Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan 3,8 % çox, xərcləri 3,9 % az olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan 3,8 % çox, xərcləri 3,9 % az olub

2021-ci ildə dövlət büdcəsinin icrasına dair göstəricilər açıqlanıb.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27 milyard 422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 milyard 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 26,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu gün 2021-ci ilin dövlət büdcəsinin icrası müzakirə edilib. Bu barədə Milli Məclisin komitə sədri Tahir Mirkişili məlumat verib. O qeyd edib ki, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri ilə işgüzar, peşəkar və elmi müzakirələr aparılıb.

Son 5 ildə müdafiə və hüquq mühafizə üzrə xərclər 1,7 dəfə artıb

Son 5 ildə (2017-2021-ci illər) müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclər artıb.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Qeyd edilib ki, son 5 ildə (2017-2021-ci illər) müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə xərclər 2775,7 milyon manat və ya 1,7 dəfə artıb.

Büdcə xərclərinin 17,8 faizi müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldilib

2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində və ya 4 milyard 885,5 milyon manat məbləğində vəsait yönəldilib. Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və ehtiyat fondlarından ayrılmış 343,9 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2021-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində (2020-ci illə müqayisədə 1,0 faiz-bənd çox) və ya 4 milyard 885,5 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 460,1 milyon manat və ya 10,4 faiz çoxdur.2021-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4 milyard 541,6 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da 4 milyard 579,0 milyon manat proqnoza nisbətən 37,3 milyon manat və ya 0,8 faiz az, 2020-ci illə müqayisədə isə 786,5 milyon manat və ya 20,9 faiz çoxdur. 

Bu xərclər ÜDM-in 4,9 faizini, dövlət büdcəsi xərclərinin isə 16,6 faizini (2020-ci illə müqayisədə 2,4 faiz-bənd çox) təşkil edib. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər (2 milyard 100 milyon manat) istisna olmaqla, müdafiə və milli təhlükəsizlik orqanlarının saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsindən 2 milyard 441,6 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2020-ci illə müqayisədə 286,5 milyon manat və ya 13,3 faiz çoxdur. Artım əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistan Respublikası ilə dövlət sərhədində və Qarabağ bölgəsində sülhməramlılarla təmas xəttində xidmət edən hərbi qulluqçularına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin, onlara aylıq vəzifə maaşlarına müddətli əlavənin və digər zəruri xərclərin (qeyri-yaşayış binalarının tikintisi, əsas fondların və digər aktivlərin saxlanılması, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması və sair xərclər), habelə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində İran İslam Respublikası ilə 132 km və Ermənistan Respublikası ilə 193,1 km uzunluğunda dövlət sərhədlərinin mühafizəsinin təşkil edilməsi üçün Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üzrə müddətli aylıq əlavənin verilməsi və komplektləşdirmə işlərinin həyata keçirilməsi, həmçinin hərbi qurumların maddi-texniki bazasının daha da gücləndirilməsi ilə bağlı zəruri xərclərin qarşılanmasına yönəldilib.Bununla yanaşı 2021-ci ilin dövlət büdcəsinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan (273,6 milyon manat) və dövlət büdcəsinin ehtiyat fondundan (19,8 milyon manat) müdafiə, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarının maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün üst-üstə 293,4 milyon manat məbləğində vəsait ayrılıb.2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 8,3 milyon manat təşkil eDİB ki, bu da 2020-ci illə müqayisədə 2,2 milyon manat və ya 35,8 faiz çoxdur.

Ötən il ərzaq təhlükəsizliyinə xərclənən vəsait məlum olub

Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat sərf edilib.

Hesabatda qeyd edilir ki, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat və ya bu məqsəd üçün dövlət büdcəsindən ayrılmış 467,5 milyon manat məbləğində vəsaitin 97,3 faizi sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 52,2 milyon manat və ya 13,0 faiz çoxdur.

Bu tədbirlər çərçivəsində kənd təsərrüfatı bitkilərinin becərilməsi məqsədilə fermerlərə əkin subsidiyasının verilməsi üçün 263,4 milyon manat, kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqlarının və suvarma sistemlərinin qiymətlərinə güzəştlərin tətbiq edilməsi üçün 80,0 milyon manat, təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə tədarükçülərə məhsul subsidiyasının verilməsi üçün 32,0 milyon manat, 2019-cu ildə güzəştli şərtlərlə satılmış mineral gübrə və pestisidlərə görə satıcılara yaranmış borcun ödənilməsi üçün 29,2 milyon manat, ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların satış qiymətinə güzəştin tətbiq edilməsi üçün 17,0 milyon manat, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə heyvan subsidiyasının verilməsi üçün 10,0 milyon manat, ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə toxum subsidiyasının verilməsi üçün 7,8 milyon manat, hər arı ailəsinə (pətəyə) görə arıçılara subsidiyanın verilməsi üçün 5,5 milyon manat, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə barama subsidiyasının verilməsi üçün 3,0 milyon manat, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində informasiya texnologiyalarının, Elektron Kənd Təsərrüfatı Sisteminin tətbiqinin genişləndirilməsi üçün 1,2 milyon manat, virussuz əkin materiallarının innovativ üsulla istehsalının dəstəklənməsi üçün 1,2 milyon manat və digər tədbirlər üçün 4,5 milyon manat məbləğində vəsait ayrılıb.

Büdcədə məhkəmə hakimiyyəti və hüquq mühafizə üzrə xərclərin xüsusi çəkisi artıb

2021-ci ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 2 milyard 33,0 milyon manat məbləğində vəsait istifadə olunub.

Hesabatda qeyd edilir ki, bu da ayrılması nəzərdə tutulan 2 milyard 88,2 milyon manat məbləğində vəsaitə nisbətən 55,2 milyon manat və ya 2,6 faiz az, 2020-ci illə müqayisədə isə 206,8 milyon manat və ya 11,3 faiz çoxdur. Bu xərclər ÜDM-in 2,2 faizini, dövlət büdcəsi xərclərinin isə 7,4 faizini (2020-ci illə müqayisədə 0,5 faiz-bənd çox) təşkil edib.

Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 65,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2021-ci ildə məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 7,7 faizi həcmində (2020-ci illə müqayisədə 0,5 faiz-bənd çox) və ya 2 milyard 98,2 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 198,8 milyon manat və ya 10,5 faiz çoxdur.

Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün hesabat ilində dövlət büdcəsindən 4,5 milyon manat məbləğində vəsait ayrılıb.

Hesabatda həmçinin qeyd edilib ki, 2021-ci ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 264,3 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 57,3 milyon manat və ya 27,7 faiz çoxdur.

Son 5 ildə dövlət büdcəsinin xərcləri 1,6 dəfə artıb

Son 5 ildə (2017-2021-ci illər) dövlət büdcəsinin xərcləri 9 milyard 827,9 milyon manat və ya 1,6 dəfə artıb.

Hesabatda qeyd edilir ki, strukturuna görə 2021-ci il dövlət büdcəsi xərclərinin 16 milyard 588,4 milyon manatı və ya 60,5 faizi cari xərclərə (2020-ci illə müqayisədə 68,5 milyon manat və ya 0,4 faiz az), 8 milyard 635,2 milyon manatı və ya 31,5 faizi əsaslı xərclərə (2020-ci illə müqayisədə 602,0 milyon manat və ya 7,5 faiz çox), 2 milyard 198,8 milyon manatı və ya 8,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci illə müqayisədə 472,6 milyon manat və ya 27,4 faiz çox) yönəldilib.

2020-ci illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 1,1 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,5 faiz-bənd artmış, cari xərclərin xüsusi çəkisi isə 2,6 faiz-bənd azalıb.

Dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin büdcə təşkilatları, büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılmasına 125,9 milyon manat xərclənib

Hesabat ilində xarici ölkələrdə fəaliyyət göstərən 73 diplomatik nümayəndəlik və konsulluqların saxlanılması və digər xərcləri üçün 125,9 milyon manat vəsait xərclənib.

Hesabatda qeyd edilir ki, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 2,8 milyon manat məbləğində vəsait yönəldilib.

dövlət-büdcəsi
21.05.2022 16:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ