Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

bp-nin Bakı ofisindən Biznes əməliyyatları hesabatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
bp-nin Bakı ofisindən Biznes əməliyyatları hesabatı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 bp-nin Bakı ofisi "2023-cü ilin üçüncü rübünün yekunlarıüzrə Biznes əməliyyatları hesabatını dərc edib. 

Marja.az hesabatı təqdim edir.

Azəri-Çıraq-Günəşli (AÇG) 

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%). 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2023-cü ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 365 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 109 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

İlin üç rübü ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınmış və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılmışdır. Bu qurğu 16 mart tarixində dənizə yola salınanadək  istismar sınaqları vasitəsilə tam yoxlanmışdı.

Aprel ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üst modulların inşa edildiyi Bibiheybətdəki tikinti-quraşdırma sahəsinə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur.  

Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatdırıldı. 

Təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olundu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq.  

Əsas istismar sınaqları bitdikdən sonra, avqust ayının 7-də ACE platformasının üst modulları inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsindən AÇG yatağı sahəsinə yola salındı. Üst modulların daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırıldığından bu işlər təxminən iki günə tamamlandı.

Daha sonra quraşdırma işləri dənizdə davam etdirildi. Belə ki, qazma qurğusunun dayaq blokunun üzərinə ilkin yerləşdirilməsi əməliyyatı tamamlandı, istilik, ventilyasiya və havalandırma sistemlərinin, həmçinin yanğınsöndürmə nasosu, təmiz su təchizatı və çirkab suların emalı qurğuları istismara verildi.

Sonra platforma yaşayış üçün hazır oldu və sentyabrın 13-də bütün əməliyyatlar heyəti platformaya köçdü. Bundan əvvəl quraşdırma, istismar və sınaq işləri zamanı işçilərin yaşayışı üçün istifadə olunan “Azərbaycan” kran barjası isə layihə sahəsini tərk etdi.

Həmçinin, sualtı işlərin bir hissəsi olaraq yükləmə çərçivəsi STB-1 daşıma barjasından uğurla çıxarılmış və dayaq bloku rejimi işə salınmışdır.  Layihə çərçivəsində 1-ci, 3-cü, 5-ci sualtı qaz və 1-ci sualtı neft qovşaqları ilə bağlı işlər başa çatmış və Şərqi Azəri platformasında 16 düymlük suvurma ərsini qəbuledicisinin ayrılması işləri bitmişdir.

Üçüncü rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 94% tamamlanmışdı. 2024-cü ilin əvvəlində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam edir.

Hasilat

2023-cü ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (89 000), Şərqi Azəri (59 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

İlin üç rübü ərzində AÇG-də 6 neft hasilatı, 5 su injektoru və 1 qaz injektoru quyusu tamamlanmışdır. 

Səmt qazı

2023-cü ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,5 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

Üçüncü rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 

İlk üç rüb ərzində terminal təxminən 172 milyon bareldən çox neft və kondensat, o cümlədən 171 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.  

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 522 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.  

2023-cü ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 86 milyon dollar, əsaslı xərclərə isə 25 milyon dollar vəsait xərclənmişdir. 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 554 milyon ton (4,2 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5482 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması  əlamətdar bir  uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilmişdir.

İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 23 milyon ton (təxminən 171 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklənmiş və yola salınmışdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Şahdəniz 

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%). 

2023-cü ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 738 milyon dollar əməliyyat xərcləri və təxminən 653 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. 

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 27 milyon barel) kondensat hasil edilmişdir. 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,1 milyon (ildə təqribən 26,3 milyard) standart kubmetrdir. 

Şahdəniz 2 layihəsi

2023-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir. 

Bu cinahdan hasilatın başlanması üçün quraşdırma və sınaq işləri həm sualtı, həm də Şahdəniz Bravo platformasında üst modullarda davam etmişdir. Layihə çərçivəsində şərq-şimal cinahının istismar sınaqlarına gəmidən dəstək işləri tamamlanmışdır və hazırda bütün sistemin təhvil verilməsi üçün platformada aparılan istismar sınaqları davam edir.

Qazma əməliyyatları

Üçüncü rüb ərzində Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

İstiqlal qazma qurğusu SDF03z quyusunun tamamlama işlərini bitirmiş və SDF05 quyusunun tamamlama işlərinə başlamışdır.

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).

İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 49 milyon dollar, əsaslı xərclər isə 4,5 milyon dollardan çox olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

İlin üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,5 milyon kubmetr olmuşdur.

Geoloji kəşfiyyat

2023-cü ilin üç rübü ərzində biz Azəri-Çıraq-Günəşli strukturunda hazırda istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu (A22z) qazmışıq. 7 fevral 2023-cü il tarixində qazılmağa başlanan quyu aprel ayında tamamlanmışdır. Hazırda AÇG-nin dərin qaz laylarının potensialını öyrənmək məqsədilə quyudan əldə olunmuş məlumatın təhlili aparılır.

2023-cü ildə biz həmçinin Şahdəniz müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun qazılmasına (SDX-8) başlamışıq. Quyuda qazma işləri 20 yanvar tarixində başlanıb və hazırda təhlükəsiz şəkildə uğurla davam edir.

Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan - SAX01-dən əldə edilmiş məlumatların təhlili nəticələrinin interpretasiyasını ilin birinci yarısında başa çatdırdıq. Quyuda aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri hazırda davam edir. 

İşçi heyətimiz

Üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək. 

Sosial sərmayələr 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

2023-cü ilin ilk üç rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,6 milyon dollardan artıq vəsait xərcləmişlər. Üçüncü rüb ərzində bu layihələrə hazırda davam edən 11 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 4 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil olub.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübü ərzində təxminən 0,8 milyon dollar vəsait xərcləyib.

Üçüncü rüb ərzində bu layihələrə hazırda davam edən yeddi təhsil təşəbbüsü və müxtəlif mövzularda iki konfrans və seminara dəstək fəaliyyəti daxil olub.

Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.

02.11.2023 12:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ