"Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək"
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olubAzərbaycan Prezidenti İlham Əliyevin iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.
Dövlət başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Hörmətli Qurbanqulu Məlikquliyeviç.
Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.
Əziz qardaşım, bir daha xoş gəlmisiniz Azərbaycana.
X X X
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edərək dedi:
- Hörmətli İlham Heydər oğlu.
Hörmətli nümayəndə heyətlərinin üzvləri.
Əvvəlcə icazə verin, Azərbaycana səfərə dəvət etdiyinizə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Sizə ürəkdən təşəkkür edim.
Mən, həmçinin Türkmənistan Prezidenti Zati-aliləri Sərdar Berdiməhəmmədovun səmimi salamlarını və xoş arzularını Sizə çatdırmaqdan şərəf duyuram.
Azərbaycan Respublikasına bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.
Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.
Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.
Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.
Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.
Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmək istərdim.
İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, onun keyfiyyət və kəmiyyət göstəriciləri artır.
Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir.
Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır.
Əminəm ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.
Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan torpağında hər zaman səmimi qarşılandığımıza görə Sizə bir daha təşəkkür edirəm.
Çox sağ olun.
X X X
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xahiş edirəm, mənim də salamlarımı hörmətli Prezident Sərdar Berdiməhəmmədova çatdırasınız.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 29 d. əvvəl
-
- 46 d. əvvəl
-
7 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
- 9 saat əvvəl
-
9 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
10 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
14 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
“Baku Steel Company” açıq TENDER elan edir
Ən çox oxunanlar
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub






















