Azərbaycanla Vyetnam arasında birbaşa aviareyslərin açılması müzakirə olunub
Noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnamın Baş naziri Le Minh Hunq iki ölkə arasında birbaşa aviareyslərin açılması imkanını müzakirə ediblər. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində keçirilən görüşdə turizm sahəsində əməkdaşlıq da gündəmdə olub. Görüş barədə məlumatda birbaşa uçuşların hansı şəhərlər arasında və nə vaxt başlaya biləcəyi açıqlanmayıb. Həmçinin, Azərbaycan və Vyetnam enerji sahəsində birgə istehsal imkanlarını müzakirə edilib. Azərbaycan neft məhsullarını Vyetnam üzərindən region ölkələrinə ixrac edə bilər.Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşü olub.
Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:
-Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezidentə və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnam Hökuməti adından ən səmimi təbriklərimi çatdırmaq və sizi salamlamaq mənim üçün böyük şərəfdir.
Biz hər zaman Azərbaycanda baş verən prosesləri yaxından izləmişik və Sizin rəhbərliyinizlə Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi böyük nailiyyətlər münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirik. İqtisadi inkişafa gəlincə bildirməliyəm ki, 1959-cu ilin iyulunda Prezident Ho Şi Minin Azərbaycana səfəri xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənəsinin təməlini qoyub.
Vyetnam Hökuməti və xalqı milli azadlıq və milli birləşmə uğrunda mübarizəmiz dövründə Azərbaycan xalqının Vyetnama göstərdiyi dəyərli dəstək və yardıma hər zaman yüksək qiymət verib. Biz səmimi-qəlbdən ümidvarıq ki, Azərbaycan bu yeni inkişaf dövründə Vyetnama dəstəyi davam etdirəcək. 2025-ci ilin mayında Baş katib, Prezident To Lamın Azərbaycana tarixi dövlət səfəri və ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığımızın yeni zirvələrə çatması və daha əhəmiyyətli, səmərəli olması üçün bir sıra imkanlar yaratdı.
İki ölkənin hökumətləri nazirliklərə və dövlət qurumlarına liderlərimizin əldə etdiyi razılaşmaları və öhdəlikləri fəal şəkildə, yüksək səviyyədə həyata keçirmək üçün tapşırıqlar verib. Məmnunluq hissi ilə bildirirəm ki, artıq ilkin müsbət nəticə əldə olunub.
Zati-aliləri, siyasi və diplomatik əməkdaşlığa gəlincə, biz 2025-ci ilin iyulunda Hanoyda iqtisadi-ticari, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyanın üçüncü görüşünü, həmçinin birgə Biznes Şurasının birinci görüşünü uğurla keçirdik. Baxmayaraq ikitərəfli ticarət hələ ki, nisbətən aşağı səviyyədədir və sabit artım trayektoriyasına çatmayıb, lakin inkişafa dair ümidverici əlamətlər var.
Hər iki ölkənin bərpaolunan enerji - külək, Günəş enerjisi, ticarət, daşınmaz əmlak və turizm şirkətləri fəaliyyətə başlayıb. Hökumətlərimiz müdafiə, təhlükəsizlik, enerji kimi sahələrdə bütün potensial imkanlarımızı konkret nəticələrə çevirmək, xalqlarımız üçün praktiki faydaları təmin etmək məqsədilə hər zaman çiyin-çiyinə çalışır.
Zati-aliləri, indi isə Sizin fikirlərinizi eşitmək istərdim. Təşəkkür edirəm.
x x x
Sonra çıxış edən Prezident İlham Əliyev deyib:
-Təşəkkür edirəm. Gözəl ölkənizdə olmağa çox şadam. Mənim ölkənizə sonuncu səfərimdən 10 ildən artıq vaxt keçib və mən bir çox dəyişikliklərin şahidiyəm. Ölkənizin sosial və iqtisadi inkişafında bütün nailiyyətlər, həmçinin beynəlxalq arenada böyük uğurlarınız münasibətilə Sizi təbrik edirəm.
Qeyd etdiyiniz kimi, çox şadıq ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezidentin keçənilki səfəri bizim əlaqələrimizin inkişafı baxımından həlledici olmuşdur. O, məni nəzakətlə ölkəsinə dəvət etdi və mən də dəvəti böyük məmnuniyyət hissi ilə qəbul etdim və bir ildən sonra ölkənizdə səfərdəyəm.
Siz ikitərəfli gündəliyimizin çox önəmli məsələlərinə toxundunuz. Münasibətlərimizin tarixi boyunca ölkələrimiz arasında yüksəksəviyyəli həmrəylik və dostluq mövcud olub. Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib. 2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyi gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında.
Sosial-iqtisadi sahəyə gəlincə, müsbət dinamika müşahidə edirik. Lakin əlbəttə, əldə olunan nəticələrlə kifayətlənə bilmərik. Buna baxmayaraq, Sizin qeyd etdiyiniz kimi, hazırda üzərində iş gedən çoxlu önəmli layihələrimiz var, o cümlədən enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələrində.
x x x
Dövlətimizin başçısı Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə toxundu. Azərbaycan Prezidenti bu xüsusda qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Vyetnama, Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin isə Azərbaycana səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayıb.
Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətin həyata keçirildiyini deyən Prezident İlham Əliyev bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində ölkələrimiz arasında əməkdaşlığı vurğuladı.
Prezident İlham Əliyev 2026-cı ilin oktyabrında Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın AQEM-in Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini xatırladaraq, onunla apardığı müzakirələrin əhəmiyyətini qeyd etdi.
Baş nazir Le Minh Hunq Azərbaycanda tezliklə Vyetnamın səfirliyinin açılacağını bildirdi.
Dövlətimizin başçısı Vyetnamın bu addımını yüksək qiymətləndirdi. Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.
Baş nazir Le Minh Hunq vyetnamlı mütəxəssislərin Azərbaycanda neft sahəsində təhsil aldıqlarını xatırlatdı, həmin şəxslərin bu gün də Vyetnamın inkişafında mühüm rol oynadıqlarını dedi.
Söhbət zamanı enerji sahəsində əməkdaşlığa toxunuldu, xüsusilə Azərbaycanın neft məhsullarının Vyetnama və Vyetnam ərazisindən region ölkələrinə ixrac imkanları, birgə istehsal sahələri ilə bağlı məsələlər müzakirə olundu.
Baş nazir Azərbaycanın regionda önəmli mövqeyə malik ölkə olduğunu vurğuladı. Bu xüsusda Vyetnamın Azərbaycanın dəstəyi ilə region ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan bazarının Vyetnam biznes nümayəndələri üçün cəlbediciliyi və onların burada iştirakda maraqlı olmaları qeyd edildi, tikinti, turizm istiqamətləri üzrə əməkdaşlıq, ölkələrimiz arasında birbaşa aviareyslərin açılması məsələləri müzakirə olundu.
Dövlətimizin başçısı Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını bildirdi. Bu xüsusda Azərbaycanın Vyetnamla əməkdaşlığa hazır olduğu vurğulandı.
Le Minh Hunq azərbaycanlı həmkarını Vyetnama rəsmi səfərə dəvət etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
33 d. əvvəl
Azərbaycanla Vyetnam arasında birbaşa aviareyslərin açılması müzakirə olunub
-
36 d. əvvəl
Noyabrın 21-də gözlənilən hava şəraiti - 21 dərəcə isti gözlənilir
-
41 d. əvvəl
Bakı Fond Birjasında qayda pozuntusu aşkarlanıb – Listinq Komitəsinin sədri cərimələnib
- 42 d. əvvəl
-
1 saat əvvəl
Milli Məclisin növbəti iclası noyabrın 24-də keçiriləcək, 10 məsələ müzakirə olunacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AzInTelecom” SİMA həllərini Portuqaliyada keçirilən “Web Summit”də təqdim edib ®
-
2 saat əvvəl
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Noyabrın 21-də gözlənilən hava şəraiti - 21 dərəcə isti gözlənilir
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Milli Məclisin növbəti iclası noyabrın 24-də keçiriləcək, 10 məsələ müzakirə olunacaq
Ən çox oxunanlar
"Rəqəmsal Maliyyə Mərkəzi"nə direktor təyin edilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
ABB DAVR-ın Müşahidə Şurasının sədri Taleh Tahirli oldu
ABB DAVR-a lisenziya verildi
Hotellərin Yeni il proqramları və qiymətləri - 810 manatdan...

















