Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakını dəyişəcək strateji layihələr və birinci növbəli tədbirlər məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakını dəyişəcək strateji layihələr və birinci növbəli tədbirlər məlum oldu

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapmış strateji layihələr və priotiret tədbirlər məlum olub.

Marja.az Sənədə istinadən xəbər verir ki, hər bir təklif "AS+P Albert Speer +Partner Gmbh" şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və Strateji Sessiya (noyabr, 2019-cu il) zamanı bütün maraqlı tərəflərlə müzakirə edilmişdir. Müxtəlif sahələri əhatə edən çoxsaylı layihələrdən ümumilikdə on iki strateji layihə gələcək inkişaf proqramına daxil edilmişdir. Qeyd edilən strateji layihələrin bəzilərinin hansı konkret ərazidə həyata keçiriləcəyi müəyyən edilməyib və bəzi layihələrin icraçıları təyin edilməyib. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən olunmuş layihə icraçıları ilə birgə texniki-iqtisadi əsaslandırma və maliyyələşdirmə modelləri hazırlayaraq layihə ideyalarını daha da dəqiqləşdirəcək. 

Reklam_3_11

1. Çoxmodallı nəqliyyat

Nəqliyyat sistemi üçün zəruri infrastruktur təminatı Baş Plan çərçivəsində həll olunmalı əsas məsələlərdən biridir. Hazırki mərhələ sistemin əməliyyat effektivliyini və əlçatanlılığını təmin etməklə ictimai nəqliyyatdan istifadənin artırılmasını hədəfləyir. Bu, ilk növbədə, fasiləsiz hərəkətliliyi/mobilliyi təmin etmək üçün müxtəlif nəqliyyat növlərinin inteqrasiyasının gücləndirilməsini ehtiva edir:

• Baş Plana uyğun olaraq çoxmodallı nəqliyyat qovşaqlarının qurulması; 

• müxtəlif sistemlərin hərəkət qrafiki, marşrutu və tarifi arasında uyğunluğun təmin edilməsi; 

• ağıllı rəqəmsal tətbiqlər vasitəsilə hərəkətlilik sahəsində xüsusi platformaların yaradılması. 

2. Sənaye ərazilərinin yenidən qurulması 

Bakı keçmiş sənaye və neft hasilatı ərazilərinin cazibədar şəhər mühitinə çevrilməsi sahəsində müsbət təcrübəyə sahibdir. “Ağ Şəhər”, Bakı Bulvarının uzadılması və Olimpiya Stadionu bu baxımdan uğurlu nümunələr hesab edilə bilər. Bununla belə, ağır sənaye sektorundan qalmış miras hələ də Mərkəzi Bakının geniş ərazisini əhatə edir. Xüsusilə, Nərimanov, Nizami və Xətai rayonları boyu davamlı uzanan keçmiş sovet sənaye zonası Mərkəzi Bakını fiziki olaraq iki hissəyə ayırır. Bu sahə Baş Planda birinci növbəli şəhər inkişaf 210 ərazilərindən biri kimi müəyyən edilmişdir. “Ulduz” metro stansiyasının yaxınlığında 100 ha sahəni əhatə edən ərazi kiçik və orta müəssisələr (KOM) klasterinin (landşaft planlaşdırması və tikintisi sahəsində ixtisaslaşmış) inkişafı baxımından uyğun ərazi kimi müəyyən edilmişdir. Qeyd edilən klasterin inkişaf ərazisinə həmçinin çoxfunksiyalı (qarışıq istifadə) ərazilər və məskunlaşma əraziləri də daxil olacaq. Bu ərazidə güclü iqtisadiyyatın qurulması yeni ictimai yerləri (Baş Planda nəzərdə tutulan) inkişaf etdirmək üçün tələb olunan təcrübə və tikinti materialları idxalına ehtiyacın azaldılmasına töhvə verəcəkdir. 

3. Çirklənmiş ərazilərin təmizlənməsi proqramı

Keçmişdə ətraf mühitin çirklənməsinə və sənaye fəaliyyətlərinə nəzarətin olmaması nəticəsində geniş sahələri əhatə edən ərazilər (torpaq və su hövzələri) çirklənmişdir. Plan çərçivəsində 27 çirklənmiş ərazi və onların çirklənmə mənbələri (neft, kanalizasiya, sənaye tullantıları və s.) müəyyən edilmişdir. Baş Plan çərçivəsində bərpa tədbirlərinin həyata keçiriləcəyi əsas ərazilər müəyyən edilmişdir. 

4. Pilot layihə (Ağa Nemətulla) 

Təklif olunan çoxfunksiyalı (qarışıq) ərazidən istifadə konsepsiyası ən üstün şəhərdaxili inkişaf tipologiyası kimi qəbul edilir. Bü cür inkişaf yaşayış, iş və sosial mühit funksiyalarını bir məkanda cəmləşdirərək yaşayış üçün əlverişli məhəllələrin inkişafına imkan verir. Yaşayış zonalarının tiplərə bölgüsü (yaşayış məhəllələri və şəhər evləri) mənzil keyfiyyətini yaxşılaşdırır və müxtəlif sosial təbəqələrin bir məkanda cəmləşməsinə imkan verir. Planda İNYŞ qovşağının yaradılması ilə ictimai nəqliyyat şəbəkəsini yeni inkişaf əraziləri ilə əlaqələndirmək imkanlarının üstünlükləri göstərilir ki, bu da investorlar üçün perspektivli işgüzar imkanlar təqdim edir, eyni zamanda şəhərin simvolu rolu oynayan binaların inşasına və şəhər transformasiyasına təkan verir. Ərazidən istifadə bölgüsü inkişaf üçün uyğun olan ərazilərdən və ümumi istifadədə olan ərazilərdən ibarətdir və Baş Planın ümumi şəhərsalma parametrlərini nəzərə alır. Planlaşdırma layihəsi inkişafa yararlı ərazilərin həddindən artıq azalmasına yol vermədən yüksək keyfiyyətli və əlçatan yaşıllıqların (planlaşdırma normalarına görə adambaşına 8 m2 qəbul edilməklə) yaradılmasına imkan verir. Nəhayət, pilot layihə aşağı sürətli hərəkətlilik modelinin tətbiqi baxımından etalon model kimi xidmət edə bilər. Belə ki, layihə çərçivəsində cəlbedici və geniş piyada və velosiped marşrutlarının təmin edilməsi və bu marşrutların planlaşdırılan Hibrid Yaşıl Dəhlizlə əlaqələndirilməsi piyada gəzinti üçün geniş imkanları olan məhəllələrin inkişafına imkan verəcək.

 5. 28 May Hibrid Yaşıl Dəhlizi

“Hibrid dəhlizlər”Bakı şəhərinin Baş Planının əsas elementləridir. Bu xətti elementlər şəhərin strateji əhəmiyyətə malik hissələrini bir-birinə bağlayır və onun daha yaşıl və daha davamlı mühitə çevrilməsinə imkan verir. Hibrid dəhlizlər çoxfunksiyalı ərazi təşkilinə sahib olacaq:

 • hibrid dəhlizlər boyu yeni inkişaf əraziləri və sosial təyinatlı xidmət müəssisələri yerləşəcək; 

• hibrid dəhlizlər şəhərin yaşıllıqlarını, rekreasiya ərazilərini və su hövzələrini birləşdirərək geniş yaşıl / mavi şəbəkə yaratmağa imkan verəcək; 

• bu dəhlizlər əsas ictimai nəqliyyat marşrutları kimi çıxış edəcək və yeni mühəndis kommunikasiya infrastrukturu üçün dəhlizlər formalaşdıracaq. Müəyyən edilmiş ərazi “Port Baku” ticarət mərkəzinin ərazisindən “Gənclik Mall” ticarət mərkəzinin ərazisinədək uzanır. Şəhərin bu hissəsində əsas planlaşdırma hədəflərindən bir neçəsinə nail olmaq mümkündür. Bu səbəbdən ərazi Baş Planda pilot layihə ərazisi kimi nəzərdə tutulmuşdur. Ərazi aşağıdakı üstün cəhətlərə sahib olacaq:

• “Port Baku” ticarət mərkəzinin ərazisindən “Gənclik Mall” ticarət mərkəzinin ərazisinədək effektiv piyada və velosiped bağlantısının təmin edilməsi;

 • istismarı dayandırılmış dəmir yolu xətlərindən tramvay yolu kimi istifadə olunması; 

• sənaye dövründən miras qalmış binaların yaradıcılıq fəaliyyəti üçün istifadə edilməsi ilə yaradıcılıq klasterinin inkişafı;

 • şəhərin mərkəz hissəsində yaşıllıqların sahəsinin genişləndirilməsi (yaşıl bulvarlar, oyun meydançaları, açıq hava fəaliyyətləri / idman obyektləri və s.); 

• hibrid dəhlizin yaxınlığında 60 ha-dan çox sahəsi olan ərazidə şəhərsalma potensialından istifadə imkanı.

6. Suyun mühafizəsi və təkrar istifadəsi

Su resurslarının qorunması və səmərəli istifadəsi bir çox səbəbdən şəhərin gələcəyi baxımından mühüm rol oynayır.

 • Abşeron yarımadasının yarım quraq iqlimə sahib olması (yağıntının miqdarının az olması);

 • xarici su mənbələrindən asılılıq, zəif su təchizatı; 

• su təchizatı infrastrukturunda mövcud olan çatışmazlıqlar (sızmalar, su itkisi, qeyri qanuni istifadə) və suya qənaət etmək üçün sudan təkrar istifadə siyasətinin olmaması; 

• qlobal iqlim dəyişikliyinin təsiri (temperaturun qalxması, yağıntı miqdarının azalması);

 • əhalinin proqnozlaşdırılan artımı ilə əlaqədar əlavə su tələbatı. Strateji layihədə tullantı sularının təmizlənməsi və təkrar istifadəsi imkanını artırmaq üçün müvafiq infrastrukturun (dörd TSTQ, suvarma kanalları və nasos stansiyaları) təmin olunmasını nəzərdə tutulur. Emal edilmiş su suvarma və sənaye məqsədləri üçün istifadə ediləcəkdir. Müvafiq qurğuların yerləri Baş Planda müəyyən edilmişdir. 

7. Bakının Yaşıl Parkı

Şəhərdə əlçatan yaşıllıqların payının artırılması hədəfinə və Baş Planın təkliflərinə uyğun olaraq Xocahəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai parkın salınması planlaşdırılır. Qeyd edilən park ətrafdakı sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və Xocahəsən gölünün ekoloji təmizlənməsinə təkan verəcəkdir. Uzunmüddətli perspektivdə Lökbatan ilə Xəzər dənizi arasındakı bataqlıq əraziləri daxil etmək üçün park cənuba doğru genişləndirilə bilər.

 8. Velosiped nəqliyyatı və piyada gəzinti imkanları 

Velosiped zolaqları sisteminə dair təkliflərin verilməsi Baş Planının bir hissəsi olsa da, bu strateji layihə şəhərsalma miqyasına uyğun olmayan tədbirləri ehtiva edir və şəhər iqtisadiyyatı, vətəndaşların həyat keyfiyyəti və ətraf mühit vəziyyətini yaxşılaşdırmaq üçün aktiv hərəkətlilik/mobillik payının artırılmasını nəzərdə tutur. Baş Planın təkliflərinə uyğun olaraq buraya aşağıdakılar daxildir: 

• səkilərin və piyada keçidlərinin təkmilləşdirilməsi və texniki xidmətin təmin olunması;

 • velosiped və gəzinti yollarının, dayanacaq yerlərinin tikintisi, nişanların qoyulması; 

• velosipedlərin icarəyə götürülməsi sisteminin yaradılması;

 • fəal istifadə olunan nəqliyyat növləri haqqında məlumatlandırma kampaniyalarının həyata keçirilməsi.

9. Yaradıcı sənayelər klasteri 

Yaradıcı sənaye sahələri Bakıda kifayət qədər inkişaf etməmiş sahədir. Paytaxtda canlı musiqi və səhnə imkanları kifayət qədər çoxdur. Lakin bu sektorda əhəmiyyətli inkişaf potensialı hələ də mövcuddur və bu potensialdan lazımi səviyyədə istifadə etməklə yaradıcı sahələrin inkişafı stimullaşdırıla bilər. Plan çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ilə keçmiş sənaye müəssisələrinin təxminən 7 ha ərazisinin transformasiya olunaraq Yaradıcı Sənayelər Klasterinə çevrilməsi nəzərdə tutulur. Hazırda 28 May Hibrid Yaşıl Dəhlizi ərazisində studiya, qalereya, emalatxana və ya mədəniyyət mərkəzlərinə çevrilə biləcək çoxlu sayda istifadə olunmayan tarixi bina var. Bundan əlavə, şəhər mərkəzinə yaxınlıq qeyd edilən layihənin uğuruna zəmanət verir. Həmin ərazi klasterin inkişafı üçün olduqca uyğundur. 

10. İşıqlandırma

Bu layihənin məqsədi Bakı şəhərinin işıqlandırılması üzrə vahid konsepsiya təmin etməkdir. Şəhər mərkəzində çoxlu sayda fərdi işıqlandırma elementləri olsa da, şəhərin bəzi hissələri və şəhərətrafı ərazilərdə işıqlandırma sistemi zəifdir. Onu da qeyd etmək lazımdır ki, küçə işıqlandırılması hazırki mərhələdə vacib məsələ sayılmır. Bununla belə bu, sosial (vizual rahatlıq, yol və piyada təhlükəsizliyi), ekoloji (havanın çirklənməsinin azalması) və iqtisadi (enerji istehlakının azalması) baxımdan həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Düzgün işıqlandırma şəhərin estetik görünüşünə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir.

11. Universitet şəhərciyi 3.0 

Bakı ölkənin ali təhsil mərkəzidir. Burada yerləşən universitetlərin əksəriyyəti gələcək inkişaf və genişlənmə imkanları məhdud olan sıx məskunlaşmış şəhər mərkəzində yerləşir. Bu strateji layihə, böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə Bakıda akademik mərkəz yaratmağı nəzərdə tutur. Bu layihə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcək və təhsilin keyfiyyətini yüksəldəcəkdir. Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək. Hazırda müxtəlif əməliyyat modelləri müzakirə edilir. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür. Qeyd edilən ikinci variant vasitəsilə layihənin cari ərazisinin şəhər inkişafı yolu ilə maliyyələşdirilməsi təmin edilə bilər. 

12. Külək və günəş elektrik stansiyaları 

Azərbaycanda və Bakı şəhərində bərpa olunan enerji potensialından kifayət qədər istifadə edilmir. Dünya təcrübəsində enerji bazarında karbonsuzlaşma, desentralizasiya və enerji səmərəliliyinin davamlı artımına olan böyük meyl müşahidə edilir. Beynəlxalq tədqiqatlar Abşeron yarımadasında külək və günəş enerjisi üçün böyük potensialın olduğunu göstərsə də, Bakıda enerji istehsalı əsasən bərpa olunmayan mənbələrə əsaslanır. Əlavə olaraq, Bakının enerji təchizatının təxminən 60%-i şəhər ərazisindən kənarda yerləşən elektrik stansiyaları vasitəsilə təmin olunur ki, bu da Bakının enerji təhlükəsizliyini risk altına qoyur. Enerjiyə olan tələbatın artması fonunda bu layihənin məqsədi ümumi enerji istehsalında bərpa olunan enerjinin payını artırmaq və şəhərin enerji təhlükəsizliyini təmin etməkdir. Bu hədəfə nail olmaq üçün Baş Planda iki ərazidə külək və üç günəş enerji stansiyasının tikintisi nəzərdə tutulur. 

BİRİNCİ NÖVBƏLİ TƏDBİRLƏR

Bakı şəhərinin Baş Planı çərçivəsində planın icrasının ilk yeddi ili ərzində həyata keçiriləcək birinci növbəli tədbirlər müəyyən edilmişdir. Bundan əlavə, planda həm ərazilərin səciyyəvi məkan strukturunun, həm də Bakı şəhərində ümumi həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş strateji layihələr də öz əksini tapmışdır.

Aşağıdakı planda sözügedən strateji layihələr öz əksini tapmış və həmin layihələrin Baş Plan çərçivəsində nəzərdə tutulan birinci növbəli inkişaf əraziləri ilə əlaqəsi müəyyən edilmişdir. Planın ilk icra mərhələsi üçün nəzərdə tutulan inkişaf tədbirlərinə aşağıdakılar daxildir:

• “Ulduz” metro stansiyasının ətrafındakı sənaye ərazisinin yenidən qurulması;

• Binəqədi ərazisi üçün yeni çoxfunksiyalı (qarışıq istifadə) şəhər mərkəzinin yaradılması (İNYŞ inkişafı);

• Xocahəsən və Zığ gölləri ətrafında açıq məkanların yaradılması və su resurslarının idarəçiliyi sistemlərinin qurulması;

• Ələtdə yeni yaşayış və sahilyanı ərazilərin inkişafına təkan verəcək Ələt Azad İqtisadi Zonasının yaradılması;

• Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığında yeni xidmət sahələrinin inkişafı;

• Alternativ enerji istehsalının artırılması (külək və günəş enerjisi).

Müəyyən olunmuş inkişaf prioritetləri Bakının inkişafı üçün davamlı və iqtisadi cəhətdən uğurlu yolun başlanğıcı olacaqdır. Bakı şəhərinin Baş Planının icrasına dəqiq müəyyən edilmiş layihələrlə və strateji layihələri həyata keçirən əsas maraqlı tərəflərin cəlb edilməsi ilə başlanması olduqca vacibdir. 

07.01.2024 23:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ