Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda müvəqqəti vergi rejiminin tətbiqinə başlanılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda müvəqqəti vergi rejiminin tətbiqinə başlanılır

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu və “Sosial sığorta haqqında Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb və dərc edilib.

Marja xəbər verir ki, dəyişikliyə əsasən, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcəkdir.

XXX

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.5-ci maddənin 1-ci abzasında “xüsusi vergi rejimi” sözləri “xüsusi və müvəqqəti vergi rejimləri” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Müvəqqəti vergi rejimi dedikdə, təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların, böyük ekoloji və başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə baş verən hadisələrin təsiri nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qism sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin müvəqqəti qaydası nəzərdə tutulur.”;

1.2. 13.2.83-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.84-cü maddə əlavə edilsin:

“13.2.84. malların ixrac qeydi ilə satışı – malların ixrac edilməsi məqsədilə istehsalçılar tərəfindən ixracatçılara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satışı.”;

1.3. 22-1.3-cü maddədə “hər il” sözləri “əvvəlki il” sözləri ilə əvəz edilsin;

1.4. 165.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 165.1.9-cu maddə əlavə edilsin:

“165.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı.”;

1.5. aşağıdakı məzmunda XVIII fəsil əlavə edilsin:

“XVIII fəsil. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi

Maddə 222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar

222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir.

222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur.

222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:

222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

222.5.3. turoperator və turagent fəaliyyəti;

222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

222.5.5. ictimai iaşə fəaliyyəti;

222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir.

222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir.

Maddə 223. Hesabatların verilməsi və cari vergi ödəmələri

223.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə bu Məcəllənin 151-ci və 201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

223.2. Müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.

223.3. Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə bu Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı, habelə bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrində nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın 1-dək vergi orqanına təqdim edir və hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.

Maddə 224. Azadolmalar və güzəştlər

224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:

224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə;

224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi;

224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz;

224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz.

224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti həyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir.

224.3. Bu Məcəllənin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə bu Məcəllənin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.

224.4. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.

224.5. Müvəqqəti vergi rejimi müddətində hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak vergisindən azad edilir.

224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.

224.8. Bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən alınmış ərzaq və hazırlanmış qida məhsullarının xarab olması 2021-ci il yanvarın 1-dək bu Məcəllənin 159.5-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır.

224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir.

224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.

Maddə 225. Sadələşdirilmiş verginin tətbiqi

225.1. ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər cari ilin sentyabrın 1-dən gec olmayaraq, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edəcəyi barədə yazılı məlumatı qeydiyyatda olduğu vergi orqanına təqdim edir. Bu zaman vergi ödəyicisi ərizə ilə müraciət etdiyi tarixdən etibarən sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara (işlərə, xidmətlərə) müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir.

225.2. Bu maddədə göstərilən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etdikdə, vergi ödəyicisi ƏDV qeydiyyatının ləğv edilməsi ilə bağlı bu Məcəllənin 158.1-ci maddəsinə uyğun olaraq ərizə təqdim edir və bu zaman kapital xarakterli xərclərin çəkilməsinə görə ödənilmiş ƏDV məbləğləri istisna olmaqla, ictimai iaşə fəaliyyəti üçün alınmış mallara (işlərə, xidmətlərə) görə əvəzləşdirilmiş ƏDV-nin məbləği yenidən hesablanır.

225.3. Bu Məcəllənin 222.2-ci maddəsi ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisi ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən, sahibliyində qalan bu Məcəllənin 225.2-ci maddəsində göstərilən mallar barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada məlumat təqdim edir. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilmir.

225.4. Vergi ödəyicisi növbəti hesabat ilində bu Məcəllənin 218.1.2-ci və 218.2-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə o, müvəqqəti vergi rejimində fəaliyyət göstərmədiyindən kapital xarakterli xərclərin çəkilməsinə görə ödənilib əvəzləşdirilmiş ƏDV məbləğləri yenidən hesablanır.”.

Maddə 2. Keçid müddəası

Bu Qanunun 1.3-cü maddəsi 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il.

XXX

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 9-cu maddənin ikinci hissəsi üzrə:

1.1.1. beşinci abzasdan “və sığortaolunanların” sözləri çıxarılsın;

1.1.2. altıncı və yeddinci abzaslar müvafiq olaraq yeddinci və səkkizinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq;”;

1.2. 10-cu maddənin ikinci hissəsi üzrə:

1.2.1. üçüncü abzasa “sosial” sözündən əvvəl “bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla,” sözləri əlavə edilsin;

1.2.2. beşinci abzas yeddinci abzas hesab edilsin və aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:

“bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək;

bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək;”;

1.3. 13-cü maddə üzrə:

1.3.1. 13.1-ci maddədən “və sığortaolunanların” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır.”;

1.3.2. 13.4-cü maddəyə “tərəfindən” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla,” sözləri əlavə edilsin;

1.4. 14-cü maddə üzrə:

1.4.1. 14.5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında.”;

1.4.2. aşağıdakı məzmunda 14.5.1-1-ci və 14.5.1-2-ci maddələr əlavə edilsin:

“14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün:

14.5.1-1.1. toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

14.5.1-1.2. fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;

14.5.1-1.3. çəkməçi, pinəçi – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.4. saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.5. fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.6. nəqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.7. fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.8. fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

14.5.1-1.9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

5 hektaradək olduqda – 2 faiz miqdarında;

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında;

14.5.1-1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

14.5.1-2. Bu Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.9-cu maddəsində göstərilənlər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

Digər şəhər və rayonlarda – 1,0.”;

1.4.3. 14.5.5-ci maddədə “20 faizi” sözləri “(xərclər çıxılmaqla) 10 faizi” sözləri ilə əvəz edilsin;

1.4.4. 14.5.6-cı maddə ləğv edilsin;

1.4.5. 14.6-cı maddədə “Məcburi” sözü “Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi” sözləri ilə əvəz edilsin;

1.4.6. aşağıdakı məzmunda 14.6-1-ci maddə əlavə edilsin:

“14.6-1. Bu Qanunun 14.5.1-1.1 – 14.5.1-1.9-cu maddələrində göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, bu Qanunun 14.5.1.1-10-cu maddəsində göstərilən fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir.”;

1.5. 15-ci maddə üzrə:

1.5.1. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimai-iaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi;”;

1.5.2. on ikinci abzasa “royalti” sözündən sonra “(müəlliflik qonorarı istisna olmaqla)” sözləri əlavə edilsin;

1.5.3. iyirmi dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait.”.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun 1.4.1-ci maddəsi 2021-ci il yanvarın 1-dən qüvvəyə minir və 2026-cı il yanvarın 1-dək qüvvədədir.

2.2. Bu Qanunun 1.4.1-ci maddəsi üzrə 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək məcburi dövlət sosial sığorta dərəcəsi aşağıdakı kimi müəyyən edilir:

sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının:

Bakı şəhərində 100 faizi;

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;

digər şəhərlərdə 80 faizi;

rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;

kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

2.3. Bu Qanunun 1.4.2-ci, 1.4.3-cü və 1.4.6-cı maddələri 2026-cı il yanvarın 1-dək qüvvədədir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il.

 

müvəqqəti vergi rejimi
03.06.2020 09:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ