Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

5-10 manatlıq işə görə 70-100 manat ödənilir - Bir qədər az qazanın

Özəl klinikalar PCR testlərini baha götürürlər
iç səhifə xəbər başlığı altı (mobil)_31
5-10 manatlıq işə görə 70-100 manat ödənilir - Bir qədər az qazanın
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İki aydan sonra iki il olacaq ki, bu boyda dünya balacadan da balaca (deyildiyinə görə, iynənin ucundan milyon dəfə kiçik) bir virusun əlində əsir-yesir qalıb. Müxtəlif zamanlarda Hollivudun kinolarında heyrətliklə seyr edərkən “Allah, sən uzaq elə!” deyib qulaqlarımızı dartmaqla qorxumuzu gizlədə bilmədiyimiz səhnələr başımıza gəlir.

İndi yaxşıdır. Bir tərəfdən öyrəşirik, bir tərəfdən də küçələrdə, parklarda adam olur, iş yerləri açılıb, ticarət və iaşə obyektləri işləyir və ümumiyyətlə, həyat yavaş-yavaş axarına düşür. Amma pandemiyanın sərt qadağalarının tətbiq edildiyi ilk aylar yada düşəndə adamı vahimə bürüyür. Girişi-çıxışı yasaq olunan şəhər və kəndlər, bomboş prospektlər və meydanlar, bağlı qapılar və bir də polis maşınları və ambulansların ara-sıra eşidilən “sirena”ları sanki qorxulu yuxu idi. Üstəlik də Operativ Qərargahın qanqaraldan statistikası və hər birimizə birbaşa, yaxud dolayısı dəxli olan ölüm xəbərləri...

Reklam_3_11

Şükürlər ki, o qara günlər artıq arxada qalıb, hərçənd bəşəriyyətin COVID-19 üzərində tam qələbə qazanmasını elan etmək mümkün olmur. Virus yeni ştamları ilə sanki üzə durub - birinin vaksini tapılıb qurtarmamış, yenisini yaradır. Digər tərəfdən də, peyvəndlərin ölkələr arasında ədalətsiz bölgüsü. Bu işdə də varlı-kasıb, imkanlı-imkansız söhbəti olarmı? Bir yandan dünyanın qloballaşmasından danışırlar, o yandan da dünya fəlakəti ilə mübarizədə sərhədlər cızırlar. Vallah, hansı tərəfə fırladılsa, başa düşülmür.

Lakin virusun nisbətən səngidiyi indinin problemi təkcə bu deyil. Uzağa getməyək, götürək Azərbaycanı. Bəri başdan insaf xatirinə deyək ki, ölkəmizdə pandemiya elan edilən ilk gündən COVID-19-a qarşı mübarizə tədbirləri bir gün də olsa ləngidilməmişdir. İstər lazım olan tibbi avadanlıqlar və dərmanların alınmasında, istərsə də virusa yoluxmuş xəstələrin ambulator müalicəyə cəlb edilmələri üçün ixtisaslaşdırılmış klinikaların yaradılmasında ölkəmiz başqalarına nümunə göstərilmişdir. Elə dünyada bu ilin əvvəlindən başlamış peyvəndləmə prosesində də Azərbaycan başqa ölkələrdən xeyli öndədir. İşin belə təşkilinin nəticəsidir ki, bu gün Azərbaycan həm yoluxmanın, həm də virusdan adambaşına düşən ölüm hallarının sayına görə dünya sıralamasında sonuncu yerlərdədir. 

Bütün bunlar hamısı öyünüləsi faktlar olsa da, o demək deyil ki, COVID-lə mübarizədə heç bir nöqsanımız yoxdur. Təbii ki, var, özü də az deyil. Bu barədə qəzetimiz bir müddət öncə geniş məqalə dərc etdiyindən onların hamısının üzərində dayanmayacağıq. Amma elə faktlar var ki, ünvanına çatsın deyə o barədə dönə-dönə yazmaq, danışmaq, göstərmək lazımdır.

Belə faktlardan biri də camaatın sadəcə “test” dediyi PCR testlərinin qiymətlərinin baha və fərqli olmasıdır. Açığı, biz, məsələn, ərzağın, yanacağın, kommunal xidmətlərin bahalaşmasına adət etmişik. Bazar iqtisadiyyatıdır deyib bunu təbii hal kimi qarşılayırıq. Lakin eyni təyinatlı PCR testinə ayrı-ayrı özəl klinikalarda müxtəlif qiymətlərin təyin olunmasını heç cür başa düşmürük. Düzdür, bu zaman onlar özəl və ona görə də qiymət siyasətində sərbəst olduqlarını əsas gətirib özlərinə bəraət qazandıra bilərlər. Amma bu zaman unutmuş olacaqlar ki, insanların sağlamlığı bazar iqtisadiyyatının hər cür şərtlərindən öndədir. Heç kim PCR testini kefindən vermir və heç kimin də 70-100 manat artıq pulu yoxdur ki, onu dəyəri 5-10 manat olan işə görə ödəsin. Üstəlik də həmin testi müəyyən müddətdən sonra təkrar vermək lazım gəlir, deməli, xərc iki dəfə artır. Sonrası da, kim deyir ki, PCR testini götürən özəl klinika ziyan etsin?! Xeyr, hamı kimi bizim də dediyimiz odur ki, onsuz da digər xəstəliklərin yalan-doğru müalicəsindən “qaz vurub qazan dolduran” özəl klinikalar heç olmasa testdə nisbətən az qazansınlar. Vallah, biznesləri çökməz, əksinə, bir az da alqış sahibi olarlar.

Yoxsa, görün iş o yerə gəlib çatıb ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da komitənin son günlər keçirdiyi dinləmədə bu problemdən danışıb. Özü də sadəcə danışmayıb, əlaqədar mərkəzi icra orqanlarına müraciət edib: “Bununla bağlı Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciət edirəm. Elə etmək olmaz ki, qiymətlər müəssisələrdə eyni olsun?! Bəzilərinin qiymətində hətta 30-40 faiz fərq var. İnsanlarda da belə bir fikir yaranıb ki, bizdə PCR testlərinin qiyməti yüksəkdir. Bunu nə ilə izah etmək oar?! Heç olmasa, bunların qiyməti bütün laboratoriyalarda eyni olsun. Özəl laboratoriya olanda nə olar ki?! Ona da işləmək üçün lisenziyanı Səhiyyə Nazirliyi verir”.

Səhiyyə Nazirliyindən söz düşmüşkən. Məlum olduğu kimi, dövlət tibb müəssisələri də əhalidən PCR testi götürür, özü də ödənişsiz. Lakin bu halda cavab təxminən 3 gün ərzində verilir. Virusun aqressivliyi nəzərə alınarsa, testin cavabı üçün 3 gün çox gecdir, hətta o dərəcədə ki, ciddi yoluxmuş insan bu müddətdə ən yaxşı halda ağır vəziyyətə düşə bilər, ən pis halı isə Allah heç kimə göstərməsin. Deməli, Səhiyyə Nazirliyi, yaxud TƏBİB bu 3 gün məsələsinə də baxmalıdır.

Ümumiyyətlə, COVID-19 bütün dünyada səhiyyə sisteminə yenidən baxılmasının zəruriliyini ortaya qoydu. Böyükdən kiçiyə, varlıdan kasıba hamıya anlatdı ki, bəşəriyyəti heç də maddi sərvət və hərbi güc idarə etmir. Artıq 2 ildir korona adlı virusun dünyanın başına açdığı oyunun şahidləriyik. Ona görə də həmin maddi sərvəti hərbi gücdən daha çox, səhiyyənin inkişafına, başqa sözlə, insanların sağlamlığına yönəltmək vaxtı deyilmi?!

Raqif MƏMMƏDLİ,

“Azərbaycan”

PCR test
12.10.2021 07:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ