Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dünyada böhran başlayıb, pulumu bankdan çıxarmalıyam?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada böhran başlayıb, pulumu bankdan çıxarmalıyam?

ABŞ-da Silicon Valley Bank (SVB) və Signature Bank-ın uğursuzluqlarından, İsveçrə bankı Credit Suisse-in satılmasından sonra bir çox bank müştərilərini düşündürən sual budur: "Mənim pulum təhlükəsizdir?" Baxmayaraq ki, İsveçrə bankının problemləri ABŞ-ın regional banklarını çökdürən səbəblərdən fərqlidir. Eyni zamanda, qlobal bank böhranının Azərbaycan banklarına birbaşa təsiri mümkün deyil. 

Marja.az yaranmış vəziyyət ilə əlaqədar məqalə hazırlayıb.

NƏ BAŞ VERİB?

ABŞ-da artan faiz dərəcələri ucuz xəzinə (dövlət) istiqrazları deməkdir. Marja.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən banklar xəzinə istiqrazlarına (qiymətli kağızlarına) sərmayə yatırıblar. FED faizləri artırdıqdan sonra xəzinə istiqrazları ucuzlaşıb və bundan narahat olan əmanətçilər SVB-dən pullarını çıxartmağa başladılar. Müştərilərin pullarını (depozitlərini) geri ödəmək üçün SVB saxladığı qiymətli kağızları dəyər-dəyməzinə satmağa başladı (nağdlaşdırdı). Bank maliyyəsini gücləndirmək (kapitalını artırmaq) üçün səhmlərini də satmağa cəhd etdi, amma uğursuz oldu. Bu qərardan sonra Bankın səhmləri sürətlə ucuzlaşdı və vəziyyət daha da ağırlaşdı, onun çökməsinə səbəb olan çaxnaşmaya (həyəcan, təlaş) səbəb oldu. SVB istiqrazları aldığından ucuz satdığından əmanətçilərin pullarını tam qaytara bilmədi və beləliklə müflis oldu. Martın 10-unda ABŞ hökumətinin Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) müflis olan SVB-yə nəzarəti ələ keçirdi. 

SVB-nin iflası, 2008-ci ildə Washington Mutual-dan sonra Amerikada ən böyük bank çöküşü idi.  Washington Mutual (tez-tez WaMu adlandırılırdı) 2008-ci ildə çökənə qədər ABŞ-ın ən böyük əmanət və kredit birliyi idi.

SVB-nin çöküşündən qorxan digər bankların müştəriləri də əmanətlərini bankından tələb etməyə başladılar. Baş ofisi Nyu Yorkda yerləşən Signature Bank-ı üçün vəziyyət pisləşdi. 12 Martda, FDIC, depozitlər sürətlə çıxarılan Signature Bank-ı bağladı.

Hər iki bank öz bizneslərini maliyyələşdirmək üçün yüksək məbləğlərdə sığortalanmamış əmanətlərə malik idi.

15 Martda, İsveçrə bankı Credit Suisse səhmlərinin 30%-ə qədər çökməsini müşahidə etdikdən sonra İsveçrə-nin rəsmi qurumları, ölkənin ikinci ən böyük bankı üçün dəstək elan etdilər. 19 Martda rəsmi qurumların təzyiqi ilə İsveçrənin ən böyük bankı UBS, təcili xilasetmə müqaviləsi çərçivəsində xəstələnmiş rəqibi Credit Suisse-i almağa razılaşdı. Məqsəd, bu ayın əvvəlində Amerika banklarının iflası nəticəsində yaranan təşvişin qarşısını almaqdır.

16 Martda, ABŞ-ın First Republic Bankı, müştəriləri əmanətlərini geri götürdükcə uçuruma yaxınlaşırdı. Vaşinqtonda keçirilən görüşdə ABŞ-ın maliyyə naziri Janet Yellen və Amerikanın ən böyük bankının baş direktoru Ceymi Dimon özəl sektoru xilas etmək üçün planlar hazırladılar. Nəticədə "qanaxmanı" dayandırmaq üçün bir qrup Amerika bankı First Republic bankına 30 milyard dollar nağd vəsait vermək üçün razılaşdılır.

Təcili olaraq Bayden administrasiyası qeyri-adi bir addım ataraq SVB və Signature Bank müştərilərinin ötən bazar ertəsi günündən etibarən bütün pullarına, hətta sığortalanmamış əmanətlərinə çıxış əldə edəcəklərinə zəmanət verdi.

XİLASETMƏ CƏHDLƏRİ NEÇƏYƏ BAŞA GƏLİR?

İndiyə qədər birbaşa mərkəzi bankların dəstəyi olaraq təxminən 200 milyard dollar ayrılıb. Silicon Valley Bank və Signature Bank-dakı bütün əmanətlərə zəmanət verməklə ABŞ Mərkəzi Bankı (FED) 140 milyard dollar ayırıb. Daha sonra İsveçrə Milli Bankının Credit Suisse-ə təcili kredit şəklində təklif etdiyi 54 milyard dollar var. Dünən UBS Credit Suisse bankını almağa razılaşıb. First Republic Bank-a inamı gücləndirmək məqsədi ilə 11 ABŞ bankı ona 30 milyard dollar nağd pul təqdim etmək üçün razılaşıblar. HSBC-nin bazar günü 1 funta satın aldığı SVB-nin İngiltərədəki biznesinə 2 milyard dollardan çox vəsait ayırdığı bildirilir.

FED (ABŞ Mərkəzi Bankı), ABŞ Xəzinədarlıq istiqrazları və dəyərini itirmiş ipoteka ilə təmin edilmiş qiymətli kağızlar müqabilində bir ilə qədər bank kreditləri təklif edəcəyini bildirib. Fed kredit götürən banklar üçün borcun ilkin dəyərini nəzərə alacaq.

FED ötən həftə digər banklara rekord məbləğdə kredit verməyə razılaşıb. Banklar son günlərdə FED-dən təxminən 153 milyard dollar borc götürərək, 2008-ci il böhranı zamanı qeydə alınmış 112 milyard dollarlıq əvvəlki rekordu yeniləyiblər. 

Həmçinin bir sıra bank çökməsinin qarşısını almaq məqsədi ilə ötən həftənin əvvəlində təsis edilmiş FED-in yeni təcili kredit proqramından təxminən 12 milyard dollar kredit götürüblər. 

JPMorgan-dan Maykl Feroli cümə axşamı bildirib ki, bankların çoxlu pula ehtiyacı var. 

KREDİT ALMAQ ÇƏTİNLƏŞƏCƏK?

Bütün bunlar adı çəkilən dövlətlərdə kredit almağı çətinləşdirəcəkmi? Qısa cavab: bəli. Stressli banklar, istər kredit axtaran şirkətlər olsun, istərsə də ipoteka tapmağa çalışan ev alıcıları olsun, borcalanların kredit qabiliyyətinə daha çox diqqət yetirəcəklər.

ABŞ-ın Maliyyə naziri Janet Yellen cümə axşamı Senatın Maliyyə Komitəsinə verdiyi ifadədə "Banklar stres altındadırsa, kredit verməkdən çəkinə bilərlər" deyib. "Kreditin daha bahalı və daha az əlçatan olduğunu görə bilərik", - o bildirib.

Avropa Mərkəzi Bankının sədri Kristin Laqard cümə axşamı jurnalistlərə bildirib ki, “davamlı olaraq artan bazar gərginliyi” artan faiz dərəcələrinə cavab olaraq artıq sərtləşən kredit şərtlərini daha da ağırlaşdıra bilər.

ABŞ-DA ƏMANƏT SIĞORTASI

ABŞ-da Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) əmanətçilərin 250.000 dollara qədər vəsaitlərini sığortalayır. Lakin bir çox şirkətlər SVB-dən bank kimi istifadə edirdilər və buna görə də hesablarında bundan çox məbləğlər var idi. SVB-nin son illik hesabatında bildirilir ki, ABŞ müştəriləri 2022-ci ilin sonuna qədər ən azı 151,5 milyard dollar sığortalanmamış əmanətə sahibdirlər.  

ABŞ bankında vətəndaşın hesabında 250.000 dollardan az pulu varsa, demək olar ki, narahat olacaq bir şey yoxdur. Hər bir əmanət hesabı  250.000 ABŞ dollarına qədər sığortalanır. 

Birləşmiş Krallıqda, Maliyyə Xidmətləri Kompensasiya Sxeminə görə, bank iflas edərsə əmanətçilərə 85.000 funt-sterlinq (102.484 ABŞ dolları) kompensasiya ödənilir. Avropa Birliyində uğursuz bankların müştərilərinə Əmanət Zəmanəti Sxemi çərçivəsində əmanətlərinin 100 000 avro (105 431 ABŞ dolları) geri qaytarılması vəd edilir.  

İsveçrədə əmanətlər tənzimləyici FINMA tərəfindən əmanətlər 100.000 İsveçrə frankına qədər sığortalanır.

AZƏRBAYCANDA ƏMANƏTLƏRİN SIĞORTALANMASI

Azərbaycanda milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yəni, milli valyutada 12%-dən, xarici valyutada isə 2,5%-dən yüksək dərəcələr ilə Banka yatırılan əmanətlər qorunan əmanət hesab olunmur və Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilmir. 05 aprel 2021-ci il tarixindən etibarən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə 100 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fərdi sahibkarların banklarda olan vəsaitlərinin  20 min manata qədər olan hissəsi sığortalanır.

Ekspertlər bildirirlər ki, sığortalanmış əmanətə malik olan vətəndaşlar narahat olmasınlar. Yəni əmanət sığortalıdırsa, burada vətəndaş itirə bilməz, bank iflas olan zaman dövlətə məxsus Əmanətlərin Sığortalanması Fondu kompensasiya ödəyəcəkdir. Dünyada bank böhranı yaşanır deyə, Azərbaycan vətəndaşlarının təcili olaraq banklardan pullarını çıxarması məntiqli deyil. Eyni zamanda, sığortalanmamış əmanətlər yerinə, sığortalanmış əmanətlərə sahib olmaq daha ehtiyatlıdır. Əmanətin və bankın Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalandığından əmin olmaq lazımdır. Hazırda Azərbaycandakı bütün banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Üzv banklarda limitlər və şərtlər çərçivəsində yerləşdirilən əmanətlər sığortalanmış əmanətlər hesab olunur.

Ekspertlər tövsiyə edirlər ki, 100 min manatdan çox pulu olan vətəndaşlar pulunu banklar arasında bölüşdürsünlər. Məsələn, əgər 270 min manatınız varsa, 3 ayrı bankda 90 min manatlıq hesabınız olsun və bu zaman hər bir əmanət sığortalanmış olur.

BANKIMIN UĞURLU VƏ YA UĞURSUZ OLDUĞUNU NECƏ ÖYRƏNƏ BİLƏRƏM?

Müştərilər bankının vəziyyətini müəyyən edə bilmək üçün onun maliyyə hesabatlarını, normativ sənədlərini, audit hesabatlarını və digər bu kimi məlumatlarını izləməlidirlər. Xüsusilə, bankınızın sağlam olub-olmadığını müəyyən etmək üçün depozit daxilolmaları və çıxışlarına, kredit itkilərinə, məcmu kapitalına, mənfəət və zərərinə baxmaq lazımdır. Banklar hər rübdən sonrakı ay maliyyə nəticələrini açıqlayırlar və marja.az saytında bu barədə xəbərlər dərc olunur.

Unutmaq olmaz ki, əgər bank problemlə üzləşirsə, bankın maliyyə vəziyyətindən xəbərdar olanlar bunu birinci biləcəklər və vəsaiti təşviş yaranmamışdan əvvəl geri götürəcəklər.

BƏS ABŞ-DA BAŞLAMIŞ BANK BÖHRANI AZƏRBAYCANA TƏSİR EDƏ BİLƏR?

ABŞ-da başlamış və digər ölkələrə yayılan bank böhranının Azərbaycana birbaşa təsiri yoxdur, amma böhran dərinləşərsə dolayı yollar ilə ölkəmizə də mənfi təsir göstərə bilər. Belə ki, bütün dünyada faizlər artdığından, ABŞ daxil bir sıra ölkələrdə bankların kredit ayırmaları və müştərilər üzrə tələblər sərtləşdirildiyindən kredit qoyuluşları azala bilər. Kreditlərin azalması iqtisadi fəaliyyəti səngidə və ya azalda, nəticədə də yavaşlayan iqtisadiyyatın neftə tələbi azala bilər.  Belə bir ssenari neft qiymətləri daha da düşə bilər. Bank böhranının ötən 10 günündə neft qiymətləri təxminən 83 dollardan 71 dollar səviyyəsinə geriləyib. Neft daha da ucuzlaşarsa, Azərbaycanın ixrac gəlirləri azala və cari əməliyyatlar balansında kəsirə səbəb ola bilər. Belə bir vəziyyət Azərbaycan iqtisadiyyatı, onun valyutası və bankları üçün  təzyiq yarada bilər.

Qlobal investisiya bankı Goldman Sachs çərşənbə günü bildirib ki, bank sektorunda artan stress ABŞ-ın növbəti 12 ay ərzində tənəzzül ehtimalını artırıb. Bank indi hesab edir ki, Amerika iqtisadiyyatının bir il ərzində tənəzzülə daxil olması ehtimalı bank sektorunun çökməsi başlamazdan əvvəl 25%-dən 35%-ə yüksəlib.

ABŞ Mərkəzi Bankı (FED) inflyasiya ilə mübarizə aparmaq üçün faizləri artırır. Bu, bankların portfelində böyük çəkiyə malik olan dövlət istiqrazlarının qiymətinin ucuzlaşmasına gətirib çıxarır. Nəticədə, banklar aktivlərinin azalması ilə itkilərə məruz qalırlar.

Belə bir vəziyyət əmanətçilərin kütləvi şəkildə öz hesablarından pul çıxarmaları üçün ilkin şərtlər yaradır. Bütün bunlar ABŞ hakimiyyətini çox çətin vəziyyətdə qoyur. Onlar iki seçim qarşısında qala bilər - ölkənin maliyyə sistemini xilas etmək və dolları qurban vermək. Və ya əksinə - Dolları xilas etmək və ölkənin maliyyə sistemini qurban vermək. 

Əgər zərurət yaranarsa, maliyyə sisteminin xilası üçün faizlərin artırılması dövrünə son qoyulmalı, hətta faiz dərəcələri aşağı salınmalıdır. Belə olan halda inflyasiya tamamilə nəzarətdən çıxa bilər ki, bu da dollara və onun dünyanın ehtiyat valyutası statusuna çox güclü zərbə vuracaq (Dollar ucuzlaşacaq). Buna görə də, ABŞ tərəfindən böyük miqdarda dollar çap etməyə davam etdirmək artıq mümkün olmayacaq, həm də ona yüksək tələb olmayacaq. ABŞ-ın iqtisadi hökmranlığından istifadə edərək rəqiblərinə sanksiyalar tətbiq etməsi, Rusiya aktivlərinin dondurulmasından sonra yaranan risklər səbəbindən getdikcə daha çox dövlət dollardan istifadəni azaltmağa başlayıb.  Amerika valyutasına tələbat azalır, ona görə də ABŞ öz valyutasını nəzarətsiz çap etmək imkanını itirir.

Analitiklər qeyd edir ki, FED faiz dərəcələrini artırmağa davam edərsə və ümumilikdə inflyasiya ilə mübarizə kursunu davam etdirərsə, bu siyasət dolları dəstəkləyəcək (bahalaşa bilər), lakin ABŞ maliyyə sistemi üçün belə siyasətin nəticələri fəlakətli ola bilər.

Qeyd edək ki, FED növbəti faiz qərarını Martın 22-sində açıqlayacaq.

böhran bank əmanət depozit marja
20.03.2023 11:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Bayramda endirim var!
Bayramda endirim var!
18.06.2024 08:44
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ