Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Fermerlər aldanmasınlar, “müvəkkil təchizatçı” siyahısı yoxdur” – AGENTLİK SƏDRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Fermerlər aldanmasınlar, “müvəkkil təchizatçı” siyahısı yoxdur” – AGENTLİK SƏDRİ

Tez-tez fermerlər, “Dövlətin subsidiyasından və faiz güzəştindən istifadə edərək kənd təsərrüfatı texnikası necə alınır?, “Texnikanı kimdən alım?” suallarını verirlər. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının satışı ilə məşğul olan bir çox şəxslər təchizatçı olmaq üçün nə etmək lazım olduğunu öyrənmək istəyirlər.

 

Reklam_3_11

Təchizatçı dedikdə - kənd təsərrüfatı texnikalarının (traktor, suvarma avadanlıqları və s.) və damazlıq heyvanların satışı ilə məşğul olan şəxs başa düşülür.

 

“İŞBAZLAR FERMERLƏRİ ÇAŞDIRIRLAR”

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev “Marja”ya müsahibəsində bildirdi ki, fermerlər kənd təsərrüfatı texnikalarını və damazlıq heyvanları istənilən hüquqi və fiziki şəxsdən ala bilərlər:

 

“Fermerləri çaşdıranlar çoxdur. Onlar arasında şaiyə yayırlar ki, texnikanı satan şirkət Aqrar Kredit və İnkişaf Agentliyinin “müvəkkil təchizatçısı” olmalıdır. Guya texnikanı satan müvəkkil təchizatçısı deyilsə, həmin şirkətdən texnikanı almaq olmaz.  Fermerlərin diqqətinə çatdırıram ki, kənd təsərrüfatı texnikalarını istənilən hüquqi və fiziki şəxsdən əldə edə bilərlər. Fermer istədiyi şirkətdən, istədiyi marka texnikanı seçə bilər. “Texnika müəyyən şirkətlərdən alınmalıdır” məsələsi yoxdur. Əldə etdiyimiz məlumata görə, işbazlar fermerləri çaşdırmağa cəhd edirlər. Bəzi maraqlı şəxslər istəyirlər ki, fermerlər məlumatsız olsunlar, texnikalar yalnız onlardan alınsın və özləri bazarda inhisarçı mövqedə qalsınlar. Biz kənd təsərrüfatı təyinatlı texnikaları və damazlıq heyvanları istənilən təchizatçıdan alınmasını dəstəkləyirik. "Müvəkkil təchizatçı" mövhümü yoxdur”.

 

PEŞƏKAR TƏCHİZATÇIYA ÜSTÜNLÜK VERİLMƏLİDİR

 

“Kənd təsərrüfatı texnikaları istənilən təchizatçıdan alına bilər” dedikdə, təchizatçının peşəkarlığı arxa plana keçməməlidir. Kənd təsərrüfatı texnikalarının satışı sahəsində təcrübəsi olan təchizatçılara üstünlük verilməlidir. Aqrar Kredit və İnkişaf Agentliyi də fermerlərə xəbərdarlıq edir ki, bir sıra kriteriyalara cavab verən təhcizatçıdan texnikanı əldə edə etsinlər:

 

“Fermerlərə xəbərdarlıq edirik ki, servis nöqtələri və texniki xidmət şəbəkəsi olan; ehtiyat hissələrinin mövcudluğunu və satışını təmin edən; alıcı yeni texnika istədikdə, onu istehsal olunduğu tarixdən 2 ildən artıq müddət keçməmiş texnika ilə təmin edə bilən; qarantiya (zəmanət) müddətində avadanlıq və ya texnikanın təmirini və ya onlara texniki qulluğu həyata keçirmək üçün zəruri imkanlara malik olan təchizatçılardan texnika əldə etsinlər. Fermeri məlumatlandırmaq bizim borcumuzdur. O bilməlidir ki, gələcəkdə aldığı texnikanın  ehtiyat hissələri tapılmaya və ya sifarişlə tapılsa belə həmin texnikanı Azərbaycanda təmir edən servis olmaya bilər. Əgər fermer əsaslandırsa ki, bu kimi problemlər yaranmayacaq, biz güzəştləri təqdim etməyə hazırıq”.

 

“İKİNCİ ƏL TEXNİKAYA GÜZƏŞT VERİLMİR”

 

Mirzə Əliyev əlavə etdi ki, güzəştlər yalnız yeni texnikalar üçün nəzərdə tutulub: “İkinci əl texnikanın alınmasına güzəştlər - yəni subsidiya və faizsiz kredit verilmir. Yalnız istehsal ilindən 2 il keçməmiş yeni texnikaların alışına güzəşt verilir və maliyyələşdirilir. Kiminsə 10 il bazasında qalmış, ancaq istifadə edilməmiş texnikaya güzəşt verilmir. Çünki bu texnika mənəvi köhnəlməyə məruz qalıb. Məsələn, rezinləri quruyub və ya onun ehtiyat hissələri artıq istehsal edilmir və s.”.

 

“AGENTLİK ÖLKƏYƏ TEXNİKA VƏ DAMAZLIQ HEYVAN GƏTİRMİR, SİFARİŞ VERMİR"

 

Mirzə Əliyev bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi heç bir təchizatçıya texnika və heyvan gətirilməsini sifariş etmir:

 

“Marja.az xəbər saytı vasitəsilə də bildirirəm ki, hər bir şəxs real müştərisi olub-olmamasından asılı olaraq texnikanı ölkəyə gətirə bilər. Aqrar Kredit və İnkişaf Agentliyi ölkəyə texnika və damazlıq heyvan gətirmir, bununla bağlı heç kimə sifariş vermir. Biz heç bir texnikanın, suvarma sisteminin, damazlıq heyvanın alışı ilə məşğul deyilik. Biz heç bir şirkətə texnikalar, damazlıq heyvan almağı tapşırmırıq və vəsait ayırmırıq. Mütləq şəkildə fermer təchizatçını tapmalıdır, texnika və heyvan ölkədə olmalıdır, bundan sonra biz güzəşt və maliyyələşmə məsələsinə baxırıq”.

 

“MÜVƏKKİL TƏCHİZATÇI OLUM” DEYİLƏN BİR ŞEY YOXDUR”

 

Mirzə Əliyev əlavə etdi ki,  Agentliyə edilən zənglər zamanı “Necə müvəkki təchizatçı ola bilərəm?” sualı tez-tez verilir.

 

““Müvəkkil təchizatçı olum” deyilən bir şey yoxdur. Agentliyin akia.gov.az İnternet səhifəsində "Texnikanı kimdən alım?" bölməsi var. Bu bölmədə cari təchizatçıların siyahısı verilib. Kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların satışı ilə məşğul olan istənilən şirkətin adını, ünvanını və əlaqə vasitələrini saytımızda həmin bölmədə yerləşdirə bilərik. Məlumatlarını təqdim etsinlər saytımızda yerləşdirək”.

 

TEXNİKANIN DƏYƏRİNİN 40%-Nİ DÖVLƏT ÖDƏYİR

 

Agentliyin sədri bildirdi ki, kənd təsərrüfatı texnikası nağd ödəmə və ya kreditlə alına bilər. Kənd təsərrüfatı texnikasının alışı zamanı dövlət subsidiyasının məbləği texnikanın gömrük dəyərinin 40%-i, damazlıq heyvanın alışı zamanı isə 60%-i qədər təşkil edir. Həmçinin qiymətləndirci tərəfindən müəyyən olunmuş qiymətin minimum 20%-i ilkin ödəniş edilir, qalan məbləği müvəkkil bank tərəfindən faizsiz kredit olaraq ayrılır:

 

“İlk növbədə fermer istədiyi təchizatçıdan almaq istədiyi texnikanı seçməlidir. Əgər fermer texnikanı nağd almaq istəyirsə bankda hesab açmalı və texnikanın qiymətinin güzəşt edilməyən hissəsi qədər (60%-i) vəsaiti hesaba yerləşdirməlidir. Bundan sonra texnikanın qiymətləndirilməsi haqda akt əldə etməli və texnikanın kasko sığortasını etdirməlidir. Yekunda güzəşt məbləğinin (40%-in) ödənilməsi ilə bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə ərizə ilə müraciət etməlidir. Ərizə forması Agentliyin saytında yerləşdirilib”.

 

TEXNİKAYA MÜSTƏQİL QİYMƏTLƏNDİRİCİ QİYMƏT QOYMALIDIR

 

Mirzə Əliyev bildirdi ki, həm nağd, həm də kreditlə alış zamanı texnikanın qiymətləndirilməsi tələb olunur: “Təchizatçı real olmayan satış qiyməti deyə bilər. Fermer, qiymətləndirici şirkətə sifariş verərək almaq istədiyi texnikanı qiymətləndirməli və bu barədə akt almalıdır. Bu zaman onun 50-100 manat civarında xərci çıxa bilir. Sui-istifadələrin, fermerin qiymətdə aldadılmasının qarşısını almaq üçün qiymətləndirmə aktını tələb edirik. Texnikanın sığortası da qiymətləndirmə aktında göstərilən qiymətə əsasən həyata keçirilir. Eyni zamanda, dövlət vəsaitinin düzgün xərclənməsinə zəmanət əldə edirik. Əgər texnikanın gömrük qiymətinə baxmasaq və qiymətləndirmə aktı tələb etməsək, qiyməti 30 min manat olan texnikanı 100 min manat kimi göstərib dövlətin vəsaitini mənimsəyə bilərlər. Texnikanın qiymətinin müxtəlif yollarla şişirdilməsinə cəhd edilir. Əldə etdiyimiz məlumata görə, şirkətlər texnikaları bir-birlərinə sataraq şişirdilmiş qiymətlər ilə gömrükdən keçirməyə cəhdələr edirlər. Gömrük orqanları belə maxinasiyaların qarşısını alırlar”.

 

NÜMUNƏ İLƏ İZAHI

 

Agentliyin sədri vurğuladı ki, 40% güzəşti texnikanın gömrük bəyannaməsində göstərilən qiymətindən ödənilir. Minimum 20% ilkin ödəniş isə texnikanın qiymətləndirilmiş qiymətindən tələb edilir. Qiymətləndirmə aktında göstərilən qiymətdən ödənilən güzəşt və ilkin ödəniş çıxıldıqdan sonra qalan hissə Agentliyin vəsaiti hesabına kreditləşdirilir. Texnikanın satış qiyməti qiymətləndirmə dəyərindən çox olarsa artıq olan hissə fermer tərəfindən ödənilir:

 

“Tutaq ki, texnikanın gömrük dəyəri 20 min manat, qiymətləndirmə dəyəri 25 min manat, təchizatçının satış qiyməti isə 28 min manatdır. Logistika, təchizatçı şirkətin xərcləri və marjası nəzərə alındığından qiymətləndirmə dəyəri gömrük dəyərindən yüksək olur. Gömrük dəyərinin 40%-i  subsidiya verilir. Yəni, texnikanın 20 min manat olan gömrük dəyərinin 8 min manatı (20 000 * 40% = 8 000 AZN) Agentlik tərəfindən alıcının hesabına köçürür və alıcı da təchizatçıya ödəyir. İlkin ödəniş isə qiymətləndimə dəyərinin 20%-i qədərdir. Yəni, 25 min manatın 5 min manatı (25 000 * 20% = 5 000 AZN)  ilkin ödəniş olaraq alıcı tərəfindən bankda açdığı hesaba köçürülür. Kredit məbləği isə, qiymətləndirmə dəyərindən subsidiyanı və ilkin ödəniş çıxıldıqdan sonra qalan məbləğdir. Bizim nümunədə 25 min manatdan 8 min manat dövlət subsidiyası və 5 min manat ilkin ödəniş çıxılır (25 000 – 8 000 – 5 000 = 12 000 AZN ). Fermerə 5 ilədək müddətə 12 min manat faizsiz kredit verilir. Kredit faizini müştərinin əvəzinə banka Agentlik ödəyir. Qiymətləndirmə qiyməti ilə satış qiyməti arasındakı 3 min manat fərq də alıcı tərəfindən təchizatçıya ödənilməlidir”.

 

Agentliyin sədri qeyd etdi ki, texnika Gəncə Avtomobil Zavodundan alınan zaman qiymətləndirmə aktı tələb olunmur, zavodun satış qiyməti qiymətləndirmə aktı kimi qəbul edilir.  

 

Damazlıq heyvanlarda dövlət güzəşti (subsidiya) 60%-dir, ancaq kreditlə alınan zaman faizlər fermer tərəfindən ödənilir. Kökəltmək üçün alınan heyvanlara güzəşt yoxdur.

 

KREDİT TƏŞKİLATI FERMERİ TƏHLİL EDİR

 

AKİA sədri Mirzə Əliyev vurğuladı ki, fermerə kredit müvəkkil kredit təşkilatı (bank və ya bank olmayan kredit təşkilatı) tərəfindən ayrılır:

 

“Fermer texnikanı seçir və texnikanın göstəriciləri barədə təchizatçının verdiyi arayışla müvəkkil kredit təşkilatına müraciət edir. Bank müştərini təhlil edir, kredit tarixçəsini, ödəniş qabiliyyətini araşdırır, kənd təsərrüfatı ilə məşğul olub - olmadığına və s baxır. Risklər dövlət tərəfindən deyil, banklar tərəfindən qarşılanır. Risklər gördüyü halda bank fermerə kredit ayırmaqdan imtina edə bilər. Qaydalara görə, fermer əgər vəsaiti banka qaytarmırsa, bank Agentliyin vəsaitini öz hesabına qaytarır. Əgər fermer bank üçün riskli deyilsə kredit ayrılır”.    

 

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi internet səhifəsində (akia.gov.az)  ətraflı məlumatlar yerləşdirilib.

 

Ünvan: AZ1025, Nobel prospekti 25E, Bakı "Bakı Ağ Şəhər ofis binası" 

Telefon: (+99412) 525 01 18

(+99412) 525 01 19

(+99412) 525 01 13

Fax: (+99412) 525 01 14

Email:[email protected]

01.03.2019 06:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ