayət etmirsə, o başqa iş axtarmalıdır, siz isə - başqa bank.

 

2.Detallara və xırdalıqlara qarşı diqqətsizdir. Bankir başa düşməlidir ki, bu işdə xırdalıq yoxdur. Hər bir detal müştəri üçün mühümdür, belə ki, şəxsən ona aiddir. Bank biznesində, xüsusilə də özəl bankçılıqda (Private Banking) uğurla uğursuzluq arasında fərq, nəyisə düzgün və tamamilə düzgün etməkdən ibarətdir. Əgər xırdalıqlara diqqət və qayğı sizin bankirin iş prinsipinə çevrilməyibsə - bankı dəyişin. Bu xırdalıqların iri itkilərə çevrilmək təhlükəsi var.

 

Yaxşı bir yapon ibrətində deyilir: “Tam vurulmamış mismar nalın itirilməsinə gətirir. Nalın itirilməsi atın itirilməsinə səbəb olur. At itirildiyindən məktub vaxtında çatdırılmır. Məktub çatmadığı səbəbindən müharibə məğlubiyyətlə başa çatır”.

Ona görə də “böyük” məğlubiyyəti gözləmək lazım deyil. Siz bankirdən “çatdırmadım”, “unutdum”, “ağlıma gəlmədi”, “bilmirdim” və s. eşidirsizsə - bankı dəyişin.

Daha fərasətli bankirlər isə özlərinin aşkar səhvlərini və səhlənkarlıqlarını  “texniki nasazlıq baş verdi”, “bizim bankımızın siyasəti...” və s. kimi səbəblərlə maskalamağa çalışırlar. “Bankımızın siyasəti” ifadəsini eşitdikdə, bilin ki, baş verənlərin ağıllı izahı yoxdur. Bu bankın menecerindən də, bankın özündən də, onun “siyasətindən” də qaçın.

 

3. Mütəxəssis deyil. Aydındır ki, peşəkar kadrlar etibarın formalaşmasında böyük əhəmiyyətə malikdir. Amma qeyd etmək lazımdır ki, bu seqmentdə çoxlu sayda bank işçisi bu xüsusiyyətə malik  deyillər. Bunu bağışlamaq olmaz. Bunu hiss edirsinizsə, bankı dəyişin. Ən dəhşətlisi isə odur ki, bəziləri səriştəsizliklərini özünə əminliklə ört-basdır edir. Bu bankir danışıq vaxtı olduqca aqressivdir, lakin bunun arxasında heç bir dərin və real bilik yoxdur. “Təbil insan” – səs-küylüdür, kəskindir, - çünki daxili boşdur...

 

Bir çox bankirlər öz səlahiyyətlərini və peşəkarlıqlarını nümayiş etdirmək üçün hər şeyi mürəkkəbləşdirməyə çalışırlar, rəqəmlərlə, əmsallarla, indekslərlə, mürəkkəb terminlərlə başa düşülməyən dildə danışırlar.

 

 Eynşteyn deyirdi: “Əgər siz altı yaşlı uşağa nəyi isə başa sala bilmirsinizsə, deməli, siz özünüz bunu başa düşmürsüz”. Ona görə ki, çətinləşdirmək asandır, sadələşdirmək isə olduqca çətindir. Bankirlə müştəri arasında qarşılıqlı əlaqə proseslərində məhz sadələşdirmə durmalıdır. Bankir özünün bütün səlahiyyətlərini sözdə deyil, işdə nümayiş etdirməlidir. Belə olmazsa, bankir parodiya obyektinə çevrilir. Əgər siz beləsi ilə qarşılaşmısınızsa – bankı dəyişin.

 

4. Dar düşüncəlidir. Sizin bankir sizinlə söhbətdə yalnız dar bank profilində davam edərsə, söhbətin 5-ci dəqiqəsində sizi darıxdıracaq, 10 dəqiqədən sonra əsəbiləşdirəcək, ünsiyyətin 20-ci dəqiqəsində isə siz onu öldürməyə hazır olacaqsınız. Təbii ki, heç bir, hətta sağlam məsləhət belə emosional maneə vasitəsilə çatdırıla bilməz. Burada iş təkcə emosiyalarda deyil. Sizin bankir standart bank terminləri içində itib batırsa, o, sizin problemə başqa bucaq altında baxa bilməyəcək. Deməli, sizə faydalı olan heç nəyi tövsiyə edə bilməz. Bu məhz elə bir peşədir ki, burada ali təhsillə yanaşı, orta düşüncə də gərəkdir.

 

Yeri gəlmişkən, insanın dünyagörüşünün və qeyri-standart düşünmə qabiliyyətinin ən yaxşı indikatoru yumor hissidir. Yumor hissi danılmaz ağıl əlamətidir. Aydındır ki, bu kontekstdə söhbət bayağı qaynana haqqında lətifələrdən getmir. Söhbət Mark Tvenin dediyi kimi, fikirləri hərəkətə gətirən mexanizmdən gedir.

 

5. Təşəbbüskar deyil. Əgər bankir yalnız sizin suallarınızı cavablandırırsa, başqa heç nə təklif etmirsə - bu, düzgün deyil. Siz depozitlər üzrə dərəcələrin aşağı düşməsi və ya yüksəldilməsi haqqında heç nə bilmirsiz .Qiymətli kağızların və valyutanın dəyərinin dəyişməsi, portfelin quruluşunun dəyişməsinin bazar meyillərini izləmək sizin qayğınız deyil. Bu, sizin bankirin vəzifəsidir. Həm adekvat bazar situasiyaları xidmətlərinin təklifi sahəsində, həm də sizin cari tələbatlarınız sahəsində təşəbbüs məhz bankdan gəlməlidir. Yəni, bankir bir tərəfdən, həmişə sizin gözləntilərinizi qabaqlamalıdır, digər tərəfdən isə, bazar trendləri və təkliflərlə çıxış etməlidir. Əgər bu yoxdursa, siz öz bankirinizi ildə beş dəfədən də az görürsünüzsə - bankı dəyişin.

Təşəbbüskarlığın olmaması onu öz işini yerinə yetirmək qabiliyyətindən məhrum edir.  Bu zaman bankı dəyişin. Yoxsa yeganə məqsədi öz tənbəlliyinə və fəaliyyətsizliyinə hər cür bəraət qazandırmaq olan bankirin darıxdırıcı söhbətləri içində batacaqsınız.

 

6. Gecikir. Yuxarıda deyilənlərin fonunda bankirin bu nöqsanı o qədər də əhəmiyyətli görünmür. Məsələ burasındadır ki, gecikmələr artıq çoxdan normaya çevrilib.  Bu, insanların vaxtına hörmətin ən mühüm indikatorlarından biridir. Sizin bankir gecikirsə, o açıq-aşkar öz vaxtının sizinkindən daha qiymətli olduğunu əyani surətdə nümayiş etdirir. Vaxt isə - əvəzedilməz resursdur. Vaxtın çoxluğunu düşünmək böyük səhvdir. Hətta bizim sevmədiyimiz Karl Marks yazırdı ki, bütün qənaət son nəticədə vaxta qənaətə gətirilir. Bəs onda nəyə görə siz öz vaxtınızı bankirinizi gözləməyə sərf etməlisiniz? Həmin vaxtı siz öz övladınızla gəzintidə, həyat yoldaşınızla ünsiyyətə sərf edə bilərsiniz.

 

Əgər siz bankirinizi onun ofisində gözləyirsinizsə, bu daha pisdir. 1990-cı illərdə bahalı bank ofisləri böyük sütunlarla, iri şəkillərlə bəzədilirdi ki, bu da müştərilərdə bəzi təəssüratlar oyadırdı, darıxmamağa öyrəşdirirdi.

 

Əgər bankir gecikirsə, sizi gözləməyə məcbur edirsə - bankı dəyişin. Sizin bankir daim kabinetdə oturursa, deməli öz işi ilə məşğul olmur. Bankiriniz sizə mobil telefonunun nömrəsini vermirsə, yalnız resepşn-in nömrəsini verirsə - bankı dəyişin.

 

İlk baxışda bu məsləhət əhəmiyyətsiz görünə bilər. Amma elə deyil – bu, adi hörmətə aiddir. Yüzlərlə qaydanı yadda saxlamamaq olar, yalnız birini yadda saxlamaq kifayət edər – başqalarına hörmətlə yanaşmaq. Bankirdə bu cəhət və bir qədər də düşüncə və təşəbbüs olarsa, vaxt keçdikcə yaxşı davranış qaydalarından istifadə etmək arzusu da gələcək.

 

7. Dəyişməyə hazır deyil. Sizin bankir dəyişmirsə - siz bankı dəyişin. Bu gün dəyişikliklərin sürəti elədir ki, bəzən adama elə gəlir ki, ən maraqlı hadisələr məhz sizin başınız qarışıq olanda baş verir. Sizin bankir dəyişikliklərə hazır deyilsə, onları görmür və hiss etmirsə, o sizə vaxtında lazımi məsləhət verməyəcək, dəyişən mühitə vaxtında reaksiya verməyəcək, qatara gecikəcək və sizi də öz dalınca sürükləyəcək.

 

Bu, hətta özəl bankçılıq kimi mühafizəkar bank seqmenti üçün də aşkardır. Bazarda hökm sürən qeyri-müəyyənlik və volatillik zamanı istənilən planlar sürətlə köhnəlir. Bunun üzərinə texnologiyaların sürətli inkişafını və dövlət tənzimlənməsi və nəzarəti sahəsində baş verən dəyişiklikləri əlavə etsək, dərhal özəl bankçılıq sektoruna təsir edən üç tərkib hissəsi alırıq. Sizin bankir bunu dəqiq başa düşməli, sizin üçün maraqlı perspektivi görməli və dəyişiklikləri nəzərə almalıdır. Sizin bankla qarşılıqlı münasibətinizin yeganə konstantası xidmətin 100%-lik keyfiyyətidir.

 

 Bunun üçün isə sizin bankir daim öyrənməlidir – müştərilərdən, rəqiblərdən, tərəfdaşlardan, habelə dünya təcrübəsindən və daim baş verənlərdən xəbərdar olmalıdır. O öz səhvlərindən də öyrənməlidir. Düzəldilmiş və rəhbərliyə təqdim edilmiş səhv artıq səhv deyil. Bu, biliklərə, səlahiyyətlərə, yaxşılığa doğru investisiyadır. Əgər sən indi yaxşı olmursansa – daha pis olursan. Bu “daha pis”in sizə də toxunacağı anı gözləyə bilərsiniz. Yaxşısı budur, bankı dəyişin. Və onda bankirlər sizin üçün yaxşı olan tərəfə dəyişməyə məcbur olacaq.

 

Seymur Yunusov, Marja.az

18.01.2017 06:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ