Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kənd təsərrüfatı məhsullarının qiymətlərinin bu il yüksək qalacağı gözlənilir

Ərzaq inflyasiyası qlobal iqtisadiyyatların gündəmində qalmaqda davam edir. Artan xərclər, davam edən pandemiya və daha qeyri-müəyyən iqlim şəraiti səbəbindən kənd təsərrüfatı məhsullarının qiymətlərinin bu il yüksək qalacağı gözlənilir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd təsərrüfatı məhsullarının qiymətlərinin bu il yüksək qalacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Covid-19 pandemiyasının yaratdığı iqtisadi sarsıntıdan sonra ölkələrin bərpa prosesi davam edir.

Marja.az xəbər verir ki, pandemiya ilə əlaqədar tədarük zəncirindəki problemlər və iqtisadi normallaşma ilə bağlı sürətlə artan istehlak tələbi bütün dünyada qiymət artımlarına təkan verir. Artan inflyasiya demək olar ki, hər bir ölkənin probleminə çevrilib, xüsusilə ərzaq və enerji qiymətlərindəki artım inflyasiyanın hərəkətverici qüvvəsi olaraq önə çıxır.

Çoxsaylı inflyasiya təzyiqləri kənd təsərrüfatı məhsullarının qiymətlərini artırır

İqlim dəyişikliyindən tutmuş sürətlə artan qlobal tələbata qədər bir çox inflyasiya təzyiqinin keçən il kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir etdiyi bildirilir.

İqtisadiyyatdakı digər inflyasiya təzyiqlərinin də kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına təkan verdiyi qeyd edilir ki, bunlar arasında yanacaq qiymətlərindəki artım, işçi qıtlığı, gübrənin, bitki mühafizəsi vasitələrinin və texnikaların bahalaşması diqqəti çəkir. 

“Rabobank”ın (Hollandiya bankı) "Kənd Təsərrüfatı Əmtəələri Bazarlarına Baxış 2022" hesabatında kənd təsərrüfatı məhsullarının qiymətlərinin keçən il təxminən 28 faiz artdığı bildirilir.

Qlobal ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsində

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatları göstərir ki, qlobal ərzaq qiymətləri 2021-ci ildə 28,1 faiz artımla son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Qeyd olunur ki, ərzaq malları səbətinin beynəlxalq qiymətlərindəki dəyişiklikləri izləyən Ərzaq Qiymətləri İndeksinin ötən ilki orta göstəricisi 125,7 bənd təşkil edib.

FAO ekspertləri deyirlər ki, bu il daha sabit bazar şərtlərinə qayıdış ümidləri yüksək istehsal xərcləri, davam edən pandemiya və daha qeyri-müəyyən iqlim şəraiti səbəbindən zəifdir.

Ən yüksək artım bitki yağı qiymətlərindədir

FAO-nun Ərzaq Qiymətləri İndeksində bütün alt kateqoriyalar 2021-ci ildə kəskin şəkildə artıb.

Taxıl Qiyməti İndeksi orta hesabla keçən il 27,2% illik artımla 131,2-yə çatıb (2012-ci ildən bəri ən yüksək səviyyəyə). Bitki Yağı Qiyməti İndeksi 65,8% artaraq 164,8-ə yüksələrək bütün zamanların ən yüksək səviyyəsi qeydə alınıb.

Şəkər Qiymət İndeksi 2021-ci ildə 29,8% artaraq 109,3-ə yüksələrək 2016-cı ildən bəri qeydə alınan ən yüksək səviyyə olub.

Ət Qiymət İndeksi isə keçən il illik müqayisədə 12,7% artaraq 107,6, Süd Məhsulları Qiymət İndeksi illik 16,9% artaraq 119 təşkil edib.

Karbamidin qiymətinin artması fermerlər üçün gübrələrin bahalaşmasına səbəb olur

Mütəxəssislər yüksək nəqliyyat xərcləri, enerji və gübrə qiymətlərinin artması və bir çox ölkələrdə işçi qüvvəsi çatışmazlığı səbəbindən 2022-ci ildə ərzaq qiymətlərinin 5 və ya 10 illik orta səviyyəyə qayıtmasını çətin hesab edirlər.

ABŞ-da Meksika körfəzinin sahilyanı əyalətlərində karbamid qiymətləri illik 272 faiz artıb, bu vəziyyət fermerlərin gübrə xərclərini artırır.

Bu ilki məhsul yığımını başa vuran və gələn ilin əkinini planlaşdırmağa başlayan fermerlər gübrə qiymətlərinin artması ilə əlaqədar istehsal xərclərinin artdığını və potensial olaraq gələn il məhsulun rentabelliyini aşağı saldığını deyirlər.

Kənd təsərrüfatı məhsullarının qiymətlərində normallaşma ehtimalı azdır

Mütəxəssislər qeyd edirlər ki, 2021-ci ildə quraqlıqdan daşqınlara qədər ekstremal iqlim hadisələrinin tezliyi gələcəkdə mümkün qiymət artımlarından qorunmağı çətinləşdirir.

Dünyanın hələ də böyük qeyri-müəyyənliyə səbəb olan Covid-19 pandemiyasının iqtisadi və sosial nəticələri ilə mübarizə apardığına diqqət çəkən ekspertlər, epidemiyanın 2022-ci ildə daha az pisləşməyə səbəb olacağını, lakin kənd təsərrüfatı mallarının qiymətlərində hər hansı normallaşmanın mümkün olmadığını və bu sahədə inflyasiyanın müvəqqəti olmadığını qeyd edirlər.

Ərzaq inflyasiyasının davam edə biləcəyini vurğulayan ekspertlər hazırkı vəziyyətin içindən çıxılmaz xarakter daşıdığını, əmtəə qiymətləri artdıqca daha çox alıcının (fermerin) qıtlıq və fasilələrin qarşısını almaq, fəaliyyətlərini zəmanətli etmək üçün mal-material ehtiyatları  topladığını (aldığını) bildirirlər.

Dünya Bankının 2021-ci ilin oktyabr ayında dərc etdiyi Əmtəə Bazarlarına Baxış Hesabatında qeyd edilir ki, 2021-ci ildə baş verən güclü artımlardan sonra kənd təsərrüfatı məhsullarının qiymətlərində 2022-ci ildə zəifləyəcəyi gözlənilir. 2021-ci ildə kənd təsərrüfatı məhsullarının qiymət indeksində 22% artım gözlənilən hesabatda bu il 1,4% məhdud azalma gözlənildiyi qeydedilir.

“Qiymətlərin yüksək qalacağı gözlənilir”

"Rabobank"ın Baş əmtəə analitiki Michael Magdovitz bildirib ki, ərzaq qiymətləri 2020-ci ilin ortalarında artmağa başlayıb.

Covid-19 pandemiyası ilə əlaəqdar olaraq tədarükçüləri təəccübləndirən güclü tələb ilə qiymətlərin 2021-ci ildə artmağa davam etdiyini qeyd edən Magdovitz, logistika gecikmələrinin, əlverişsiz hava şəraitinin, yüksək enerji və digər xərclərin istehsal və ticarətə təsir etdiyini bildirib.

"Kənd təsərrüfatı məhsullarının qiymətlərinin davamlı güclü tələb və təklifin çox tədricən bərpası səbəbindən ümumilikdə kifayət qədər yüksək qalacağı gözlənilir" - Magdovitz deyib.

Çox yüksək qiymətlər səbəbiylə istehsalçıların və istehlakçıların bazarı tarazlaşdırmaq üçün reaksiya verə biləcəyinə diqqət çəkən Magdovitz, əhəmiyyətli bir mənfi hava və ya geosiyasi hadisə olmadığı təqdirdə 2022-ci ildə daha böyük bir tarazlığın gözlənildiyini ifadə edib.

FAO-nun məlumatlarına görə, 2019-2021-ci illər üzrə Ərzaq Qiymətləri İndeksi və onun alt kateqoriyaları üçün indeks dəyərləri aşağıdakılardır:

 

Ərzaq qiymət indeksi

Ət qiymət indeksi

Süd qiymət indeksi

Taxıl qiymət indeksi

Bitki yağı qiymət indeksi

Şəkər qiymət indeksi

2019

95,1

100

102,8

96,6

83,2

78,6

2020

98,1

95,5

101,8

103,1

99,4

79,5

2021

125,7

107,6

119

131,2

164,8

109,3

Ərzaq inflyasiyası
16.01.2022 10:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ