Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

PAŞA Həyat-ın İdarə Heyəti sədrindən geniş müsahibə

"Nəzərdə tutduğumuzdan təxminən 2 milyon manat daha artıq mənfəət əldə etmişik"
iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Həyat-ın İdarə Heyəti sədrindən geniş müsahibə

Ölkəmizin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılovun ənənəvi il yekunu müsahibəsini diqqətinizə çatdırırıq.

-Salam Niyaz müəllim. Sizinlə həmsöhbət olmaq hər zaman xoşdu. Vaxt itirmədən ilk suala keçək:

-2020-ci ili bir sözlə necə ifadə edərdiniz?

-“Challenge” (çağırış) ili. Sanki ingilis dilində bu mənanı daha dəqiq ifadə etmək olur.

-Ötən il biznes baxımından nə ilə yadda qaldı?

2020-ci ili İnnovasiya ili adlandırmaq olar. İlin əvvəlində şirkətimizdə və ölkəmizdə başlayan sürətli inkişaf və rəqəmsallaşma buna dəlalət edirdi. Lakin ötən il əsasən çağırışlar ili oldu. Öncə pandemiya, sonra vətənimizin sərhədlərinin bərpası üçün aparılan müharibə bizə yeni imkanlar və həllər tapmaq üçün müəyyən dolaşıqlar yaşatdı.

Sırf PAŞA Həyat-ın həyatında 2020-ci il 10 illik yubiley ili kimi yadda qaldı. Yubileyimizi fərqli keçirdik. Təntənəli tədbirə sərf oluna biləcək vəsaiti şəhid ailələrinə ianə etməyi özümüzə borc bildik.

Bir az 10 illik rəqəmlərimizdən danışmaq istərdim. Şirkətimiz 24 Noyabr 2010-cu il tarixində 8 nəfərlik heyətlə fəaliyyətə başlayıb. İndi isə 250 nəfərə yaxın işçimiz var. Bundan savayı, fəxrlə qeyd etməliyəm ki, 7 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan PAŞA Həyat-ın indiki kapitalı 40 milyon manatdan çoxdur. Aktivlərimiz indi isə 400 milyona bərabərdir. Məncə, rəqəmlər uğurumuzu çox yaxşı izah edə bilir.

2020-ci ildə şirkətimiz üçün daha bir sevindirici hal yeni ofisimizə köçməyimizlə bağlı oldu. 15 sentyabr tarixindən PAŞA Həyat Sahil Plaza adlanan binada fəaliyyət göstərir. Çox müasir və bütün biznes fəaliyyəti tələblərinə cavab verən ofisə köçmə prosesinə əsaslı yanaşdıq. Pandemiya bitəndən sonra biz ofisimizi geniş ictimaiyyətə də təqdim edəcəyik. 

- Geridə qoyduğumuz 2020-ci il sırf PAŞA Həyat-ın biznes nəticələrinə necə təsir etdi və çətinliklərin öhdəsindən necə gəldiniz?

-Biz bir çox məhsullar üzrə qoyduğumuz hədəflərə çatmışıq. Yalnız bir məhsul üzrə nisbətən geriləmə oldu.

Ümumilikdə pandemiya dövründə əməkdaşlarımıza və biznesimizə mənfi təsirləri azaltmaq üçün daxildə 3 qrup yaradıldı.

Müştərilərlə əlaqəli qrup - Müştərilərin cəlb edilməsi və qorunub saxlanması üzrə işlər gördü.

Daxili işçilərlə bağlı qrup - Əməkdaşların sağlamlığının qorunmasını və təhlükəsiz mühitdə işləmələrini təmin etdi. Bu qrup 24/7 prinsipi ilə çalışır. Bütün əməkdaşlara istənilən tibbi dəstək göstərilir. Və bir daha vurğulayım ki, bu fəaliyyət bütünlükdə şirkət əməkdaşları vasitəsilə təşkil edilib, tələb olunan bütün xərcləri də şirkət qarşılayır.

Risk və maliyyə ilə əlaqədar qrup – məhz bu qrupun fəaliyyəti nəticəsində stres-testlər keçirildi. Mütəmadi olaraq şirkətin, belə deyək, nəbzi yoxlanılırdı.

Bütün bu tədbirlər bizə nəzərdə tutduğumuzdan təxminən 2 milyon manat daha artıq mənfəət əldə etməyə imkan verdi. Gördüyünüz kimi, bizim komanda pandemiya dövründə çox çevik və adaptiv tədbirlər görməyi bacarıb.

Biz həyat sığortası şirkəti olaraq ipoteka kreditləri üçün sığorta təminatları da veririk. Bu təminat müharibə dövründə həlak olan və ya yaralananlara da şamil olunur.

İpoteka krediti götürmüş və şəhid olmuş soydaşlarımızın ailələrinə ümumi məbləği 1.4 milyon manat təşkil edən vəsait ödənildi. Bu qəhrəmanların ipoteka kreditləri tərəfimizdən bütünlüklə bağlanıldı. Bundan savayı, əlavə rezervlər də yaratmışıq. Yaralıların əlillik dərəcəsi müəyyən olunduqdan sonra onlara aid öhdəliklərimizi də bu rezervlər hesabına bağlayacayıq.

Bütün ödənişlərə baxmayaraq, şirkət planlaşdırılan gəlirdən artıq 2 milyon manat mənfəət qazandı. Bütün rəqəmləri səsləndirmək bir az tezdir, lakin deyə bilərəm ki, təxminən 25 milyonluq mənfəətlə ötən ili başa vururuq. Bu rəqəm 2019-cu illə müqayisədə, demək olar ki, eynidir.

-Müharibə başlayanda və bitəndə hansı hissləri keçirdiniz?

Müharibədən öncə bütün işğal tarixlərini əzbər bilirdim. Bu tarixlərlə bağlı şirkət əməkdaşlarının məlumatlı olması üçün kommunikasiya mesajlarının göndərilməsinə xüsusi nəzarət edirdim. Maraqlıdır ki, indi mən Xocalıdan başqa, demək olar, bütün işğal tarixlərini unutmuşam. Əslində, buna görə çox xoşbəxtəm.

Müharibədə ən sevindirici məqam məhz birliyimizi görmək oldu. Cənab Prezidentin rəhbərliyi altında xalqımız bütün iradəsi və gücü ilə bu istiqamətdə çalışırdı.

Müharibə bitdikdə Azərbaycan böyük xalq olduğunu bir daha təsdiqlədi.

Döyüş meydanında, siyasi arenada və informasiya müharibəsində qalib gəldik.

Əminəm ki, bu qələbədən sonra ölkəmiz daha sürətlə inkişaf edəcək. Ciddi islahatlar aparılacaq və regionda sağlam mühit yaranacaq.

Şirkət olaraq bu günə kimi zəfər naminə gördüyümüz işləri sadalamaq istərdim:

- Bərdədə və Ağdamda düşmən vəhşilikləri nəticəsində evlərindən didərgin düşən 100-dən çox ailəyə yardım olundu.

- Ümumilikdə şəhid ailələrinə 200 min manat ianə olundu.

- Qospitala və orduya dəfələrlə müxtəlif avadanlıqlarla dəstək olduq.

- Qazi ailələrinə televizorlar hədiyyə etdik.

- Əməkdaşlarımız tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna çoxsaylı ianələr olundu.

- Və hal-hazırda Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank üzərində iş gedir.

Cənab Prezidentin dediyi kimi, biz döyüş meydanında qalib gəldik. Münaqişə artıq geridə qaldı. Əlavə edim ki, ədalət daim qalib gəlir. Azərbaycanın böyüklüyü, birliyi qalib gəldi.

Qalibiyyət hissi çox gözəl hissdir. 

-2021-ci ildən nə gözləyirsiniz?

Qısaca deyim ki, biz ötən il 2018-2020 strateji dövrümüzü bitirdik və bu strategiya üzrə gözləniləndən 1.5 dəfə çox nəticə verməyə müvəffəq olduq. Növbəti strategiya dövrü 2021-2023-cü illəri əhatə edəcək. Əvvəlki müsahibələrimdə də vurğuladığım kimi, bu ildən Rəqəmsal strategiyanı həyata keçirəcəyik. Qısaca desəm, biznesi innovativ üsullarlarla idarə etməyi və ekosistemi inkişaf etməyi planlaşdırırıq. Bütün müştərilərimiz daha sürətli inkişafın şahidi olacaq. Eyni zamanda, müştəri yönümlülük və bazarın genişləndirilməsi bu strategiyamızın ayrılmaz hissəsi olacaq. Rəqəmsallaşma ilə ayaqlaşmayan şirkətlər, çox güman ki, bazarda mövqelərini itirməli olacaq.

Mərkəzi Bankla və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə işləniləcək sığorta bazarı inkişafı strategiyasına da töhfəmiz olacaq. Lider həyat sığortası şirkəti olaraq biz hər zaman həm dövlət qurumlarına, həm də rəqiblərimizə dəstək olmağa hazırıq. Bazar güclü olduqca bizim biznesimiz də inkişaf edəcək.

-2021-ci ildən sizdə Rəqəmsal strategiyaya keçid baş tutacağını deyirsiniz. Bildiyimizə görə, Rəqəmsal strategiyaya keçiddə Agile idarəetmə prinsipi mühüm rol oynayır. Onu ilk tətbiq edən sığorta şirkətlərindən biri də PAŞA Həyat-dır. Bu haqda nə deyə bilərsiniz?

Bəli. Biz artıq 2020-ci ilin noyabrından McKinsey konsaltinq şirkətinin dəstəyilə bu layihəyə başlamışıq. PAŞA Sığorta şirkəti də bizimlə paralel bu keçidi həyata keçirir. Azərbaycanda biz bu istiqamətə keçid edən ilk sığorta şirkətləriyik. 

Yeni idarəetmə prinsipləri köhnə klassik prinsipləri əvəz edəcək. Deyəcəyim 2 prinsip müasir idarəetmədə rəhbər tutulur - rəqəmsallaşma və biznesin inkişafı. Misal üçün, Agile yanaşma nəticəsində avtomatlaşdırma səviyyəsi şirkətimizdə 90%-ə kimi artacaq və ən əsası, daxili və xarici müştərilərin istəklərinə tam cavab verəcək.

Keçidin ilk etapı olaraq biz ofis daxilində böyük bir Agile laboratoriya yaratdıq. Laboratoriyanın təmiri, demək olar ki, yekunlaşıb. Tezliklə bu laboratoriyanı da ictimayyətə təqdim edəcəyik.

Biz bu laboratoriyada əsasən, 2 məhsul – “Həyatın Yaşam Sığortası” və “İstehsalatda Bədbəxt Hadisələr” məhsulları üzərində çalışacağıq. Eyni zamanda, bir qrup məhz daxildəki sistemlərimizin təkmilləşməsi ilə məşğul olacaq.  Ümid edirəm, müştərilərimiz müsbət dəyişiklikləri tez bir zamanda müşahidə edə biləcək. Çünki Agile yanaşma birbaşa məhsulun keyfiyyətinə təsir edən amillərlə zəngindir.

Data Analitika mərkəzi də həmin laboratoriyanın daxilində fəaliyyət göstərəcək. Bu komandanın fəaliyyəti bütün analitik işlərdə öz əksini tapacaq. Sizə deyim ki, bu sahə dünyada çox sürətlə inkişaf edir.

Bütün bunlarla bağlı biz rezerv vəsait ayırmışıq və mütəxəssisləri yetişdirməyə başlamışıq. Komandaları artıq formalaşdırmışıq. Bu pilot layihə 2 il ərzində fəaliyyət göstərdikdən sonra nəticələr nəzərdən keçiriləcək. Qoyulan hədəflərə çatdıqda bu yanaşmanın tətbiqi davam edəcək və genişlənəcək. Uğur qazanacağımıza inanıram. Çünki Agile yanaşmada uğursuzluq faizi çox aşağıdır və işlər düzgün aparılırsa, səylər özünü doğruldur.   

Agile yanaşmanın 4 çox maraqlı dəyərlərini diqqətinizə çatdırmaq istərdim: hər şeyə açıq olmaq, öhdəlik götürmək, cəsarət etmək və hörmət etmək.

İnanın mənə, Agile-da olan proses tam fərqlidir. Komandanın üzvləri fərqli biznes təfəkkürü ilə çalışır. Biz bu komandanı və mütəxəssisləri yetişdirməklə həm də ölkəmizə əlavə sərmayə qoymuş oluruq. Getdikcə Agile prinsipinə keçən şirkətlər məhz püxtələşmiş peşəkarlara ehtiyac duyacaq. Mən bu işdə birincilərdən olmağımızdan və ölkəmizə xeyir gətirə biləcəyimizdən qürur duyuram.

-Müsahibənizin sonunda daha nələri qeyd edərdiniz...

- Öncə hamıya sağlamlıq arzulayıram.

Keçən il bir çoxumuz tüğyan edən virusdan yaxınlarımızı itirdik. Hamıya Allah Rəhmət etsin. Hazırda xəstə soydaşlarıma Allahdan şəfa diləyirəm. Sağlamlığı qorumaq və virusun yayılmasının qarşısını almaq hər birimizin əlindədir. Əminəm ki, tezliklə bu gözlə görünməz düşmənə də qalib gələ biləcəyik.

Arzulayıram ki, xalqımız müharibə vaxtı göstərdiyi birliklə - gücümüzlə iqtisadiyyatımızı daha da irəli aparsın. İqtisadiyyatımızın sürətli inkişafını istəyirəm. Ciddi islahatlar başlayır və hər birimiz bu prosesə töhfə verə biləcəyik.

Hamını keçmiş həmrəylik günümüz münasibəti ilə təbrik edirəm. Artıq qeyd etdiyim kimi, məhz birliyimiz - həmrəyliyimiz bizə qalibiyyət və uğur yaşadır və yaşadacaq. Daim həmrəy olaq!

Yeni ilimiz uğurlu olsun!

PAŞA Həyat Sığorta Niyaz İsmayılov
02.01.2021 08:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ