"Bir həftədə, iki yeni zavod işə salan şirkət – MÜSAHİBƏ"
Deyirlər ki, uğurlu olmaq üçün düşüncələrini uğurlu insanların düşüncələrinə oxşatmaq lazımdır. Bu düşüncələrin münasib və tutarlı olmağı üçün bizim ölkədə və bizim əsrdə yaşayan uğurlu adamları, təşkilatları, komandaları nümünə tutmalıyıq.
“Marja”nın bügünkü müsahibi ölkəmizdə kifayət qədər tanınan METAK şirkətinin direktoru Aydın Kərimovdur.
-Siz böyük bir şirkətin rəhbərisiniz. METAK artıq neçə illərdir ki, fəaliyyət göstərir və bütün ölkədə yaxşı tanınır. Bildiyimizə görə, təkcə son bir həftə ərzində iki yeni zavodunuz işə salınmışdır, açılış mərasiminə hətta Cənab Prezident İlham Əliyev də qatılmışdır. Yeri gəlmişkən, xeyirli-uğurlu olsun! Uğurlarınızın səbəbini nədə görürsünüz?
-Təşəkkür edirəm! Mən uğurlu bir komandanın üzvüyəm və bu komandasız nə dərəcədə uğurlu ola biləcəyimi bilmirəm, amma bir şeyi dəqiq deyə bilərəm - uğur qazanmaq üçün universal resept yoxdur! Əməksevər olmaq, çətinliklərə boyun əymədən hədəfə doğru irəliləmək lazımdır! 20 il ərzində METAK-ın üzləşmədiyi çətinliklər, demək olar ki, qalmayıb, çünki istehsalat biznesi ümumiyyətlə asan iş deyil. Amma eyni zamanda bütün çətinliklər yaxşı müəllim rolunu da oynayır: bizi daha güclü, daha rəqabətədavamlı, daha müdrük olmağa məcbur edir. Heç bir çətinlik əbədi ola bilməz, əsas odur ki, problemləri bəhanə edib cəhd etməkdən usanmayasan. Bir sözlə, manelərə deyil, hədəfə istiqamətlənəsən.
Böyük uğura nail olmağın çox çətin iş olduğunu bilirdim, estafeti alıb şirkətə başçılıq etməyə başlayanda isə bu uğuru qoruyub saxlamağın qat-qat daha çətin iş olduğunu anladım. Sirr uğura çatmaqda deyil, sirr bu hədəfə çatmaqla kifayətlənməməkdədir, əks halda başqaları sizi ötüb keçəcəklər.“İşləyirəm də, neynəyirəm nəyi isə dəyişim” və digər bu kimi ifadələr uğurlu adamın ifadələri və düşüncələri ola bilməz. Hər zaman yeni vasitələrə, üsullara əl atmalıyıq, dar vəziyyətdən qeyri-standart çıxış yollarını tapmağa çalışmalıyıq. Unutmamalıyıq ki, əziyyətsiz, səhvsiz, yormayan uğur yolu olmur!
METAK-ın 20 illik fəaliyyətini əminliklə uğurlu adlandırmaq olar. Bizim əsas sirrimiz hər işə düzgün yanaşmağımız, işdən doymamağımız və, ən əsası, əla komanda ilə işləməyimizdir. Balaxanı və Neftçala zavodlarına gəldikdə isə, bu mühüm layihələr bizə bir sıra üstünlüklər verməklə yanaşı, dövlətimizin inkişafımıza verdiyi güclü təkandır.

-Uğurları ölçən meyar hansıdır?
-Ən əsas meyar istehsal etdiyimiz məhsullardan istifadə edənlərin məmnuniyyətidir. İşdə öz rahatlığını düşünməməlisiniz, özünüz üçün yox, nəticə üçün, yəni müştərinin razı qalması üçün işləməlisiniz. Pis skripkaçının ətrafında dinləyici toplanmaz. Müştərimiz məmnun qalmasa, işimizin nə faydası? İşimizin faydası olmasa, müştərimiz hardan olsun?
Bunu həmişə əsas meyar tutub, başqa işimə uyğun üç əsas meyar seçib onların nəticələrini tez-tez yoxlayıram: istehsal etdiyimiz məhsul və göstərdiyimiz xidmətlər çeşidinin genişliyi (2000 addan çox çeşiddə polad və plastik borular, fitinqlər, fermalar, iskələlər, laboratoriya, təkrar emal olunma və s.), məhsulların qabaritləri (regionda bir ilk olaraq 300 kq-lıq yeşiklər istehsal edirik) və ən əsası - işçilərimizin sayı (artıq 600 nəfərə yaxın). Bütün bunlar işimizin göstəriciləridir.
-Bu qədər işçiyə, onların gördüyü işə nəzarət etmək çətindirmi? Ümumiyyətlə, bununla kim məşğul olur?
-Qalib olmaq üçün qalib komandasında oynamaq lazımdır: uğurlu olmaq üçün özünüzü uğurlu adamlarla əhatə etməlisiniz. Uğursuz, işini sevməyən, özünə əziyyət vermək istəməyən adam Sizə nə cür məsləhət verə bilər, işə nə cür dəyər qata bilər?
Şirkətimizdə də personalın idarəetmə prosesi özümüzəməxsus fəlsəfə üzərində qurulub. Kollektivimizdə hər kəs öz işinin mütəxəssisidir, öz işində uğurludur, birincidir. İşçilərə normal şərait yaradılanda hər kəs öz işini dəqiqliklə yerinə yetirir, öz əməyinə hörmətlə yanaşır, daha yaxşı nəticə əldə etmək həvəsinə düşür. Şirkətimizdə sağlam rəqabət mühiti formalaşıb və məhz bu səbəbdən xüsusi nəzarətə artıq ehtiyac duyulmur. METAK ailə şirkətidir və onun kollektivi böyük bir ailə kimi yaşayır, bu ailənin hər bir üzvünün çətinlikləri və nailiyyətləri bütün ailəyə təsir göstərir. Bunu söz xatirinə demirəm; qeyri-mehriban kollektivdə, gərgin iş mühitində hansı uğurdan danışmaq olardı?

-Dediyiniz kimi, müştərilərinizin məmnunluğu uğurlarınızın göstəricisidir. Əsas müştəriləriniz kimlərdir və onları necə razı salırsınız?
-Məhsullarımızın növləri çoxdur və bir çox sahələrdə öz alıcısını tapır. Məsələn, bir növ işimiz evləri istilik və su sistemləri ilə təmin etməkdir. Təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, biz bu sahədə də çempionuq: bazarın təqribən 65% bizim borularımızdan ibarətdir və bu, bütün öncə dediklərimin nəticəsidir. Polad kimi möhkəm olmaqla yanaşı, plastik kimi elastik olmaq bacarığımız bizə hər iki materialla eyni müvəffəqiyyətlə işləməkdə köməklik edir. Mükəmməl texnologiyamızla yanaşı əsas əmək burada peşəkar komandamızın üzərinə düşür. Biz yerli istehsalçılar arasında öz seqmentimizdə keyfiyyət səviyyəsini müəyyənləşdiririk. Qeyd etmək istərdim ki, ölkəmizi xaricdə də yüksək səviyyədə təmsil edirik: Qazaxıstanda, Rusiyada, Ukraynada bizi artıq bir rəqib kimi tanıyırlar. İndi hədəfimiz digər inkişaf etmiş ölkələrin sərhədlərini aşmaqla bizim seqmentimizdə öz sözünü demiş şirkətlərə güclü rəqib olmaqdır.
-Hal-hazırda ən başlıca məqsədiniz nədir?
-Ən başlıca məqsədimiz METAK-ın adı Azərbaycanda keyfiyyətin sinonimi olduğu kimi, "Made in Azerbaijan" ifadəsini bütün dünyada mükəmməl keyfiyyət anlamına gətirməkdir. Azərbaycan istehsalı olan məhsulları dünyada tanıtmaq və sevdirmək ən böyük arzumuzdur!
-Sizin üçün örnək şəxsiyyət kimdir? Varmı elə bir insan?
-Fikrimcə, bizdən öncə yaşamış dahilərin uğur tarixçələrini bilmək lazımdır, amma əsas örnəklərimiz ətrafımızda olan uğurlu insanlardır. Şəxsən mənim üçün ən böyük nümunə atamdır. Onun məsləhətləri mənim üçün ümumilikdə Kantın, Nitsşenin, Sokratın fəlsəfəsindən üstündür. Gecə-gündüz çalışan, çətinliklərə üzülməyən, öz komandasını heç zaman darda qoymayan bir örnəyimdir. Ən böyük şəxsi arzum oğlum üçün bu cür nümunə olmaqdır.
-Fikirlərinizi bizimlə bölüşdüyünüzə görə çox təşəkkür edirik!
-Müsahibəyə dəvət etdiyiniz üçün təşəkkür edirəm!
© Marja
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Ən çox oxunanlar
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır






















