970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prezidentdən Naxçıvan üçün 258 milyon manatlıq SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentdən Naxçıvan üçün 258 milyon manatlıq SƏRƏNCAM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, yaşayış fondunun və istilik sistemlərinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün ümumilikdə 258 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına maliyyələşdiriləcək.

Ən böyük vəsait yolların təmirinə ayrılacaq

Sərəncam çərçivəsində ən böyük maliyyələşdirmə istiqamətlərindən biri Naxçıvanın avtomobil yolu infrastrukturunun yenilənməsidir.

Ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan yolların əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat ayrılacaq.

Layihə 2 kəndlərarası yolun, 5 şəhərin və 10 kəndin ərazisində yerləşən avtomobil yollarının əsaslı təmirini əhatə edəcək.

Tivi Su Elektrik Stansiyasına 66 milyon manat

Naxçıvanda enerji təhlükəsizliyinin gücləndirilməsi və bərpa olunan enerji potensialının genişləndirilməsi də əsas maliyyələşdirmə istiqamətlərindən biri olacaq.

Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində tikilən, ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” ASC-yə 66 milyon manat ayrılması nəzərdə tutulub.

Hazırda muxtar respublikada yaşıl enerji layihələri çərçivəsində ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, 36 MVt gücündə “Ordubad” və 15,6 MVt gücündə “Tivi” su elektrik stansiyalarının tikintisi davam etdirilir.

Naxçıvanın ictimai nəqliyyatına 53 milyon manat

Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsinin ilkin mərhələsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat ayrılacaq.

Bu vəsait hesabına muxtar respublikanın şəhərlərarası sərnişindaşıma sisteminin yenilənməsi və nəqliyyat parkının müasirləşdirilməsi nəzərdə tutulur.

Naxçıvan Dövlət Universitetinə 1000 yerlik yataqxana tikiləcək

Naxçıvan Dövlət Universitetində tələbələr üçün yeni yataqxana kompleksinin tikintisi də Sərəncamda nəzərdə tutulan iri layihələr sırasındadır.

1000 yerlik yataqxana kompleksinin tikilməsi üçün Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılacaq.

Bundan əlavə, Naxçıvanda məktəbəqədər təhsil infrastrukturu da genişləndiriləcək.

İş elanları AzVak.az-da

Ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20 milyon manat ayrılacaq.

Yeni bağçalar:

* Naxçıvan şəhərinin Bulqan kəndində – 100 yerlik;

* Ordubad rayonunun Dəstə kəndində – 100 yerlik;

* Şərur şəhərində – 100 yerlik;

* Culfa rayonunun Əbrəqunus kəndində – 240 yerlik;

* Kəngərli rayonunun Qarabağlar kəndində – 100 yerlik olacaq.

Minlərlə mənzilin yerləşdiyi yaşayış binaları təmir ediləcək

Sərəncam yaşayış fondunun yenilənməsini də nəzərdə tutur.

Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzildən ibarət 92 yaşayış binasının tam əsaslı təmiri aparılacaq.

Bundan başqa, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzildən ibarət 70 yaşayış binasının fasad hissələri əsaslı təmir ediləcək.

Bu işlərin həyata keçirilməsi üçün müvafiq şəhər və rayon icra hakimiyyətlərinə ümumilikdə 15 milyon manat ayrılacaq.

5335 mənzilə xidmət edən qazanxanalar yenilənəcək

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində istilik infrastrukturunun yenilənməsi də nəzərdə tutulur.

Ümumilikdə 122 yaşayış binasında yerləşən 5335 mənzilə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat ayrılacaq.

Naxçıvanda iri infrastruktur layihələri davam edir

Sərəncamda qeyd olunur ki, son illər Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastruktur və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, məşğulluğun və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra dövlət proqramları həyata keçirilir.

Artıq Naxçıvan Regional DOST Mərkəzi inşa olunub, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılıb.

Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb, Möminə xatun türbəsində isə bərpa-konservasiya işləri davam etdirilir.

Enerji sektorunda Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək”, Culfa rayonunda 132/110/10 kV-luq “Culfa” və Babək rayonunda 110/35/10 kV-luq “Çeşməbasar” elektrik yarımstansiyalarının inşası başa çatdırılıb.

Eyni zamanda, 400/330/110 kV-luq “Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.

Naxçıvan dəmir yolunun yenilənməsi başlayıb

Muxtar respublikanın nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də iri layihələr həyata keçirilir.

Ümumi uzunluğu 194,2 kilometr olan təkxətli Naxçıvan dəmir yolu xəttinin hazırda 7 kilometrlik hissəsində tikinti işləri aparılır.

Eyni zamanda, Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün hazırlıq tədbirləri görülür.

258 milyon manat necə bölüşdürüləcək?

Prezidentin Sərəncamına əsasən ayrılması nəzərdə tutulan 258 milyon manatın bölgüsü belədir:

* avtomobil yollarının əsaslı təmiri – 70 milyon manat;

* Tivi Su Elektrik Stansiyasının tikintisi – 66 milyon manat;

* şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi – 53 milyon manat;

* Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana – 25 milyon manat;

* 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi – 20 milyon manat;

* yaşayış binalarının əsaslı və fasad təmiri – 15 milyon manat;

* 45 istilik qazanxanasının əsaslı təmiri – 9 milyon manat.

Beləliklə, yeni Sərəncam çərçivəsində vəsaitlərin əsas hissəsi Naxçıvanın yol-nəqliyyat və enerji infrastrukturunun yenilənməsinə yönəldiləcək. Bu iki istiqamətə ictimai nəqliyyat parkı da daxil olmaqla ümumilikdə 189 milyon manat və ya ayrılması nəzərdə tutulan bütün vəsaitin təxminən 73 faizi düşür.

Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə, eləcə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

İş elanları AzVak.az-da

XXX

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.

Son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı və sərəncamları qəbul edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasında aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilmişdir.

Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilmiş, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılmışdır.

Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılmışdır və hazırda Möminə xatun türbəsində bərpa-konservasiya işləri aparılır.

Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək”, Culfa rayonunda 132/110/10 kV-luq “Culfa” və Babək rayonunda 110/35/10 kV-luq “Çeşməbasar” elektrik yarımstansiyalarının inşası başa çatdırılmışdır və 400/330/110 kV-luq ”Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.

Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində yaşıl enerji zonası elan olunmuş muxtar respublikada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, habelə gücü 36 MVt olan “Ordubad” və 15,6 MVt olan “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir.

Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir, o cümlədən 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır.

Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258,0 (iki yüz əlli səkkiz) milyon manat ayrılması nəzərdə tutulsun, o cümlədən:

1.1. Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 66,0 (altmış altı) milyon manat;

1.2. ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kəndin ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70,0 (yetmiş) milyon manat (yolların siyahısı əlavə olunur);

1.3. Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25,0 (iyirmi beş) milyon manat;

1.4. Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15,0 (on beş) milyon manat;

1.5. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20,0 (iyirmi) milyon manat;

1.6. şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53,0 (əlli üç) milyon manat;

1.7. Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9,0 (doqquz) milyon manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə və İqtisadiyyat nazirlikləri, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2026-cı il

12.08.2026 10:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19