Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qanunvericiliyin sistemləşdirilməsi məqsədi ilə SAHİBKARLIQ MƏCƏLLƏSİ təklifi

gər hazırlanan Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin yaxın gələcəkdə qəbulu baş tutmazsa, Sahibkarlıq Məcəlləsində ayrıca Rəqabət bölməsi nəzərdə tutula və orada Rəqabət Məcəlləsinin tənzimləmə predmetinə daxil ola biləcək institutlar, o cümlədən, rəqabətin məhdudlaşdırılması halları, inhisarçılıq fəaliyyəti, hökmran mövqe və ondan sui-istifadə, haqsız rəqabət formaları, iqtisadi təmərküzləşmələr, rəqabətin qorunması mexanizmləri, rəqabət orqanı və onun səlahiyyətləri, rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydası, məsuliyyət növləri və digər məsələlər qeyd edilə bilər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qanunvericiliyin sistemləşdirilməsi məqsədi ilə SAHİBKARLIQ MƏCƏLLƏSİ təklifi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sahibkarlığın inkişafı davamlı iqtisadi yüksəlişə töhfə verir və bu səbəbdən dövlətlərin iqtisadi siyasətlərində prioritet istiqamətlərdən birini təşkil edir. Sahibkarlığın inkişafına nail olmaq bazar iqtisadiyyatı, sağlam rəqabət və bir sıra digər təməl iqtisadi şərtlərlə yanaşı, təkmil və çağdaş hüquqi bazanın mövcudluğunu tələb edir. Azərbaycanın iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafına dəstək məqsədi ilə ardıcıl tədbirlər görülür, o cümlədən sahibkarlığın hüquqi tənzimlənməsi sistemi həm ümumi xarakterli institusional məsələlər üzrə, həm də ayrı-ayrı sahələr və predmetlər üzrə çoxsaylı hüquqi aktların qəbul edilməsi, habelə, müasir çağırışlara uyğun olaraq qanunvericiliyin yenilənməsi vasitəsi ilə daim təkmilləşdirilir. Bu prosesin davamı olaraq, dövlətin sahibkarlıq sahəsində siyasətini, əsas tənzimləmə, nəzarət və təşviq forma və alətlərini və dövlət-biznes münasibətlərinin digər aspektlərini tənzimləyən qanunvericiliyin yığcam, anlaşıqlı, sistemli, struktur baxımdan nizamlı və uzlaşdırılmış vahid topluya çevrilməsi - məcəllə formasında bir normativ hüquqi aktda birləşdirilməsi daha məqsədəmüvafiq görünür.

Xarici ölkələrintəcrübəsində sahibkarlıq məcəllələri və qanunları

Biznes fəaliyyətinin hüquqi tənzimlənməsinin kodeksləşdirilməsi təcrübəsi müstəsna deyildir. Bir sıra ölkələrdə sahibkarlıq sahəsində qanunvericilik digər ümumi qanunvericilikdən ayrılaraq sistemləşdirilmiş və müxtəlif ad altında, o cümlədən, Sahibkarlıq Məcəlləsi, Biznes Məcəlləsi, Kommersiya Məcəlləsi, Təsərrüfat Məcəlləsi, Korporativ Məcəllə, Ticarət Məcəlləsi (və ya Qanunu) kimi məcəllələşdirilmişdir. Onların arasından ölkəmizin hüquq sisteminə və iqtisadi təcrübəsinə nisbətən oxşar və yaxın olan, habelə, siyasi və iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğu ölkələrin məcəllə və qanunlarına diqqət yetirmək olar. 

Qazaxıstan Sahibkarlıq Məcəlləsi

01 yanvar 2016-cı il tarixdən qüvvədə olan Qazaxıstan Sahibkarlıq Məcəlləsi 7 bölmədən, 31 fəsildən və 324 maddədən ibarətdir. Preambulasına əsasən, “bu Məcəllə Qazaxıstan Respublikasında sahibkarlıq azadlığını təmin edən hüquqi, iqtisadi və sosial şərtləri və təminatları müəyyən edir, sahibkarlıq subyektləri ilə dövlətin qarşılıqlı fəaliyyəti üzrə yaranan ictimai münasibətləri, o cümlədən sahibkarlığa dövlət tənzimlənməsi və dəstəyini tənzimləyir”. Məcəllənin əsas bölmələri sahibkarlıq subyektləri ilə dövlətin qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını, sahibkarlığın dövlət tənzimləməsinin formaları və vasitələrini, iqtisadi rəqabəti, özəl sahibkarlığa dövlət dəstəyinin əsas istiqamətləri və növlərini, sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsinin formaları və üsullarını, sahibkarlıq sahəsində Qazaxıstan qanunvericiliyinin pozulmasına görə məsuliyyəti əks etdirir.Qazaxıstan Sahibkarlıq Məcəlləsi ilə Mülki Məcəlləsi arasında hüquqi sərhədin müəyyən edilməsi və xüsusi hüququn dualizminə yol verilməməsi üçün, Sahibkarlıq Məcəlləsinin 1-ci maddəsində göstərilir ki, “iştirakçıların bərabərliyinə əsaslanan əmtəə-pul və digər əmlak münasibətləri, habelə əmlakla bağlı şəxsi qeyri-əmlak münasibətləri Qazaxıstan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir”.

Bununla yanaşı, qeyd edilməlidir ki, Qazaxıstanda Rəqabət Məcəlləsi yoxdur, rəqabət münasibətlərinin bütün əsas aspektləri Qazaxıstanın Sahibkarlıq Məcəlləsi ilə tənzimlənir. Nisbətən, yeni dövrdə hazırlanmış olan və sahibkarlığın dövlət tənzimləməsinin və dövlət-sahibkar münasibətlərinin bir çox müasir alət və vasitələrini özündə əks etdirən Qazaxıstanın bu xüsusda təcrübəsi sahibkarlıq sahəsində ölkəmizin qanunvericiliyinin məcəlləşdirilməsi – Sahibkarlıq Məcəlləsinin hazırlanması işində xüsusən faydalı istinad rolunu oynaya bilər.

Ukrayna Təsərrüfat Məcəlləsi

Post-sovet məkanında sahibkarlıq sahəsində qanunvericiliyin ilk sistemləşdirilməsi və məcəllələşdirilməsi Ukraynada Təsərrüfat Məcəlləsinin qəbul edilməsi ilə baş vermişdir. 01 yanvar 2004-cü il tarixdən qüvvəyə minmiş UkraynaTəsərrüfat Məcəlləsi 9 bölmədən, 41 fəsildən, 418 maddədən ibarətdir. Məcəllənin preambulasına əsasən, “bu Məcəllə müxtəlif mülkiyyət formalı sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyətinin əsaslarını müəyyən edir, sahibkarlıq subyektlərinin işgüzar fəallığının artımını, sahibkarlığın inkişafını təmin etmək və bu əsasda ictimai istehsalın səmərəliliyini, onun sosial yönümlülüyünü artırmaq məqsədi daşıyır”. Məcəllənin 1-ci maddəsinə əsasən, “Məcəllə Ukraynada təsərrüfat idarəetməsinin əsas prinsiplərini müəyyən edir və təsərrüfat subyektləri arasında, habelə bu subyektlərlə iqtisadi münasibətlərin digər iştirakçıları arasında təsərrüfat fəaliyyətinin təşkili və həyata keçirilməsi prosesində yaranan iqtisadi münasibətləri tənzimləyir”. Məcəllənin əsas bölmələri təsərrüfat subyektlərini, təsərrüfatın əmlak əsaslarını, iqtisadi öhdəlikləri, hüquqpozmalara görə məsuliyyəti, müəyyən təsərrüfat sahələrində hüquqi tənzimləmənin xüsusiyyətlərini, xarici iqtisadi fəaliyyəti, təsərrüfatın xüsusi rejimlərini əhatə edir. Rəqabət münasibətləri, o cümlədən, inhisarçılıq və haqsız rəqabət məsələləri də bu məcəllə ilə tənzimlənir. Lakin əmlak və şəxsi qeyri-əmlak münasibətləri Ukraynanın Təsərrüfat Məcəlləsi ilə deyil, Ukraynanın Mülki Məcəlləsi ilə tənzimlənir. Ukrayna Təsərrüfat Məcəlləsinin 20 ilə yaxın tətbiqi təcrübəsi, qanunvericilik texnikası və təkmilləşdirmə yolu məcəllələşdirmə işində maraqlı nümunə kimi çıxış edə  bilər.

Türk Ticarət Qanunu

Türkiyədə sahibkarlıq sahəsində vahid sistemləşdirilmiş geniş həcmli hüquqi sənəd 14 fevral 2011-ci il tarixli 6102 saylı Türk Ticarət Qanunudur.Qanunun 1-ci maddəsinə əsasən, “bu qanun 22 noyabr 2001-ci il tarixli 4721 saylı Türk Mədəni Qanununun ayrılmaz bir hissəsidir” (Türk Mədəni Qanunu Mülki Məcəllə kimi mülki hüquq münasibətlərini tənzimləyən qanundur). 1535 maddədən ibarət olan Türk Ticarət Qanununun bölmələri əsasən sahibkarlıq fəaliyyətini, kommersiya şirkətlərini, qiymətli kağızları, daşıma işlərini, dəniz ticarətini və sığorta hüququnu əhatə edir. Bu qanunla yanaşı, Türkiyədə 07 dekabr 1994-cu il tarixli 4054 saylı Rəqabətin Qorunması Haqqında Qanun da vardır ki, bu qanun rəqabət sahəsində ictimai münasibətlərin hüquqi tənzimlənməsini, haqsız rəqabət məsələləri istisna olmaqla, həyata keçirir (haqsız rəqabət formaları Türk Ticarət Qanununun sahibkarlıq fəaliyyəti bölməsində verilir). Türkiyədə sahibkarlığın inkişafını və onunla bağlı hüquqi təcrübəni nəzərə alaraq, Türk Ticarət Qanunu nümunəsini dəyərli mənbə kimi nəzərdən keçirmək mümkündür.

Sahibkarlıq Məcəlləsinin şərti strukturu və məzmunu

Azərbaycanda sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsinin vahid normativ hüquqi aktda –Sahibkarlıq Məcəlləsində birləşdirilməsi ölkədə bu sahənin inkişafının səciyyəvi xüsusiyyətləri və mövcud qanunvericilik bazasının dairəsi nəzərə alınmaqla aparıla və yanaşmadan asılı olaraq, belə məcəllənin strukturu müxtəlif ola bilər. Məcəllənin  bölmələri ümumi və xüsusi hissələrdə birləşdirilə, yaxud, Ukrayna və Qazaxıstan təcrübəsi kimi, ümumi və xüsusi hissələr olmadan birbaşa bölmələr və fəsillər nəzərdə tutula bilər. Məcəllədə əsasən sahibkarlıq (biznes) subyektləri, onların hüquq və vəzifələri, növləri, qeydiyyatı, reyestri və fəaliyyət şərtləri, müflisləşməsi, iflası, ləğv edilməsi, sahibkarlıq subyektlərinin birlikləri və onlarin fəaliyyət şərtləri, subyektlərin tənzimləmədə iştirakı, sahibkarlığın dövlət tənzimləməsinin və nəzərətinin prinsipləri, formaları və vasitələri (lisenziyalar, icazələr, bildirişlər, standartlaşma, texniki tənzimləmə, qiymətlər və tariflərin dövlət tənzimləməsi və s.), biznes subyektləri ilə dövlətin qarşılıqlı əlaqələrinin hüquqi əsasları, prinsipləri, dövlət-özəl  tərəfdaşlığı, icbari siğortalar, sahibkarlığa dövlət dəstəyinin əsas istiqamətləri və növləri (o cümlədən, mikro, kiçik və orta bizneslərə dövlət dəstəyi, kənd təsərrüfatı subyektlərinə, innovasiya fəaliyyətinə, startaplara dövlət dəstəyi, klasterlər, investisiya təşviqləri, xüsusi iqtisadi zonalar, sənaye məhəllələri və s.), sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsinin formaları və üsulları (burada gələcəkdə yaradıla bilən biznes ombudsmanı institutunu da nəzərdə tutulmaqla), məsuliyyət formaları və dünya təcrübəsinə, yeni münasibətlərə və çağırışlara uyğun digər bölmələr vəfəsillər əks edilə bilər.

Eyni zamanda, əgər hazırlanan Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin yaxın gələcəkdə qəbulu baş tutmazsa, Sahibkarlıq Məcəlləsində ayrıca Rəqabət bölməsi nəzərdə tutula və orada Rəqabət Məcəlləsinin tənzimləmə predmetinə daxil ola biləcək institutlar, o cümlədən, rəqabətin məhdudlaşdırılması halları, inhisarçılıq fəaliyyəti, hökmran mövqe və ondan sui-istifadə, haqsız rəqabət formaları, iqtisadi təmərküzləşmələr, rəqabətin qorunması mexanizmləri, rəqabət orqanı və onun səlahiyyətləri, rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması qaydası, məsuliyyət növləri və digər məsələlər qeyd edilə bilər.

Müddəaları Sahibkarlıq Məcəlləsində potensial ehtiva edilə bilinəcək qanunvericilik aktları

Hazırda sahibkarlıq fəaliyyətinin ümumi əsaslarını tənzimləyən əsas qanun 15 dekabr 1992-ci il tarixli “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunudur ki, bu qanunun məzmunu məhduddur və günümüzün tələblərinə cavab vermir. Bu qanunu məzmunca geniş əhatə dairəsinə malik olan müfəssəl Məcəllə ilə əvəz etmək, eyni zamanda, sahibkarlığın müxtəlif məsələlərini tənzimləyən digər qanunvericilik aktlarının (qanunlar, fərmanlar və qərarların) predmeti, məqsədi, prinsipləri, subyektləri, forma, xarakter və nəticələri, qanunvericilik sistemində yeri və digər meyarlar əsas götürülməklə, bir çox müddəalarını Sahibkarlıq Məcəlləsində əks etdirmək olar. Məsələn, “Lisenziyalar və icazələr haqqında” qanun, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun (kommersiya hüquqi şəxslərlə bağlı hissələr),“İnvestisiya fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” qanunlar,“Nağdsız hesablaşmalar haqqında”,“Mühasibat uçotu haqqında” qanunlar və ayrı-ayrı sahələr üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının təsdiq edilməsi barədə müvafiq fərmanlar (mühasibat uçotunun təşkili və aparılmasına dair ümumi tələblərlə bağlı), “Antiinhisar fəaliyyəti haqqında” və “Haqsız rəqabət haqqında” qanunlar (ayrıca Rəqabət Məcəlləsi qəbul edilmədiyi təqdirdə), “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlar,“Xüsusi iqtisadi zonalar haqqında” qanun, “Müflisləşmə və iflas haqqında”qanun,“Kommersiya sirri haqqında” qanun (bəzi ümumi müddəaları), “Kənd təsərrüfatının kooperasiyası haqqında”, “Reklam haqqında” qanun və açıq məkanda reklam qaydalarından ümumi tələblər (detallar üçün həmin aktlara istinad edilməklə), “Yeyinti məhsulları haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlar (əsasən dövlət nəzarətinin ümumi məsələləri ilə bağlı), startaplar, klasterlər, təşviq, investisiya sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracı ilə bağlı ümumi qaydalar, tələblər və dəstəklərə dair fərman, sərəncam və qərarlardan müddəalar, biznes subyektləri üçün icbari olan sığortalarla bağlı qanunlardan müddəalar, idxal-ixrac əməliyyatlarının asanlaşdırılması, dəhlizlərlə bağlı ümumi qaydaları tənzimləyən qanun, fərman və qərarlar (detallar üçün müvafiq aktlara istinad edilməklə), “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərar,“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında qanun (hazırda layihədir), "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun (hazırda layihədir) və digər aidiyyəti qanunvericilik aktlarının yuxarıda qeyd edilən meyarlar üzrə aidiyyəti müddəaları tam və ya qismən Sahibkarlıq Məcəlləsində əhatə oluna bilər.

Sahəvi qanunvericilik aktları və blanket normalar

Sahibkarlıq Məcəlləsi digər mövcud məcəllələrin və xüsusi normaları əks etdirən sahəvi qanunvericilik aktlarının (məsələn, “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”,“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında”, “Dövlət satınalmaları haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”qanunlarvə s.) müddəalarını təkrarlamadan, zəruri hallarda özünün blanket xarakterli normaları ilə həmin qanunvericilik aktlarına göndərişləri ehtiva edə bilər.

Eyni zamanda, potensial Məcəllə sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növləri üzrə qanunvericilik aktlarını (məsələn, “Çayçılıq haqqında”, “Arıçılıq haqqında”, “Banklar haqqında”, “Yerin təki haqqında”və digər bu kimiqanunları) əvəz etməyə hesablanmır, həmin qanunlar müvafiq spesifik sahələri tənzimləməyən xüsusi hüquq normaları kimi qüvvədə olmağa davam edirlər, lakin gələcəkdə Məcəllədə əks edilmiş, dövlət-sahibkar münasibətlərindən irəli gələn ümumi prinsiplərə və qaydalara uyğunlaşdırılırlar.

Mülki Məcəllə ilə potensial Sahibkarlıq Məcəlləsinin qarşılıqlı münasibətləri

Sahibkarlıq Məcəlləsi əsasən dövlətlə sahibkarlıq subyektləri arasında publik hüquq münasibətlərini tənzimləyən publik hüququn sənədi olur. Belə Məcəllə Mülki Məcəllənin tənzimləmə predmetinə aid olan mülki hüquq münasibətlərini, subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirməyi, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləməyi nəzərdə tutmur. Lakin Mülki Məcəllənin dövlət-sahibkar münasibətlərinin hüquqi tənzimlənməsinə yönəlmiş, imperativ norma hesab edilə bilən bir sıra müddəaları gələcək Sahibkarlıq Məcəlləsinə “transfer” edilə bilər. Bununla yanaşı, əgər gələcəkdə Mülki Məcəllə fundamental dəyişiklərə və islahatlara məruz qalarsa (Mülki Məcəllənin təkmilləşdirilməsi ehtiyacı ilə bağlı hüquq ictimaiyyətində gedən müzakirələr fonunda), onun birbaşa dövlət-sahibkarlıq münasibətlərini tənzimləyən daha çox normaları Sahibkarlıq Məcəlləsinə ötürülə bilər.

Sahibkarlıq Məcəlləsinin üstünlükləri

Dövlət-biznes münasibətləri, dövlətin bu sahədə siyasəti, sahibkarların hüquq və vəzifələri, sahibkarlığın dövlət tənzimlənməsi və nəzarəti sərhədləri, mexanizmləri, forma və vasitələri, habelə, təşviq alətləri və digər aidiyyəti məsələlər çoxsaylı qanunvericilik aktlarında deyil, vahid, yığcam, anlaşıqlı, sistemli bir sənəddə - Məcəllədə cəmlənməsi, praktik istifadə, uzlaşma baxımdan səmərəli tətbiqə səbəb ola bilər. Gələcəkdə dövlət-biznes münasibətləri çərçivəsində edilə biləcək qanunvericilik təşəbbüsləri, əlavə və dəyişiklər də vahid sənəddə əks olunarsa, bəzi xüsusiyyətlər nəzərə alınmaqla bütün sahibkarlıq subyektlərinə universal prinsiplər və qaydalar tətbiq edilər, mövcud müxtəlif qanunvericilik aktlarında (məsələn, mövcud məcəllələrdə və qanunlarda) sahibkarlığa aid olan terminlərə vahid yanaşma sərgilənər ki, bunlar həm müxtəlif qanunvericilik aktları arasında uyğunsuzluqları aradan qaldırmağa, həm də sahibkarların bir ümumi sənəd üzərindən qanunvericiliyi izləmələrinə və  iş prosesində effektiv tətbiq etmələrinə imkan yaradar. Belə məcəllə sahibkarlıq subyektləri üçün mayak rolunu oynamaqla onların konstitusiyasına çevrilə bilər.

Müəllif: Vəkil Allahverən Oruclu, Biznes hüququ məsləhətçisi

Allahverən Oruclu Vəkil Biznes hüquq məsləhətçi Sahibkarlıq Məcəlləsi qanunvericilik aktları bazar iqtisadiyyatı sağlam rəqabət məcəllə normativ hüquqi akt inhisarçılıq haqsız rəqabət sahibkarlıq müflisləşmə iflas lisenziyalar icazələr bildirişlər standartlaşma texniki tənzimləmə qiymətlər tariflər mikro kiçik orta biznes dövlət dəstəyi
20.12.2022 06:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ