Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Birjalarda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birjalarda son vəziyyət
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

Ötən həftə qlobal bazarlar, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) “şahin” addımlarının davam edəcəyinə dair artan narahatlıqlar fonunda eniş tendensiyası ilə yadda qalarkən, bu həftə ABŞ-dakı inflyasiya göstəriciləri və Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı bu həftə investorların diqqət mərkəzində olacaq.

İnflyasiya ilə mübarizə çərçivəsində iyul ayı toplantısında uçot faizini 25 baza bəndi artıraraq 5.25-5.50%-lə son 22 ilin ən yüksək səviyyəsinə çatdıran FED-in ilin son rübündə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər valyuta birjalarında qiymətləri təzyiq altında saxlamağa davam edir.

Reklam_3_11

Analitiklər, ABŞ-da bu həftə açıqlanacaq inflyasiya məlumatlarının bankın monetar siyasətinin gələcəyi ilə bağlı investorların bir sıra suallarına aydınlıq gətirəcəyini ehtimal edirlər.

Ötən həftə xidmət sektoru ilə bağlı məlumatların proqnozlaşdırılandan daha yaxşı çıxması ilə bankın sərtl pul-kredit siyasətini davam etdirə biləcəyi ehtimalları gücləndi.

Analitiklər, enerji qiymətlərindəki son artımların inflyasiyanın artmasına səbəb ola biləcəyini və güclü əmək bazarının Bankın potensial faiz artımı ehtiyacını artıra biləcəyini bildiriblər.

FED-in sentyabr iclasında uçot faiz dərəcəsini sabit saxlayacağının qəti olduğunu ifadə edən analitiklər, valyuta birjalarındakı qiymətlərə görə, bankın noyabr toplantısında faiz dərəcəsini 25 baza bənd artırma ehtimalının 44%-ə qədər yüksəldiyini və bu halın dünya birjalarında qeyri-müəyyənliyi artırdığını düşünürlər.

Analitiklər, əmək bazarı ilə bağlı son açıqlanan məlumatlardan sonra FED-in inflyasiya ilə mübarizə proqramı çərçivəsində əmək bazarının yumşaldılmasının kritik əhəmiyyət kəsb edə biləcəyini qeyd ediblər.

FED rəsmilərinin gələcəkdə atılacaq addımlarla bağlı şifahi rəhbərliyi də investorların diqqət mərkəzində olduğu bir zamanda, Nyu York FED sədri Con Uilyams gələn il işsizlik səviyyəsinin artacağını və 4%-in üzərinə çıxacağını ehtimal etdiyini qeyd edib.

Çikaqo FED sədri Austan Qulsbi, "Müzakirələrimizin artıq faiz dərəcələrinin nə qədər artacağı ilə bağlı olmayacağı bir vaxta sürətlə yaxınlaşırıq" - deyə vurğulayıb.

FED İdarə Heyətinin üzvü Kristofer Uoller, faiz artımlarının sona çatıb-çatmadığını söyləmək üçün daha çox göstəricilərə ehtiyac duyulduğunu və növbəti faiz artımının iqtisadiyyatı resessiyaya sürükləməsinin mümkün görünmədiyini bildirib.

Həmçinin, ötən həftə FED ölkədə iqtisadi fəaliyyətin cari vəziyyətinin qiymətləndirilməsini özündə əks etdirən “Bej Kitab” hesabatını açıqlayıb. Hesabatda iyul və avqust aylarında iqtisadi artımın "mülayim" olduğu və ölkə daxilində əmək bazarında artımın yavaşladığı qeyd edilib.

Ardıcıl 8-ci həftə yüksəliş trendini davam etdirən dollar indeksi (DXY) həftəni 0.8% artımla 105.1 bənd səviyyəsində tamamlayıb və son 7 ayın ən güclü həftəlik bağlanışını edib.

Digər tərəfdən, ötən həftə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının və ixracın azaldılması qərarlarını ilin sonuna qədər uzatdıqlarını açıqlayıb.

Bu xəbərdən sonra "Brent" markalı neftin barel qiyməti ralli qazanıb və həftəni 1.6% bahlaşma ilə 90.60$ həddində başa vuraraq, 2022-ci ilin noyabr ayından bəri ən yüksək həftəlik bağlanışına nail olub.

ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi həftəni təxminən 7 baza bəndi artımla 4.26% səviyyəsində tamamlasa da, istiqraz faizlərinin artması və DXY-da artım tendensiyasının davam etməsi fonunda qızılın qiyməti 1.1% ucuzlaşaraq bir unsiya üçün 1919.2$-a düşüb.

11 sentyabr tarixindən başlayan həftənin xəbər təqvimində Amerikada çərşənbə günü inflyasiya, pərakəndə satışlar, həftəlik işsizlik müavinatı müraciətləri, çərşənbə günü İstehsal Qiymətləri İndeksi, Nyu York FED istehsal indeksi, cümə günü sənaye istehsalının həcmi və Miçiqan FED-dən İstehlakçı Güvən İndeksinin məlumatları təqib ediləcək.

EUR

Ardıcıl 7 həftədir ucuzlaşan EUR/USD məzənnəsi FED-in sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair ehtimalların qüvvətlənməsi fonunda 8-ci həftə də ucuzlaşaraq həftəlik şamı 1.0680 civarında tamamladı və eniş tendensiyasını 9-cu həftəyə də daşımağa müəssər oldu. Əgər “ayılar” məzənnənin qiymətini 1.07$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. 

Keçən həftə Avropa birjalarında satış yönümlü bir tendensiya ön plana çıxarkən, bu həftə bütün diqqətlər Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı ilə yanaşı, qərardan sonra ECB sədri Kristin Laqardın çıxışına yönəlib.

Analitiklər Avropada inflyasiya və resessiya dilemmasının davam etdiyini və regionda son açıqlanan məlumatların qarışıq siqnallar verdiyini bildiriblər.

İqtisadçılar valyuta bazarlarında qiymətlərin formalaşmasında ECB-nin faiz dərəcəsini sabit saxlama ehtimalının üstünlük təşkil etdiyini bildirərək, qərardan sonra bazarlarda volatilliyin arta biləcəyini vurğulayırlar.

GBP

Eniş tendensiyasını 8-ci həftəyə daşıyan GBP/USD məzənnəsi cümə günü 1.2460 həddlərinə qədər gerilədi və həftəlik şamı bu səviyyədə bağladı. Cari həftə ərzində GBP/USD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan və Avrozonadan açıqlanacaq makroiqtisadi göstəricilər eləcə də İngiltərədə əmək bazarı göstəriciləri, ÜDM-in və sənaye istehsalının həcmi, ticarət saldosu kimi önəmli xəbərlər təsir edə bilər. 

Bu həftə çərşənbə axşamı günü Almaniya və Avrozonada "ZEW" iqtisadi ehtimallar indeksi, çərşənbə günü Avrozonada sənaye istehsalının həcmi, cümə axşamı AMB-nin faiz qərarı və sədr Kristin Laqardın çıxışı, cümə günü isə Avrozonanın xarici ticarət saldosu kimi önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

invest-AZ
11.09.2023 10:20

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ