Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Çəkisi 20 min tona yaxındır, Bayıldan dənizə yola salındı

ACE platformasının üst modulları dənizə yola salındı
iç səhifə xəbər başlığı altı (mobil)_31
Çəkisi 20 min tona yaxındır, Bayıldan dənizə yola salındı

bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi elan edir ki, bu gün Azəri-Mərkəzi-Şərqi (ACE) platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb.

bp-Azərbaycandan Marja.az-a daxil olmuş məlumata görə, obyektin dənizdə quraşdırılması və işə-salınması üçün tələb olunan işləri minimuma endirmək məqsədilə yola salınmazdan əvvəl üst modulların əsas istismar sınaqları və yoxlamaları quruda həyata keçirilmişdi.

4 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdu.

Məlumatda qeyd edilib ki, həmin vaxtdan bəri işçi heyəti quruda aparılması planlaşdırılan əsas istismar sınaqlarını və yoxlamaları uğurla başa çatdırmışdır. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.

Bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırıldı və yükləmə çərçivəsi qurğusunun üzərinə endirilib ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün.

May ayının 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlanıb. İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətə gətirilib.

"Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və bu işlərin təxminən dörd günə tamamlanacağı gözlənilir. Üst modullar mart ayından bəri suyun 137 metr dərinliyində quraşdırılmış ACE platformasının dayaq blokunun üzərinə yerləşdiriləcək",- məlumatda bildirilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz: “Bu gün biz ACE platformasının son hissəsini dənizə yola saldıq. İnanırıq ki, bu platforma sistem və proseslərin avtomatlaşdırılması və rəqəmsal innovasiyaların geniş istifadəsinə imkan yaradacaq ən müasir dizayna malik möhtəşəm innovativ mühəndislik nümunəsidir. Bu platforma Səngəçal terminalından, yəni uzaq məsafədən, idarə ediləcək və bu mənada Xəzərdə sahildən idarə edəcəyimiz ilk dəniz platforması olacaq. 

Operator olaraq biz çox məmnunuq ki, belə bir mürəkkəb layihənin quruda aparılması planlaşdırılan bütün tikinti işlərini və istismar sınaqlarını uğurla başa çatdırdıq. Bütün bu işlərdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirmək istəyirəm. Möhtəşəm icra göstəricilərinə və əldə etdiyimiz nailiyyətlərə görə platformanın hazırlanmasında iştirak edən podratçılarımıza, tikinti, istismar sınaqları, əməliyyatlar, texniki təhlükəsizlik və mühəndis qruplarımıza və bütün işçi qüvvəsinə xüsusilə təşəkkür edirəm.

Üst modulların növbəti günlər ərzində təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılacağını planlaşdırırıq. Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlamaq və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanmasına bizə bir neçə ay lazım olacaq.“ 

19600 ton çəkisi olan üst modulların tikintisinə 2019-cu ildə başlanıb və tikinti işləri möhtəşəm təhlükəsizlik göstəricisi ilə, yəni heç bir xəsarətə yol vermədən 21 milyon saat iş yerinə yetirilməklə tamamlanıb.

ACE platformasının üst modulları neft və qaz emalı qurğularından, qazma qurğusu və avadanlığı kompleksindən, qaz kompressorundan və yaşayış bloklarından ibarətdir.

Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində Azfen şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib.

Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.

ACE dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında yerləşən yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platformasıdır. Bu layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə qoşulacaq.

Bundan əlavə, laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında suvurma boru xətti olacaq.

ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.

Layihənin pik dövründə Azərbaycanda ACE layihəsinin tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.

07.08.2023 16:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ