Bu sahə üzrə yerli istehsal niyə yaradılmır?
Dünyaya yenicə göz açan uşaq üçün ana südündən dəyərli qida yoxdur. Lakin bu gün Azərbaycanda doğulan uşaqların 50 faizə qədəri elə ilk gündən süni yeməklərlə qidalandırılır. Xüsusi reseptlə hazırlanan bu yeməklər isə xaricdən gətirilir. Odur ki, uşaqların süni qidalarla böyüməsinin hansı zərurətdən irəli gəlməsindən, bu qidaların qiymətinin necə tənzimlənməsindən və ən əsası isə bu sahədə yerli istehsalın olmamasından, idxaldan asılılığın mənfi tərəflərindən söz açacağıq...
Son 3 ilin statistikasına əsasən, hər il ölkəmizdə 170 minə yaxın (ayda orta hesabla 14 mindən çox) körpə dünyaya gəlir və qeyd etdiyimiz kimi, onların da yarıya qədəri ilk gündən süni yeməklərlə qidalandırılır. Deməli, il ərzində orta hesabla 80-85 min, ayda isə 7 min körpə süni qida ilə böyüyür və maddi durumundan asılı olmayaraq hər bir valideyn bu yeməkləri körpələrinə almağa məcburdur.
Həkim-pediatr İradə Hüseynova deyir ki, həm qida tərkibinə, həm də müalicəvi əhəmiyyətinə görə elə bir keyfiyyətli məhsul və ya dərman yoxdur ki, ana südünə bərabər və ya ondan üstün olsun: “Ana südü canlı qidadır və canlı “laboratoriya”da hazırlanır. Onun əvəzedicisi yoxdur və bu səbəbdən uşaq doğulan gündən mütləq ana südü ilə qidalanmalıdır”. Mövcud vəziyyətə gəldikdə isə həkim anaların uşaq qidalarına üz tutmasının obyektiv yox, daha çox subyektiv səbəblərdən irəli gəldiyini bildirir: “Ana südünün azalması və kəsilməsinin səbəblərindən biri ananın övladını öz südü ilə qidalandırmaq istəməməsidir. Bəzən analar elə bilirlər ki, körpələrinə süni qida versələr, onlar daha tez böyüyəcək və sağlam olacaqlar. Ancaq belə deyil, hansı ana sağlam uşaq böyütmək istəyirsə, birinci onu öz südü ilə qidalandırmalıdır. Ola bilər ki, dünyaya uşaq gətirən anada süd olmasın. Tibbi baxımdan bu, mümkündür, ancaq indiki səviyyədə yox. Yalnız çəkidən qalan, bəzən də vaxtından tez doğulan uşaqlar üçün həkimlər tərəfindən süni qidalar yazılır. Amma istənilən halda, analara ilk məsləhətimiz övladlarını öz südü ilə qidalandırmalarının vacibliyi ilə bağlı olur”. İradə Hüseynova onu da qeyd etdi ki, bu məsələdə valideynlərin, xüsusilə anaların maariflənməsi vacibdir.
Ümumilikdə hər ay valideynlər uşaq qidalarına təxminən 1 milyon manatdan çox pul xərcləyirlər
Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda süni uşaq yeməklərinə tələbat böyükdür. Müxtəlif dövrlərdə bu tələbat azalıb çoxalsa da, həmin tendensiya davam edir. Necə deyərlər, valideynlər bu yolla külli miqdarda pul xərcləməkdə, istehsalçılar isə həmin hesaba qazanmaqdadırlar. Zarafat deyil, bir neçə yüz qramlıq uşaq qidalarının qiyməti digər məhsullara nisbətən çox baha - təxminən 10-40 manat civarındadır. Üstəlik, bu məhsullar əsasən idxal olunduqları üçün qiymətləri sabit deyil. Hər uşağa həftədə 2 qutu qida gərək olduğunu nəzərə alsaq, o zaman bir uşağın qidalanmasına aya nə qədər pul sərf olunduğunu hesablamaq elə də çətin deyil: bu hər ay valideynlərin süni uşaq qidalarına təxminən 1 milyon manatdan çox pul xərcləməsidr.
Digər bir məqam isə uşaq qidalarının xarici ölkələrdən, əsasən də Almaniyadan, Polşadan, Hollandiyadan, Türkiyə və Rusiyadan idxal olunmasıdır. Əgər bu məhsullara ölkəmizdə tələbatın yüksək olduğunu nəzərə alsaq, onda belə bir sual ortaya çıxır: bu sahə üzrə yerli istehsal niyə yaradılmır? Axı bunun üçün ölkəmizdə hər şərait var, üstəlik, qeyd etdiyimiz kimi, həmin məhsulların bazarı da problem deyil.
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, istehlak səbətində bir uşağın qida xərci əmək qabiliyyətli vətəndaşla müqayisədə daha çoxdur ki, bu da körpə qidalarının baha olması ilə bağlıdır: “Qiymətlərin yüksək olmasının səbəblərindən biri ondan ibarətdir ki, onlar Azərbaycana idxal edilir. İdxal isə məhsulun maya dəyərini bahalaşdırır. Digər tərəfdən, dünya bazarında bu məhsulların qiyməti qalxırsa və ya manatın məzənnəsində dəyişiklik olursa, bu fərq Azərbaycan bazarında da özünü göstərir. Bunlardan əlavə, tələbat çox və istehlak məcburi olduğu üçün bəzən sahibkarlar süni qiymət artımına gedirlər. Belə olduğu halda məhsulun qiyməti bazarın diktə etdiyi yox, sahibkarların təklif etdiyi qiymətlərlə formalaşır”.
Hansı sərfəlidir: idxal, yoxsa istehsal?
Prezident İlham Əliyev keçirilən bütün tədbirlərdə yerli istehsalın vacibliyini dönə-dönə vurğulayır, bu istiqamətdə ciddi tapşırıqlar verir. 2016-cı ilin dekabrında təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də daxili bazar üçün vacib olan sektorlarda səmərəliliyin yüksəldilməsi və idxalın yerli istehsalla əvəzlənməsi xüsusi qeyd edilib.
Ekspert V.Bayramovun fikrincə, dövlət tərəfindən həyata keçirilən təşviqedici tədbirlər Azərbaycanda uşaq qida məhsullarının istehsalının təşkil edilməsinə imkan verir. O, indiyə qədər bu sahədə yerli istehsalın yaradılmamasını manatın uzun müddət digər valyutalara nisbətən güclü olması və bu səbəbdən idxalın daha sərfəli olması ilə izah etdi: “Amma artıq vəziyyət dəyişib, yerli istehsal həm dövlətin prioritetidir, həm də nəticə etibarilə sahibkarların daha çox gəlir əldə etməsinə imkan verir. Düzdür, uşaq qidalarının istehsalında yüksək və bahalı texnologiyalar lazımdır ki, bu da yüksək xərc tələb edir. Ona görə də gərək inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə almaqla dövlət tərəfindən təşviqedici addımlar atılsın. Məsələn, sahibkar bu məhsulları istehsal etmək istəyərsə, investisiya təşviqi sənədinin meyarları daxilində ona güzəştlər nəzərdə tutulsun”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə nazirliyin xətti ilə sahibkarların iştirakı ilə keçirilən tədbirlərdə uşaq qidalarının istehsalının təşkilinin təşviq olunduğunu dedi: “Əgər sahibkarlar bu sahəyə maraq göstərərsə, uşaq qidalarının yerli istehsalı layihəsinə dövlət dəstəyi mexanizmi tətbiq oluna bilər”.
Hələliksə, ölkədə uşaq qidalarının qiymətləri ilə bağlı monitorinqlərin davam etdirilməsinə və süni bahalaşmanın qarşısının alınması istiqamətində fəaliyyətin genişlənməsinə ehtiyac var. Bunun üçünsə, ilk növbədə, idxalda olan inhisarın qarşısı alınmalıdır. Çünki eyni məhsulu daha çox sahibkar gətirərsə, bu, bazarda rəqabəti gücləndirər və nəticədə istehlak bazarında qiymətlər aşağı düşər. Eyni zamanda dərman vasitələri kimi uşaq qidalarının da dövlət tərəfindən qeydiyyata alınması qiymətlərin tənzimlənməsində müsbət rol oynaya bilər. Ancaq bütün hallarda bu sahədəki mövcud problemləri həll etmək istəyiriksə, ilk növbədə analar öz körpələrinə ana südü verməli, uşaq qida məhsullarının yerli istehsalı isə təşkil edilməlidir.
Elnur HADIYEV,
“Azərbaycan”
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 9 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
-
1 gün əvvəl
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Tarixi razılaşma imzalandı: Çin və İsveçrə gömrük rüsumlarını ləğv edir – Məhsulların 99,8%-nə güzəşt
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Ən çox oxunanlar
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır
Azərbaycan neftinin qiyməti 126 dolları keçib
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub





















