Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dəyişən nəzarətçilər, dəyişməyən problemlər

“Müdir xaricə gedir, onu yola salmaq lazımdır”.Taksa isə 500 manat idi”
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dəyişən nəzarətçilər, dəyişməyən problemlər

Marja.az “Azsığorta” ASC-də Baş təlimçi Şükür Hüseynovun sığorta bazarına dair məqaləsini təqdim edir.

Hörmətli oxucu!

Ölkəmizdə özəl sığortaçılığın təşəkkül tapdığı ilk vaxtdan bu günədək sığorta bazarında həm yaxşı, həm də pis olan çox olaylar baş vermiş və bütün bunlar sığorta nəzarətçilərindən də yan keçməmişdır. Yeganə bir təşkilat ki, adı “QOS, STRAX, NADZOR” (rusca daha vahiməli səslənir) kimi üç zəhmli sözdən ibarət və həmişə  cazibədarlığı ilə fərqlənmiş bir qurum doğurdanmı öz məmurları ilə daim üzümüzü danlamalı, şirkətimizi yoxlamalı və yeri gələndə, bizi qorxudaraq cəzalandırmalı, amma biz onlar haqqında bir kəlmə də belə söyləməməliyik?!

Xeyr, bu dəfə mövcud stereotipi pozmalı olacağıq. Biz, söz və mətbuat azadlığının imkanlarından istifadə edərək,  məhz onlardan yazacağıq: həm onların tarixindən, həm müsbət işlərindən, həm də yeri gəldikcə, fəaliyyətlərindəki nöqsan və çatışmazlıqlardan!                                                                                                                 

Odur ki, yaxın əyləşin, diqqətlə oxuyun və agah olun, kimdir bizim bu nəzarətçilər?!      

Ölkəmizdə ilk sığorta nəzarəti orqanı 16 oktyabr 1991-ci il tarixdə yaradılmışdır. Bu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti Baş İdarəsi idi. Onun yaradılmasında əsas məqsəd sığorta fəaliyyəti sahəsində sığorta olunanların, sığortaçıların və dövlətin mənafelərinin qorunmasından ibarət idi.  Sığorta xidməti sahəsində dövlət nəzarətinin təşkili və metodik rəhbərliyin həyata keçirilməsi məqsədi ilə normativ hüquqi sənədlərin hazırlanması və bazar iqtisadiyyatına keçid dövründə sığorta xidmətinin tənzimlənməsi başlıca istiqamətlər idi.

Bu qurum ölkəmizdə yeni bir xidmət sahəsi, işçilərinin əksəriyyəti isə Azərsığortanın yetişdirmələri idi. Sıralarında yaxşı olanları da, lakin nə qədər təəssüf doğursa da, nəzarətçi peşəsinə yaraşmayanları da vardı. Yaxşılar sığortaçıların arxadaşı, onların yaxın məsləhətçiləri və hətta müəllimi kimi sevilirdilər. Üzdəniraqlar isə işdən sonra idarənin ofisinin bəlli otağını yeyib-içmək məkanına çevirirdilər, saat beşdən sonra getsən, sərxoş nəzarətçilərə mütləq rast gələcəkdin. (Sonralar içki düşkünləri vəzifələrindən azad edildi). O zaman belə bir iş də vardı. Nəzarətçilər səyyar yoxlamalara çıxar, maşın bazarında, 20 Yanvarda, şəhərin digər qələbəlik olan nöqtələrində reydlər keçirər və “dəllallıq” edib, qanunu pozan vasitəçiləri elə yerindəcə yaxalayar və hüquq mühafizə orqanlarına verərdilər. Qanunsuz fəaliyyət göstərən bir sıra vasitəçilər istintaq orqanlarının əməkdaşları tərəfindən yerindəcə yaxalanırdılar. Lakin bu da sığorta bazarında mövcud vəziyyəti dəyişmirdi. Ələlxüsus “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə qəbul edildikdən sonra vəziyyət dözülməz dərəcədə pisləşmişdi.                              

İcbari sığorta məhsullarını kimlər satmırdı ki?!                                                                                                           

Demək olar ki, hamı – nənələr, babalar, dayılar, bibilər, bir sözlə, əksər insanlar və harda gəldi, necə gəldi, bu işlə məşğul idi. Sığorta şəhadətnamələrinin kütləvi saxtalaşdırılması adi hal almışdı. Üzdəniraq agentlər şəhadətnamələrin sığorta şirkətinə hesabat verilməli olan 2-ci nüsxəsində məbləği az göstərir və müştərilərdən 1-ci nüsxədəki yuxarı məbləği alırdılar. Bu saxtakarlıq və qanun pozuntusu isə yalnız sığorta hadisəsi baş verəndə üzə çıxırdı. Belə ki, sığortalı ödəniş məqsədilə şirkətə müraciət edəndə, sığorta şəhadətnaməsinin əslini təqdim edirdi və aşkar olunurdu ki, həmin şəhadətnamə saxtalaşdırlımışdı. İş o dərəcədə kütləviləşmişdi ki, hətta nəzarətçilər də onların öhdəsindən tam şəkildə gələ bilmirdilər.  

Başqa bir yaddaqalan “ənənə” də formalaşmışdı. Nəzarət orqanının rəhbərliyindən  kimsə xaricə ezamiyyəyə yollalananda, onların ən yaxınları olan əməkdaşlar sığortaçıların müdirlərinə telefon açar və “müdir xaricə gedir, onu yola salmaq lazımdır”, deyə xatırlatma edərdilər. Taksa isə 500 manat idi. Bu qayda 2000-ci illərədək tətbiq edilirdi.

Sığortaçıların maliyyə təhlükəsizliyi səviyyəsi çox aşağı idi. Faktiki icbari sığorta haqları yığımları da sığortaçıların həmin növlər üzrə şəksiz zərərliliyini şərtləndirirdi. “Dəllal” sığorta satıcılarının bitib-tükənməyən ambisiyaları, yüksək faizlə komissiya istəkləri və yuxarıda qeyd etdiyimiz kimi, “dilsiz-ağızsız” sığorta şəhadətnamələrini istədikləri kimi saxtalaşdırmalarından sonra zərərsiz işləmək mümkün idimi?

Əsla yox!    

Lakin illər keçdikcə yerli sığorta bazarında bu cür neqativ halların kökü tam kəsilməsə də, müəyyən müsbət çalarlar hiss olunmağa başlayırdı.     

Ölkəmizdə aparılan iqtisadi islahatlarla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli, 467 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin funksiyaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə verildi. Cəmiyyətdə böyük ümid yarandı ki, nəhayət bundan sonra ölkəmizdə sığorta işinin dünya standartlarına uyğun inkişaf etdirilməsi, etibarlı sığorta təminatının yaradılması, sığorta fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri daha səmərəli şəkildə və sürətlə həyata keçiriləcəkdi. Belə ki, ölkədə sığorta işinin dünya standartlarına uyğun inkişaf etdirilməsi üçün real imkanlar yaranmışdı.

İlk vaxtlar müəyyən səylər və təşəbbüslər hiss olunurdu. Maliyyə Nazirliyinin təşəbbüsü əsasında, sığortaçıların maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin edilməsi, sığorta təminatının etibarlığının yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnamə kapitalının minimum məbləği əhəmiyyətli dərəcədə artırılaraq, fəaliyyət göstərən sığortaçılar üçün 2001-ci ilin sentyabr ayından 2004-cü ilin əvvəlinədək mərhələlərlə ödənilməklə 2 milyard manat, yeni yaranan sığortaçılar üçün 2 milyard manat və təkrarsığortaçılar üçün 5 milyard manat müəyyən edilmişdi. (2006-cı ildə həyata keçirilən denominasiya tədbirlərindən əvvəlki məzənnə ilə). Nəzarət orqanının kapitalla bağlı sığortaçılara heç bir kompromisə getməməsi o sadə prinsipə əsaslanırdı ki, “sığortaçının zəruri kapitalı olmalıdır, sığortaçının mənəvi baxımdan iflasa uğramağa haqqı yoxdur, çünki on minlərlə sığortalılar öz risklərini ona ötürərək, onun etibarlı təminatçı olmasını qəbul etmişlər. Müştərilərin qəlbindəki bu inamı öldürmək, əslində sığortanın sonunun bağlanğıcı demək olardı”.

Odur ki, bu tədbirin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Belə ki, həmin qəraradək sığortaçıların nizamnamə kapitalı rəmzi xarakter daşıyırdı. Bəzi sığortaçılar formal olaraq, kiçicik məbləği, deyək ki, 100 manatı nizamnamə kapitalı kimi qoyur və dövlət qeydiyyatına alınırdılar. Digərləri Azərbaycan Respublikası Ticarət–Sənaye Palatasının və ya o zamankı Elm və Təhsil Komitəsinin verdikləri likvidliyi aşağı olan daşınmaz əmlaklara qiymətləndirmə sertifikatlarını nizamnamə kapitalı kimi göstərirdilər. Bütün bunlar isə sığorta sisteminə  son dərəcə qeyri-ciddi bir görkəm verirdi.

Sonrakı illərdə nizamnamə kapitalının minimum məbləğinin artırılması ilə bağlı islahatlar davam etdirildi. Belə ki, nizamnamə kapitalının minimum məbləği mərhələli şəkildə artırılaraq, sığortaçılar üçün 5 milyon, təkrarsığortaçılar üçün isə 10 milyon manat həcmində müəyyən edildi.

Sığorta bazarı üzrə dövlət tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsində ümumi daxili məhsulda (ÜDM) sığorta haqlarının payı da artmışdı. (2000-ci ildə bu rəqəm 0,35, 2001-ci ildə 0,70 və 2002-ci ildə 0,71 faiz təşkil edirdi). Bundan başqa, sığorta təşkilatları dövlət büdcəsinə 2000-ci ildə 2,1 milyard manat vergi şəklində pul vəsaitləri köçürmüşdülərsə, 2002-ci ildə bu rəqəm 10,5 milyard manat təşkil etmişdi.

Azərbaycan Respublikası Maliyyə nazirinin 19 noyabr 2004-cü il tarixli əmri ilə Maliyyə Nazirliyində “Sığorta Şurası” yaradıldı. Şuraya Maliyyə Nazirliyinin altı nümayəndəsi və yeddi aparıcı sığorta təşkilatı daxil idi. Sığorta Şurasının yaradılmasında əsas məqsəd sığortanın inkişaf tempinin ölkə iqtisadiyyatının ümumi inkişaf tempinə uyğunlaşdırılmasından ibarət idi. Bu, həm də onu göstərirdi ki, sığorta işi maliyyə xidmətinin spesifik bir sahəsi kimi həmişə Azərbaycan hökumətinin böyük önəm verdiyi və diqqət yetirdiyi sahələrdən idi.  

Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2006-cı ildə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına (BSNA) üzv oldu. BSNA 1994-cü ildə dünya sığorta bazarının ümumi prinsiplər əsasında inkişafını təmin etmək məqsədilə yaradılmışdı. Hazırda  o, 190 milli sığorta nəzarətçiləri orqanlarını birləşdirir. Dünya sığorta bazarının normallaşdırılması və maliyyə sabitliyinin təmin edilməsində BSNA-nın müəyyən xidmətləri vardı. BSNA sığorta nəzarətçilərinin iş təcrübəsini ümumiləşdirir, ortaq fəaliyyət prinsiplərini işləyib hazırlayır və nəşr etdirir. 1999-cu ildə bu quruma həm də nəzarətçi statusu verilmişdir. Hər il BSNA-nın müxtəlif ölkələrdə beynəlxalq konfransları keçirilir. Ölkəmizi həmin konfranslarda dövlət nəzarət orqanının məsul şəxs(lər)i təmsil edir. Bu yolla dünya sığorta nəzarəti sistemində tətbiq edilən ən yaxşı metod və prinsiplər öyrənilir və sonradan onun ölkəmizdə  tətbiqi reallaşdırılır. 

“Azərbaycan Respublikasında Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası  Prezidentinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə 2009-cu ilin aprel ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) yaradıldı. Xidmətin yaradılması sığorta sahəsində dövlət tənzimlənməsi və nəzarəti işinin yaxşılaşdırılmasına əlavə imkanlar yaratsa da, həmin imkanlardan səmərəli istifadə edilmədi. Sığorta bazarının böyük problemləri qalmaqda idi. DSNX bir ara ASA ilə iş tandemi yaradaraq, əməkdaşlıq şəraitində işləməyə çalışsa da, bazarın sağlamlaşdırılması istiqamətində müsbət çalarlar hiss edilmirdi. ASA bəzən Xidmətin filialı təsiri bağışlayırdı. DSNX-nın ASA ilə birlikdə həyata keçirdikləri tədbirlərdən biri də Sığorta Agentlərinin Milli Forumları idi. Əslində bu, çox əhəmiyyətli və yaddaqalan bir iş idi. Belə ki, təşkilatçılar 2012-ci ildən başlayaraq, ölkədə fəaliyyət göstərən sığorta agentlərini bir araya gətirər, onlarla müvafiq təlimlər keçirər, onların problemini dinləyər və həmin problemlərin həlli istiqamətində adekvat addımlar müəyyən edərdilər. Bu möhtəşəm tədbirlərə Maliyyə Nazirliyindən başqa digər hökumət üzvləri, hətta bəzən Milli Məclisin də üzvləri dəvət olunar və agentlərə öz faydalı tövsiyyələrini verərdilər. Lakin çox-çox əfsuslar olsun ki, son dərəcə faydalı olan belə bir ənənə də yarımçıq qaldı və sonralar davam etdirilmədi.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Təhsil Nazirliyinin Ümumtəhsil Məktəbləri idarəsi ilə müvafiq danışıqlar aparmış və idarə rəhbərliyindən “sığorta”nın bir fənn kimi tədris planına salınmasına razılıq əldə etmişdir. Təəssüf ki, bir sıra digər təşəbbüslər kimi, bu razılaşmanı da sonradan  həyata keçirmək mümkün olmamışdı.

Sığorta şirkətlərinin idarəetmə strukturunun təkmilləşdirilməsi, hesabatlılığın qabaqcıl standartlarının tətbiq edilməsi, sığortaçıların ödəniş qabiliyyətliliyinin və maliyyə dayanıqlığının gücləndirilməsi, sığorta vasitəçiliyi sisteminin sahmana salınması, sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarəti işinin yaxşılaşdırılması məqsədilə  addımlar atılır və səylər davam etdirilirdi. Bütün neqativlərə baxmayaraq, həyata keçirilən ardıcıl hüquqi-təşkilati tədbirlərin təsiri tezliklə hiss olundu. Belə ki, çox keçmədi ki, bir sıra təsadüfi, məqsədi-məramı bilinməyən sığorta şirkətləri bazarı tərk etməyə məcbur oldular.

Lakin digər istiqamətlərdə müəyyən nöqsan və çatışmazlıqlar nəzərə çarpırdı. Məsələn, nəzarətçilər tərəfindən bütün sığortaçılara vahid yanaşma sərgilənmir, ədalət prinsipi pozulurdu. Belə ki, kimlərinsə qanunsuz hərəkətlərinə göz yumulduğu halda, bir başqaları ciddi şəkildə cəzalandırılardılar.

Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) publik hüquqi şəxs yaradıldı. Publik hüquqi şəxsin (Palatanın) yaradılması Azərbaycanda aparılan ümumi sosial-iqtisadi islahatların tərkib hissəsi idi. Bu dəyişiklik bir tərəfdən dövlətin yükünü azaltmalı, digər tərəfdən isə sığorta nəzarəti sahəsində və bütövlükdə ölkənin sığorta sistemində idarəetmənin səmərəliliyini artırmalı və onun optimallaşmasını təmin etməli idi.            

MBNP yaradılarkən, onun rəhbərliyi tərəfindən ağlasığmaz əmək haqqı iddiaları bütün mətbuatı lərzəyə gətirmişdi. Palata rəhbərliyinin xərclərlə bağlı planları aşırı dərəcədə qeyri-real olduğundan, onun səmimiliyinə inam  ilk gündən çox aşağı oldu.

Maliyyə Bazarlarına Nəzarət Palatası bir zaman təşkil etdiyi “Sığorta həftəsi” ilə yadda qaldı. Sığorta həftəsi ölkə Prezidentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsi” və Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə 24 iyun 2019-cu il tarixdən etibarən keçirilməyə başlamışdı. Həftə çərçivəsində MBNP, İSB, ASA və sığortaçıların birgə əməkdaşlığı zəminində bir həftə ərzində ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə, görüş və tədbirlər keçirilmişdi. Eyni zamanda sayca 9-cu olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Azərbaycan Beynəlxalq Sığorta Forumu sığorta həftəsinə xüsusi rəng qatırdı.

Lakin yuxarıdakılara rəğmən, Palatanın menecmenti bütövlükdə sığorta sektorunda yığılıb qalmış çoxsaylı və təxirəsalınmaz vəzifələrin öhdəsindən layiqincə gələ bilmədi.    

Bütün bunların məntiqi nəticəsi isə o oldu ki, Azərbaycan Prezidentinin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi. Sərəncama əsasən ləğv edilən Palatanın müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verildi. MBNP-nin ləğv edilərək səlahiyyətlərinin AMB-yə verilməsi ilə əlaqədar bu qurumda 16 yanvar 2020-ci il tarixdə struktur dəyişikliklər həyata keçirilmiş və dəyişikliklər çərçivəsində “Sığorta fəaliyyətinə nəzarət departamenti” yaradılmışdır.

Hörmətli oxucu!

Bu vaxtadək ölkənin özəl sığortaçılıq tarixində 5 dəfə nəzarətçi orqanın statusu dəyişdirilmişdi. Eyni zamanda, biz, Azər Məcidoviçdən (90-cı illərin əvvəllərində həmkarları onu məhz bu cür çağırırdılar, əsil adı isə Azər Məcid oğlu Cəfərov idi) tutmuş Vüsal Qurbanovadək altı dəfə nəzarət orqanının rəhbərinin dəyişdirilməsinin şahidi olmuşuq. Düzdür, bu dəyişiklikləri edərkən əsas məqsəd maliyyə sektorunda, o cümlədən, sığortada nəzarət sistemini təkmilləşdirmək və ümumi idarəetmənin səmərəliliyini artırmaqdan ibarət idi. Bu işlər sığorta bazarının dinamik inkişafını təmin etməli və nəticə etibarı ilə həm dövlətin, həm də istehlakçıların mənafelərinin daha dolğun təmin olunmasına şərait yaratmalı idi.

Bəs reallıqda necə oldu? Sadaladığımız forma dəyişiklikləri sığorta bazarında gözlənilən məzmun dəyişikliklərinə gətirib çıxardımı?

Bu suala birmənalı cavab vermək çətindir. Təbii ki, aparılan dəyişikliklər ən yaxşı dünya təcrübəsinə və ənənələrinə əsaslanırdı.

Lakin biz qətiyyətlə söyləyə bilmərik ki, sığortada qarşılaşdığımız bütün problemlər öz müsbət həllini tapa bildi. Şəxsən mən, öz şəxsi müşahidələrimə əsasən söyləyə bilərəm ki, son dövr nəzarətçilərin (2016-cı ildən bu yana) sığorta bazarı iştirakçılarına olan münasibəti əvvəlkilərlə müqayisədə kəskin surətdə fərqlənirdi. Məncə, əvvəlkilər (90-larda və 2000-ci illərin əvvəllərində) daha səmimi idilər. Onların qəbuluna da düşmək olardı, onlarla səmimi müzakirələr də aparmaq mümkün idi və məsləhətlərini də heç zaman əsirgəməzdilər. Amma sonrakılar, daha sərt inzibatçı təsiri bağışlayırdılar. Razılaşarsınız ki, sərt inzibatçılıq heç də həmişə gözlənilən nəticəni vermir.  Deməli, sığorta bazarının tam sağlamlaşdırılması üçün paralel olaraq, digər fərqli yanaşmalar olmalı,  bəzən qeyri-inzibati amillərə, humanist meyarlara, yazılmamış adət-ənənələrə və dəyərlərə də söykənmək lazımdır.

Nəzarət orqanlarının statusu zaman –zaman dəyişsə də, milli sığortanın 20-25 il bundan öncəki bir sıra problemləri indi də qalmaqdadır: Sığorta bazarında haqsız rəqabətin qarşısı qətiyyətlə alınmalıdır; sığortada uzunmüddətli investisiya resusrslarının akkumulyasiyası, həm də onun dinamik artım tendensiyası təmin edilməlidir; sosial müdafiə aləti kimi həyat sığortası daha da inkişaf etdirilməlidir; icbari sığorta xidmətindəki nöqsanlar aradan qaldırılmalı və sistem bir qədər də  təkmilləşdirilməlidir; əhalinin sığorta təşkilatlarına inamının artırılması və sığorta münasibətlərinin bütün subyektlərinin sığorta mədəniyyətinin yüksəldilməsi istiqamətində işlər inadla davam etdirilməlidir; mükəmməl, daimi və sistemli fəaliyyət göstərən sığorta təhsil sistemi yaradılmalıdır; ən yaxşı beynəlxalq təcrübə və BSNA-nın təqdir etdiyi ümumi prinsiplər əsasında sığorta nəzarətinin təkmilləşdirilməsi işi davam etdirilməlidir; vətəndaşların, hüquqi şəxslərin və dövlətin sığorta müdafiəsi üzrə tələblərinin daha dolğun təmin edilməsi məqsədilə bundan əvvəl qəbul edilmiş “Tədbirlər planı”nın həyata keçirilməsi istiqamətində işlərin səmərəliliyi artırılmalıdır və sair və ilaxır.

Şükür Hüseynov
22.10.2020 15:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ