Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə

Məlum olduğu kimi Azərbaycan Respublikasının 03.12.2021-ci il tarixli 406-VIQD nömrəli Qanunu ilə (həmin Qanunla http://e-qanun.az/framework/48795 linki vasitəsilə tanış ola bilərsiniz) Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir və 01.01.2022-ci il tarixdən qüvvəyə minmişdir.

Marja Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu dəyişikliklərlə vergi ödəyiciləri və vergi orqanları üçün bir sıra yeni hüquq vəzifələr, o cümlədən bu vəzifələrin icra edilməməsinə görə maliyyə sanksiyaları müəyyən edilmişdir. Belə ki,

1. “Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq  avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək” (16.1.11-10)

Qeyd olunan maddənin tətbiqi məqsədilə Vergi Məcəlləsinə yeni 71-3-cü (“Elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi”) maddə də əlavə edilmişdir.

2. neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatları malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına vermək: (16.1.11-11)

- mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;

- mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;

- mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə;

3. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı

həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatları göstərmək (16.11) də vergi ödəyicilərinin  vəzifələrinə aid edilmişdir;

- bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə - elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

- xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab faktura (invoys) sənədinin tarixi və nömrəsi;

- borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

- avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

Qeyd olunan vəzifələrin icrasına nəzarət məqsədilə vergi orqanlarına;

1. malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərində, bazarlarda nəzarət postlarının qurulmasını və bu obyektlərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların gətirilməsinin qarşısının alınmasını həyata keçirmək (23.1.3-1)

2. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumatları təqdim edən vergi ödəyicisinin mallarının saxlanıldığı (boşaldıldığı) yerə həmin mallar idxal edildiyi vaxtdan 3 iş günü müddətində baxış keçirmək və baxışın nəticəsini forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən protokolla rəsmiləşdirmək (23.1.3-1)

3. Vergi yoxlamaları zamanı aşkar edilmiş vergidən yayınma sxemini  dərc etmək kimi yeni hüquqlar verilmişdir.

     Eyni zamanda yuxarıda qeyd olunan və digər vəzifələrin icra edilməməsinə görə maliyyə sanksiyaları da müəyyən edilmişdir. Belə ki,

1. İdxal edilmiş mallar barədə Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında; (57.5)

2. 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində; (57.7)

3. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə isə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi də nəzərdə tutulmuşdur. (58.2-1)

Bunlarla yanaşı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotunun aparılmamasına görə müəyyən edilmiş maliyyə sanksiyası 10 faizdən 20 faizədək artırılmışdır. (58.8.3)

Vergi Məcəlləsinin 58.8-ci maddənin məqsədləri üçün isə alışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri  təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilməsi nəzərdə tutulmuşdur. (58.16)

Sadalananlardan əlavə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və (və ya) vergi növlərinin artırılması ilə əlaqədar konkret hallar müəyyən edilmişdir. (36.3-1)

Bu hallar aşağıdakılardır;

- vergi ödəyicisinin müraciəti əsasında;

- keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda;

- cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda. 

Eyni zamanda səyyar vergi yoxlaması 30 gün deyil 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda isə bu müddət 90 gün deyil 90 iş gününə qədər artırıla bilər. (38.2)

Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən müddəalardan asılı olmayaraq əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr də əhatə edilməklə aşağıda müəyyən edilən yeni hallar üzrə də yuxarı vergi orqanının qərarı əsasında növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. (38.3.9)

- vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;

- vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;

- vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə.

Təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin müəyyən edilməsi (50.1.1) və Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi (50.1.13-1) vergi orqanları tərəfindən keçirilən operativ vergi nəzarəti ilə əhatə olunan məsələləri aid edilmişdir.

Vergi orqanları həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə edərək vergitutma obyektini müəyyən etmək hüququna malik olacaqlar. (67.1.9)

Agent tərəfindən malların subagentə və sonradan subagent tərəfindən də həmin malların alıcıya təqdim edilməsinin rəsmiləşdirilməsi qaydasının da dəqiqləşdirilməsi məqsədilə yeni 71.1.7-ci maddə əlavə olunub. Belə ki,

71.1.7. Agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) subagentə verilməsi, habelə subagent tərəfindən  malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi zamanı bu Məcəllənin 71-1.5.5-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura tərtib edilir və müvafiq olaraq əməliyyatın subagentə ötürülməsi  və subagent tərəfindən aparılması ilə bağlı qeyd aparılır.

Vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsini tənzimləyən Vergi Məcəlləsinin 85-ci maddəsi yeni redaksiyada verilmişdir.

Artıq;

- təhlükə potensiallı obyektlərdə qəzalar baş verdiyi;

- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Maliyyə Nazirliyi) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildiyi və vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildiyi hallarda da vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri daha gec müddətə dəyişdirilə bilər.(85.6)

85.8. Aşağıdakı hallarda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz:

- vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;

- vergi ödəyicisi riskli vergi ödəyicisi olduqda;

-  vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;

- vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq bu Məcəllənin 85.9-cu maddəsində müəyyən edilmiş məbləğlərin aşağı həddindən az olduqda;

- bu Məcəllənin 85.6.3-cü və 85.6.4-cü maddələrinə münasibətdə müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olduğu müddət 3 ildən az olduqda.

85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 min manatdan 100 000 manatadək  və iri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək olduqda vergi ödəyicisi tərəfindən müraciətə aşağıda göstərilən məlumatları əks etdirən sənədlər əlavə edilir:

- bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulan hər bir hala münasibətdə müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği, habelə son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayışlar;

- bu Məcəlləsinin 85.6.1-ci maddəsində nəzərdə tutulan hala münasibətdə hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları.

- Vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq bu Məcəllənin 85.9-cu maddəsində müəyyən edilmiş məbləğlərin yuxarı həddindən çox olduqda - bu Məcəllənin 85.6.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, digər hallarda vergi ödəyiciləri tərəfindən müraciətə 85.9-cu maddədə göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlərdən hər hansı biri əlavə edilir:

     -  bank zəmanəti;

     - zaminlik müqaviləsi. Həmin müqaviləyə əsasən zamin duran şəxs ən azı bir il müddətinə vergi orqanında qeydiyyata alınmış, dövlət büdcəsinə borcu olmayan, riskli vergi ödəyicisi olmayan şəxs olmalıdır və həmin şəxsin müraciət edən vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirmək imkanına malik olması ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada yüklü edilməmiş aktivləri barədə məlumat vergi orqanına təqdim edilməlidir.

Məlumat üçün onu da qeyd edək ki, zamin duran vergi ödəyicisi tərəfindən vergi borcunun ödənilməsinə möhlət verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi vergi öhdəliyinin digər şəxsin üzərinə qoyulması hesab edilmir və zamin tərəfindən vergi borcu olan şəxsin vergi öhdəliyinin yerinə yetirilməsi zamin vergi ödəyicisinin vergi öhdəlikləri ilə bağlı ödəmələrinə aid edilmir.(78.4)

- girov müqaviləsi. Müqavilədə qanunla nəzərdə tutulmuş qaydada vergi öhdəliyinin təminatı kimi girov qoyulacaq  əmlak barədə zəruri məlumatlar qeyd edilməlidir. Girov qoyulacaq əmlakın ümumi bazar dəyərinin 50 faizi borcun məbləğindən çox olmalıdır.

Girov müqaviləsinin qanunla nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı xərclər vergi ödəyicisi tərəfindən ödənilir.

vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar və daşınmaz əmlakının siyahıya alınmasına dair yazılı razılıq. Razılıq sənədində həmin əmlak barədə zəruri məlumatlar qeyd edilməli, əmlakın ümumi bazar dəyərinin 50 faizi borcun məbləğindən çox olmalıdır.

Vergi ödəyicisinin müraciəti təmin edildiyi halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində razılıq sənədində qeyd edilən əmlaklar vergi ödəyicisinin istifadə hüququ saxlanılmaqla vergi orqanı tərəfindən siyahıya alınır. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində həmin əmlakların hərrac vasitəsilə satışı ilə bağlı vergi orqanı tərəfindən məhkəməyə müraciət edilmir və vergi ödəyicisi tərəfindən həmin əmlakların təqdim edilməsi vergi orqanının razılığı ilə həyata keçirilir.

85.10. Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq aşağıdakı qaydada uzadıla bilər:

- borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

- cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

- vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi. Bu zaman ödəniş qrafiki vergi orqanı ilə vergi ödəyicisi arasında imzalanmış müvafiq aktla rəsmiləşdirilir.

Vergi ödəyicisi tərəfindən möhlət verilən dövr ərzində möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda vergi ödəyicisinin müraciəti əsasında birinci hal üzrə müddət 1 ildən,  üçüncü hal üzrə isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindən vergi müvafiq olaraq hüquqi şəxslər və ya fərdi sahibkarlar və vəkil qurumları ödəmə mənbəyində 14 faiz dərəcə tutacaqdır. (101.2)

Əmək müqaviləsi (kontraktı) əsasında muzdla işləyən və güzəşt hüququna malik olub, lakin müvafiq təsdiqedici sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edən fiziki şəxslərin güzəştləri fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanacaqdır. (102.8)

Artıq icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunmasına imkan verilir. (115.6-1)

Gəlir və xərclərin uçotunun aparılması qaydası ilə əlaqədar edilən mühüm dəyişiklik mikro sahibkarlıq subyektlərinin öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektlərinin isə yalnız hesablama metodu ilə vergi uçotlarını aparmalı olmalarıdır. (130.4)

Məlumat üçün onu da qeyd edək ki, qeyd olunan maddə orta və iri sahibkarlıq subyektlərinə münasibətdə  yanvarın 1-i 2022-ci il tarixdən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Bu dəyişikliklə əlaqədar orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı müvafiq olaraq 2022-ci il  martın 31-dək və  2023-cü il martın 31-dək vergi orqanına təqdim etməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, digər gəlirlərdən ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı aşağıdakı qaydada müəyyən edilmişdir. (150.5) Belə ki,

-vergi ödəyicisi pul vəsaitini nağd qaydada ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi,

nağdsız ödəmə zamanı pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icraya qəbul edildiyi  vaxt;

-vergi ödəyicisinin kreditoru qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi

halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və digər bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi (əvəzləşdirildiyi) vaxt;

-vergi orqanında uçotda olmayan fiziki şəxslərin bu Məcəllənin 13.2.16.14-1-ci

maddəsində göstərilən ödəmələrindən pul vəsaitinin köçürülməsinə dair ödəmə tapşırığının bank tərəfindən icra edildiyi vaxt ödəmə mənbəyində verginin tutulması öhdəliyinin yaranma vaxtı hesab olunur.

Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir. (Qanunun keçid müddəaları)

Əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), 195-1 Çağrı Mərkəzinə və https://www.e-taxes.gov.az/ebyn/novbe/ linki vasitəsilə onlayn qaydada növbəyə yazılmaqla Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 44, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 276, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 10 ünvanlarında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə keçiriləcək növbəti görüşlərdə iştirak etməkdə maraqlı olduğunuz halda, keçiriləcək görüşlərin qrafikini Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə və yaxud https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler linkinə daxil olmaqla əldə edə bilərsiniz.

Vergi-Məcəlləsi əlavə dəyişikliklər
11.01.2022 18:09

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ