Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AzerGold” dəmir filizi mədənlərinin istismarı üzrə gördüyü işləri və planları açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” dəmir filizi mədənlərinin istismarı üzrə gördüyü işləri və planları açıqladı

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən ölkəmizin və regionun ən böyük dəmir filizi mədənlərinin istismarı üzrə fəaliyyət aparılır.

Şirkətin yaydığı məlumatda bildirilir ki, “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə” yataqlarını əhatə edən “Daşkəsən” dəmir filizi sahəsində ən qısa müddətdə istismar işlərinə başlamaq üçün aparılmış təhlillər ötən il yekunlaşdırılıb.

Təfərrüatlı təhlillərə uyğun olaraq, sadalanan yataqlardan “Şimal-qərb” və “Cənub-şərq” üzrə dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılmasının mümkün olduğu müəyyənləşdirilib. Açıq hasilat üsulundan fərqli olaraq, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğu nəzərə alınaraq, daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə fəaliyyətə başlanılıb.

Müasir standartlara uyğun olaraq aparılmış mineral ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan resurslarda 67.37 milyon ton artım əldə edilib. Beləliklə, “Şimal-qərb” və “Cənub-şərq” yataqlarının cəmi ehtiyatları 117.6 milyon tondan 184.97 milyon tona çatdırılıb. Bu iki yataq üzrə Böyük Britaniyanın beynəlxalq təcrübəli məsləhətçi “Micon International” şirkəti ilə birgə müasir texnologiyanın tətbiqi ilə 21 illik istismar planı hazırlanıb. Bununla belə, istismar planının 30 ilədək artırılması məqsədilə “Daşkəsən” dəmir filizi sahəsində 5 yataq üzrə kəşfiyyat-tədqiqat işləri davam etdirilir.

Qeyd edilən istismar planına uyğun olaraq, 2025-2026-cı illər aralığında dəmir filizi istehsalının təşkili çərçivəsində 2022-ci ildən filiz süxurlarına çatmaq üçün üstaçma işlərinə start verilib, həmin ilin sonunadək 350 min ton filiz çıxarılaraq filiz anbarında toplanıb. Cari il ərzində isə istismar planına əsasən, hədəf 1.66 milyon ton  həcmində filizin çıxarılmasıdır.

Dəmir filizinin istehsal edilməsi ilə ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir. Bu məqsədlə iqtisadi cəhətdən səmərəli və ən optimal texnoloji həllərlə yeni istehsal zəncirinin yaradılması nəzərdə tutulur. İstehsal zəncirinə 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın istehsalı, növbəti mərhələdə pellet və 95% dəmir tərkibli birbaşa reduksiya olunmuş dəmir (DRI - Direct Reduced Iron) və isti brektəşdirilmiş dəmirin (HBI - Hot Briquetted Iron) istehsalı planlaşdırılır. 

Ötən il dəmir filizi konsentratının istehsalı üçün dəmir filizi mədənlərin yaxınlığında – Daşkəsən rayonunda inşa edilməsi nəzərdə tutulan zənginləşdirmə zavodunun inşası layihəsi ilə bağlı yerli mühəndislik və məsləhətçi şirkət olan "ENCOTEC" QSC tərəfindən İlkin Layihələndirmə işləri aparılıb. Zavod ərazisində yeni tikiləcək əsas və köməkçi binaların tikintisi, yararsız binaların sökülməsi üçün layihələndirmə işləri davam etdirilib. Bundan başqa, yardımçı binalar və yardımçı infrastruktur (su, elektrik və s.) üzrə təfərrüatlı layihələndirmə işlərinə başlanılıb, istehsalat və inzibati ərazi üzrə baş plan hazırlanıb. Zavod ərazisində bərpa və yenidənqurma işləri aparılıb.

 “Daşkəsən” dəmir filizi sahəsindən konsentrat ötən illərdə kanat xətti ilə rayonun Quşçu qəsəbəsində yerləşən yükləmə məntəqəsinə nəql edilir, oradan isə dəmir yolu vasitəsi ilə yükdaşıma təmin edilirdi. Uzun müddət istismarda olmuş sözügedən aktivlərin hazırda yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, yeni infrastrukturun qurulması üçün alternativ və daha səmərəli həll yolları dəyərləndirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla aparılmış araşdırmalar nəticəsində Daşkəsən rayonundan Gəncə şəhərinin inzibati ərazisində yerləşəcək pellet zavoduna daşınmasını təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri ilə nəqletmə prosesinin texniki və maliyyə baxımından daha səmərəli olduğu müəyyən edilib. Bu istiqamətdə qlobal “Paterson&Cooke” şirkətinin Böyük Britaniya ofisi tərəfindən İlkin Layihələndirmə və Əsas Layihələndirmə işləri aparılıb. Layihələndirmə işləri çərçivəsində boru xəttinin marşrutu, konstruktiv və mexaniki tələbləri müəyyənləşdirilib, həmçinin sınaq işləri icra edilib. Hazırda təfərrüatlı layihələndirmə işləri sürətlə davam etdirilir. 

Layihəyə əsasən, 45 km uzunluğa malik boru xəttinin inşası ilə Daşkəsəndə istehsal edilmiş dəmir konsentratı su ilə qarışdırılaraq şlam halında Gəncə şəhəri istiqamətində nəql ediləcək. Şlam boru xəttinin sonunda qurulacaq susuzlaşdırma stansiyasında konsentrat və su ayrılacaq, ayrılmış konsentrat pellet, texniki su isə pellet və DRI/HBI istehsalı prosesində istifadə olunacaq. 

Gələcəkdə istehsal olunacaq pellet və DRI/HBI məhsulunun həm ölkə ərazisində, həm də ixrac məqsədilə daşınması üçün Gəncə şəhərinin əlverişli coğrafi mövqeyi nəzərə alınaraq, sözügedən məhsullarının istehsalı müəssisələrinin adıçəkilən şəhərin inzibati ərazisində qurulması planlaşdırılıb. Bu məqsədlə pellet istehsalı zavodu üzrə podratçı qismində cəlb edilmiş Almaniyanın "NewFer" şirkəti tərəfindən start verilmiş İlkin Layihələndirmə işləri hazırda davam etdirilir. Ötən müddət ərzində konsentrat və pellet  üçün metallurji sınaqlar da həyata keçirilib.

İstehsal zəncirinin son halqası olaraq Gəncə şəhərinin inzibati ərazisində qurulması nəzərdə tutulan ikinci müəssisə - DRI/HBI məhsullarının istehsalı zavodunun inşası layihəsi ilə əlaqədar ötən il Avstriyanın nüfuzlu “Horst Wiesinger Consulting” şirkətinin iştirakı ilə texnologiya seçimi üzrə əməliyyat və kommersiya təhlilləri aparılıb. Potensial texnologiyalar arasında ən çox bazar payına malik olan İtaliya, ABŞ, Yaponiya  şirkətlərinə məxsus istehsal texnologiyaları araşdırılıb. 

Qeyd edək ki, qurulması nəzərdə tutulan zavodların əhəmiyyətli miqdarda elektrik enerji mənbəyinə tələbatının formalaşacağı nəzərə alınaraq, alternativ enerji resurslarından istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə danışıqlar aparılır. Həmçinin pellet və DRI/HBI zavodlarının tikintisi nəzərdə tutulan ərazinin ayrılması üçün müvafiq dövlət orqanları ilə fəaliyyət davam etdirilir.

Ötən il böyük investisiya tələb edən və kifayət qədər mürəkkəb olan istehsal zəncirinin yaradılması ilə bağlı görülən işlərə 44 milyon 64 min manat vəsait sərf edilib. Dövlət büdcəsinə əlavə yük olmamaq üçün xarici investorun cəlb edilməsi, o cümlədən müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının araşdırılması istiqamətində fəaliyyət davam etdirilir. 

Xatırladılıb ki, DDF MMC-nin nizamnamə kapitalının artırılmasına yönəldilmiş dövlət vəsaiti hesabına nizamnamə kapitalının ümumi məbləği 183.9 milyon manat müəyyən edilib. Layihənin dəyəri isə ƏDV daxil 1.5 milyard manat təşkil edir. Sözügedən layihə ölkənin makro-iqtisadi göstəricilərinə təsiri baxımından böyük töhfələr vəd edir. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2035-ci ilədək ÜDM-ə milyardlarla manat  həcmində töhfə veriləcəyi və böyük həcmdə vergilərin ödəniləcəyi proqnozlaşdırılır. Ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, yüzlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfə verilməsi planlaşdırılır.

18.03.2023 15:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ