Əmək gəlirlərinə vergi üç mərhələdə artırılacaq və 7 faizə çatdırılacaq
Vergi güzəşti əmək bazarını dəyişib – Müqavilələrin sayı 91 faiz artıb. Orxan Nəzərli: Əmək gəlirləri 11,2 milyard manata çatıb, kölgəyə geri dönüş baş verməyib. Əməkhaqqından tutulan gəlir vergisi 3 mərhələdə artırılaraq 7%-ə çatdırılacaq.2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirlərinə tətbiq edilən vergi güzəştləri əmək bazarının leqallaşdırılmasına, əmək müqavilələrinin sayının kəskin artmasına və sosial sığorta daxilolmalarının genişlənməsinə ciddi təsir göstərib. Güzəşt müddəti başa çatdıqdan sonra isə əvvəlki vergi rejiminə birdən-birə qayıtmaq əvəzinə, üçillik mərhələli keçid modeli seçilib.
Marja xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müsahibəsində bildirib.
Onun sözlərinə görə, vergi güzəştləri iqtisadi siyasətin mühüm alətlərindən biri olsa da, müddətsiz xarakter daşımır. Hər bir güzəşt konkret iqtisadi və sosial məqsədlər üçün tətbiq edilir, müəyyən dövrdən sonra isə onun məşğulluğa, əmək bazarına, iqtisadi aktivliyə və büdcə gəlirlərinə təsiri qiymətləndirilir.
Orxan Nəzərli qeyd edib ki, qiymətləndirmənin nəticəsindən asılı olaraq güzəştin saxlanılması, yeni formada davam etdirilməsi və ya mərhələli şəkildə ləğvi barədə qərar qəbul olunur.
“Dövlət güzəşt tətbiq edərkən müəyyən gəlirlərindən imtina edir. Bunun qarşılığında isə məşğulluğun artması, əmək münasibətlərinin leqallaşdırılması, iqtisadi aktivliyin genişlənməsi və digər hədəflərə çatmaq istəyir”, – deyə DVX rəisi bildirib.
Əmək müqavilələrinin sayı 91 faiz artıb
Orxan Nəzərlinin sözlərinə görə, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirlərinə tətbiq olunan vergi güzəşti genişmiqyaslı islahat olub.
İslahatın əsas məqsədi əmək münasibətlərinin leqallaşdırılması, qeyri-rəsmi məşğulluğun azaldılması və əməkhaqqı fondunun şəffaflaşdırılması olub.
DVX rəhbəri bildirib ki, 2019-cu illə müqayisədə sözügedən sektorda əmək müqavilələrinin sayı 91 faiz artaraq 1 milyonu ötüb.
Eyni zamanda, 2025-ci ildə qeyri-neft sektorunun özəl bölməsində əmək gəlirləri 2019-cu illə müqayisədə 6,5 milyard manat artaraq 11,2 milyard manata çatıb.
Bu göstəricilər güzəştin yalnız əmək müqavilələrinin sayını artırmadığını, eyni zamanda rəsmi əməkhaqqı fondunun və bəyan edilən əmək gəlirlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olduğunu göstərir.
DSMF-nin gəlirləri iki dəfədən çox artıb
Orxan Nəzərli bildirib ki, vergi güzəştlərinin tətbiqi ilkin mərhələdə dövlətin bəzi vergi gəlirlərindən imtina etməsi ilə nəticələnsə də, əmək münasibətlərinin leqallaşdırılması Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinə ciddi müsbət təsir göstərib.
Onun sözlərinə görə, islahat dövründə DSMF-nin gəlirləri iki dəfədən çox artıb.
Bunun nəticəsində dövlət büdcəsindən fonda ayrılan transfertlərin ümumi gəlirlərdə xüsusi çəkisi azalıb.
Beləliklə, vergi güzəşti nəticəsində bir istiqamətdə yaranan gəlir itkisi digər istiqamətlərdə sosial sığorta daxilolmalarının artması, əmək bazarının şəffaflaşması və büdcə yükünün nisbətən azalması ilə kompensasiya edilib.
Vergi dərəcəsi üç mərhələdə 7 faizə çatdırılacaq
DVX rəhbəri bildirib ki, güzəşt müddəti başa çatdıqdan sonra hökumət daxilində aparılan müzakirələr zamanı əvvəlki yüksək vergi dərəcələrinə birbaşa qayıdış məqsədəuyğun hesab edilməyib. Əsas risk əmək münasibətlərinin yenidən kölgəyə keçməsi və qeyri-rəsmi məşğulluğun artması olub.
Bu səbəbdən üçillik mərhələli keçid modeli qəbul edilib. Modelə əsasən, əmək gəlirlərinə tətbiq olunan vergi dərəcəsi:
- birinci ildə 3 faiz;
- ikinci ildə 5 faiz;
- üçüncü ildə 7 faiz olacaq.
Orxan Nəzərli bildirib ki, bu yanaşma əvvəlki islahatın nəticələrini qorumağa, biznesin yeni vergi rejiminə tədricən uyğunlaşmasına və əmək münasibətlərinin yenidən kölgəyə keçməsinin qarşısını almağa imkan verir.
“Biz artıq müəyyən müddət keçdikdən sonra görürük ki, yeni model çərçivəsində kölgəyə qaçış baş verməyib və əmək gəlirlərinin leqal şəkildə bəyan edilməsi davam edir”, – deyə DVX rəhbəri qeyd edib.
Xatırladaq ki, Azərbaycanda 2026-cı ildən etibarən qeyri-neft-qaz sektorunun özəl (qeyri-dövlət) bölməsində çalışan işçilərin aylıq əməkhaqqından tutulan gəlir vergisi məbləği 2500 manatadək olanda 3% dərəcə ilə tətbiq olunur.
Azad edilmiş ərazilərdə yüzlərlə sahibkar fəaliyyət göstərir
Orxan Nəzərli işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin yalnız vergi güzəştləri kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.
Onun sözlərinə görə, həmin ərazilərdə sahibkarlığın inkişafı üçün vergi güzəştləri ilə yanaşı, subsidiyalar, güzəştli kreditlər və digər dövlət dəstəyi mexanizmlərindən ibarət geniş paket tətbiq olunur.
Bu dəstəyin əsas məqsədi investisiyaların ilkin maya dəyərini azaltmaq, biznesin azad edilmiş ərazilərə daxil olmasını stimullaşdırmaq və regionun ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirməkdir.
DVX rəhbəri bildirib ki, artıq yüzlərlə sahibkar işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərir və həmin ərazilərin vergi rezidenti kimi qeydiyyata alınıb.
Bu müəssisələrdə minlərlə əmək münasibəti formalaşıb. Yeni bizneslərin fəaliyyətə başlaması həm məşğulluğu artırır, həm də regionların vergi potensialını genişləndirir.
Azad edilmiş ərazilərdən vergi daxilolmaları sürətlə artır
Orxan Nəzərli qeyd edib ki, işğaldan azad edilmiş ərazilər üzrə vergi proqnozlarının icrasında yüksək artım tempi müşahidə olunur.
Onun sözlərinə görə, bu regionlardan büdcəyə daxil olan vergilərin həcmi ildən-ilə və aydan-aya artır.
DVX rəhbəri bunu tətbiq olunan dövlət dəstəyi mexanizmlərinin, investisiya təşviqlərinin və sahibkarlıq fəaliyyətinin genişlənməsinin real nəticəsi kimi qiymətləndirib.
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
16 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
3 saat əvvəl
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
- 9 saat əvvəl
-
9 saat əvvəl
FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Azərbaycanda turistlərin xərcləri 349 milyon manat azaldı
“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid
Ən çox oxunanlar
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Dövlət 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır - Tələb yüksək olsa, 400 milyon manatadək borc alına bilər
Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq
























