Prezident sualtı tikinti gəmisinin təqdimat mərasimində olub - YENİLƏNİB
Sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “BP-Azərbaycan” şirkətinin prezidenti Qəri Counz, “Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.
Qeyd edilib ki, Bakı gəmiqayırma zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bu layihələrə 25 min ton yükqaldırma gücünə malik “28 May” üzən doku, 50 ton dartıcı qüvvəyə malik olan “SOCAR 1” yedək gəmisini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, “Zəfər”, “Üfüq” və “Turan” sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı gəmiqayırma zavodu 2015-ci ildə “Şahdəniz mərhələ 2” layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan “İsrafil Hüseynov” borudüzən gəmisini, “Tofiq İsmayılov” dalğıc gəmisini, “Azərbaycan” kran gəmisini, “Caspian Endeavour” və “Seabed Supporter” təchizat gəmilərini, “Dədə Qorqud” yarımdalma qazma qurğusunu və “Gilavar” tədqiqat gəmisini qeyd etmək olar. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən iki “RoPax” tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.
Dövlətimizin başçısına “Xankəndi” sualtı tikinti gəmisi haqqında videoməlumat da verilib.
2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanıb. “Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.
Prezident İlham Əliyevə “Şahdəniz-2” layihəsi çərçivəsində görülən işlərlə bağlı da məlumat verilib. Artıq layihə üzrə işlərin 96 faizdən çox hissəsi tamamlanıb. Fəaliyyət dövründə Azərbaycanda 24 min yeni iş yeri açılıb. “Şahdəniz mərhələ 2” üzrə işlənilmə planına bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu ilə qazılan ən az 26 sualtı quyu, suyun 500 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda boru kəmərləri və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. “Şahdəniz mərhələ 2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Buna görə ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni, ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq.
Dövlətimizin başçısı “Xankəndi” sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsib.
Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə “Xankəndi” gəmisinin bütün göyərtə avadanlığı - əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. “Xankəndi” gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.
DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.
Qeyd edək ki, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.
Sonra Prezident İlham Əliyev gəminin işə salınmasını bildirən düyməni basıb.
Qeyd edək ki, “Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə “Şahdəniz mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.
Daha sonra Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edib.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
17 saat əvvəl
Fransada lüks mağazalara hücumlar – Vitrinlər sındırılıb, bahalı mallar aparılıb
-
- 1 gün əvvəl
-
2 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
2 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
2 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
2 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım

























