Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnvestorlar üçün yeni maliyyə alətləri yaradılacaq - AZƏRBAYCANDA

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestorlar üçün yeni maliyyə alətləri yaradılacaq - AZƏRBAYCANDA

Qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək üçün hansı addımların atılmasına ehtiyac var?

 

Gəlirlilik və qiymətli kağızlar bazarının inkişafı

 

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası (AFBİA) İctimai Birliyinin ekspertləri “Marja”nı aşağıdakı suallarını cavablandırıb.

 

- Bu gün Azərbaycanda dövlət istiqrazları yüksək faizi ilə önə çıxır, hətta bank depozitlərindən yüksək gəlirlilik təmin edir. Lakin digər ölkələrin təcrübəsi göstərir ki, dövlətin yüksək faizli gəlirlilik ilə borc kağızları emissiya etməsi kapital bazarında digər alətlərin yaranmasını məhdudlaşdırır. Sizcə, Azərbaycanda dövlət istiqrazlarının yüksək gəliriliyi digər alətlərin yaranmasını əngəlləyir?

 

-Bu suala tam əhatəli cavab vermək üçün məsələyə hər tərəfli yanaşmaq lazımdır. Belə ki, ilk növbədə qeyd etməliyik ki, dövlət istiqrazları nisbətən Azərbaycan maliyyə bazarlarında durğunluğunun hiss olunduğu dövrdə emissiya edilməyə başlamışdır. Bu dövrdə təbii ki, əksər investorlar etibarlı və kifayət qədər gəlirliliyə malik investisiya mənbələri axtarışında idi. Həmin dövrlərdə bir neçə bankın bağlanması nəticəsində isə ölkəmizədə investorların maliyyə bazarına marağı azalmış və əksər investorlar depozitlərini, qiymətli kağızlar bazarına investisiyalarını geri götürüb, gözləmə mövqeyini tutmuşdular. Bu baxımdan Dövlət istiqrazları məhz investisiya mühitini yenidən canlandırmaq,  ümumilikdə ölkəmizin qiymətli kağızlar bazarına marağın azalmasının qarşısını almaq məqsədilə dövriyyəyə buraxılmışdır. Burada əsas məqsəd investorların marağını qorumaq və müvəqqəti olan durğunluq dövrünü geridə qoymaq üçün qiymətli kağızlar bazarını həm etibarlı, həm də lazımi səviyyədə gəlirli maliyyə alətləri ilə təmin etmək olmuşdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, ötən il emissiya edilmiş yüksək gəlirli dövlət istiqrazlarının hal-hazırda dövriyyədə həcmi 400 milyon manatdan  artıq deyildir. Lakin Azərbaycanda investorların investisiya potensialı təxminən 10 milyard manatdan çoxdur. Yəni Dövlət istiqrazları yüksək gəlirə malik olsa belə, onlar məhdud sayda olduğu üçün hər investor bu istiqrazları əldə edə bilmir və dövlət istiqrazlarını əldə edə bilməyən investorlar digər qiymətli kağızlarla da maraqlanırlar. Bu baxımdan düşünürük ki, Dövlət istiqrazlarının yüksək gəlirliliyi məhz indiki dövrdə digər maliyyə alətlərinin yaranmasını əngəlləmir, əksinə ümumilikdə ölkəmizin qiymətli kağızlar bazarının inkişafına əlavə stimul verir.

 

- Azərbaycanda kapital bazarlarının əsasən səhm və dövlət qiymətli kağızları üzrə əməliyyatlara söykənən quruluşdan xilas olması üçün nələri təklif edərdiniz?

 

-İlk növbədə qeyd edim ki, hal-hazırkı dövrdə Azərbaycan kapital bazarları yalnız səhm və dövlət istiqrazlarının alqı-satqısından ibarət deyildir.  Hal-hazırda İnvestisiya şirkətləri vasitəsilə investorlar həm dövlət, həm də digər korporativ istiqrazlarla ticarət edə, həmçinin müxtəlif beynəlxalq valyutaların, fərq müqavilələrinin ticarəti üzrə törəmə maliyyə alətlərinin ticarətindən yararlana bilirlər. Sadəcə bu istiqamətdə ölkə vətəndaşlarımızın yetərincə məlumatlandırılmasına, maarifləndirilməsinə ehtiyac vardır. Digər tərəfdən ötən ilin sonlarında dövriyyəyə buraxılmış SOCAR istiqrazları ilə ticarətin həcmini əsas götürərək, ölkəmizin qiymətli kağızlar bazarının yalnız səhm və dövlət istiqrazlarından ibarət olmadığını tam əminliklə deyə bilərik. SOCAR istiqrazları təcrübəsi bizə bir daha göstərdi ki, hal-hazırkı dövrdə qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək üçün yetərincə gəlirliliyə malik olan, etibarlı və daim alınıb-satıla bilən likvid maliyyə alətlərinə ehtiyac vardır.

 

- Nə üçün əhali və investorları birjaya geniş cəlb etmək mümkün deyil?

 

-Son dövrlər SOCAR və dövlət istiqrazları, həmçinin digər korporativ qiymətli kağızlar misalında qiymətli kağızlar bazarında aktivliyin artmasını nəzərə alaraq, əminliklə deyə bilərik ki, investorları birjaya cəlb etmək mümkündür. Xüsusilə qeyd etmək lazımdır ki, artıq yalnız hüquqi şəxslər deyil, həmçinin fiziki şəxslərin də qiymətli kağızlar bazarına marağı artmışdır. Əhalinin qiymətli kağızlar bazarında nisbətən az iştirakı ilə bağlı fikirlər isə əsas olaraq, yerli maliyyə bazarlarının inkişaf etmiş ölkələrin qiymətli kağızlar bazarı ilə müqayisə edilməsi nəticəsində yaranır. Bununla belə, ölkəmizin qiymətli kağızlar bazarında ticarət həcminin digər inkişaf etmiş  ölkələrin kapital bazarlarına nisbətən az olmasının, təbii ki, bir sıra səbəbləri vardır:

 

-Ölkəmizin qiymətli kağızlar bazarının nisbətən daha “gənc” olması,

-Son dövrlərdə manatın digər xarici valyutalar qarşısında dəyər itirməsi nəticəsində milli valyutadakı investisiyalara marağın azalması,

-Daha çox inkişaf tarixinə malik olan bankların əsas investisiya mənbəyi kimi qalması.

 

-Şəffaf fəaliyyət göstərmək istəməyən şirkətlərin hələ də mövcudluğu. Lakin qeyd edək ki, bunun qarşısının alınması və şəffaflığın təmini məqsədilə bir sıra tədbirlər ötən illərdən həyata keçirilməkdədir. Belə ki, ötən il Məlumatların Elektron Açıqlanması Sistemi yaradılmış, emitentlərin məlumatları açıqlaması ilə bağlı tələblər daha da sərtləşdirilmişdir. Bütün bu tədbirlər isə təbii ki, öz bəhrəsini verəcəkdir.

 

- Azərbaycanda kapital bazarlarının inkişaf etdirilməsi üçün hansı yeni məhsullar yarana bilər?

 

-Dünya maliyyə bazarları daha genişdir və müxtəlif maliyyə alətlərinin ticarəti ilə zəngindir. Azərbaycan qiymətli kağızlar bazarı da yarandığı dövrdən indiyə kimi daha da inkişaf etdirilmiş və əsaslı şəkildə yenidən qurulmuşdur. İlk növbədə qiymətli kağızların alqı-satqısı üçün mərkəzləşdirilmiş ticarət sisteminin qurulması və artıq bir çox əməliyyatların elektronlaşdırılması kapital bazarlarının inkişafına səbəb olmuşdur. Bu inkişaf amilləri bir sıra yeni maliyyə alətlərinin ticarətinə imkan yaratmışdır. Səhm və istiqrazlarla yanaşı hal-hazırda maliyyə risklərinin idarəsi üçün fyuçers, opsionların ticarətinin təşkili, həmçinin pay fondlarının indeksləri üzrə ticarət imkanlarının yaradılması Azərbaycan kapital bazarlarına əhəmiyyətli dərəcədə müsbət təsir göstərər. Qeyd edək ki, Azərbaycan qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının Assosiasiyası olaraq, tərəfimizdən bu məsələlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına təkliflərimiz göndərilmişdir.

 

 

- Yeni alətlər mövcud şəraitdə investorlara hansı faydalar təmin edə bilər?

 

-Yeni maliyyə alətləri əsas olaraq investorlara maliyyə və valyuta risklərini idarəetmək imkanı verəcəkdir. Təbii ki, hər bir investor düzgün qərar verməklə və fyuçers, opsion kimi yeni maliyyə alətlərindən istifadə etməklə risklərini idarə edə bilər. Digər tərəfdən isə yeni maliyyə alətlərinin ticarəti investorların gəlir qazanmaq imkanlarını daha da genişləndirəcəkdir. Daha öncə yalnız məhdud sayda səhm və istiqrazlarla ticarətdən gəlir qazanan investorlar yeni maliyyə alətlərinin yaradılması nəticəsində daha uyğun maliyyə alətini seçmək imkanı əldə edəcəkdir. Bu isə investorlara daha davamlı gəlir qazanmaq imkanı yaradacaqdır.

 

- Xidmət səviyyəsinin artırılması üzrə hansı addımların atılmasına ehtiyac var?

 

-Qiymətli kağızlar bazarında keyfiyyətin və ticarət əməliyyatlarının sayının artırılmasının yolu yüksək texnoloji yeniliklərdən istifadə etməklə xidmət keyfiyyətinin yüksəldilməsidir. Müasir dövrdə artıq hər bir sahə elektronlaşdırılmışdır və insanlar şəxsi mobil telefonlarından və ya kompyuterlərindən istifadə etməklə əksər xidmətlərdən yerindəcə yararlana bilirlər. Hal-hazırda xidmətin keyfiyyətinin artırılması məqsədilə İnvestisiya şirkətləri də  bu texnoloji yenilikləri müştərilərə xidmət zamanı daha yüksək səviyyədə tətbiq etməlidir. Bununla bağlı isə artıq işlərə başlanılmışdır. Yaxın gələcəkdə artıq hər bir investor öz mobil telefonu və ya kompyuteri vasitəsilə rahatlıqla ölkəmizin maliyyə bazarlarındakı qiymət dəyişikliklərini izləyə biləcək, həmçinin elektron qaydada ticarəti həyata keçirə biləcəkdir.

 

- Suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik.

08.02.2017 08:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ