Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda istirahət niyə bahadır?

Təəssüf ki, qiymətlərlə xidmətlərin keyfiyyəti uyğun deyil
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda istirahət niyə bahadır?

“Qiymətlərlə razıyammı? Qətiyyən yox, çünki çox yüksəkdir” - Bu fikirləri son dövrlərin maraqlı turizm marşrutlarından birinə çevrilən Şamaxıdakı alpaka fermasına səyahət edən orta büdcəli yerli turistlərdən biri deyir. Əlavə edir ki, 45-60 dəqiqəlik müddətə fermaya şəxsi tur 80 manat, ailə turu üçün isə böyüklərə 35 manat, uşaqlara 15 manat edir.

Bu yalnız giriş tarifləridir. Yemək, digər gəzinti xərcləri də əlavə olunanda, bölgəyə 8-9 saatlıq (özü də gecələmə olmadan) səfər bir ailə üçün 250 manatdan artıq müəyyənləşir.

Reklam_3_11

Və bu xərc aşağı-yuxarı bütün ölkə boyu demək olar ki, eyni qiymətdə qərarlaşır. Əgər səfərinizə gecələmə də qatılsa, xərclərə 100-150 manat da əlavə olunmalıdır.

Qiymətlərin xidmətlərin keyfiyyətinə uyğun gəlməyən səviyyədə baha olması səbəbindən bu gün Azərbaycanda orta büdcəli insanlar turizm xidmətlərindən yetərincə istifadə edə bilmirlər. Problemin digəri də odur ki, qiymətlərin yüksək olması müqabilində turistlər keyfiyyətli turizm xidmətləri də ala bilmirlər. Bu problem dəfələrlə müxtəlif səviyyələrdə turizm sahəsinin əsas nöqsanı kimi qabardılsa da, təəssüf ki, bu sahədə qiymətlərin endirilməsi müşahidə edilmir, əksinə, qiymətlərin getdikcə bahalaşdığını görürük.

Qiymətlərdə azı 15 faiz artım var

Turizm üzrə ekspert Fariz Hacıyev deyir ki, beşulduzlu hotellərdə yay ayları və bayram günlərində 2 nəfərlik otaqların 1 gecəlik qiyməti 150-300 manatdır. Ölkənin hər hansı bölgəsindəki beşulduzlu hoteldə 2 nəfərlik otaqda qalmaq şərtilə 1 həftəlik istirahətin qiyməti minimum 900-2100 manat arasında dəyişir ki, buna da yalnız səhər yeməyi, otaq və hotel xidmətləri daxildir.

Qiymətlərin hotellərin xidmətlərindən və onların yerləşdiyi rayondan asılı olaraq dəyişdiyini deyən Fariz Hacıyev misal olaraq qeyd edir ki, Şamaxı rayonunda beşulduzlu iki hotel olduğu üçün burada yalnız səhər yeməyi daxil olmaqla, bir həftəlik istirahətin qiyməti müvafiq olaraq 1200-1400 manatdır. Türkiyədə isə bu qiymətə imkanları daha geniş olan hoteldə bütün qidalanmalar daxil olmaqla, 10 gecə istirahət etmək mümkündür.

Ekspert deyir ki, beşulduzlu hotellərlə dördulduzlu hotellərin qiymətlərinin arasında uçurum var. Məsələn, Quba rayonunda dördulduzlu hoteldə iki nəfərlik otağın 1 gecəlik qiyməti 65 manatdırsa, beşulduzlu hoteldə bu qiymət 150 manatdan başlayır.

Bölgələrdə yeni aşağı ulduzlu gecələmə məkanları açılana qədər beşulduzlu hotellərin qiymətlərinin yüksək qalacağı qənaətində olan Fariz Hacıyev nəzərə çatdırır ki, iki il əvvələ qədər ölkəyə çoxsaylı xarici turist gəlirdi: “İndi tələbat yalnız daxilidir. Buna baxmayaraq, qiymətlərdə azalma müşahidə olunmayıb. İstirahət mərkəzlərində ciddi qiymət artımı hiss olunur. Həm restoran xidmətlərinin, həm də koteclərdə gecələmə qiymətlərində pandemiyadan əvvəlki illərə nisbətən ən azı 15 faiz artım var”.

Mütəxəssis bildirir ki, bölgələrə üz tutan paytaxt sakinləri əsasən səhər gedib axşam dönüşü olan istirahətə üstünlük verirlər. Gecələmə ilə rayonlara səfərə çıxan ziyarətçilərin çoxu kirayə evləri, kotec tipli istirahət mərkəzləri və ya 3-4 ulduzlu hotelləri seçirlər.

Onun sözlərinə görə, pandemiyaya qədər ölkəmizə olan turist axını hotel infrastrukturunu kifayət qədər genişləndirdi. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də bu sahəyə investisiya qoyuluşu artdı. Ancaq buna baxmayaraq, hotel kimi fəaliyyət göstərən obyektlər daxili tələbatı ödəməkdə çətinlik çəkir.

Azərbaycan istirahət üçün bahalı yerə çevrilib

İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının professoru Rövşən Quliyev deyir ki, ümumilikdə keyfiyyətlə qiymət nisbətində Azərbaycan istirahət üçün bahalı yerdir. Azərbaycanlıların bu səbəbdən qonşu Gürcüstan və Türkiyəyə səfər etdikləri qənaətində olan iqtisadçı deyir ki, ölkəmizdə rəqabət mühitinin zəif olması qiymətləri bahalaşdırır: “İstirahət qiymətlərinin ucuz olması üçün rəqabət mühitinin olması çox vacibdir. Kimsə bazar gücünün olmasından istifadə edərək haqsız rəqabət aparmamalıdır”.

Rövşən Quliyev nəzərə çatdırır ki, istirahət qiymətlərinin formalaşmasına 3 əsas xidmətin qiyməti təsir göstərir. Bunlar nəqliyyat, yerləşdirmə müəssisəsi və iaşə obyektlərinin göstərdiyi xidmətlərdir.

Nəqliyyat xərcləri haqqında danışan iqtisadçının sözlərinə görə, Azərbaycanda taksi xidmətləri ucuz olsa da, aviaşirkətlərin qiymətləri çox bahadır: “AZAL-ın qiymət tariflərindən narazılıq kütləvi hal alıb. Həm də bəzi aviaşirkətlər var ki, onların qiymətləri başqa ölkələrdə ucuz olduğu halda Azərbaycanda bahadır”.

İqtisadçı alimin sözlərinə görə, ölkə daxilində hotellərin qiymətləri baha təqdim etməsinin əsas səbəbi rəqabət mühitinin zəif olması, hətta demək olar ki, olmaması, bazara yeni subyektlərin daxil olmasına imkan verilməməsidir.

Rövşən Quliyevin qənaətincə, Azərbaycanda dünya brendləri olan hotellər françayzinq forması ilə işləyirlər. Yəni belə hotelləri faktiki olaraq, Azərbaycan subyekti işlədir, qiymətləri o özü müəyyən edir, amma brenddən istifadə etdiyi üçün brend sahibinə pul ödəyir. İaşə xidmətlərinin qiymətlərinə gəldikdə, iqtisadçının fikrincə, bu qiymətlər müxtəlif olsa da, normal hesab oluna bilər.

Rövşən Quliyev hesab edir ki, daxili turizm üzrə qiymətlərin ucuzlaşmasına nail olmaq üçün daha çox hotelçilik sahəsində, xüsusilə kənd yerlərində kiçik və orta sahibkarların imkanlarını genişləndirmək lazımdır. Bir sıra iqtisadi mexanizmləri - aşağı faizli kreditlərin verilməsi, vergi kreditlərinin (verginin təxirə salınması) tətbiqi mexanizmlərini işə salmaqla bu sahəni inkişaf etdirmək olar.

Kiçik hotellərin yaradılması təcrübəsinin Türkiyədə daha çox uğurla tətbiq edildiyini deyən professor orada bunun sayəsində çox sayda ailələrin özləri üçün iş yeri yaratdığını söyləyir.

Tələbatın artması hotellərin qiymətini yüksəldib

Pandemiyadan əvvəl istirahət etmək istəyən Azərbaycan vətəndaşlarının çoxu xarici ölkələrə, daha çox isə Türkiyə və Gürcüstana üz tuturdu. Lakin pandemiya ilə əlaqədar bir çoxları xaricə səfər edə bilmədiyindən daxili turizmdən istifadə edirlər. Bu baxımdan bu il daxili turizm xidmətlərindən istifadə edənlərin sayının daha çox olacağı gözlənilir. Əslində, hazırkı dövr xaricə səfər edən turistlərin ölkə turizminə cəlbi üçün bir fürsət kimi də dəyərləndirilə bilər. Çünki yerləşdiyi hotelin xidmət səviyyəsi, aldığı xidmətlər qane edərsə, turist növbəti istirahətlərini xaricdə deyil, ölkə daxilində etməyə üstünlük verər. Bunun üçün isə turizm subyektləri, o cümlədən hotellər xidmətləri təkmilləşdirərək onu həm qiymət, həm də keyfiyyət baxımından turist üçün cəlbedici edə bilərlər.

Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam deyir ki, ölkədə hotellərə daxili tələbatın artması onların qiymətinin yüksəlməsinə səbəb olub: “Tələbat artdıqda qiymətlərin bahalaşması biznesin bir qaydasıdır. Qiymət yüksəlirsə, hotellərin xidmətlərinin keyfiyyəti, sayı da artmalıdır. Amma Azərbaycanda region hotelleri verdiyi xidmətlərə görə deyil, tələbata və mövsümə görə qiymətləri bahalaşdırırlar. Hotellərin doluluq göstəricisi 50 faizi ötəndə artıq qiymətlər artırılır. Bu daha çox yay aylarında, həftə sonlarında və bayramlarda baş verir”.

Brend hotellərə gəldikdə, baş icraçı direktor bu fikirdədir ki, beşulduzlu hotellərin qiymətləri bütün ölkələrdə yüksəkdir. Amma göstərdikləri servis xidmətlərin sayı, keyfiyyəti, yerləşdikləri ərazi nəzərə alınarsa, Bakıdakı brend hotellərin qiymətləri yüksək hesab edilə bilməz.

Günay Sağlamın qənaətinə görə, ümumən bütün hallarda Azərbaycanda hotellərin qiymətləri digər ölkələrlə müqayisədə çox da yüksək deyil: “Azərbaycan turistləri qiymətləri daha çox Gürcüstan və Türkiyə ilə müqayisə edir. Gürcüstanda da artıq qiymətlər ucuz deyil. Amma Türkiyədə fərqli ulduzlu hotel çox olduğuna görə müxtəlif büdcəli turistin istirahət üçün seçim imkanı çox olur”.

Günay Sağlam Azərbaycanda qiymətlərin bahalaşmasına təsir edən amillərdən biri kimi hotellərin, xüsusilə orta səviyyəli hotellərin sayının az olmasını göstərir. Onun qənaətinə görə, hotel sayı çox olmadıqda müstərinin seçim üçün başqa yolu qalmadığından yalnız təklif olunan yeri rezervasiya etməyə məcbur qalır. Amma Bakıda və regionlarda orta səviyyəli hotellerin sayı artarsa, qiymətlər daha münasib olar, hər müstəri öz büdcəsinə uyğun dincələ bilər. Bu, öz növbəsində daxili turizmin inkişafına təkan verər.

Ekspert Fariz Hacıyev isə deyir ki, Azərbaycanda hotel ləvazimatlarının (hotel sabunu, şampun, diş fırçası və pastası, balzam, daraq və digər hamam ləvazimatları) istehsalı ilə məşğul olan yerli müəssisə yoxdur. Buna görə də ölkəmizdə beşulduzlu hotel qiymətlərinin baha olmasınin ilk səbəbi rəqabət qabiliyyətinin aşağı olmasıdırsa, digər səbəblər kimi gündəlik istifadə olunan hotel ləvazimatlarının xaricdən idxal edilməsi ola bilər. Sadalanan hotel ləvazimatlarının ümumi qiyməti hotellərdən asılı olaraq fərqlidir. Hotellərdə bu ləvazimatların 1 nömrə üçün 1 gecəlik xərci 7 manatdan 40 manata qədər dəyişir.

Qiymətlərin bahalığında turizm şirkətlərinin rolu varmı?

Professor Rövşən Quliyev əlavə edir ki, turizm şirkətləri və ya operatorları xidmətlərin qiymətlərini müəyyən etmirlər, onlar sadəcə vasitəçidirlər. Operatorlar ən yaxşı halda, hoteldəki və təyyarədəki yerləri əvvəlcədən alırlar. Yerlər əvvəldən bronlaşdırılıb alınanda qiymətlər kifayət qədər ucuz, təxminən 50 faiz aşağı olur: “Qiymətlərin baha olması hotel və təyyarə biletlərinin baha olmasından qaynaqlanır. Hotellər və aviaşirkətlər turizm şirkətlərinə yerlərini artıq yüksək qiymətə satırlar. Qiymətlərin baha olmasında şirkətlərin rolu çox cüzidir”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov bildirir ki, turizm şirkətlərinin təqdim etdikləri paketlər onların öz məhsulları deyil. Şirkətlər vasitəçi olduqlarından əsasən tur paketləri formalaşdıraraq müştəriyə təklif edirlər. Şura sədri əlavə edir ki, turizm şirkətlərinin qazancı ümumi qiymətin 3-5 faizini təşkil edir. Hətta elə şirkətlər olur ki, güclü rəqabətə görə məhsullarını 1-2 faiz komissiyon haqqı ilə müştəriyə satmaq məcburiyyətində qalırlar.

Qiymətlərə gəldikdə Göydəniz Qəhrəmanov hesab edir ki, regionlarda fərqli büdcəyə uyğun hotellərin, istirahət mərkəzlərinin, restoranların, əyləncə mərkəzlərinin sayı nə qədər çox olarsa, qiymətlər də bazarın tələbinə o qədər uyğun olacaq: “Rəqabət özü qiymətləri tənzimləyəcək. Dünyanın ən inkişaf etmiş turizm şəhərlərinə nəzər salsaq görərik ki, rəqabət qiymətlərdə öz sözünü deyir”.

İstirahət üçün sərfəli olan yollayış sistemi

Azərbaycanda istirahət qiymətlərinin nisbətən ucuz başa gəlməsi üçün tətbiq edilən ən səmərəli yollardan biri yollayış sistemidir. Ölkədə yollayış sxemi Həmkarlar İttifaqı üzvləri üçün təqdim edilən güzəştli xidmətlərdən ibarətdir. Bu sxemin əhatə dairəsinə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası üzvü olan müəssisə və təşkilatlar daxildir. Təşkilatlar ödədiyi üzvlük haqqına görə güzəştli sağlamlıq və istirahət xidmətlərindən istifadə edə bilirlər. AHİK-in əsas üzvləri dövlət təşkilatları olduğuna görə hazırda yollayışlardan dövlət sektorunda çalışanlar daha çox yararlanırlar. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşən imtiyazlı şəxslər sanatoriyalarda güzəştli xidmətlərdən yararlana bilirlər. Hazırda Azərbaycanda bu ənənədən daha çox müalicə-sağlamlıq turizmində istifadə edilir.

Dövlət Turizm Agentliyinin apardığı araşdırmaya görə, DSMF tərəfindən hər il AHİK sanatoriyalarında müalicə almaları üçün imtiyazlı şəxslərə orta hesabla 1800-2000 yollayış verilir. Azərbaycandan xeyli sayda dövlət qulluqçusu, müəllim, həkim və digər peşə sahibləri sanatoriya-kurort müəssisələrində dincəlməyə üstünlük verirlər.

Araşdırmaya dair hazırlanan hesabatda münasib qiymət amilinin rolu xüsusi olaraq qeyd edilir: “Həmkarlar Təşkilatının tabeliyində olan sanatoriya müəssisələri öz müştərilərinin əhəmiyyətli hissəsinin məhz yerli vətəndaşlar olduğunu nəzərə alırlar. Onlar bazardakı tələbata əsaslanmaqla güzəştli qiymət amilinə, nisbətən uzunmüddətli müalicə-sağlamlığı nəzərdə tutan turizm xidmətlərinin təqdim olunmasına xüsusi fikir verirlər”.

Araşdırma nəticəsində bu qənaətə gəlinib ki, Azərbaycanda müalicə-sağlamlıq müəssisələrindəki qiymətlər rəqib ölkələrin sanator-kurort müəssisələri ilə müqayisədə baha hesab edilə bilməz. Bir sıra hallarda hətta daha ucuz təkliflər müşahidə etmək olar. Buna baxmayaraq, hava nəqliyyatının yüksək qiymətə təqdim olunması müalicə-sağlamlıq paketlərinin baha olması ilə nəticələnir. Belə ki, Azərbaycana qonşu regionlara hava nəqliyyatı ilə daha ucuz qiymətə səfər etmək mümkündür. Bu da turistləri Azərbaycanı ziyarət etməkdən çəkindirən amillərdəndir. Bununla yanaşı, təqdim olunan müalicə prosedurlarının azlığı, asudə vaxtın təşkilinə yönələn tədbirlər çeşidinin məhdud olması gələn turistlərin tələbatını tam ödəməyə imkan vermir.

Qidalanma xidmətlərinə gəldikdə, hesab edilir ki, Azərbaycanda Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan sanatoriyalarda üç dəfə qidalanma təklif olunsa da, keyfiyyət nisbətən aşağı olur. Dörd və beşulduzlu müalicə-sağlamlıq müəssisələrində isə tur-paketə uyğun üç dəfə açıq masa üzrə qidalanma təqdim edilir. Burada dietik qidalanma ilə yanaşı, milli və Avropa mətbəxinin nümunələri təklif edilir. Ümumilikdə, ölkənin aparıcı müalicə-sağlamlıq mərkəzlərində təqdim olunan qidalanma xidməti keyfiyyətinə görə bir-birindən fərqlənir və digər regionların mərkəzlərindən geri qalmır.

Rəqabət artdıqca qiymətlər də aşağı düşəcək

“Azərbaycanda turizm xidmətlərinin qiymətlərinin formalaşmasında dövlət birbaşa iştirak etmir, turizm sahəsində qiyməti dövlət tərəfindən tənzimlənən xidmət yoxdur. Bu sahədə xidmətlərin qiymətlərini bazar tələb-təklif əsasında formalaşdırır” - bunu isə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə açıqlayır.

Agentlik rəsmisi qeyd edir ki, Azərbaycanda bölgələrin təqdim etdiyi turizm xidmətlərinin qiymətləri fərqlidir. Daha çox turist qəbul edən bölgələr bir az baha qiymətlər, turist az qəbul edən bölgələr daha əlçatımlı qiymətlər təqdim edir. Qiymətlərin formalaşmasında mövsümlülük məsələsi də rol oynayır.

Turizm mövsümü zamanı qiymətlərin dəyişdiyini söyləyən Kənan Quluzadə əlavə edir ki, 2019-cu illə müqayisə edilərsə, ölkədə turizm sahəsində qiymətlər sabitdir: “Bəzi regionlarda bir az qiymət artımı var, amma ümumən qiymətlər stabildir. Bakı şəhərində hotellərdə qiymətlər aşağı düşüb. Çünki Bakıdakı hotellər daha çox xarici turizmdən asılıdır. İndi gəlmə turizmi olmadığı üçün bu hotellər daxili turizmə yönəliblər və aşağı qiymətlər təklif edirlər”.

DTA səlahiyyətlisi xaricdəki istirahət qiymətləri ilə Azərbaycandakı istirahət qiymətlərinin eyniləşdirilməsini düzgün saymır: “Bəzən deyilir ki, Azərbaycanda istirahət baha başa gəlir, hansısa ölkədə daha ucuz qiymətə istirahət etmək olar. Bu, streotip bir düşüncədir. Təbii ki, ucuz qiymət dedikdə, ucuz xidmətlər əldə etmək məsələsi də var. Biz xoşlayırıq ki, Azərbaycanda istirahət üçün ən yaxşını seçək. Amma xaricə gedəndə heç də ən yaxşısını deyil, ən əlçatımlısını seçirik və ən əlçatımlı qiymətlə Azərbaycandakı ən yaxşının qiymətini müqayisə edirik. Onda da belə çıxır ki, xaricdə qiymətlər ucuz, Azərbaycanda bahadır. Nəzərə alınmalıdır ki, müqayisə olunanlar eyni klavikasiyaya aid olan xidmətlərin qiymətləri deyillər, fərqli seqmentə aid olan qiymətlər olurlar”.

Azərbacanda daha çox bahalı turizm seqmenti qurulub

Kənan Quluzadə hesab edir ki, ümumilikdə Azərbaycandakı turizm qiymətləri region ölkələrinin qiymətlərindən çox da fərqlənmir: “Elə ölkələr var ki, orada aşağı səviyyəli turizm xidmətləri göstərilir. Bizim ölkədə daha çox bahalı turizm seqmenti qurulub. Amma son illərdə əlbəttə ki, bu sahədə də dəyişikliklər var. Müxtəlif büdcəli xidmətlərin təşkili bizim prioritetimizdir”.

Kənan Quluzadə hesab edir ki, ölkədə hotellərin sayı, turizm bazarındakı rəqabət artdıqca qiymətlər aşağı düşəcək. DTA rəsmisi rəqabətin təmin olunması üçün dövlət tərəfindən görülən işləri də açıqlayır: “Dövlət bölgələrdə daha çox hotel tikintisi yolu ilə buna nail olmaq üçün xüsusi vergi güzəştləri tətbiq edir. Bu da qiymətlərə təsir etmək formalarından biridir. Azərbaycanda artıq hotellərin ulduzlaşması prosesinə də başlanılıb. Bu prosesi Azərbaycan Hotellər Assosiasiyası aparır. Digər tərəfdən, turizmlə bağlı məlumatların əks olunacağı turizm reyestri hazırlanır. Reyestr yaxın aylarda ictimaiyyətə təqdim ediləcək. Burada kimin necə turizm xidmətləri göstərəcəyi qeyd ediləcək”.

Kənan Quluzadə açıqlayır ki, agentlik müxtəlif büdcəli istirahət növlərini seçmək, daxili turizmi təşviq etmək üçün “Macəra yaxındadır” platformasını yaradıb. Bu platforma hesabına turistlər müxtəlif qiymətlərlə xidmətlər əldə edə bilərlər. Onun sözlərinə görə, yerli və xarici turistlərin iştirak etdiyi sorğulara əsasən, regionlarda xidmət göstərən ictimai iaşə obyektləri haqqında məlumatların tapılmasında, xarici qonaqların buradakı xidmətlərdən istifadəsində çətinliklər müəyyən edilib. Bu çətinliklərin aradan qaldırılması və turistlərin səfər məmnuniyyətinin artırılması üçün DTA tərəfindən “Mymenu.az” layihəsi də həyata keçirilir. Layihənin məqsədi regionlardakı restoranlar üçün vahid qiymətlərin tətbiq edilməsi deyil. Əsas məqsəd bölgələrdə ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, standartlara uyğunlaşdırmaq, restoran işinin təşkilini və müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək, onları standartlara uyğun menyularla təchiz etməkdir. Bu layihə turistlərə gedəcəkləri yerdəki mövcud qiymətləri əvvəlcədən öyrənməyə imkan verir.

Yerli turist çarəsizlikdən öz ölkəsində istirahət etməli deyil

Azərbaycan vətəndaşı çarəsizlikdən, seçim olmadığı üçün ölkə daxilində istirahət etməli deyil. Buradakı xidmətlərin keyfiyyəti və qiyməti elə olmalıdır ki, o, çoxsaylı seçimlər arasından ilk olaraq öz ölkəsindəki istirahət məkanlarını seçməli, burada istirahət etməyə üstünlük verməlidir.

Azərbaycanın geniş turizm potensialı vətəndaşın bütün növ turizm xidmətlərindən istifadəsinə imkan versə də, qiymətlərin bahalığı, xidmətlərin əhalinin bütün təbəqələri üçün əlçatan olmaması yetərli qədər yerli vətəndaşın daxili turizmdən faydalanmasına şərait yaratmır. Ölkə daxilindəki turizm xidmətlərinin keyfiyyətə mütənasib olmayan qiymətləri bir çox hallarda vətəndaşları xarici ölkədə eyni qiymətlə başa gələn turizm xidmətlərindən istifadəyə sövq edir.

Bu amili xarici turistlərə də şamil etmək olar. Qiymətlərin keyfiyyətlə uyğunsuzluğunu görən turist ölkəyə təkrar səyahət etməyə bilər. Bir çox dövlətlərin təcrübəsindən məlum olan budur ki, turizm gəlirlərinin formalaşmasında ölkəyə təkrar, yəni 2-ci, 3-cü dəfə səfər edən turistlər xüsusi rol oynayırlar. Xidmətlərin keyfiyyətinin aşağı, qiymətinin baha olması əcnəbi turistin ölkəyə geri dönüşünü əngəlləyən əsas maneədir.

Pandemiyadan əvvəlki ilin - 2019-cu ilin məlumatına görə, Azərbaycana gələn əcnəbi turistlərin 40,6 faizi ölkəyə istirahət, əyləncə məqsədilə gəlib. Ölkəyə sırf istirahət məqsədilə gələn turist sözsüz ki, fərqli istirahət növləri axtarmaqla yanaşı, getdiyi məkanda xidmətlərin qiymətinin münasib olmasını istəyir. Sərfəli qiymət, keyfiyyətli xidmət görməyən turistin ölkəmizə ikinci səfəri isə gözlənilən deyil. Elə yerli turistlərimizin də xaricə axınını bu nöqsanlar şərtləndirir...

İlhamə İSABALAYEVA, “Azərbaycan”

Turizm Fariz Hacıyev Rövşən Quliyev Günay Sağlam Rövşən Quliyev Göydəniz Qəhrəmanov Kənan Quluzadə Mymenu.az
30.07.2021 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ