Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni Elantra necədir? - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni Elantra necədir? - FOTOLAR

Altıncı nəsil Hyundai Elantra, yeni görünüşü, təchizatı və daha güclü mühərriki ilə rəqibləri qarşısında mövqeyini gücləndirmiş kimi görünür. Görək həqiqətən elədirmi? "Marja" yeni Elantra-nın test sürüşünü həyata keçirərək avtomobili araşdırıb.

XARİCİ DİZAYN

Elantra görünüş olaraq bir əvvəlki nəsil ilə müqayisədə daha cəlbedici görünür. Hyundai-nin artıq bütün modellərində istifadə etdiyi və sanki səciyyəvi xüsusiyyəti olan altıbucaqlı radiator barmaqlığı Elantra-da da istifadə edilir və avtomobilin qarşıdan çox aqressiv görünməsini təmin edir. Avtomobilin qarşıdan aqressiv görünməsini təmin edən digər detallar, geriyə doğru uzanan kəskin formadakı faralar və buferin aşağısında duman faralarının ətrafında yerləşən qara rəngli bumeranq formalı hissədir. Bütün bu detallar ilə birlikdə, Elantra qarşıdan artıq daha idmansayağı görünür.

Bəs Yeni Elantra-nın profilində hansı dəyişikliklər var? Bundan da sizə qısaca bəhs edək.

Bir əvvəlki nəsildə də Hyundai-nin "axıcı dizayn" fəlsəfəsindən istifadə olunmuşdu və bu dizayn fəlsəfəsi Yeni Elantra-da da qalır. Amma ön palçıqlıq yerindən başlayaraq qapılar boyu davam edən və arxa palçıqlıq yerində başa çatan xətt Yeni Elantra-ya çox yaraşır. Bu xətt profildən avtomobilin daha elit və qəşəng görünməsini təmin edir.

Yeni Elantra-nı 17 düyümlük lehimli disklər ilə ala bilərsiniz. Disklərin sanki fırlanır kimi olan effekti avtomobilin idmansayağı görünüşünə əlavə gözəlik verir.

Ölçülərini araşdırdığımız zaman isə Yeni Elantra əvvəlkindən 2 sm daha uzundur. Bu böyümə böyük ehtimalla yeni bufer dizaynından qaynaqlanır. Bu səbəbdən avtomobilin salonunda böyük bir fərq olmadığını düşünürük.

Yenə də görək, arxa oturacaqda necə bir oturma sahə təqdim olunur?



Arxa kreslolarda eynilə əvvəlki nəsildə olduğu kimi geniş oturma sahəsi və daha çox diz məsafəsi təqdim olunur. Baş məsafəsinin heç də pis olmadığını deyə bilərik. Val tuneli çox alçaqdır və bu səbəbdən arxa kresloda üçüncü sərnişin üçün də rahat oturma sahəsi yaranır. Bütün bunlara əlavə olaraq, burada bir qol söykənəcəyinin olması Elantra-nın sinif gözləntilərinə cavab verdiyini göstərir.

Reklam_3_11



Elantra-nın dizayn baxımından çox irəli getdiyini arxasına baxdıqda da görmək olur. Əvvəlki nəsil ilə müqayisədə avtomobilin arxası daha "gənc" və dinamik görünür. Yeni Elantra-nın arxasında daha kəskin formaya malik Led texnologiyalı faralar istifadə edilir. Dizayn olaraq Elantra-nın hər hansı bir problemi yoxdur.



Elantra-nın baqajı 458 litrlik yükləmə həcminə malikdir. Bu da əvvəlki nəsildən bir az kiçikdir (Əvvəlki nəsildə 485 litr). Amma yenə də sinfinin tələblərinə cavab verən bir həcmə malik olduğunu deyə bilərik.



Yeni Elantra-nın özü kimi baqaj qapısı da “ağıllıdır”. Tutaq ki, Siz alış-verişdən qayıdırsınız və əliniz yük ilə doludur. Bu zaman yükü yerə qoyub əliniz ilə baqajı açmağa ehtiyac yoxdur. Siz avtomobilin arxasına yaxınlaşan zaman yük yeri avtomatik açılır. Həmçinin, baqajı açmaq istədiyiniz zaman Hyundai loqosunun altından və ya içəridən aça bilərsiniz.



DAXİLİ DİZAYN



Yeni Elantra-nın yalnız xarici görünüşü deyil, salonu da diqqəti çəkir. Orta konsol dizaynına nəzər saldığımız zaman artıq sürücü yönümlü və daha rahat salon görürük. Əvvəlki nəslində simmetrik və vurma işarəsinə bənzər orta konsol dizaynı vardı. Amma yeni dizaynın, rəqibləri ilə oxşar səviyyədə, daha gözəl bir mənzərə təqdim etdiyini deyə bilərik.



Orta konsolun yuxarı hissəsində cihazlar panelinin ortasında sensorlu multimedia ekranı yerləşir. Buradan musiqi sisteminə, telefonunuza və naviqasiyaya daxil ola bilərsiniz. Xüsusilə qeyd edək ki, sensorun həssaslığı çox yaxşıdır və asan bir şəkildə istifadə edilir. Multimedia ekranının altında kondisioner düymələri yerləşir və onları da istifadə etmək çox asandır. Göstəricilər və yol kompüteri oxunaqlıdır, izləməkdə heç bir çətinlik çəkmirsiniz. Konsolda kiçik əşyalar üçün “bol” yer təqdim olunur. Sürət qutusunun qolunun qarşısında qapaqlı hissə (burada USB/AUX/ipod girişləri yerləşir), arxasında isə iki stəkan yeri və qol söykəmək üçün yer var.



Əlavə edək ki, Yeni Elantra-da səs sistemi premiumdur və adama xüsusi zövq verir.



Elantra-da istifadə edilən materialların, əvvəlki nəsil ilə müqayisədə daha keyfiyətli olduğu görünür.



Yeni dizayn ilə sükan da dəyişdirilmişdir. Əvvəlki Elantrada dörd qollu (sükanın orta boşluğu 4 hissəyə bölünür) və orta konsoldakına bənzər vurma işarəsini xatırladan bir sükan vardı. Amma indi daha idmansayağı deyə biləcəyimiz üç qollu bir sükan sistemindən istifadə edilir. Sükanın ələ oturuşu yaxşıdır və üzərindəki düymələr vasitəsilə həm bort kompüterini, həm musiqi sistemini, həm də telefonunuzu istifadə edə bilərsiniz.



MÜHƏRRİK VƏ SÜRÜŞ XÜSUSİYYƏTLƏRİ



Yeni Elantra ölkəmizə 2 mühərrik variantı ilə idxal edilir: 2 litirlik və 1.6 litrlik benzin versiyaları. Hər iki mühərrik 7 pilləli DCT avtomatik sürət qutusu ilə təchiz olunur.



Test etdiyimiz avtomobilin 1.6 litrlik benzin mühərriki 136 at gücü və 300 Nm trok hasil edir.



Mühərrikin performansı çox gözəldir. Sizi qətiyyən "rəzil" etmir, 7 pilləli ötürücü qutusu ilə tandem (uyğun) şəkildə çalışır. Pillələrin keçid sürəti yaxşıdır və sarsıntı hiss olunmur. Reaksiya sürətinin də normal olduğunu qeyd edə bilərik. Yəni siz qaz pedalına basdığınız zaman mühərrikin reaksiyası gecikmir.



Yeni Elantra-nın yol tutuşunun da sinifinin tələblərini qarşıladığını deyə bilərik. Xüsusilə, avtomobilin əvvəlki nəslində amartizatorlar bir az yumşaq tənzimlənmişdi və uzun yol dalğalanmasında salonda sizin tullanmanıza və narahatlığınıza səbəb olurdu. Bu komfortsuz bir vəziyyət idi. Lakin yeni nəsildə amartizator daha yaxşı tənzimlənərək bunun qarşısı alınmışdır. Yeni Elantra-da tullanma hissini yaşamırsınız. 



Əvəlki nəsil Elantra-da 3 fərqli rejimdə sükanın sərtliyini seçə bilirdiniz. Yenisində isə buna əlavə olaraq sürüş rejimlərini də dəyişdirə bilirsiniz. EKO, NORMAL və SPORT olmaqla 3 rejim var və onları çarx qolunun yanındakı "Drive mode" düyməsi vasitəsilə seçə bilirsiniz.



Bu rejimlərdən "Sport"u seçdiyiniz zaman sükan bir az da sərtləşir. Qaz reaksiyaları bir az da kəskinləşir və sürət ötürmələri daha yüksək dövrlərdə həyata keçir.



"EKO"nu seçdikdə isə, bütün bunlar tərs şəkildə işləyir və Elantra-nın ən qənaətli şəkildə getməsini təmin edir.



YANACAQ SƏRFİYYATI



Zavod göstəriciləri - şəhər içi 4,7 litr/100km, magistral 3,8 litr/100 km, qarışıq 4,1litr/100 km olan Elantra çox gözəl rəqəmlər təqdim edir. Amma reallıqda sərfiyyat bu göstəricilərdən 2-3 litr çox ola bilər. Yəni, yanacaq sərfiyyatı orta hesabla 6-8 litr arası dəyişir. Elantra-nın bu mənada gözləntilərə cavab verə bildiyi ortadadır.



İzolyasiya məsələsində Elantra sinifində orta səviyyədədir. Yəni yol və külək səsi salonda çox hiss edilmir.



Əhatəli aktiv və passiv təhlükəsizlik paketi ilə istifadəçilərinə tam qoruma təqdim edən Hyundai Elantra, seqmentində ən təchizatlı avtomobillərdən biri olmağa iddia edir.



ƏN ÇOX SATILAN HYUNDAİ MODELİ



Sonda qeyd edək ki, Elantra, Hyundai-nin dünyada bu günə qədər ən çox satılan və tanınan modelidir. Elantra-nın istehsalına hazırlığa 1986-cı ildən başlanıb və 1990-cı ildə bazara təqdim edilib. Elantra sözü "Elan" və "Tra" ifadələrinin birləşdirilməsi ilə yaranıb. Fransızcada "ehtiras" mənasını verən "Elan" sözü "Transport" sözünün qısaldılmış forması olan “Tra” ilə birləşdirilərək "Elantra" halını alıb. Avtomobilin Koreya bazarındakı adı olan "Avante" isə İspanca "İrəli" mənasını verir.



Beşinci nəsili ilə 10 milyonluq satışa çatan Elantra, Hyundai-nin bu müvəffəqiyyətə nail olmuş ilk avtomobilidir.



Yeni Elantra, Azərbaycanda 30.900 manatdan başlayan qiymətlərlə satışa təqdim olunur. Dərhal qeyd edək ki, Yeni Elantra-nın imkanlarını nəzərə alsaq, bu qiyməti avtomobilə ödəməyə dəyər.

 

12.12.2016 13:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ