Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Top bizim tərəfdədir”

İlham Əliyev: "Biz kreditlər də götürməliyik, bundan tam imtina etməməliyik"
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Top bizim tərəfdədir”

Xəbər verdiyimiz kimi, Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Marja xəbər verir ki, müşavirədə Prezident İlham Əliyev Maliyyə naziri Samir Şərifova “xarici dövlət borcumuzun gələcək parametri ilə bağlı məlumat verin” deyərək əlavə edib:

“Çünki mən qeyd etdim ki, strategiya var və uğurla icra edilir. 12,5 faiz o rəqəmdir ki, hər bir ölkə bu rəqəmlə fəxr edə bilər. Amma bilirsiniz, mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizindən çox olmasın. Yəni, biz buna yaxınlaşırıq. Bununla paralel olaraq, biz, əlbəttə, kreditlər də götürməliyik, bundan tam imtina etməməliyik. Ona görə, builki vəziyyət haqqında məlumat verin. Bu il dövlət büdcəsində xarici borcun qaytarılmasına nə qədər vəsait nəzərdə tutulur, təxminən nə qədər kredit alınacaq və növbəti illər üçün strategiyanın qısamüddətli parametrləri nədən ibarət olacaq? Bu barədə məlumat verin”.

Samir Şərifov: Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, Sizin 2018-ci il 24 avqust tarixli Sərəncamınızla təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiyanın icrası davam etdirilməkdədir. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin 10 faizə çatdırılması istiqamətində Sizin qarşımızda qoyduğunuz işlər davam etdirilir. Bu istiqamətdə vacib məsələlərdən biri də ümumi dövlət borcunun, yəni, xarici və daxili dövlət borcundan ibarət olan dövlət borcunda xarici valyutada ifadə edilmiş borcun məhz Siz dediyiniz həmin istiqamət nəzərə alınmaqla tədricən azaldılması və eyni zamanda, daxili dövlət borcunun xüsusi çəkisinin borc portfelində artırılması istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94 faiz idi, yəni, 94 faiz xarici dövlət borcunun payına düşürdü. Hazırda isə bu, 82 faizə endirilmişdir. Bu da onunla bağlıdır ki, daxili borcun xüsusi çəkisi artmışdır. Daxili dövlət borcunun, yəni, daxili maliyyə bazarlarının inkişaf etdirilməsi üçün biz bazara daha çox dövlət qiymətli kağızları, dövlət istiqrazlarını təklif edirik və strategiyanın qəbul edildiyi müddət ərzində həmin borc bazarda 3,2 faiz artmışdır. Hazırda 2,5 milyard manat təşkil edir və proqram davam etdirilməkdədir.

Şübhəsiz ki, dövlət büdcəsinin icrasının göstəriciləri yaxşı olduqda, yəni, fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri yaranmır və nəticə etibarilə biz bir o qədər daxili borcu buraxmırıq. Amma bu proqram davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin bu yaxınlarda imzaladığınız Sərəncama əsasən, ümumi dövlət borcunun ortamüddətli dövrdə ÜDM-in 20 faizi səviyyəsində saxlanılması, xarici dövlət borcunun ortamüddətli dövrdə 15 və uzunmüddətli dövrdə 10 faizə endirilməsi nəzərdə tutulub.

HƏMÇİNİN OXU: Dövlət büdcəsində 1 milyard 380 milyon manat artıqlıq yaranıb

Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə borc götürəcəyik. Möhtərəm cənab Prezident, eyni zamanda, Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla Azərbaycan Respublikasının büdcə qaydası üzrə müəyyən göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri üzrə nisbətlərinin təsdiq edilməsi bizim üçün müəyyən çərçivəni formalaşdırır. Həmin çərçivə əsasında ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub.

Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim ki, bizim bugünkü ümumi daxili məhsul üzrə göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna gözlənilən nəticələr də nəzərə alınmaqla, növbəti illər üzrə İqtisadiyyat Nazirliyi tərəfindən mart ayında bizə artıq yeni ortamüddətli proqnozlar təqdim edilmişdir. Bu proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma üzrə əlavə imkanlarımız ola bilər.

Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər böyük həcmlərdə borc vermək niyyətində olan beynəlxalq qurumlar var. Sizin müəyyən çıxışlarınızdan sonra Avropa İttifaqı artıq 2 milyard avro məbləğində borcun bizə verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə - Avropa Yenidənqurma və İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı yenidənqurma işlərində təcrübələri çox olduğuna görə öz kredit xətlərini bizə təklif edirlər. Asiya İnkişaf Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi proqramlar əsasında kifayət qədər böyük həcmlərdə borc ayırmağa hazırdırlar. Burada, belə desək, “top bizim tərəfdədir”. Hansı layihələri seçməyimizdən asılı olaraq, Sizin qarşımızda qoyduğunuz borc çərçivəsi daxilində biz bu vəsaitləri cəlb edə bilərik.

Prezident İlham Əliyev: Burada hədəflər aydındır. Mən də bir daha demək istəyirəm, xarici borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə endirməliyik. Buna yaxınlaşmaq üçün siz gərək təkliflər verəsiniz, biz nə qədər almalıyıq və nə qədər qaytarmaq məcburiyyətindəyik. Avropa İttifaqının kredit vermə təklifləri, əlbəttə ki, müsbət haldır. Çünki bildiyiniz kimi, müharibə başa çatandan sonra Ermənistan üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Əlbəttə ki, biz buna səssiz qala bilməzdik. Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana da 2 milyardlıq paket elan edib. Mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq, eyni zamanda, mən o təkliflərə də baxdım. Elə layihələr var ki, o layihələri biz borc götürmədən icra edə bilərik, təbii ki. Ancaq bununla yanaşı, bizim istəyimiz və ədalətli mövqeyimiz ondan ibarətdir ki, Ermənistana hansı şərtlərlə bu borc və ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə təklif edilməlidir. Biz bundan istifadə edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir. Ancaq yanaşma eyni olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda dağıntılara məruz qalmış bir koma da yoxdur. Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə bir salamat bina yoxdur. Mən bunu heç vaxt kənara qoya bilmərəm. Ona görə bu da nəzərə alınmalıdır. O ki qaldı, aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımıza, mən bilirəm ki, bu yaxınlarda Dünya Bankının missiyası gəlmişdi. Mənə Baş nazir məruzə etmişdi. Onların təklifləri var. Əlbəttə ki, ənənəvi tərəfdaşlarımız Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı. Avropa İnvestisiya Bankı nisbətən təzə gəlib Azərbaycan bazarına. Birinci onların layihəsi qaz infrastrukturu ilə bağlı idi. Bir də Asiya İnfrastruktur və İnkişaf Bankı ilə də bizim əlaqələrimiz inkişaf edir. Biz o ölkələrdənik ki, bu bankın təsisçisi kimi iştirak etmişik və səhmdarıq orada. Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə qurumları ilə işləməliyik. Sadəcə olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik ki, daha da çox borc götürək, az götürək, çox qaytaraq, az qaytaraq. İndi siz buna baxın və təkliflər verin.

Xarici borcla bağlı başqa hansısa fikirlər var, məlumat vermək istəyən var? Buyur.

Samir Şərifov: Möhtərəm cənab Prezident, mən təkcə bir şeyi qeyd etmək istərdim ki, Dünya Bankı üzrə bunlar bu gün bizə xüsusi şərtlər təklif edirlər. Biz onlarla növbəti ilin ortalarına qədər tam razılığa gəlsək, o şərtləri əldə edə bilərik.

Prezident İlham Əliyev: Yəni, güzəştli şərtlər.

Samir Şərifov: Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən qurulması proseslərini nəzərə alaraq, belə bir qərar qəbul ediblər ki, bizə güzəştli şərtlərlə kreditlər verə bilərlər.

Prezident İlham Əliyev: Ondan istifadə etməliyik.

Samir Şərifov: Bəli. Siz tamamilə düzgün qeyd etdiyiniz kimi, bu şərtlər çərçivəsində bizə lazım olan layihələri seçə bilərik. Yəni elə layihələr var ki, məsələn, avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli valyutanı cəlb etməməliyik. Amma biz layihələri seçərkən istənilən halda valyuta xərclərimizi nəzərə almalıyıq. Yəqin ki, bu məqsədlər üçün biz vəsait cəlb edə bilərdik.

Prezident İlham Əliyev: Bir də dünyanın aparıcı maliyyə qurumları özəl sektora da kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ ayıra bilərlər. Onlarla təmaslar əsnasında bu məsələ həmişə müzakirə edilməlidir. Çünki mən bilirəm ki, misal üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisinə də aparıcı maliyyə qurumları kredit ayırırlar. Bizə yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir. Düzdür, bizim özümüzün mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir. Ancaq burada özəl sektora, misal üçün, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər bankların daha da böyük həcmdə kreditlərinin verilməsinə mütləq baxmaq lazımdır.

13.04.2022 08:30

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ