Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Cavabdeh qurumlar dondurmaların keyfiyyətinə nəzarət etmirlər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Cavabdeh qurumlar dondurmaların keyfiyyətinə nəzarət etmirlər”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yay fəslinin başlaması ilə isti havaların əsas qida vasitəsi olan dondurma mövsümü də açılıb. Hazırda mağazalarda hər qiymətdə, hər növdə və müxtəlif qablaşdırmalarda dondurmaya rast gəlmək olar. Satışda yerli məhsullarla yanaşı, xaricdən gətirilən dondurmalar da mövcuddur. Süd və süd məhsullarından hazırlanan dondurma sərinləşdirici desert olmaqla yanaşı, həm də çox faydalı qidadır. Çünki tərkibində xeyirli vitaminlər və kalsium, fosfor, dəmir, maqnezium və sink kimi minerallar var.

 

Dondurmanın keyfiyyətinə və saxlanma şəraitinə diqqət yetirilməlidir

 

Lakin faydaları ilə yanaşı, dondurmanın keyfiyyəti də gündəmdə olan məsələdir. Mütəxəssislərin sözlərinə görə, yaxşı dondurma şəffaf rəngdə olmamalıdır. Bu o deməkdir ki, dondurma təbii süddən yox, soyadan hazırlanıb. Keyfiyyətli dondurmanın tərkibinə kokos, palma və digər bitki yağları qatılmamalıdır. Onun tərkibində yalnız təbii kərə yağı, qaymaq, süd, əlavə isə dad və ətirləndirici maddələr ola bilər. Dondurmanın qabı əzikdirsə, deməli əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir edir, həm də zəhərlənmə təhlükəsini artırır. Eyni zamanda keyfiyyətli dondurma gec əriyir, dərhal suya dönmür.
Dondurma alarkən ilk növbədə onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir. Çünki dondurmanın əsas tərkibi sayılan süd, dad və ətirləndirici vasitələr bakteriya və virusların əmələ gəlməsi üçün zəmin yaradır. Dondurma ixtisaslaşdırılmış vitrinlərdə saxlanılmalıdır. Amma bəzən marketlərdə dondurmaların toyuq və balıq məhsulları ilə eyni soyuducuda saxlanılmasının şahidi oluruq. Ekspertlər bildirirlər ki, yad qidalarla eyni soyuducuda saxlama dondurmanın keyfiyyətini pozmaqla yanaşı, üzərində zərərli mikroorqanizmlərin artmasına səbəb olur. Beləliklə, qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli məhsula çevrilə bilir.

 

Qəbul olunmuş normalara görə, saxlanma temperaturu dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdəndir. Dondurmanın saxlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 C-dən yüksək olmayan temperaturda saxlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 C-dən yüksək olmayan temperaturda 5 gün saxlamaq olar. Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir.

 

Satışda kifayət qədər yararsız məhsula rast gəlmək olar

 

Təəssüflə qeyd etməliyik ki, bu gün marketlərdə standartlara cavab verməyən keyfiyyətdə və normalara uyğun olmayan şəkildə satılan dondurmalar görmək mümkündür. Bir neçə marketdə dondurma soyuducularına yaxınlaşıb məhsulların istehsal tarixinə və əmtəə nişanına baxdıq. İstər yerli, istərsə də xaricdən gələn dondurmaların istehsal tarixi nəinki maksimum 2 ay, 1 il, bəzən ondan da çox müddəti əhatə edirdi. Bəzi marketlərdə ötən ilin yay aylarında istehsal olunan dondurmalara da rast gəlmək olar. Maraqlısı budur ki, əksər dondurmaların üzərində istehsal tarixi yazılsa da, istifadə müddəti göstərilmir. Yəni istehlakçı heç cür onun yararlılıq müddətini müəyyən edə bilmir. Xüsusən də xaricdən gətirilən dondurmaların istifadə müddəti daha uzun olur. Bunun da bir sıra səbəbləri var. Deməli, yararlılıq müddətini uzatmaq, məhsulun tez xarab olmasını əngəlləmək üçün dondurma məhsullarına kimyəvi qatqılar edilir. Bunu biz deyil, mütəxəssislər deyir.

 

“Təəssüflər olsun ki, hazırda Azərbaycan bazarında heç bir standarta cavab verməyən dondurmalar var”. Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dedi. O, xaricdən gətirilən dondurmaların yararlılıq müddətinin uzun olmasını, Azərbaycanda istehsal olunmayan dondurmaların yararlılıq müddətinin pozulub, yenidən yazılmasının, açıq satılan dondurmaların müşahidəedici sənədlərinin olmamasını və eyni dondurmaların təzadlı qiymətlərə satılmasının yolverilməz olduğunu vurğuladı. Onun sözlərinə görə, standartların tələbinə uyğun olaraq, dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə yalnız kərə yağı qatılmalıdır. Dondurmanı dilin üstünə qoyduqda qaymaq dadı verməlidir. Əgər boğazda acılıq əmələ gəlirsə, bu o deməkdir ki, dondurmanın hazırlanmasında kərə yağından deyil, marqarinlərdən, piylərdən və digər ucuz, standarta uyğun olmayan yağlardan istifadə edilib.

 

Ekspert bildirdi ki, məhsulun ömrünü uzadan hər bir kimyəvi maddə insan ömrünü qısaldır. Müşahidələr göstərir ki, marketlərdə satılan xarici dondurmaların yararlılıq müddəti daha çox olur. Bu isə həmin dondurmaların tərkibinə kimyəvi maddələrin qatılması ilə izah olunur. Bu baxımdan, yerli dondurmalara üstünlük verilməsi məsləhət görülür. E.Hüseynov əlavə etdi ki, bir neçə il əvvəl USAID və Azərbaycan hökumətinin dəstəyi ilə malların rəqabətədavamlığı üzrə 5 illik layihə həyata keçirilib. Layihə çərçivəsində tövsiyə olunub ki, bəzi müəssisələrə Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanı şamil edilsin. Bu nişan artıq dövlət qeydiyyatına alınıb. Layihəyə əsasən bir çox yerli dondurma sexlərində müəyyən işlər aparılıb. Onların təhlükəsizlik vəziyyəti yoxlanılıb. Nəticədə bütün dondurma sexlərinin içərisində yalnız bir istehsal müəssisəsi qida təhlükəsizliyi nişanına uyğun gəlib: “Cavabdeh qurumlar dondurmaların keyfiyyətinə nəzarət etmirlər. Buna isə iki il əvvəl qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunu əsas gətirirlər. Halbuki bu qanun insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamaların aparılmasını istisna etmir. Ona görə də hazırda bütün ümidlərimiz gələn il fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyinə qalıb”.

 

Məhsulların keyfiyyətinə necə nəzarət məsələsinə aydınlıq gətirmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən 2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərəcək. Bu qurum qida məhsullarının keyfiyyətinə nəzarət funksiyasını həyata keçirəcək: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində olan Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti artıq ləğv edilib. Hazırda bu qurum fəaliyyət göstərmir. Bu baxımdan, qida sektorunda keyfiyyətə nəzarət məsələləri ilə komitə məşğul olmur. Ona görə də bu barədə söz deyə bilmirik. Həmçinin artıq iki ildir sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanun var. Buna görə hazırda müəssisələrdə heç bir yoxlamalar aparılmır. Yalnız insan sağlamlığına ciddi təhlükə yarandığı halda hər hansı bir müəssisə üzrə araşdırma aparmaq mümkündür. Yəni hər hansı bir zəhərlənmə, insan tələfatı faktı qeydə alınarsa, yaxud bununla bağlı vətəndaşların şikayətləri olarsa, araşdırma aparıla və müəssisə ciddi cəzalandırıla bilər”.
Belə çıxır ki, sözügedən qanundan sui-istifadə etməklə hər kəs istədiyi keyfiyyətdə, yaxud standartda məhsul istehsal və ya idxal edə bilər? Bəs istehlakçı?

 

Sağlamlığa ciddi təhlükə

 

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə sual ünvanladıq. Cavab olaraq bildirildi ki, 2016-cı ildə və 2017-ci ilin ötən dövründə İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarında satışda olan dondurmalardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı təhlükəsizlik göstəriciləri normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan dondurmalar aşkar edilməmişdir. Bu dövrdə yalnız bir halda dondurmanın keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür. Hazırda təsdiq edilmiş iş planına uyğun olaraq istehlak bazarında satışda olan dondurmalardan nümunələr götürülərək laborator müayinələri davam etdirilir. 2017-ci ilin ötən dövrü ərzində dondurmaların keyfiyyət və təhlükəsizliyi ilə bağlı vətəndaşlardan İqtisadiyyat Nazirliyinə müraciət daxil olmamışdır.
Bu deyilənlərə rəğmən, hazırda satışda keyfiyyətsiz məhsulların olması faktdır. Bununla bağlı kütləvi vətəndaş şikayətləri olmaya bilər. Çünki vətəndaş qidanın keyfiyyətindən məlumatsızdır. Bəzən nə yediyini heç özü də bilmir. Onun fəsadları isə orqanizmdə gec baş verir. Dondurma ilə bağlı araşdırmalarımız, eyni zamanda bazardakı mövcud vəziyyət, eləcə də bu günlərdə bir vətəndaşın yediyi dondurmanın içərisindən toyuq sümüyünün çıxması onu göstərir ki, problemlər hələ də qalır. Bu isə vətəndaşların sağlamlığına yaradılan ciddi təhlükələrə, insan orqanizmi üçün qorxulu fəsadların baş qaldırması, bundan xüsusən uşaqların əziyyət çəkməsi deməkdir.


©  “Azərbaycan”

08.07.2017 05:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ