Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“BP-Azərbaycan”dan “Biznes əməliyyatları 2020” hesabatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“BP-Azərbaycan”dan “Biznes əməliyyatları 2020” hesabatı

Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2020-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 531 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 817 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdir.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, il ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir.

İlin sonuna müfəssəl mühəndis-layihələndirmə işləri əsasən bitmişdi. İl ərzində daha əvvəllər gətirilmiş çoxsaylı lövhələr, boru xətləri və digər iri materiallara əlavə olaraq dördüncü rübdə ən azı 10 iri avadanlıq yükü Bakıya çatdırılmışdır.

Platformanın üst modullarıın və qazma qurğularının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Son əməliyyatlara  aşağıdakılar daxildir: alt göyərtənin seksiyalarının stapelin üzərinə qaldırılması, ilk iri avadanlıq  komponentlərinin öz yerlərinə yerləşdirilməsi, boru xətləri ilə yanaşı açıq göyərtənin panelinin quraşdırılması işlərinin genişləndirilməsi, qazma qülləsinin tikinti-quraşdırma sahəsinə gətirilməsi və qazma modullarının sahədə quraşdırılması və montajı işlərinin başlanması.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku payalarının tikinisi tamamlanmış, uğurla yüklənərək platformanın quraşdırılacağı yerə göndərilmiş və təhlükəsiz şəkildə dəniz dibində quraşdırılaraq platformanın dayaq blokunu qəbul etməyə hazır vəziyyətə gətirilmişdir. Dayaq blokunun quraşdırılması işləri davam etmişdir. Hazırda onun birinci seksiyaları stapelə yüklənib. 2020-ci ildə həmçinin sualtı qurğuların istehsal-quraşdırma işlərinə başlanmışdır.

İl ərzində həmçinin ACE layihəsinin digər hissələrini də irəli aparan işlər görülmüşdür. Bunlara lay sularının idarə olunması ilə bağlı Mərkəzi Azəri platformasında aparılan işlər və Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə  enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlərə hazırlığın başlanması.  Bundan əlavə, Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi ilin sonuna, demək olar ki, tamamlanmışdır və bu nəzarət otağının quraşdırması 2021-ci ilə planlaşdırılır.

2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək  üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq yükləri  Azərbaycana doğru hərəkət etməkdə davam edir.

Hasilat

2020-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (34 900), Mərkəzi Azəri (113 200), Qərbi Azəri (118 900), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (95 400) və Qərbi Çıraq (50 400) platformalarından birlikdə – gündə orta hesabla 477 000 barel və ya ümumilikdə təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2020-ci ildə AÇG-də 11 neft hasilat və 2 suvurma quyusu qazılmışdır.

Səmt qazı

2020-ci il ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

2020-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.

2020-ci ildə terminal təqribən 239 milyon barel neft və kondensat, o cümlədən 208 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 31 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir. 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 49 milyon standart kubmetr (təxminən 1 milyard 720 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

2020-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 111 milyon dollar, əsaslı xərclərə isə təqribən 29 milyon dollar xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2020-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4659 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

İl ərzində isə BTC vasitəsilə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 278 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

2020-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə 1 milyard dollardan artıq əməliyyat xərcləri və 942 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

31 dekabrda Şahdəniz yatağından ilk dəfə olaraq Avropaya yeni Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqli başlandı. CQD Şahdəniz yatağından başlayır və Şahdənizdən Avropa bazarlarına qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 km uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir. Bu mühüm nailiyyət nəticəsində Şahdəniz Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı  mənbəyinə çevrilib.

2020-ci ildə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 18,1 milyard standart kubmetr qaz və 3,6 milyon ton (29 milyon barel) kondensat hasil edilmişdir.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi

2020-ci il ərzində Şahdəniz 2 layihəsi şərq-cənub cinahından qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail oldu. İsrafil Hüseynov borudüzən gəmisi hər biri 18,3km uzunluğunda olan iki dərinsulu axın xətlərinin mexaniki quraşdırılmasını təhlükəsiz şəkildə başa çatdırdı. Axın xətlərinin birləşdirmə blokunun quraşdırılması və digər sualtı quraşdırma işləri Xankəndi sualtı tikinti gəmisi vasitəsilə uğurla yerinə yetirildi.

Dərinsulu şərq-cənub cinahından (suyun 540m dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları  bitdikdən sonra 2021-ci ilin ikinci rübünə planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Qazma əməliyyatları

2020-ci ildə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal qazma qurğusu SDF03 quyusunda sualtı tamamlama işlərinə başlayıb. Maersk Explorer qurğusu SDF05 quyusunu bitirərək konservasiya edib və SDH03 quyusunun alt hissəsini qazmağa başlayıb.

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

2020-ci il ərzində CQBK-nin əməliyyat xərcləri 47 milyon dollar, əsaslı xərclər isə 13 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

2020-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,8 milyon kubmetr olmuşdur.

Geoloji kəşfiyyat

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına 2020-ci il yanvarın ayının 13-də başlanmışdır. Quyunun qazma işləri artıq 5305 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir.  Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.  

D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı 2020-ci il mart ayının 14-də başa çatdı. Seysmik məlumatların ilkin mərhələsinin emalı prosesi iyun ayında, tam həcminin emalı isə üçüncü rübdə başa çatdırıldı. Hazırda məlumatların interpretasiyası işləri aparılır. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur.  Quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi avqust ayının 28-də ictimaiyyətə açıqlandı. İki aylıq açıqlama müddəti bitdikdən sonra sənəd yenilənib yenidən hökumətə təqdim edildi. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin ikinci rübündə başlanacaq.

İşçi heyətimiz

2020-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2442 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2020-ci ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 milyon ABŞ dolları xərcləmişlər.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

04.02.2021 09:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ