Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda 40 mindən çox insanın iştirak etdiyi yürüş

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda 40 mindən çox insanın iştirak etdiyi yürüş

 

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

 

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

 

Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar.

 

Ümumxalq yürüşünün iştirakçıları əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi.

 

Faciənin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il yanvarın 24-də “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

 

Xocalı qırğını haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasını tanıyıb və bilib ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb.

 

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

 

Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

 

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

26.02.2017 08:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ