Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bank 2025-ci ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.

Marja.az-ın məlumatına görə, hesabatda qeyd edilib ki, bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. 2025-ci ilin birinci yarımilinə olan məlumatlara əsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 57, kredit ittifaqlarının (Kİ) sayı isə 36 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı 93 olmuşdur. Bütövlükdə maliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 1.6% təşkil etmişdir5 . 2025-ci ilin birinci yarımili ərzində 1 BOKT-nin lisenziyası ləğv edilmiş, 1 BOKT-yə yeni lisenziya verilmişdir. Hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onlardan 12-ində xarici kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 147 nəfər artaraq 3 693 nəfərə, filialların sayı isə 5 ədəd artaraq 309-a çatmışdır.

2025-ci ilin birinci yarımilində BOKT sektorunun aktivlərinin həcmi kiçilmişdir. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 3% (30 mln. manat) azalaraq 963 mln. manat təşkil etmişdir. Azalmanın əsas payçısı xalis kredit portfeli olmuşdur. BOKT-lərin kreditləşmə fəaliyyətində mövcud olan artım dinamikasına baxmayaraq yarımil ərzində xalis kredit portfeli 6.3% (45 mln. manat) azalmışdır. 15 noyabr 2024-cü il tarixində “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”-nın tətbiqi nəticəsində BOKT-lər üzrə ilk dəfə xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələb gətirilmişdir ki, bu da öz növbəsində xalis kredit portfelinin azalmasını şərtləndirmişdir.

BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində 4.5% (24.4 mln. manat) azalaraq 513 mln. manat təşkil etmişdir. Maliyyə institutları qarşısında kredit öhdəlikləri və digər öhdəliklər (əsasən hesablanmış ödəniləsi vergilər) öhdəliklərin azalmasına əsas təsir edən amillər olmuşdur.

2025-ci ilin birinci yarımilində kredit portfelinin əsas drayveri biznes kreditləri olsa da, istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam etmişdir. Yarımil ərzində cəmi kredit portfeli 0.4% (3 mln. manat) artaraq 811 mln. manat olmuşdur. İpoteka kreditləri üzrə yarımillik artım 16% (7 mln. manat), biznes portfeli üzrə isə 5% (13 mln. manat) olmuşdur. İstehlak kreditləri üzrə isə yarım il ərzində 3% (17 mln. manat) azalma müşahidə olunmuşdur. 2025-ci ilin birinci yarımilinə BOKT-lərin kredit portfelinin 61%-i (495 mln. manat) istehlak kreditləri, 33%-i (266 mln. manat) biznes kreditləri, 6%- i (50 mln. manat) isə ipoteka kreditlərindən ibarət olmuşdur. Biznes portfelinin 35%-i (93 mln. manat) ticarət sahəsinə, 22%-i (60 mln. manat) digər qeyri-istehsal və xidmət sahəsin, 20%-i (54 mln. manat) kənd təsərrüfatı sahəsinə, 16%-i (43 mln. manat) nəqliyyat sahəsinə, 6%-i isə (16 mln. manat) digər sahələrə verilmiş kreditlərindən ibarətdir

Kredit portfelinin keyfiyyəti QİK (Qeyri-işlək kreditlər) portfelinin artımı fonunda pisləşmişdir. Ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk yarımilində sektorun qeyri-işlək kredit portfeli 14% artaraq 128.8 mln. manat təşkil etmişdir. Yarımil ərzində QİK əmsalı isə 1.9 f.b. artaraq 15.9% olmuşdur. QİK əmsalı artımını şərtləndirən əsas amil istehlak kreditləri olmuşdur. Belə ki, QİK portfeli istehlak kreditləri üzrə 5 f.b artaraq 20.8%, biznes kreditləri üzrə 2.8 f.b azalaraq 9.7% təşkil etmişdir. Aparılan təhlillərə əsasən, istehlak kreditlərində QİK əmsalının artımının mütləq əksəriyyəti gündəlik (qısamüddətli) kreditlər hesabına olmuşdur. Yenilənmiş prudensial tələblərlə gündəlik kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Belə ki, prudensial normativlərdə gündəlik kreditlərin yalnız milli valyutada verilməsi, gündəlik faiz dərəcəsinin ən çox 0.3%, qaytarılma müddətinin maksimum 45 gün, borcalana birdəfəlik kreditin maksimal məbləğinin isə 500 manat olması müəyyənləşdirilmişdir. Yeni requlyativ tələblər BOKT-lərin məsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı, istehlakçının ödəmə qabiliyyətinə uyğun borclanmanın təmin olunmasına xidmət edəcəkdir. Bu yanaşma əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir. Mərkəzi Bank BOKT sektorunda gedən cari prosesləri, eləcə də dünyada bu sahədə qabaqcıl ölkələrin təcrübələrini diqqətdə saxlamaqla bu istiqamət üzrə təkmilləşdirmə fəaliyyətini davam etdirəcəkdir.

BOKT sektoru üzrə mənfəətlik xərclər hesabına yaradılan xüsusi ehtiyatlanma fonunda azalmışdır. 2025-ci ilin birinci yarısı BOKT-lər 13.2 mln. manat zərər etmişdir. Sektorun zərər etməsi fonunda ROA və ROE göstəriciləri -2.7% və -2.9% olmuşdur. Prudensial tənzimləmə qaydasında dəyişikliklərdən irəli gələrək xüsusi ehtiyatlanma xalis faiz gəlirlərinin azalmasına və kredit riskləri üzrə ehtiyatların artmasına təsir edərək sektorun zərər etməsinin əsas amillərindən olmuşdur. BOKTlər üzrə ilk dəfə olaraq ehtiyat yaradılması əsas etibarilə cari ilin maliyyə nəticələrinə təsir etmişdir. Növbəti illərdə isə ehtiyatlanmanın BOKT-lərin maliyyə nəticələrinə təsirinin azalması nəticəsində mənfəətlilik göstəricilərinin müsbət dinamikasının bərpa olunması gözlənilir.

Sektorun kapital mövqeyi cüzi azalmışdır. Yarımil ərzində BOKT-lərin kapitalı 1.1% (5.6 mln. manat) azalaraq 451 mln. manat təşkil etmişdir. Sektorun mənfəətliliyinin azalması fonunda əlavə kapital qoyuluşu və kapitalın digər komponentlərindəki artım, sektorun kapitalında kəskin azalmanın qarşısını almışdır. Belə ki, yeni prudensial qaydalarda yeni BOKT-lər üçün nizamnamə kapitalının minimum miqdarına tələbin həcmi artırılmış, həmçinin mövcud və yeni BOKT-lərə kapitalının minimum miqdarına tələb müəyyən edilmişdir. Qeyd olunan hər iki tələb kommersiya hüquqi şəxs kimi yaradılan BOKT üzrə 1 mln. manat, qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT üzrə isə 0.1 mln. manat müəyyən edilmişdir (nizamnamə kapitalına əvvəlki tələb müvafiq olaraq 300 min manat və 30 min manat). Bu isə öz növbəsində əlavə kapital qoyuluşuna səbəb olmuşdur. Nəticədə, 2025-ci ilin birinci yarımilində sektorun nizamnamə kapitalı 31 mln. manat artmışdır. 

03.10.2025 17:57

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18