Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ülvi Qasımov: “Yeni biznes layihələri olan, böyük maliyyə tərəfdaşı axtaran hər bir iş adamı Azərbaycan Beynəlxalq Bankına müraciət edə bilər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ülvi Qasımov: “Yeni biznes layihələri olan, böyük maliyyə tərəfdaşı axtaran hər bir iş adamı Azərbaycan Beynəlxalq Bankına müraciət edə bilər”

 

Azərbaycan Beynəlxalq Bankının yaxın illərdə korporativ bankçılıq istiqaməti üzrə ciddi hədəfləri var. "Marja.az"ın Bankın İdarə Heyəti sədrinin Korporativ biznes üzrə müşaviri Ülvi Qasımovla söhbəti də elə bu mövzuda oldu. 

Reklam_3_11

 


 

-Ülvi müəllim, bildiyimiz qədər Azərbaycan Beynəlxalq Bankının korporativ müştərilərinin sayı artıb. Bu yaxınlarda restrukturizasiya prosesi keçmiş bank üçün xeyli ciddi nəticədir. Bəs bank buna necə nail ola bildi?

 

-2017-ci il Azərbaycan Beynəlxalq Bankı üçün kifayət qədər vacib və əhəmiyyətli il oldu. Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası həyata keçirildi. Bu proses uğurla başa çatdırıldı. Restrukturizasiya prosesinə paralel olaraq bank korporativ biznesin inkişafı sahəsində də lazımi tədbirlər həyata keçirərək müəyyən uğurlara nail ola bildi. Bu uğurlardan biri də müştərilərimizin sayının nəzərəçarpacaq şəkildə artmasıdır. 2017-ci ildə Azərbaycan Beynəlxalq Bankının müştərisi olan hüquqi şəxslərin sayı 2860 hüquqi şəxs artaraq  15 926, fiziki şəxs sahibkar müştərilərimizin sayı isə 12 888 fiziki şəxs sahibkar artaraq 35707-ə çatıb.  Bankın əmək haqqı kartlarının sayında da 38% artım baş verib.  Bütün bunlar kifayət qədər böyük göstəricilərdir. Hətta deyərdim ki, 2017-ci ili adi normal rejimdə keçirən bank üçün də çox gözəl nəticədir. Baxmayaraq ki, restrukturizasiya prosesi ilə əlaqədar olaraq ötən il bank üçün adi rejimdə keçməmişdi. Bu nəticənin necə əldə olunmasına gəlincə, bildiyiniz kimi, 2017-ci ilin əvvəlindən bankda yeni menecment komandası formalaşıb. Yeni fəaliyyət strategiyası müəyyənləşib. Yeni yanaşmaya görə, bank müasir dövlət bankı statusu ilə yanaşı, müştəri yönümlü bank imici də formalaşdırır. Biz çalışırıq ki, hər bir müştərimizə individual yanaşaq. Onların müraciətlərini individual qaydada həll edək. Bu da, öz nəticəsini verir. Müştərilər görürlər ki, bank onlara anlayış, həssaslıq göstərir. Əvvəllər hansısa səbəblərdən Azərbaycan Beynəlxalq Bankından getmiş müştərilər də indi burada baş verən yeniləşmə prosesini görəndən sonra tədricən öz doğma banklarına qayıdırlar. Bu proseslər yeni müştərilərin cəlb olunmasına da müsbət təsir göstərir. Qeyd etdiyimiz statistik göstəricilər bunun bariz nümunəsidir.

 

- Azərbaycan Beynəlxalq Bankının son illər üzləşdiyi məlum problemlərin əsas səbəbi böyük məbləğdə verilmiş kreditlərin geri ödənişindəki çətinliklər idi. Belə problemlərin təkrar yaşanmaması üçün bank indi korporativ kredit siyasətini necə qurur?  

 

-Həqiqətən, müəyyən dövr ərzində kreditlər müştərinin ödəmə qabiliyyətinin ətraflı təhlili aparılmadan, təqdim olunan biznes layihələrinin effektivliyi və səmərəliliyi, gəlirliliyi nəzərə alınmadan verilmişdi. Həmin kreditlərin geri qaytarılmasında və ödənişində ciddi problem yaranmışdı. Bu da bankın fəliyyətində nəticəsi məlum olan neqativ hallara gətirmişdi. Ona görə də 2015-ci ilin iyulunda Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması barədə qərar verildi. Bu çərçivədə bankın böyük həcmdə problemli aktivləri “Aqrarkredit” təşkilatına ötürüldü. Hazırda bankın müştərilərə yanaşması, kredit strategiyası tamamilə fərqlidir. Kredit üçün banka müraciət edən hər bir hüquqi və fiziki şəxs sahibkarın ödəmə qabiliyyəti ciddi təhlil olunur. İlk növbədə, maliyyələşdiriləcək lahiyənin iqtisadi əsasları hesablanır: layihəyə nə qədər vəsait qoyulacaq, bu vəsait hansı müddətə geri alınacaq, maddi qazanc nə olacaq və s.  Banka kreditin alınması üçün müraciət olunan layihənin həcmindən, müraciətçinin maliyyə vəziyyətindən asılı olaraq kreditlərin təminatlı və ya təminatsız olacağı dəqiqləşdirilir. Kredit sifarişinin şərtləri buna uyğun müəyyənləşir. Bütün hallarda hər bir müraciət əsaslı təhlil olunur. Belə təhlillər kreditin gələcəkdə ödənilməməsi riskini kifayət qədər azaldır. Bütün bu tədbirlərin yaratdığı müsbət meylləri 2017-ci ildə verilmiş kreditlər üzrə ödəniş göstəricilərində də izləyə bilərik. Qeyd edim ki, 2017-ci il ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət olunan və yeni cəlb edilmiş hüquqi şəxslərə 368 mln. AZN həcmində kreditlər verilib. Həmin kreditlər üzrə hazırda gecikmə yoxdur. Söz yox, bu, hələ kifayət qədər qısa müddətdir və bu təhlili, bəlkə böyük zaman keçəndən sonra aparmaq daha doğru olar. Amma hər halda ilkin mənzərə müəyyən qənaətlər yaradır.

 

-Bəs 2017-ci ildən əvvəl korporativ müştərilərə verilmiş kreditlər?

 

-Əvvəlki dövrlərdə verilmiş kreditlərlə bağlı da kifayət qədər aktiv işlər görülür. Kreditlərin vaxtlı-vaxtında ödənilməsi məqsədilə şirkətlərlə, müştərilərlə maarifləndirici işlər aparılır, görüşlər keçirilir. Müştərilərin razılaşdırılmış kredit cədvəlinə əməl etməsi çox əhəmiyyətli məsələdir. Məsuliyyətli ödənişləri əsasında müştərilərin kredit ödənişi üzrə reytinqi formalaşır. Bu isə onların gələcəkdə də kredit götürə bilməsinə müsbət təsir göstərir. Ümid edirik ki, hazırda Azərbaycan Beynəlxalq Bankından krediti olan hüquqi şəxslər bank tərəfindən atılan addımları müsbət qiymətləndirirlər və biz gələcəkdə həmin müştərilərə yenidən kredit verməyə məmnuniyyətlə hazır olacağıq.          

 

- Azərbaycan Beynəlxalq Bankı üçün kreditləşmədə prioritet təşkil edən istiqamətlər hansılardır? 

 

- Azərbaycan Beynəlxalq Bankı dövlət bankıdır. Hazırda dövlətimizin xüsusi əhəmiyyət verdiyi sahələr var. Maksimum çalışırıq ki, dövlət üçün prioritet sayılan sahələri maliyyələşdirək. Bu sahələrə kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, istehsalat, emal və s. aiddir. Bu sahələrə maliyyə dəstəyinin verilməsində Azərbaycan Beynəlxalq Bankı maksimum maraqlıdır. İş adamları bu sahələr üzrə yeni layihələrlə bizə müraciət edə bilərlər. Əlbəttə, biznes harada gəlirlilik var ora yönəlir. Biz də bunun fərqindəyik və biznesdə baş verən prosesləri düzgün qiymətləndirməyə çalışırıq.

 

-Azərbaycanda kreditləşmənin, daha çox, Bakı və Abşeron regionunda mərkəzləşməsi bir reallıqdır. Maraqlıdır, Azərbaycan Beynəlxalq Bankında kreditləşmə nisbəti mərkəz və regionlar arasında necə bölünür?

 

-Bəli, müəyyən obyektiv səbəblərdən digər banklarda olduğu kimi Azərbaycan Beynəlxalq Bankında da kreditləşmədə Bakı və Abşeron regionlarının payı regionlarla müqayisədə çox yüksəkdir. Bu səbəblərdən biri girov təminatı ilə bağlıdır. Bakı zonası üzrə girovlar regionlarla müqayisədə daha likvidlidir. Digər tərəfdən, biznes, əsasən, Bakı və Abşeron bölgəsində cəmləşib. Ona görə də kredit tələbi, daha çox, buradan formalaşır. Lakin son dövrlərin tendensiyası onu göstərir ki, kənd təsərrüfatı sahəsində də əhəmiyyətli və maraqlı artımlar var. Bu sektora qoyulmuş investisiyaların həcminin artdığını görürük. Müvafiq olaraq bu sektorda banklar tərəfindən maliyyələşmənin həcmi zamanla artacaq. Çünki həm dövlət aqrar sektorun inkişafında maraqlıdır, həm də kənd təsərrüfatı sahəsində uğurlu biznes layihələri üçün münbit şərait yaranıb. Aqrar sektor əhalinin məşğulluq probleminin həllində əhəmiyyətli rol oynayır. Ölkəyə  valyuta gətirən sahələrdən biridir, bu sahə. Azərbaycan Beynəlxalq Bankı olaraq kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi bizim üçün də çox böyük əhəmiyyət daşıyır.

 

-Bankın korporativ bizneslə bağlı əsas hədəfləri necədir?

 

-İndi Bankın 3 illik strateji planı hazırlanır. 2018-ci ilin büdcəsi təsdiqlənib. Burada korporativ bankçılıqla bağlı bir sıra mühüm hədəflər əksini tapıb. Azərbaycan Beynəlxalq Bankı tarixən, demək olar, yalnız iri korporativ layihələrin maliyyələşdirilməsini həyata keçirib. Və belə bir imic formalaşdırıb ki, bu bankdan yalnız iri korporativ kreditlər götürmək mümkündür. Amma bu il Azərbaycan Beynəlxalq Bankı  kiçik və orta sahibkarlığın da maliyyələşdirilməsinə başlayır. Artıq bu sahədə hədəflər müəyyənləşib. Əməkdaşların cəlbi prosesi həyata keçirilir. Müəyyən filiallarda, satış nöqtələrində hazırlıq prosesi aparılır. Ümid edirəm ki, bu yöndə həyata keçirəcəyimiz işlər ölkə iqtisadiyyatına, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli töhfələr verəcək. Tam əminliklə deyə bilərəm ki, bu il bazarda Azərbaycan Beynəlxalq Bankının kifayət qədər aktivliyi görünəcək. Bunu həm müştərilərimiz həm də digər banklar hiss edəcəklər. 

 

-Ölkəmizdəki bir çox banklar kimi Azərbaycan Beynəlxalq Bankı da indi kifayət qədər likvid vəsaitlərə malikdir. Bank izafi likvidlik problemini necə həll edəcək?

 

-Biz likvid vəsaitlərimizi müştərilərimizin kredit tələbatlarına yönəltməyə çalışırıq. Qeyd etdiyim kimi, maliyyələşmə üçün banka müraciət edən müştərilərlə görüşlər keçirilir. Müştərilərə həm xarici, həm də milli valyuta ilə kreditləşmə təklif edilir. Xarici valyutada maliyyələşmə təklif etdiyimiz müştərilərdə axtarılan əsas cəhət odur ki, bu müştərilərin xaricdən valyuta daxilolmaları olsun. Yəni, gələcəkdə xarici valyuta ilə bağlı risklər yaranmasın. Bir sözlə, layihələr axtarışındayıq. Elə bu müsahibədə də fürsətdən istifadə edərək, iş adamlarına üz tutub deyirəm ki, yeni layihələriniz varsa, böyük maliyyə tərəfdaşı axtarırsınızsa, Azərbaycan Beynəlxalq Bankına müraciət edə bilərsiniz. Bankın  bütün regionlarımızı əhatə edən 36 filialı, 40 şöbəsi var. Bu satış nöqtələrimizin hər birində biz böyük məmnuniyyətlə sizin biznes layihələrinizi qəbul etməyə, dəyərləndirməyə və maliyyələşdirməyə hazırıq.

 

-Müasir dövrün bank müştərisi innovasiyalar arzusundadır. Azərbaycan Beynəlxalq Bankı öz korporativ müştəriləri üçün hansı innovativ məhsulları təqdim edir?

 

- Biz ölkədə internet bankçılıq məhsulunu ilk tətbiq edən banklardan biriyik. Korporativ müştərilərimiz bu xidmətdən indi çox rahatlıqla, geniş faydalanırlar. SOCAR da daxil olmaqla bankın müştərisi olan 50-dən çox iri şirkərin daxili muhasibatliq sistemindən (B2CS sistemi vasitəsilə) bank sisteminə köçürmələrin birbaşa inteqrasiyası üçün proqram təminatı hazırlanıb və uğurla tətbiq edilir.  Daxili mühasibatlıq sistemini bank sisteminə inteqrasiya etmiş şirkətlər bu imkandan faydalanaraq kağız daşıyıcısı, internet bankçılıq və s. istifadə etmədən öz daxili sistemləri vasitəsilə beynəlxalq, yerli hesablaşmaları, o cümlədən standart və təcili ödənişləri, vergi və ya digər büdcə ödənişlərini, şirkətdaxili hesablaşmaları, valyuta mübadiləsi və s. əməliyyatları operativ şəkildə həyata keçirə bilirlər. 2017-ci ildə bank SCORE məhsulunu korporativ müştərilərin istifadəsinə verdi. Bu, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sisteminin (SWIFT) ən son məhsullarındandır. Azərbaycan Beynəlxalq Bankının SWIFT-də qeydiyyatdan keçmiş korporativ müştəriləri bu məhsulun köməyi ilə respublikadaxili və xarici köçürmələri, vergi ödənişlərini, konvertasiya əməliyyatlarını standart sorğu əsasında rahat bir şəkildə yerinə yetirə bilərlər. Müştərilərimiz bu məhsula böyük maraq göstərirlər. Texnologiyalar belədir ki, az qala, günbəgün, saatbasaat inkişaf edir. Biz də öz məhsullarımızı daim təkmilləşdirməyə çalışırıq. Bank gələcəkdə də yeni texnologiyaların tətbiqi, maksimum müştəri məmnuniyyətinin əldə olunması üçün tədbirlər görəcək.

01.03.2018 06:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ