BTC 500 milyon ton neft ixracını qeyd edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
BTC 500 milyon ton neft ixracını qeyd edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

bp-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft nəql edib.

Bu barədə bp şirkəti məlumat yayıb.

Reklam_3_11

Məlumatda qqeyd edilib ki. BTC vasitəsilə nəql edilmiş  Xəzər neftinin 500 milyonuncu tonu 12 dekabr tarixində SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4922-ci olan tankerə yüklənərək Triestə (İtaliya) yola salınıb.

500 milyon ton neft ixracı 2006-cı ildə istismara verilmiş BTC boru kəmərinin 15-ci ildönümünə təsadüf edən mühüm bir hadisədir. Bu 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə  dünya bazarlarına nəql edib.

İstismara veriləndən bəri BTC boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib və texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə  nail olub. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “500 milyon ton neft ixracı BTC boru kəmərinin 15-illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir.

BTC-nin inşası özlüyündə nəhəng mühəndislik nailiyyətidir və öz sabit, təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatları ilə bu boru kəməri istismar səmərəliliyinin və dünya səviyyəli fəaliyyətin də gözəl nümunəsidir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duymalıyıq. BTC həqiqətən də hər mənada möhtəşəm bir ixrac sistemidir və  onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən həmçinin  göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm.”

BTC Ko.-nun səhmdarları: bp (30,10%); AzBTC (25,00%); MOL (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

BTC üzrə bəzi əsas faktlar və rəqəmlər

- Uzunluğu 1768km olan  BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün inşa edilib.

- Tikinti mərhələsindən başlayaraq BTC regiona əhəmiyyətli faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb.

- BTC boru kəməri Bosfordan  yan keçməklə, neftin onsuz da yüksək hərəkət sıxlığı olan boğazlar vasitəsilə nəqlinin və bununla bağlı ekoloji risklərin azaldılmasına xidmət  edib.

- BTC boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə dəstək verməklə tranzit ölkələrə  mühüm gəlirlər gətirir.

- BTC layihəsi başlandığı vaxtdan  boru kəmərinin marşrutu boyunca 550-dən çox icma ilə (750 000-dən çox insan) sıx işləməklə minlərlə sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət  gələcəkdə də davam edəcək.

- BTC-nin cari ötürücülük gücü gündəlik 1,2 milyon barel təşkil edir.

- Boru kəməri 46/42/34” diametrli borular vasitəsilə çəkilmişdir. Üç tranzit ölkə boyu kəmərin səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var.

- Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu, yeraltı və  yerüstü kommunikasiya xətləri,  eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

- Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunmuşdur– layihə 2002-ci ilin iyul ayında təsdiqlənmiş və 2006-cı ilin may ayında başa çatmışdır.

- Tikininin ən qızğın dövründə bu işlərə 22000 nəfər cəlb olunmuş (bunların demək olar 80%-ni yerli işçilər təşkil etmişdir), 110 milyondan artıq adam-saat sərf edilmiş, tikintiyə xidmət edən maşınlarla 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – və 220000 boru hissəsi qaynaq edilmişdir.

- BTC xam nefti Ceyhan terminalında ilk tankerə 4 iyun 2006-cı il tarixində yüklənmişdir - təqribən 600000 barel Azəri-Çıraq-Günəşli xam neftindən ibarət ilk həcmlər “British Hawthorn” tankerinə yüklənərək  Ceyhan terminalından yola salınmışdır.

13.12.2021 12:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ