Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında 2026-cı il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üzrə icmal büdcə göstəriciləri, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Nazirliyin növbəti Kollegiya iclası əlamətdar tarixdə – Dövlət Suverenliyi Günü ərəfəsində keçirilir. Nazir bu günün tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.
Kollegiyanın sədri qeyd edib ki, 2026-cı il dövlət və icmal büdcə göstəriciləri dövlətin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etməklə, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritet və inkişaf istiqamətlərinə uyğun olaraq həyata keçiriləcək tədbir və layihələr üçün maliyyə təminatı yaradacaq.
2026-cı il üzrə əsas xərc istiqamətlərindən bəhs edən nazir ölkənin müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi, ərzaq təhlükəsizliyi, investisiya layihələrinin həyata keçirilməsi, publik hüquqi şəxslərin dövlət sifarişi ilə gördüyü iş və göstərdiyi xidmətlər, dövlət borcuna xidmətlə bağlı xərclər, həmçinin dövlətin funksiya və vəzifələrinə aid olan digər zəruri xərclərin təmin olunacağını vurğulayıb.
Kollegiya iclasında 2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozlaşdırılan parametrləri barədə də məlumat verilib. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 44,8 milyard manat, xərcləri 48,7 milyard manat proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin isə gəlirləri 38,4 milyard manat, xərcləri 41,5 milyard manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin 57,4 faizi qeyri-neft sektorunun payına düşür və bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri ümumi xərclərin 59,6 faizini, əsaslı xərclər 34,5 faizini, dövlət borcuna xidmətlə bağlı xərclər isə 5,9 faizini təşkil edəcək. Büdcə kəsiri ÜDM-in 2,3 faizi həcmində müəyyən edilib ki, bu da əsasən daxili və xarici borclanma, özəlləşdirmədən daxilolmalar, həmçinin xəzinə qalığı hesabına maliyyələşdiriləcəkdir. Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin tədricən azaldılması və fiskal dayanıqlığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.
Nazir büdcə sənədlərinin məzmununun və dərc edilmə müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, büdcə prosesinin müxtəlif mərhələlərinin avtomatlaşdırılması ilə bağlı başlanmış işlərin qısa müddətdə başa çatdırılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verib. O, bu tapşırıqların icrasının büdcə prosesinin müasir standartlar əsasında təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının iştirak imkanlarının genişləndirilməsinə, həmçinin dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcəyini vurğulayıb.
İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasına əsasən, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 30 faizdən aşağı saxlanıb, xarici borc tədricən azaldılıb və faiz dərəcəsi riski məqbul səviyyədə qorunub. 01 iyul 2025-ci il tarixinə dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bunun 33,2 faizi xarici, 66,8 faizi daxili borcdur.
Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq və digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə işlər aparılır.
Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, “Azərbaycan Respublikasında 2026-2030-cu illər üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinin layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərindən də bəhs olunub. Qeyd olunub ki, cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.
Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.
S.Babayev Nazirlik sistemində tətbiq olunan informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında risk əsaslı yanaşma və təhlil metodlarının tətbiqi ilə nəzarət tədbirlərinin aparılmasının vacibliyini bildirib. Nazir həmçinin, yoxlama tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpasının izlənməsi mexanizminin yaradılması, həmçinin Xidmətin kadr potensialının gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı görülən işlərdən danışan nazir qeyd edib ki, Fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.
Maliyyə naziri Kollegiya iclasında qəbul olunmuş qərarların tam, vaxtında və keyfiyyətlə icra olunmasına dair müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
3 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
3 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)












