"Yeni tədbirlər və yeni sistemin nəticəsində biznesdə artım mərhələsi başlayıb" - MÜSAHİBƏ
“2026-cı il şirkət üçün mühüm transformasiya mərhələsi ilə başlayıb. Fevral ayında bir il davam edən CBS layihəsinin (Core Banking System - Əsas Bank Proqramı, təşkilatın əsas kredit və maliyyə əməliyyatlarını idarə edən mərkəzi sistem - red) tamamlanması şirkətin texnoloji infrastrukturunda və biznes proseslərində ciddi dəyişiklik yaradıb”.
Bunu Marja.az-a müsahibəsində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı MMC-nin İdarə Heyətinin üzvü və Baş Əməliyyat Rəhbəri Zaur Nurməmmədov bildirib.
Onun sözlərinə görə, keçid dövrünün təsirləri ilk rübün nəticələrində özünü göstərsə də, cari ilin aprel ayından etibarən həyata keçirilən tədbirlər və yeni sistemin imkanlarının tam istifadəyə verilməsi nəticəsində biznesdə bərpa və artım mərhələsi başlayıb. Son üç ayda portfeldə artımın qeydə alınması və bu tendensiyanın ilin sonuna qədər davam edəcəyinə dair gözləntilər şirkətin illik hədəflərinə çatmaq imkanlarını da gücləndirir.
Zaur Nurməmmədov ilə Şirkətin 2026-cı il üzrə prioritetləri, yeni CBS-in yaratdığı imkanlar, sahədən kreditvermə, rəqəmsal transformasiya və müştəriyə daha yaxın xidmət modeli barədə danışmışıq. Onunla müsahibəni təqdim edirik.
Portfel yenidən artmağa başlayıb
- Zaur müəllim, 2026-cı il şirkət üçün necə başlayıb? İlk rübün nəticələrini necə qiymətləndirirsiniz?
- 2026-cı il bizim üçün mühüm transformasiya mərhələsi ilə başlayıb. Fevral ayında təxminən bir il davam edən CBS layihəsini tamamladıq. Bu layihəyə şirkətin əsas resursları ilə yanaşı, FINCA Impact Finance (FIF) təşkilatı üzrə qlobal komandanın dəstəyi də cəlb olunmuşdu.
Belə genişmiqyaslı sistem dəyişikliyi fonunda nəticələrə qısamüddətli təsirin olması gözlənilən idi. İlk rübdə CBS-ə keçid ilə əlaqədar müəyyən günlərdə iş prosesində fasilələr yarandı, əməkdaşlarımız təlimlərə və məlumatların miqrasiyası prosesinə cəlb olundular. Bu proses portfelə də təsir göstərdi və ilk rübdə müəyyən azalma müşahidə olundu. Portfeldəki dəyişiklik paralel olaraq PAR (Risk altında olan portfel) göstəricisinə də təsir etdi. Belə ki, qeyd olunan səbəblərə görə ilk rübdə kredit porfelinin 5 milyon manat məbləğində azalması və PAR 30-un 1.5% artması ilə nəticələndi.
Burada iş günlərinin sayının az olması və qeyri-intensiv mövsüm amilinin də rolunu nəzərə almaq lazımdır. Yəni ilk rübün nəticələrini yalnız bir göstərici ilə qiymətləndirmək düzgün olmaz. Əsas məsələ bu keçidin yaratdığı qısamüddətli təsirdən sonra biznesin hansı sürətlə bərpa olmasıdır.
Aprel ayından etibarən proses tədricən stabilləşməyə başladı. Komanda yeni sistemə tam uyğunlaşdı, ilkin texniki məsələlər həll edildi və yeni sistemin imkanlarından daha aktiv istifadə etməyə başladıq.
Daha vacib məqam ondan ibarətdir ki, aprel ayından etibarən həyata keçirdiyimiz tədbirlər artıq nəticələrdə özünü göstərir. Xüsusilə filiallardan verilən kreditlərin şaxələndirilməsi, filialların kreditvermədə rolunun artırılması və yeni sistemin imkanlarından tam şəkildə istifadə nəticəsində son dörd ayda kredit portfelində ciddi artım müşahidə olunur. Təkcə iyul və avqust aylarında kredit portfelində 4,6 milyon manat məbləğdə artım (7%) baş verib ki, bu da son 12 ilin ən yüksək göstəricisidir. Biznes modelinin transformasiyası və aparılan geniş miqyaslı texnoloji tədbirlər bu tendensiyanın daha da artacağını bizə vəd edir.
Bu baxımdan ilk rübdə biznes nəticələrində müşahidə edilən durğunluğa ayrıca baxmaq əvəzinə, transformasiya prosesini və onun ardınca başlayan bərpa dinamikasını birlikdə qiymətləndirmək daha doğru olar. Mövcud dinamika ilin əvvəlində yaranmış itkilərə baxmayaraq, ilin sonunda təşkilatın illik hədəflərinə çatacağına dair gözləntilərimizi gücləndirir.

- Deməli, CBS keçidini yalnız texnoloji layihə kimi qiymətləndirmirsiniz?
- Xeyr. Biz CBS keçidinə yalnız texnologiyanın dəyişdirilməsi kimi baxmırıq. Bu, şirkətin gələcək inkişafı üçün yeni imkanlar yaradan transformasiyadır.
Yeni sistem bizə məhsul çeşidini artırmaq, prosesləri daha çox avtomatlaşdırmaq, kreditləşməni sürətləndirmək və müştəriyə daha yaxın xidmət göstərmək üçün çox geniş imkanlar verir.
Əslində, ilk rübdəki keçid mərhələsindən sonra aprel ayından etibarən əsas diqqətimizi bu imkanların biznes nəticələrinə çevrilməsinə yönəltmişik.
- Bu il şirkətin əsas prioritetləri hansılardır?
- Əsas prioritetlərimizdən biri müştəriyə daha yaxın və keyfiyyətli xidmət göstərməkdir. Bununla yanaşı, biznes kreditləşməsi şirkətin əsas istiqamətlərindən biri olaraq qalır.
Xüsusilə kənd təsərrüfatı sahəsində kreditləşmənin genişləndirilməsi və maliyyə xidmətlərindən kifayət qədər istifadə etməyən, yəni maliyyə xidmətlərinə əlçatanlığı yüksək olmayan seqmentlə daha aktiv işləmək bizim üçün vacibdir.
Digər mühüm istiqamətlər məhsul çeşidinin genişləndirilməsi, kreditləşmə prosesinin sürətləndirilməsi və kredit qərarlarının qəbulunda obyektivliyin daha da gücləndirilməsidir.
Filial şəbəkəsinin kreditləşmədə rolunun artırılması da bu strategiyanın mühüm hissəsidir. Məqsədimiz mövcud kanallarla əhatə edə bilmədiyimiz müştərilərə daha yaxın olmaq və onların ehtiyaclarına daha çevik cavab verməkdir.

- Aprel ayından etibarən hansı konkret addımlar atılıb və bunların nəticələrini necə qiymətləndirirsiniz?
- Aprel ayından etibarən həm yeni CBS-in imkanlarından, həm də biznes modelimizdə etdiyimiz dəyişikliklərdən daha aktiv istifadə etməyə başladıq. Burada sahədən kreditvermənin xüsusi rolunu qeyd etmək lazımdır.
Müştərinin olduğu yerdə kredit prosesini daha çevik təşkil etmək, filialların kreditləşmədə rolunu artırmaq və mövcud kanallarla əhatə edə bilmədiyimiz seqmentlərə çıxmaq əsas istiqamətlərimizdən olub.
Bu addımların nəticəsində son 4 ayda portfeldə 9.2% artım müşahidə olunur. Biz bu dinamikanı müsbət qiymətləndiririk və mövcud tendensiyanın ilin sonuna qədər davam edəcəyini gözləyirik.
İlk rübdəki keçid təsirlərinə baxmayaraq, biznesin yenidən artım trayektoriyasına qayıtması bizim üçün mühüm göstəricidir. Hazırkı dinamika ilin sonunda illik hədəflərimizə çatmaq üçün əsas yaradır.

- Müştərilərin gözləntilərində hansı dəyişiklikləri müşahidə edirsiniz?
- Müştərilər daha yaxın, operativ və keyfiyyətli xidmət istəyirlər. Artıq müştəri yalnız məhsulun özünə deyil, həmin məhsula nə qədər rahat və sürətli çıxış əldə edə bildiyinə də böyük əhəmiyyət verir.
Rəqəmsal kanallardan istifadə səviyyəsinin günbəgün artdığını müşahidə edirik. Filial səfəri olmadan xidmət modelinə maraq artır və düşünürük ki, bu tendensiya qarşıdakı dövrdə də davam edəcək.
Bu dəyişikliklər bizim fəaliyyət modelimizə birbaşa təsir göstərir. Bir tərəfdən rəqəmsal kanalların və texnologiyanın imkanlarından daha geniş istifadə edir, digər tərəfdən isə müştərinin ehtiyaclarına uyğun məhsul və xidmətlərin formalaşdırılmasına diqqət yetiririk.
Kənd yerlərində kreditləşmə daha da genişləndiriləcək
- Müştərilərin konkret olaraq hansı məhsul və xidmətlərə ehtiyacı daha çox hiss olunur?
- Müştərilərdən gələn gözləntilər arasında məhsul çeşidinin genişləndirilməsi xüsusi yer tutur. Xüsusilə kənd kredit məhsullarının daha da genişləndirilməsi və yayılması istiqamətində imkanları qiymətləndiririk.
Bundan əlavə, müxtəlif müştəri seqmentlərinin ehtiyaclarına uyğun yeni məhsulların hazırlanması, loyal müştərilər üçün olan mövcud proqramların genişləndirilməsi də gündəmimizdədir.
Digər tərəfdən, müştərilər daha sürətli kreditləşmə gözləyirlər. Buna görə kredit müraciətindən qərarın qəbuluna qədər olan prosesin sürətləndirilməsi və kredit təsdiqində obyektivliyin daha da möhkəmləndirilməsi üzərində işləyirik.

- Şirkətin böyümə strategiyasında hansı istiqamətlər xüsusi əhəmiyyət daşıyır?
- Böyümə strategiyamızın əsas istiqamətlərindən biri biznes kreditləşməsinin inkişaf etdirilməsidir. Burada xüsusilə kənd əraziləri və bank xidmətlərinə çıxışı məhdud olan seqmentlər önə çıxır.
Bank xidmətlərinə əlçatanlığı yüksək olmayan müştərilərlə daha çox işləmək bizim üçün həm biznes, həm də maliyyə inklüzivliyi baxımından əhəmiyyətlidir. Məqsədimiz bu müştərilərin ehtiyaclarını daha yaxşı anlamaq və onlara uyğun maliyyə məhsulları təqdim etməkdir.
Bununla yanaşı, məhsul portfelinin genişləndirilməsi, yeni kanalların inkişaf etdirilməsi və filiallarla rəqəmsal xidmətlərin bir-birini tamamladığı daha çevik modelin qurulması üzərində işləyirik.
FINCA Azerbaijan mobil tətbiq hazırlayır
- 2026-cı ildə hansı əsas texnoloji və fintex layihələri həyata keçirilir?
- Fintex layihələri bizim üçün prioritet istiqamətlərdən biridir. Bu ildən şirkətin mobil tətbiqinin hazırlanması layihəsi üzərində işə başlamışıq. Bu tətbiq müştərilərə xidmətlərə daha rahat çıxış, müxtəlif əməliyyatları məsafədən həyata keçirmək və şirkətlə daha çevik əlaqə qurmaq imkanları verəcək.
Bununla yanaşı, sahədə kreditvermə prosesini sürətləndirmək üçün xüsusi texnoloji avadanlıqlardan istifadənin tətbiqini planlaşdırırıq. Bu, əməkdaşların müştərinin yanında olarkən kredit prosesinin daha böyük hissəsini operativ şəkildə həyata keçirməsinə imkan verəcək.
Qanunvericiliyin tələbləri çərçivəsində məsafədən kreditləşmə imkanlarını da araşdırırıq. Buraya rəqəmsal imza və digər rəqəmsal həllər daxildir.
Bütün bu layihələrin əsas məqsədi eynidir: müştəri üçün kreditləşməni daha sürətli, rahat və əlçatan etmək.
- Süni intellekt və avtomatlaşdırma bu prosesdə hansı rolu oynayır?
- Rəqəmsal müraciətlərin daha sürətli şəkildə emal olunması üçün AI və digər texnoloji həllərdən istifadə prosesini davam etdiririk.
Bizim üçün texnologiyanın əsas üstünlüyü yalnız prosesləri avtomatlaşdırmaq deyil. Burada əsas məqsəd müştərinin gözləmə müddətini azaltmaq, qərarvermə prosesini daha səmərəli etmək və xidmət keyfiyyətini yüksəltməkdir.
Yeni CBS də bu baxımdan bizə daha geniş imkanlar yaradır. Gələcəkdə texnologiya və avtomatlaşdırmadan daha çox istifadə etməklə həm məhsul çeşidini artırmağı, həm də müştəriyə daha sürətli xidmət göstərməyi hədəfləyirik.
- İnsan kapitalının inkişafı şirkətin gündəmində hansı yeri tutur?
- Texnologiyaya və biznes modelinə yatırımlar qədər insan kapitalına yatırım da bizim üçün vacibdir. Əməkdaşların təlimlər vasitəsilə öyrədilməsi və inkişafı prosesi davam edir. Xüsusilə yeni CBS-in tətbiqi ilə əməkdaşların yeni sistemə uyğunlaşması və onun imkanlarından effektiv istifadə etməsi üçün geniş təlim prosesi həyata keçirildi.
Bununla yanaşı, biz insan kapitalına yalnız cari ehtiyacların qarşılanması prizmasından baxmırıq. Gələcəkdə şirkətdə daha böyük məsuliyyət daşıya biləcək əməkdaşların hazırlanması, daxili kadr potensialının inkişaf etdirilməsi və gələcək rəhbərlərin formalaşdırılması əsas istiqamətlərdəndir.
Məqsədimiz əməkdaşların həm peşəkar, həm də liderlik bacarıqlarının inkişafına şərait yaratmaq və şirkətin uzunmüddətli inkişafını təmin edəcək güclü insan kapitalı formalaşdırmaqdır.

- Qarşıdakı dövr üçün əsas məqsədləriniz nələrdir?
- Əsas məqsədimiz texnologiya, məhsul və xidmət imkanlarımızı inkişaf etdirərək müştəriyə daha yaxın olmaqdır. Yeni CBS-in yaratdığı imkanlardan istifadə, rəqəmsal kanalların genişləndirilməsi, filialların daha effektiv istifadəsi və yeni kredit məhsullarının təqdim edilməsi bu məqsədə xidmət edir.
Eyni zamanda son aylarda formalaşan müsbət portfel dinamikasını qorumaq və inkişaf etdirmək əsas hədəflərimizdəndir. İlk rübdə CBS-ə keçid dövrünün azaldıcı təsirlərinə baxmayaraq, aprel ayından başlayan bərpa və son dörd aydakı portfel artımı ilin qalan hissəsi üçün müsbət gözləntilər formalaşdırır.
Mövcud tendensiyanın davam edəcəyi halda, ilin əvvəlində yaranmış itkilərə baxmayaraq, il sonuna təşkilatın illik hədəflərinə çatacağımızı gözləyirik.
- Qarşıdakı dövrdə müştərilər şirkətdən hansı yenilikləri gözləyə bilər?
- Müştərilərimiz daha sürətli, daha rahat və daha əlçatan xidmət gözləyə bilərlər. Bu istiqamətdə həm texnoloji, həm də biznes modelimizdə dəyişikliklər davam edəcək. Mobil tətbiq, “tablet lending” (kreditləşmə prosesinin planşetlər vasitəsilə tam rəqəmsallaşdırılması - red) , “remote lending” (Məsafədən borclandırma / Məsafədən kreditləşmə - kredit təşkilatlarında müştərinin banka və ya filiallara fiziki olaraq getmədən, tamamilə distant şəkildə kredit alması prosesini - red), rəqəmsal kanalların inkişafı və süni intellekt (AI) əsaslı həllər bu transformasiyanın mühüm hissələridir. Eyni zamanda biznes kreditləşməsinə, xüsusilə kənd ərazilərində və bank xidmətlərinə çıxışı olmayan seqmentə diqqətimizi qoruyacağıq.
Əsas məqsədimiz dəyişmir: müştərinin ehtiyacını daha yaxşı anlamaq, ona uyğun məhsulu daha sürətli təqdim etmək və maliyyə xidmətlərini daha əlçatan etmək.
2026-cı ildə atdığımız addımların məqsədi yalnız texnoloji yenilənmə və ya biznes göstəricilərinin yaxşılaşdırılması deyil. Biz daha çevik, daha müştəriyönümlü və bazarın dəyişən ehtiyaclarına daha sürətli cavab verə bilən şirkət modeli formalaşdırmağa çalışırıq. İlk rübdəki transformasiya mərhələsindən sonra başlayan artım dinamikası da bu istiqamətdə doğru yolda olduğumuzu göstərir.
-Zaur müəllim, müsahibəyə görə təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
55 d. əvvəl
"Yeni tədbirlər və yeni sistemin nəticəsində biznesdə artım mərhələsi başlayıb" - MÜSAHİBƏ
-
-
1 saat əvvəl
İran ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqladı
-
1 saat əvvəl
Unicapital təqdim edir: FINCA-nın yüksək gəlirli manat istiqrazları ®
-
3 saat əvvəl
Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib ®
-
3 saat əvvəl
Azərbaycan və Huawei arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olundu
- 3 saat əvvəl
-
4 saat əvvəl
PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu ®
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK
-
5 saat əvvəl
Dövlət istiqrazlarına güclü tələb: 200 milyonluq buraxılışa 393,5 milyon manat sifariş
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
"Yeni tədbirlər və yeni sistemin nəticəsində biznesdə artım mərhələsi başlayıb" - MÜSAHİBƏ
İran ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqladı
Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu ®
Bakı–Ciddə reysləri sentyabrın 15-dən yenidən başlayır
Dövlət istiqrazlarına güclü tələb: 200 milyonluq buraxılışa 393,5 milyon manat sifariş
Dələduz sizin adınıza kredit götürsə, borcu kim ödəyəcək? - Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
PAŞA Bankın dəstəyi ilə “Qız qalası” baleti yenidən səhnəyə qayıdır
Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb




















