Bakının torpaq bazarında qiymət “uçuşu”
Bakı torpağı kəskin bahalaşdı – 7 ayda 22,8 faiz artım. Paytaxtda torpağın sotu 16 min manatı keçib. İnvestorların pulu torpağa və yeni tikililərə axır. Daşınmaz əmlak bazarı ikiyə bölünüb: Torpaq bahalaşır, kkommersiya obyektləri ucuzlaşır. Bakıda yeni tikili mənzilin kvadratmetri 2 min 800 manatı keçib. Yeni tikili mənzillər cəmi 21 günə satılır.Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyul ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.
Palatadan Marja.az-a verilən məlumata görə, nəticələr daşınmaz əmlak bazarında vahid qiymət trendinin formalaşmadığını göstərir.
Bazar üzrə əsas xüsusiyyət qiymət və likvidliyin aktivin təyinatı, lokasiyası, investisiya potensialı və sənədləşmə vəziyyətindən asılı olaraq fərqlənməsidir. İyulda artım əsasən torpaq və yeni tikili mənzillərdə, korreksiya isə kommersiya obyektləri, qarajlar və müəyyən icarə seqmentlərində müşahidə olunub.
İyulda ən yüksək qiymət artımı Bakı şəhərinin torpaq bazarında qeydə alınıb. AQP torpaq indeksi aylıq 4,0 faiz, 2025-ci ilin dekabr baza dövrünə nisbətən isə 22,8 faiz artaraq 122,8 bəndə çatıb. Median qiymət 16 371,5 AZN/sot, orta qiymət 18 817 AZN/sot, orta çəkili qiymət isə 12 276 AZN/sot təşkil edib. Orta və median göstəricilər arasındakı fərq premium və kommersiya potensiallı sahələrin bazar qiymətlərinə təsirini, orta çəkili qiymətin aşağı olması isə iri sahələrin daha aşağı vahid qiymətlərlə təklif edilməsini göstərir. Median satış müddəti 27,9 gün, orta müddət 35,8 gün olub. İlkin elan qiyməti ilə faktiki sövdələşmə arasındakı 10,6 faizlik indikativ diskont isə tələbin yüksək qalmasına baxmayaraq, əməliyyatların müəyyən qiymət güzəşti ilə bağlandığını göstərir.
Yeni tikili mənzillər iyulda satış bazarının ən likvid seqmenti olaraq qalıb. AQP indeksi aylıq 1,7 faiz, baza dövrünə nisbətən 6,5 faiz yüksələrək 106,5 bənd təşkil edib. Median qiymət 2 812,5 AZN/m², orta qiymət 2 851 AZN/m², orta çəkili qiymət isə 2 836 AZN/m² olub. Göstəricilərin bir-birinə yaxınlığı qiymət strukturunun nisbətən sabit olduğunu göstərir. Median satış müddətinin 20,6 gün olması yüksək likvidliyə, 6,6 faizlik diskont isə alıcı və satıcı gözləntiləri arasındakı qiymət fərqinin nisbətən məhdud qalmasına işarə edir.
Köhnə tikili mənzillərdə qiymət dinamikası daha sabit xarakter alıb. AQP indeksi iyunla müqayisədə 0,2 faiz azalaraq 103,8 bəndə düşsə də, baza dövründən 3,8 faiz yüksəkdir. Median qiymət 2 616,7 AZN/m², orta qiymət 2 627,8 AZN/m², orta çəkili qiymət isə 2 575,4 AZN/m² təşkil edib. Median satış müddəti 26,1 gün, indikativ diskont isə 5,4 faiz olub. Sonuncu göstərici satış bazarında ən aşağı diskont səviyyəsinin bu seqmentdə formalaşdığını göstərir. Bu nəticə hazır infrastruktura və istifadəyə hazır mənzillərə olan tələbin qiymət gözləntilərini nisbətən sabit saxladığını ehtimal etməyə imkan verir.
Fərdi yaşayış evləri üzrə indeks aylıq 3,4 faiz azalaraq 101,1 bənd təşkil edib. Median satış müddəti 33,9 gün, indikativ diskont 8,3 faiz olub. Qiymət dinamikasında elan portfelinin strukturunun, xüsusilə periferik və daha aşağı büdcəli obyektlərin payının dəyişməsinin təsiri nəzərə alınmalıdır. Kommersiya obyektləri satış bazarında isə ən kəskin korreksiya qeydə alınıb.
AQP Kommersiya İndeksi aylıq 7,5 faiz azalaraq 97,0 bəndə düşüb. Median qiymət 2 828,6 AZN/m², orta qiymət 3 048,7 AZN/m², orta çəkili qiymət isə 2 220,8 AZN/m² olub. Göstəricilər arasındakı ciddi fərq kommersiya bazarının obyekt ölçüsü, təyinat və lokasiya baxımından yüksək heterogenliyini əks etdirir. İndikativ diskontun 9,8 faizə yüksəlməsi qiymət gözləntiləri ilə faktiki bazar şərtləri arasında fərqin genişləndiyini göstərir. Qaraj bazarında da oxşar korreksiya müşahidə olunub: AQP indeksi 5,1 faiz azalaraq 105,0 bənd təşkil edib, diskont isə 12,8 faizlə satış seqmentləri üzrə ən yüksək göstəriciyə çatıb.
İcarə bazarında dinamika seqmentlər üzrə fərqlənib. Yeni tikili mənzillərin kirayə indeksi aylıq 3,2 faiz azalaraq 97,8 bəndə, median icarə haqqı isə 10,59 AZN/m²-ə düşüb. Median icarəyəvermə müddətinin 23,7 gün olması satış bazarındakı yüksək likvidliklə müqayisədə daha balanslı tələb-təklif şəraitinə işarə edir. Fərdi yaşayış evlərinin kirayə indeksi 1,8 faiz azalsa da, 109,5 bənddə yüksək olaraq qalıb. Bu dinamikanın yay mövsümündə bağ evləri və premium villaların təklif strukturunda artan çəkisi ilə qismən əlaqəli olması mümkündür.
Kommersiya obyektlərinin icarə indeksi isə 7,4 faiz azalaraq 97,1 bəndə düşüb. Median icarə haqqı 14,81 AZN/m², median icarəyəvermə müddəti 11,3 gün, indikativ diskont isə 10,5 faiz olub. Qısa icarəyəvermə müddəti tələbin mövcudluğunu, yüksək diskont isə müqavilələrin daha çox bazar şərtlərinə uyğunlaşdırılmış qiymətlərlə bağlandığını göstərir.
İyul göstəriciləri daşınmaz əmlak bazarında sistemli və vahid istiqamətli hərəkətdən çox, seqmentlər üzrə fərqli qiymət və likvidlik dinamikasının formalaşdığını göstərir. Torpaq və yeni tikili mənzillər hazırda kapital axınının və tələbin daha güclü olduğu istiqamətlər kimi seçilir. Köhnə tikililərdə qiymət sabitliyi və aşağı diskont, kommersiya və qaraj bazarında isə daha yüksək qiymət çevikliyi diqqət çəkir.
Növbəti aylarda torpaq və yeni tikili mənzil seqmentlərində artım tempinin müəyyən qədər səngiməklə davam etməsi, köhnə tikililərdə isə qiymətlərin əsasən mövcud diapazonda qalması daha real ssenari kimi görünür. Kommersiya və qaraj seqmentlərində qiymətlərin faktiki gəlirlilik göstəricilərinə daha həssas olması, fərdi evlərin icarə bazarında isə yay mövsümünün başa çatması ilə təklif strukturunun dəyişməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
- 7 d. əvvəl
-
-
18 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 22 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Ən çox oxunanlar
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
























