Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Xəzə­rin Azərbaycan sektorundan çıxarılması mümkün olan neft və qaz ehtiyatları hələ çoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xəzə­rin Azərbaycan sektorundan çıxarılması mümkün olan neft və qaz ehtiyatları hələ çoxdur"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəzər dənizinin dünya okeanına çıxışı olmasa da, özünün zəngin karbohidrogen ehtiyatları ilə bütün dünyada məşhurdur. Bu zənginlikdən dənizin Azərbaycan hissəsinə də xüsusi pay düşür. Elə açıq dənizdə ilk neft quyusu da məhz Xəzərin Azərbaycan sektorunda qazılıb. “Möcüzələr adası” kimi tanınan əfsanəvi Neft Daşlarında 1949-cu ilin noyabr ayında fəvvarə vuran ilk neft quyusu Azərbaycan neftçilərinin şücaətini bütün dünyaya bəyan edib. 

Ötən 73 ildən artıq bir müddətdə də­nizin ölkəmizə aid sektorunda çoxsaylı neft-qaz yataqları kəşf olunub. “Neft Daş­ları”, “Palçıq pilpiləsi”, “Darvin bankəsi”, “Bahar”, “Qum Dəniz”, “8 Mart”, “Bulla Dəniz”, “Ümid” və s. yataqlardan uzun illərdir ki, neft və qaz çıxarılır. Azərbay­canın iqtisadi müstəqilliyinin qarantı olan “Əsrin müqaviləsi” çərçivəsində istismar olunan “Azəri-Çıraq-Günəşli” yataqlar bloku, eləcə də Avropanın “mavi yana­caq”la təminatına misilsiz töhfələr verən “Şahdəniz” yatağı isə hələ uzun illər ölkə­mizin neft sənayesinə xidmət edəcək. 

Ötən illərdə dənizdə, polad dirəklər üzərində nəhəng platformalar quraşdırı­lıb, minlərlə quyu qazılıb. Yeri gəlmişkən, neftin sənaye üsulu ilə çıxarılmasına başlanıldığı 175 ilə yaxın bir dövr ərzində Azərbaycanda istehsal edilən təqribən 2 milyard 200 milyon ton “qara qızıl”ın çox hissəsi məhz dəniz neft yataqlarının pa­yına düşüb. Bütün bunlarla yanaşı, Xəzə­rin Azərbaycan sektorundan çıxarılması mümkün olan neft və qaz ehtiyatları hələ çoxdur. Hazırda ölkəmizin təsdiqlənmiş neft ehtiyatları təqribən 1 milyard ton, qaz ehtiyatları isə 2,6 trilyon kubmetr həcmində dəyərləndirilir. Bununla belə, mütəxəssislərin əksəriyyəti həmin ehti­yatların daha çox olması qənaətindədir. 

Geoloqlarımız Xəzər dənizinin Azər­baycan sektorunda illər öncə “Araz”, “Alov”, “Şərq”, “Əşrəfi”, “Dan Ulduzu”, “Babək”, “Naxçıvan”, “Şəfəq-Asiman”, “Dostluq”, “Zəfər–Məşəl” və digər pers­pektivli strukturlar aşkar ediblər. Həmin sahələrdə də kifayət qədər neft və qaz ehtiyatlarının olması güman edilir. Mə­lum olduğu kimi, Avropada Azərbaycanın təbii qazına maraq getdikcə artır. İndi “qoca qitə”nin bir sıra dövlətləri “mavi ya­nacağa” olan tələbatın ödənilməsi üçün Azərbaycana böyük ümid bəsləyilər. Elə ölkəmiz də bu tələbatı qarşılamaq üçün yaxın perspektivdə qaz hasilatını artır­mağı qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan artıq ehtiyatları tam təs­diqlənmiş “Abşeron”, “Ümid-Babək” və “Şəfəq-Asiman”, eləcə də “AÇG”nin dərin laylarına ümid böyükdür.

Bir məqamı da qeyd edək ki, 2021-ci il yanvarın 21-də Azərbaycan və Türk­mənistan hökumətləri arasında Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəş­fiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu im­zalanıb. Xatırladaq ki, adıçəkilən yatağın neft və təbii qaz ehtiyatları müvafiq ola­raq təqribən 60 milyon ton və 100 milyard kubmetr həcmində dəyərləndirilir. “Dost­luq” yatağının ehtiyatları isə hər iki ölkə­nin neft sənayesinə böyük perspektivlər vəd edir. 

İlham ŞABAN, Neft Araşdırmaları Mərkəzinin rəhbəri:

Xəzərin Azərbaycan sektorunda 1990-2000-ci illərdə aparılmış kəşfiy­yat-qazma işləri nəticəsində bir sıra sahələr aşkarlanıb. Ötən müddətdə yeni texnologiyalar yaradılıb, by sahə­də ciddi texnoloji inkişaf baş verib. Bu da karbohidrogen ehtiyatlarının dəqiqləşdirilməsinə imkan yaradır. Bəzi perspektiv sahələrdə əvvəlki il­lərdə aparılmış kəşfiyyat işləri lazımi nəticə verməsə də, sonralar həmin ərazilərdə yeni quyuların qazılmasına zərurət yaranıb. Ona görə də geoloq­larımızın vaxtilə aşkara çıxardıqları strukturların hər biri ümidverici sayıla bilər. 

Məhz bu səbəbdən perspektivli strukturlarda təkrar kəşfiyyat işlərinin aparılması, müasir texnika və texno­logiyaların köməyi ilə yeni quyuların qazılması bir çox hallarda müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Məsələn, 1998-ci ildə “Abşeron” yatağında aparılmış kəşfiyyat işləri burada kommersiya baxımından cəl­bedici karbohidrogen ehtiyatlarının olmadığını göstərmişdi. Ancaq 2011-ci ildə “Total” şirkəti orada böyük bir qaz-kondensat yatağı aşkarladı. Daha sonra qazılan qiymətləndirmə quyu­sunun isə onun “Şahdəniz”dən sonra Xəzərdə tapılan ikinci ən böyük qaz yatağı olduğunu təsdiqlədi. 

“Qarabağ” yatağı da onun kimi. Belə ki, 1997-99-cu illərdə burada aparılmış kəşfiyyat işləri nəticəsində belə bir qənaətə gəlinmişdi ki, yata­ğın neft ehtiyatları vur-tut 17 milyon tondur. Amma 2018-ci ilin mayında Norveçin “Equinor” şirkəti ilə “Qara­bağ” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş im­zalandı. 2020-ci ilin martında isə orda aparılmış yeni kəşfiyyat-qazma işləri nəticəsində tapılan karbohidrogen eh­tiyatlarının 50 milyon tondan az olma­dığı aşkar edildi. 

Bu baxımdan “Ümid” yatağının yaxınlığında yerləşən “Babək” struk­turunda aparılacaq qazma işləri nə­ticəsində yeni bir qaz yatağının açı­lacağına ümid etmək olar. Düzdür, Azərbaycan geoloqları iddia edirlər ki, orada, hətta “Abşeron”dan da çox, 400 milyrd kubmetr qaz ehtiyatı var. Ancaq istənilən ehtiyatı təsdiqləmək üçün mütləq quyu qazmaq lazımdır. Yeri gəlmişkən, “Naxçıvan”, “Zəfər-Məşəl” kimi perspektiv strukturlarda da vaxtilə aparılmış qazma işləri nəti­cə verməyib. Onu da deyim ki, hazır­da Azərbaycanın Heydər Əliyev adına qazma qurğusu var. Bu unikal qurğu öz texniki, texnoloji imkanlarına görə 30 il əvvəl mövcud olmuş qazma qur­ğularını qat-qat üstələyir. Belə ki, əv­vəlki qurğuların köməyi ilə dənizdə 7 min metr dərinliyində quyular qazmaq mümkün idisə, Heydər Əliyev adına qazma qurğusu 9 min metrə qədər dərinlikdə qazma işləri apara bilir. Düşünürəm ki, yaxın illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən bü­tün perspektivli sahələrin potensial imkanları dəqiq öyrəniləcək.

© “Xalq qəzet”

24.02.2023 07:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ