Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank faiz qərarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank faiz qərarını açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.

Qərar ilə əlaqədar olaraq Mərkəzi Bankın yaydığı açıqlamada deyilir:

Xeber_metn_ichindeki_reklam_3_11

Uçot dərəcəsinə dair qərar inflyasiyanın mövcud dinamikası, ötən iclasdan bəri inflyasiyanın risklər balansında baş vermiş dəyişikliklər, inflyasiyanın ortamüddətli proqnozu və gözləntiləri nəzərə alınmaqla verilmişdir.

Cari ildə inflyasiya səviyyəsi əsasən dünya əmtəə qiymətləri, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, tərəfdaş ölkələrdə inflyasiya kimi qeyri-monetar xərc amillərinin təsiri altında formalaşır. Məcmu tələb amillərində canlanma olsa da, bu amillərin inflyasiya yaratma potensialının davamlığı ilə bağlı tam əminlik yoxdur. Profisitli tədiyə balansı, mövcud makroiqtisadi çərçivə və dedollarlaşma meyilləri qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə monetar şərait anti-inflyasyon xarakterini qoruyur. Bütün bunlar uçot dərəcəsinin dəyişimi ilə bağlı növbəti pauzanın götürülməsinə əsas verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici inflyasiyanın daxili bazara transmissiyası, mövsümi faktorların təsir müddəti, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.

İnflyasiya prosesləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə illik inflyasiya tempi azalmışdır. Rəsmi statistikaya görə iyunda 0.5%-lik deflyasiya olmuş, 12 aylıq inflyasiya 4.7% təşkil etmişdir.

Aylıq deflyasiya ərzaq məhsullarının mövsümi ucuzlaşması hesabına baş vermişdir. İyunda ərzaq məhsulları üzrə qiymət indeksi 1.4% aşağı düşməklə inflyasiyaya azaldıcı təsir etmişdir. İllik ərzaq inflyasiyası 5.3% təşkil etmişdir. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməsi mühüm təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri ilin əvvəlindən 15%, son bir ildə isə 34% yüksəlmişdir.

Ertələnmiş tələbin fəallaşması və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin artımı şəraitində qiymətlər qeyri-ərzaq məhsulları üzrə iyunda aylıq olaraq 0.3%, xidmətlər üzrə 0.1% yüksəlməklə illik əsasda inflyasiya uyğun olaraq 4.6% və 4% təşkil etmişdir. Qiymətlərin qeyri-ərzaq məhsulları üzrə artımında ticarət tərəfdaşı ölkələrində müşahidə olunan yüksək inflyasiya, dünya xammal və aralıq istehlak malları bazarlarında qiymət artımları da mühüm rol oynamaqdadır.

Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-iyun aylarında 2.7% təşkil etmişdir.

İnflyasiya gözləntilərində yüksəlmə müşahidə edilmir. İyunda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi 25% təşkil etmişdir ki, bu da mart ayında olduğundan fərqlənmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri iyun ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində və ticarətdə artmış, tikinti və xidmətdə isə azalmışdır.

Əsasən xərc amillərinin birbaşa və dolayı təsiri nəzərə alınmaqla iyulda 2021-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilmişdir. Cari ildə illik inflyasiyanın elan edilmiş hədəf diapazonun (4±2%) yuxarı həddinə yaxınlaşacağı proqnozlaşdırılır.

Xarici sektor. Ötən iclasdan sonrakı dövrdə qlobal iqtisadiyyatın bərpasının sürətlənməsi və xarici mühitdə yaxşılaşma ölkədə qiymətlər sabitliyini dəstəkləyən amillərdən olmuşdur.

COVİD-19 əleyhinə peyvəndləmənin sürətlənməsi, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması şəraitində qlobal iqtisadiyyatın bərpa prosesi gözləntiləri üstələyir. Beynəlxalq Valyuta Fondunun (BVF) iyulda açıqladığı yenilənmiş proqnozlara görə qlobal iqtisadi artımın 2021-ci ildə 6% olacağı gözlənilir. BVF 2022-ci ilə qlobal iqtisadi artım proqnozunu 0.5% bəndi yuxarıya doğru təshih edərək 4.9%-ə yüksəltmişdir.

Qlobal enerji bazarında qiymətlər də gözləniləndən daha sürətlə artır. Neftə qlobal tələbin 2022-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacağı gözlənilir. Yanacaq məhsullarına tələbdəki yüksək artımla müqayisədə OPEC++ razılaşması çərçivəsində təklifin konservativ artırılması neftin qiymətinə artırıcı təsir etməkdədir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 66 ABŞ dollarını, iyulda isə 74 ABŞ dollarını üstələmişdir. 

Son meyillər nəzərə alınmaqla iyulda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yenidən yüksəlmə istiqamətində təshih edilmişdir. Əlverişli neft qiymətləri ilə yanaşı qeyri-neft ixracının da yüksək sürətlə artması tədiyə balansına müsbət təsir edir. Strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2.7% (1.4 mlrd. ABŞ dolları) artaraq 52.2 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 2% artaraq 6.5 mlrd. ABŞ dollarına çatmışdır. 

Profisitli tədiyə balansı valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində təklifin artması və tələbin azalması ilə müşayiət olunur. Bu da qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə cari ilin ötən dövründə 55 valyuta hərracında 3.2 mlrd. ABŞ dolları satılmışdır ki, bu da orta hesabla hər hərraca 58.7 mln. ABŞ dolları deməkdir. Hərracların 87%-də təklif tələbi üstələmişdir. Cari ilin 30 iyul tarixinə Dövlət Neft Fondunun qrafikə uyğun satılmayan vəsaiti 539 mln. ABŞ dollarıdır.

Valyuta bazarında sabitlik şəraitində bank sektorunda depozit və kredit portfelinin dedollarlaşma tendensiyası davam edir. Belə ki, depozit portfelinin xarici valyutada olan hissəsi 6 ayda 4.1 faiz bəndi azalaraq 49.1% təşkil etmişdir. Kredit portfelinin xarici valyuta hissəsi isə 2.9 faiz bəndi azalaraq 27.3% təşkil etmişdir.

Monetar şərait. Monetar şərait ötən iclasdan bəri əhəmiyyətli dəyişməmiş və uçot dərəcəsi neytrala yaxın qalmışdır ki, bu da inflyasiyanın monetar amillərinə nəzarət etməyə imkan verir.

Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Maliyyə sektorunda yüksək likvidlik şəraitində dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalma meylini saxlayır. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməsə də, real faizlər azalmaqdadır. 

Pul bazası ilin əvvəlindən 4% artmışdır. İlin qalan dövründə pul təklifinin dəyişimi başlıca olaraq dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaqdır.

Kredit aktivliyi inflyasiya təzyiqi yaratmayacaq templərlə yüksəlməkdə davam edir. 6 ayda bank sistemi üzrə kredit portfeli 5%, o cümlədən biznes kreditləri 3%, ipoteka kreditləri 8.4%, istehlak kreditləri 7.6% artmışdır. İstehlak kreditləri üzrə aktivlik əhalinin istehlak optimizmi və ertələnmiş tələbin realizasiyası, banklar tərəfindən isə böhran öncəsi portfelin bərpasına çalışması ilə əlaqədardır. 2021-ci ilin yanvar ayından etibarən Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin məhdudlaşdırılmasına yönələn requlyativ tələblər tətbiq olunmaqdadır.

İqtisadi fəallıq. Milli iqtisadiyyatda bərpa prosesləri sürətlənməkdədir. İqtisadi artım prosesi xarici mühitin yaxşılaşması və stimullaşdırıcı makroiqtisadi çərçivənin həyata keçirilməsi ilə dəstəklənir. Eyni zamanda sosial təcrid tədbirlərinin mərhələli yumşaldılması təxirə salınmış tələbi aktivləşdirir. Pərakəndə ticarət dövriyyəsi və ödənişli xidmətlərin istehlakının illik dəyişimi müsbət zonaya daxil olmuşdur.

Məcmu tələbin bərpası məcmu təklifin də yüksəlməsi ilə müşayiət olunur. 2021-ci ilin 6 ayında Ümumi Daxili Məhsul real ifadədə 2.1%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5.1% artmışdır. O cümlədən, qeyri neft-qaz sənayesində 16.8%, kənd təsərrüfatında 5.7%-lik artım baş vermişdir. Daxili istehsalın artımı şəraitində qeyri-neft ixracı cari ilin 6 ayında 27.5% artmışdır.

Keçirilmiş sorğular iqtisadi aktivliyin artmaqda olduğunu göstərir. Real sektorun monitorinqinə görə iyunda biznes inam indeksi qeyri-neft sənayesi və ticarətdə artmış, xidmət və tikinti sektorlarında isə pozitiv zonada qalmaqla demək olar ki, dəyişməmişdir. Ticarətdə satış gözləntisi, xidmətdə isə tələb gözləntisi yaxşılaşmışdır. Bununla belə qeyri-neft sənaye müəssisələrində istehsal güclərinin yüklənmə səviyyəsi öz maksimum potensialına çatmamışdır.

Risklər balansı. İnflyasiya üzrə risk balansında artırıcı amillərin rolu artsa da, onların dayanıqlığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.

İnflyasiya idxalı və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər kimi xərc amilləri qısamüddətli risk balansında əsas artırıcı amillər hesab edilir. Effektivlik baxımından monetar siyasət və onun transmissiya imkanları daha çox məcmu tələbin inflyasiyaya qalıcı təsirlərinin tənzimlənməsi məqsədini daşıyır. Epidemioloji risklərin reallaşma ehtimalının qalması məcmu tələbin inflyasiyaya təsirinin müvəqqəti və ya davamlı olması ilə bağlı birmənalı fikir söyləməyə imkan vermir. Qiymətləndirmələrə görə ilin ikinci yarısında monetar amillərin inflyasiyaya artırıcı təsiri məhdud olaraq qalacaqdır. Tədiyə balansının yaxşılaşması və valyuta bazarında təklifin genişlənməsi pul siyasətinin başlıca lövbərini – məzənnənə sabitliyini dayanıqlı etməklə qiymətlərə artırıcı təsir edən amilləri əhəmiyyətli neytrallaşdırır.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya riskləri, bazar iştirakçılarının qiymətqoyma davranışları, inflyasiya gözləntiləri, məcmu tələbin artım tempi nəzərə alınmaqla qəbul ediləcəkdir.

Bu qərar 30 iyul 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il sentyabr ayının 17-də ictimaiyyətə açıqlanacaqdır.

XXX

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqladı.

Marja-nın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib ki, Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.

Bugünkü qərar Mərkəzi Bankın 2021-ci ildə faiz dəhlizinin parametrlərinə dair 5-ci qərarıdır. 

Elman Rüstəmov qeyd edib ki, qərar inflyasiya gözləntiləri nəzərə alınaraq qəbul edilib. Ötən iclasdan bəri, inflyasiyanın artım tempi aşağı düşüb.

Sədr bildirib ki, qlobal iqtisadiyyatın artımı gözləntiləri üstələyir. Neft qiymətləri də gözləniləndən sürətlə artıb.

uçot dərəcəsi
30.07.2021 20:00

Müştərilərin xəbərləri

Mobil manşet altı reklam_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşet sağındakı reklam_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
InvestAZ