Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Qida təhlükəsizliyinə nəzarət hələ də təsirsiz və səmərəsizdir"

Rəsmi “Azərbaycan” qəzetində Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini tənqid edən məqalə dərc olunub. Marja məqaləni təqdim edir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qida təhlükəsizliyinə nəzarət hələ də təsirsiz və səmərəsizdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ümumdünya Səhiyyə Təşkilatı apardığı davamlı araşdırmaların nəticələrinə görə, müəyyən ət məmulatlarını, xüsusən də kolbasa və sosiskaları insan sağlamlığı üçün zərərli qidalardan hesab edir.

Qurum sözügedən qida məhsullarının istehlakının sutka ərzində 50 qrama qədər azaldılmasını tövsiyə edir və başlıca səbəb kimi onların çoxmərhələli kimyəvi emalı göstərilir.

Reklam_3_11

ÜST-nin bu xəbərdarlığına baxmayaraq, kolbasa və sosiskalar tez-tez alınan məhsullar siyahısında yer tutmaqla əksəriyyətin, xüsusilə uşaqların ən sevimli qidalarından sayılır.

Lakin zərər tək bununla bitmir. Onsuz da zərərli sayılan bu məhsullara insan orqanizminə daha pis təsir göstərən qatqıların normadan çox əlavə edilməsi onun təhlükəli təsirlərini dəfələrlə artırmış olur.

Xərçəng riskini artırır

İlk olaraq, bu məhsulların nədən zərərli qida hesab olunduğuna aydınlıq gətirək.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Aynur Həsənova bildirir ki, kolbasa və sosiska məhsullarının gündəlik istehlakı insan sağlamlığı üçün zərərlidir. Kolbasanın insan orqanizminə başlıca zərəri (xüsusilə uşaqlar və yaşlılarda) əsasən, tərkibindəki kanserogen maddələrlə əlaqədardır.

Mütəxəssisin fikrincə, həmin maddələr insanda xərçəng xəstəliyinin yaranma riskini artırır. Bu zaman ilk təhlükə həzm sistemi orqanları, xüsusilə mədə və yoğun bağırsaq üçün yaranır: “Həmçinin kolbasanın tərkibindəki duz, bitki və heyvan mənşəli yağların da zərərli təsirləri həddən çoxdur. Bunların istehlakı qanda triqliseridin səviyyəsini artırır, bu da öz növbəsində xolesterin və ürək-damar sisteminin fəaliyyəti ilə bağlı problemlərə gətirib çıxarır. Kolbasa və sosiskaların tərkibindəki konservantlar (xüsusilə hisə verildikdən sonra) və ədviyyatlar mədə divarını qıcıqlandırır. Qastrid, qida allergiyası və mədə-bağırsaq traktının digər müxtəlif xəstəliklərindən əziyyət çəkən şəxslərin sözügedən qida məhsullarını qida rasionundan kənarlaşdırması mütləqdir”.

Keyfiyyətli məhsul necə olmalıdır?

Aynur Həsənova bildirir ki, kolbasa məhsullarının qısa müddətdə istehlak edilməsi məsləhət görülür. Bununla belə, müasir qablaşdırma üsulları (vakuum və ya qaz) istehlak müddətini artırmağa imkan verir. Keyfiyyətli sosiska, sardelka və südlü kolbasaların saxlanma müddəti

30 gün, hisə verilmiş kolbasaların saxlanma müddəti isə 3 aydır. Kolbasa və sosiska məhsulları soyuducuda 0-12°C temperaturda saxlanılmalıdır. Belə şəraitdə məhsullar bir neçə ay müddətində təzə qalır.

Mütəxəssis deyir ki, kolbasa və sosiskanın rənginin çəhrayı-qırmızı rəngdə olması, istehsal prosesində xam məhsulların yekun məhsula qədər keçdiyi mərhələlərdə düzgün ardıcıllığa riayət edilməsindən xəbər verir. Qəhvəyi və ya bozumtul rəngin formalaşması isə məhsulun korlandığını və ya tezliklə korlanacağını göstərir. Məhsulda göy və ya yaşıl ləkələr nişastanın miqdarının çox olmasından xəbər verir. Keyfiyyətli məhsulun tərkibində yağ ağ, keyfiyyətsiz məhsulda isə sarı rəngli olur: “Keyfiyyətli kolbasa və sosiska elastik olmalıdır. Bu, o deməkdir ki, kolbasa və sosiskaya yüngül təzyiq edildikdən sonra bir neçə saniyə ərzində o, öz əvvəlki formasına qayıtmalıdır. Bunun baş verməməsi kolbasa və sosiskanın tərkibində zülalların, qatqı maddələrinin miqdarının çox olmasından xəbər verir. Kolbasa və sosiskanın qabığı bütöv, hamar və quru olmalıdır, qabıqda zədə, selik, ərp yolverilməzdir və farşa tam şəkildə yapışmalıdır. Qabıqda ərp yalnız hisə verilmiş kolbasada ola bilər. Kolbasa, sosiska və sardelkalardan ədviyyatların kəskin ətri gələrsə, bu, məhsulun tərkibinə şübhə doğurur. Hisə verilmiş məhsullarda isə his və ədviyyatın qoxusu ətin qoxusundan tünd olmamalıdır”.

Aynur Həsənova əlavə edir ki, kolbasa və sosiska məhsulları ilkin inqrediyentlərlə dərin emal proseslərini keçdiyi zaman yüksək temperatur və güclü effektə malik kimyəvi maddələrin təsirinə məruz qalır, dadlandırıcı kimi qlütamatdan (E-621) istifadə olunur.

“Çin duzu”nun istifadəsinə bir çox ölkələrdə qadağa qoyulub

Qida sahəsi üzrə ekspert Ağa Salamov deyir ki, E-621 kodu ilə tanınan “Çin duzu”ndan istifadə qidanı qəbul edən insanlarda asılılıq yaradır. “Çin duzu” qidadan asılılıq yaratdığı üçün bir çox ölkələrdə onun istifadəsinə qadağa qoyulub.

Ekspertin sözlərinə görə, bu qatqı həm idxal edilən, həm də yerli kolbasa və sosiska məmulatlarına qatqı kimi istifadə edilir. Bu maddə konservlərin, rafinə olunmuş ət məhsullarının, eyni zamanda idxal edilən burqer ətlərinin də tərkibində var. Ölkəmizdə hazırlanan yerli burqerlərdə isə hələlik bu maddələrdən istifadə edilmir.

Mütəxəssis qeyd edir ki, ət məhsullarının istehsalında məhsulun görünüşünü, rəngini, dadını, qoxusunu və ləzzətini yaxşılaşdırmaq üçün nitrat, ya nitritdən, yaxud hər ikisindən birlikdə istifadə edilir: “Nəzərə alaq ki, nitrat yalnız ət məhsullarında istifadə edilmir. Soğan, kartof, badımcan və digər tərəvəzlər, o cümlədən meyvələr vasitəsilə də orqanizmə nitrat ötürülür. Lakin başqa bir problem odur ki, bəzi hallarda ət məmulatlarının tərkibindəki nitratın pay kütləsi dəfələrlə çox olur. Bu da onun zərərlərini artırır”.

Kolbasaların ətdən ucuz olma səbəbi

Azərbaycanın kolbasa və sosiska bazarında seçim üçün kifayət qədər məhsulun olduğunu deyən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov onların qiymətinin keyfiyyətli ətlə müqayisədə ucuz olduğunu söyləyir.

 O, qiymətin aşağı olmasını xammalların istehsalçıya ucuz başa gəlməsi ilə əlaqələndirir: “Azərbaycanda kiloqramı

3 manata olan “təzə ət” də var. Bu ətlər artıq qocalmış, yemək üçün yararlı olmayan malların ətləridir. Amma onlar heç də murdar ətlər deyillər, təmiz ətlərdilər. Kolbasa sexləri bu ətləri alaraq məhsul istehsal edir”.

AİB sədri deyir ki, yerli istehsal müəssisələri yalnız bu ətlərdən deyil, Hindistandan aşağı qiymətə idxal edilmiş ətlərdən də istifadə edir. Xammalın qiymətinin ucuzluğu yerli kolbasa və sosiskaların qiymətinin xeyli ucuz olmasına səbəb olur.

Eyyub Hüseynov istehsal üçün ətlərin Hindistandan gətirilmə səbəblərini də açıqlayır: “Hindistanda inək əti yeyilmir. Lakin orada digər ölkələrə ixrac üçün heyvandarlıq fermaları saxlanılır və bu fermalar vasitəsilə dünya bazarına ucuz ət çıxarılır. Hindistandan gətirilən ətlər dondurulmuş olsa da, tam təhlükəsiz sayılmır”.

Ölkəmizə süni ətdən hazırlanmış kolbasa və sosiskalar gətirilir

Eyyub Hüseynov yerli kolbasa və sosiskaların xarici məhsullardan keyfiyyətinə görə daha üstün olması qənaətindədir. Onun sözlərinə görə, xaricdən, xüsusilə Rusiyadan gətirilən kolbasa və sosiskaların keyfiyyəti ilə bağlı problemlər var: “Marketlər rəflərində xarici məhsullara daha çox yer ayırırlar. Çox təəssüf ki, Azərbaycan istehlakçıları səhv edərək xarici məhsullara daha çox üstünlük verirlər. Xaricdən ölkəmizə məşhur brendlər adı altında gətirilən kolbasa və sosiskalarda o qədər qatqılar var ki... Həmin məhsulların qiymətləri Azərbaycanda istehsal olunandan ucuz, yararlılıq müddəti də onlardan olduqca çoxdur. Xarici məhsullar aylarla qalsa da xarab olmur. Azərbaycanda istehsal edilən kolbasa və sosiskaların yararlılıq müddəti isə 20 gündən çox olmur”.

Eyyub Hüseynov deyir ki, bir çox ölkələrdə kolbasa və sosiskalar həm də süni ətdən hazırlanır. Bu məhsulların istehsalı üçün soya komponentlərindən, cürbəcür naməlum heyvanların başından, dərisindən və s. istifadə edilir: “Ölkəmizə istehsalda istifadə etmək üçün süni ətlər hələ ayaq aça bilməyib. Ancaq süni ət istehsalçıları öz ölkələrində ondan geniş istifadə edirlər. Ölkəmizə də süni ətdən hazırlanmış kolbasa və sosiskalar gətirilir. Lakin bu barədə həmin məhsulların üzərinə heç nə yazılmır. Ona görə də uzun yol qət etməsinə baxmayaraq, belə məhsulların satış qiyməti Azərbaycan məhsulundan ucuz olur, dadı və görünüşü isə cəlbedici olur. Nəticədə də istehlakçı aldanır. Əldə olunan məlumata görə, belə məhsullar Azərbaycan bazarına daha çox Rusiyadan idxal edilir”.

Qida təhlükəsizliyinə nəzarətdə nöqsanlar niyə düzəlmir?

Ölkəmizin kolbasa və sosiska bazarındakı vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığımız sorğuya isə ümumi şəkildə yalnız belə cavab verdilər ki, qurum qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri aparılır:

“Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan agentliyin müfəttişləri tərəfindən nümunələr götürülür və onlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. Bu prosedur kolbasa və sosiska məhsulları üçün də keçərlidir. Konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilər”.

Əhalinin qida təhlükəsizliyinin təmini ölkənin sağlam gələcəyi, sağlam nəslin yetişdirilməsi deməkdir. Hələ bir necə il əvvəl qida təhlükəsizliyinin təmini məqsədilə yaradılan AQTA-nın fəaliyyətindən gözlənilən ümidlər çox olsa da, belə görünür ki, bunlar özünü doğrultmur. Bu ümidsizlik isə yalnız ət məmulatları bazarındakı mövcud vəziyyətdən irəli gəlmir, oxşar vəziyyət digər qida məhsulları bazarında da özünü göstərir.

AQTA hər dəfə əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində “ardıcıl tədbirlərini” daim davam etdirdiyini söyləsə də, əslində, bu tədbirlərin yetərli və səmərəli olub-olmadığı sual doğurur. Çünki tədbirlərin səmərəsi özünü nəticə olaraq, bazarda göstərməlidir.

AQTA öz məsuliyyətini vətəndaşın boynuna atır

Yeri gəlmişkən, qəzetimizin 2 aprel tarixli sayında dərc edilən “Yediyimiz ətdir, yoxsa leş?! Mənşəyi məlum olmayan ət satışı ilə yanaşı, küçələrdə qanunsuz heyvan kəsiminin də qarşısı alınmır” araşdırma məqaləsi ilə bağlı redaksiyamıza müvafiq dövlət strukturlarından məktublar gəlib. İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev məqalədə toxunulan məqamların nazirlik tərəfindən nəzarətə götürülüb, ətraflı araşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyinə göndərildiyini bildirib.

Həmçinin kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov da qəzetimizə ünvanladığı məktubda qeyd edib ki, Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncamı ilə   qanunsuz heyvan kəsimi və ət satışı probleminin aradan qaldırılması, eyni zamanda bu prosesə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə tapşırılıb. Kənd Təssərüfatı Nazirliyi də məqalədə toxunulan təhlükəli halların qanunvericiliyin tələbləri əsasında araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini agentliyə həvalə edib.

İqtisadiyyat və Kənd Təssürfatı nazirliklərinin məktublarına Qida Təhlükəsizliyi Agentliyinin sözçüsü Mənsur Piriyevin cavabı isə heyrətamiz olduğu qədər də təəssüf doğurandır: “Qanunsuz heyvan kəsimi ilə bağlı istehlakçılar agentliyin çağrı mərkəzinə müraciət edə bilərlər. Hər bir müraciət aidiyyəti üzrə araşdırılır və qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir”.

Yəni, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, ölkədə qanunsuz heyvan kəsimi və zəhərli ət satışı hallarının qarşısının alınmasına birbaşa məsuliyyət daşıyan dövlət qurumu özünün monitorinq, araşdırma aparmasını əsas saymır, məsuliyyəti boynundan vətəndaşa doğru atır! Öz işini vətəndaşdan umur!

Əlbəttə ki, ictimai nəzarət də, əhalinin mənfi hallar barədə məlumat verməsi də lazımdır. Ancaq işini yalnız vətəndaş müraciətləri əsasında qurmaq, öz nəzarət imkanlarını isə minimuma endirmək, həm fəaliyyət öhdəliklərinə, həm də Prezident tərəfindən müəyyənləşən vəzifə səlahiyyətlərinə ziddir!

Agentlik nədənsə bu prosesə hüquqi nəzarəti özünün daşıdığını unudur!

Bu unutqanlığın təhlükəli nəticələrini isə vətəndaş öz həyatında yaşayır!

Hər bir istehlakçı onun hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınacağına, sağlamlığı üçün problem yaratmayacaq məhsulların ona təqdim edilməsinə əmin olmalıdır. İstehlakçı aldığı malın keyfiyyətinə heç bir halda şübhə etməməlidir.

Bunun üçün isə AQTA və digər qurumlar bazarda istehlakçını real olaraq, qoruyan qurum kimi çıxış etməlidirlər. Amma o, istehlakçının hüquqlarını qoruya, qida məhsullarının təhlükəsizliyinə zəmanət verə bilirmi?!

İstehlakçıların fikrincə, hələlik yox!

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

26.05.2021 07:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ