Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bazar subyektlərinin haqsız rəqabət metodları; İnhisarçılıq fəaliyyəti ilə fərqləri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar subyektlərinin haqsız rəqabət metodları; İnhisarçılıq fəaliyyəti ilə fərqləri

Hökmran mövqedən sui-istifadə, kartel sövdələşmələri, birləşmə və qoşulma, dövlət yardımı və digər bu kimi məsələləri tənzimləyən rəqabət (antiinhisar) qanunvericiliyi ilə yanaşı, iqtisadi münasibətlərdə bazar subyektləri arasında haqsız rəqabətlə bağlı məsələləri tənzimləyən haqsız rəqabət qanunvericiliyinin də aktuallığı artmaqdadır.

 

Hüquq elmində və təcrübədə haqsız rəqabət və inhisarçılıq fəaliyyəti fərqli sahələr kimi qəbul edilirlər.

 

Avropada haqsız rəqabət hüququ yeni hüquq sahəsi kimi inkişaf etməkdədir. Onu rəqabət (antiinhisar) hüququ ilə yanaşı, istehlakçıların hüquqlarının müdafiəsi hüququ ilə də əlaqələndirirlər. Avropa İttifaqında artıq bütün üzv dövlətlərin öz qanunvericiliklərinə inkorporasiya etdikləri 2005/29/EC  saylı “Haqsız kommersiya fəaliyyətləri Direktivini” (The Unfair Commercial Practices Directive) misal göstərmək olar.

 

Eyni yanaşmadan çıxış edən Azərbaycan qanunvericiliyi də fərqli sahələr kimi qəbul etdiyi inhisarçılıq fəaliyyətini hazırda qüvvədə olan “Antiinhisar fəaliyyəti haqqında” 4 mart 1993-cü il tarixli Qanunla, haqsız rəqabəti isə “Haqsız rəqabət haqqında” 2 iyun 1995-ci il tarixli Qanunla tənzimləyir.

 

Bu sahələr arasında fərq onların anlayışlarında, müvafiq fəaliyyət növlərində və başqa əlaqədar elementlərində aydın  ifadə olunur.

 

Qanunvericiliyə əsasən, inhisarçılıq fəaliyyəti – inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyətidir; haqsız rəqabət isə bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləridir.

 

Anlayışlardan göründüyü kimi, inhisarçılıq fəaliyyəti həm təsərrüfat subyektlərinin, həm də icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə zərər vuran fəaliyyətidir. Haqsız rəqabət isə bazar subyektinin (təsərrüfat subyektinin) digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən qanunsuz  hərəkətləridir.

 

Qanunvericilik inhisarçılıq fəaliyyətinin bir neçə növünü fərqləndirir. Bunlara dövlət inhisarçılığı, sahə inhisarçılığı, yerli inhisarçılıq, təsərrüfat subyektlərinin inhisarçılığı, maliyyə-kredit inhisarçılığı, bazar subyektlərinin üfuqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq və digərləri aiddir. İnhisarçılıq fəaliyyətinin növləri, habelə, rəqabət (antiinhisar) hüquququn digər məsələləri  barədə ətraflı olaraq “İnhisarçılar üçün hansı cəzalar mövcuddur? (Rəqabət sahəsində hüquqi islahatlar: reallıq və gözləntilər)” adlı məqalədə (http://marja.az/news/7447) tanış olmaq mümkündür. Bu yazıda isə, əsasən haqsız rəqabətin növləri və elementləri barədə məlumat verilir.

 

Haqsız rəqabətin formaları

 

Azərbaycan qanunvericiliyi sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakı hərəkətləri aid edir:

- rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;

- rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;

- rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

- haqsız sahibkarlıq fəaliyyəti;

- haqsız işgüzarlıq davranışı;

- istehlakçıların çaşdırılması.

 

Yol verilməsi qadağan olunan bu hərəkətlərin haqsız rəqabətin əsas məzmununu təşkil etdiyini nəzərə alaraq, bu hərəkətlərin qanunvericilikdə müəyyən edilmiş dairəsinə daha geniş baxmaq məqsədəmüvafiq olardı.

 

Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlər dedikdə, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlər nəzərdə tutulur.

 

Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağa gətirib çıxaran hərəkətlər isə digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması; rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması kimi müəyyən olunur.

 

Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdən hərəkətlərə rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması; rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi aiddir.

 

Haqsız sahibkarlıq fəaliyyətinə bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması; rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi; əmtəələrin məcburi əlavə çeşidlə satışı; müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması; qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması daxildir.

 

Haqsız işgüzarlıq davranışı sahəsində yol verilməyən hərəkətlərə müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması; rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi aid edilir.

 

Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlərinə əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi aiddir.

 

Habelə, rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə, bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılması, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin müəyyən edilməsi; müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması; rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi kimi hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir.

 

Göründüyü kimi, haqsız rəqabət formalarını təşkil edən hərəkətlərin dairəsi çox genişdir və onlara yol verilməsi qadağan olunur. Haqsız rəqabət hərəkətlərin yol verilməməsinə ciddi nəzarət olunmalı, haqsız rəqabət hərəkətlərinə yol verən sahibkarlıq subyektləri müvafiq məsuliyyətə cəlb olunmalıdır.

 

Haqsız rəqabət hərəkətlərinə görə hansı məsuliyyət növləri var?

 

Haqsız rəqabət hərəkətlərinə görə təqsirli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Eyni zamanda, haqsız rəqabət fəaliyyəti nəticəsində zərərin vurulması mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki məsuliyyətə səbəb olur.

 

Bunlarla yanaşı, bilavasitə “Haqsız rəqabət haqqında” Qanunda bu qanunun pozulmasına görə ayrıca məsuliyyət kimi maliyyə sanksiyaları da nəzərdə tutulmuşdur. Belə ki, bu qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə qadağan olunmuş hərəkətlərin növlərindən asılı olaraq haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, və ya  həmin gəlirin 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə - iki misli həcmində və ya 20 faizinədək maliyyə sanksiyaları nəzərdə tutulur.

 

Eyni zamanda, haqsız rəqabət fəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin qərarı ilə dövlət büdcəsinə  qaytarılır. 

 

Dövlət nəzarət orqanın səlahiyyətləri nədən ibarətdir?

 

“Haqsız rəqabət haqqında” Qanuna riayət olunmasını antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir,hazırda bu orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir.

 

Qanuna əsasən, Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.

 

Həmçinin, bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri: qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə; qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə; vurulmuş zərəri ödəməyə; tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar.

 

Yekun mülahizə

 

Son dövrlərdə sahibkarlığın dəstəklənməsi bu sahədə mütərəqqi qanunların, fərmanların, qərarların qəbul edilməsində, habelə, ölkə rəhbərliyinin proqram xarakterli çıxışlarında və müvafiq struktur islahatlarında hiss edilir.

 

Eyni zamanda, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” antiinhisar fəaliyyətinə nəzarət edən müstəqil qurumun (rəqabət orqanının) yaradılacağını və Rəqabət Məcəlləsinin qəbul ediləcəyini nəzərdə tutur.

 

Bütün bunlar onu deməyə əsas verir ki, rəqabət (antiinhisar) və haqsız rəqabət sahəsində də beynəlxalq təcrübəyə uyğun ciddi qanunvericilik islahatları (inhisarçılıq fəaliyyətinin və rəqabətin məhdudlaşdırılmasının qarşısının alınmasına və aradan qaldırılmasına xidmət edən, təkmil rəqabət və haqsız rəqabət qaydalarını özündə əks etdirən Rəqabət Məcəlləsinin qəbul edilməsini) və institusional islahatları (yeni qanunvericiliyi effektiv və müstəqil şəkildə tətbiq edən, geniş səlahiyyətlərə malik olan rəqabət qurumunun formalaşdırılmasını) gözləmək  olar. Bundan Azərbaycan dövlətinin,  sahibkarının və istehlakçısının qazanacağı şübhəsizdir.

 

Marja.az üçün vəkil Allahverən Oruclu

05.11.2019 18:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ