"11-13 faizlə pul götürüb iş görmək olar, amma real sektorun kreditə tələbi aşağıdır"
Azərbaycanda bankların kredit portfelinin biznes kreditləşməsi hələ də qənaətbəxş deyil.
Faiz çoxluğu, bürokratik əngəllərlə bağlı mütəmadi yazılar dərc etmişik. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov sahibkarlarla görüş keçirib və o, biznes kreditlərində əhəmiyyətli artımı görmədiyini dilə gətirib. Baş bankir Azərbaycanın maliyyə sektorunda canlanma və bərpa proseslərinin getdiyini də vurğulayıb:
“Baxmayaraq ki, sektorda kövrəklik qalıb, banklar restrukturizasiyanın başa çatdırmayıb, amma biz kreditləşmənin artdığını görürük. Lakin yenə də qeyd etmək istəyirik ki, burada başlıca drayver rolunu oynayan istehlak kreditləridir. Biznes kreditlərində əhəmiyyətli artım görmürük. Yəqin ki, bugünkü toplantının da əsas müzakirə mövzularından biri bu olacaq. Yəni biz necə edək ki, real sektorunun kreditləşməsini artıra bilək? Çünki bu, bilavasitə iqtisadi artımla, iqtisadi dinamika ilə əlaqəsi olan seqmentdir”.
Qeyd edək ki, ölkə Prezidentinin iştirakı ilə ötən ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində biznes kreditləşməsinin aşağı olması, istehlak kreditlərinin həcminin sürətlə artması narahatlıq doğuran məqam kimi qeyd olunmuşdu. Keçmiş iqtisadiyyat naziri Şahin Mustafayev isə bu məsələdə bankların məsuliyyət daşıdığını bəyan etmişdi.
Analitiklər hesab edir ki, banklar biznes krediti verməməsinin müxtəlif səbəbləri var. Birinci səbəb kimi bankların əvvəlki bəsit mexanizmlərlə kredit verməməsi göstərilir. Bu qayda ilə verilən kreditlər müəyyən müddətdən sonra banklar üçün yeni problemli kredit məhsulu hesab olunur.
Azərbaycanda biznes kreditləşməsinin aşağı səviyyədə olmasının səbəbləri, eləcə də vəziyyətdən çıxış yollarını iqtisadçı, bank-maliyyə sahəsi üzrə ekspert Elman Sadıqov şərh edib. O bildirib ki, Mərkəzi Bank sədrinin qeyd etdiyi təsdiqlər tamamilə yerindədir:
“2019-cu ildə bank sektoru həm aktivlər, həm portfel, həm depozitlər, həm də digər balans göstəriciləri üzrə artım nümayiş etdirdi. Amma real sektorun kreditləşməsi 2019-cu ilin əsas mövzusu olaraq qaldı. Baxmayaraq ki, həm ölkə rəhbəri, həm Mərkəzi Bank, həm keçmiş Maliyə Bazarlarına Nəzarət Palatası səviyyəsində bu məsələlər dəfələrlə gündəmə gətirildi, hətta sahibkarlarla müəyyən görüşlər keçirildi, fikir mübadiləsi aparıldı, amma təəssüf ki, real sektorun kredit tələbi artmadı. Burada əsas məsələ bankların real sektoru kreditləşdirmə istəklərinin aşağı olması deyil, əsas səbəb kreditə tələbinin aşağı olmasıdır. Yəni satıcı öz məhsulunu təklif edib satır, amma nə alıcılıq qabiliyyəti var, nə də alıcı. Real sektorun bu tələbi geniş və dərin bir şəkildə araşdırılmalıdır. Hazırda banklar istehlak kreditlərini 18-20 faiz ətrafında təklif edirlər. Amma biznes kreditlərində təklif 11, 12, 13, 14 faizdir. Bu, kreditin müddətindən, məbləğindən, girovdan, müştərinin kredit tarixçəsindən və sairdən asılıdır. Yəni hər bir halda yaxşı biznes kreditinin faiz dərəcəsi 15-16 faizi keçməz. Ölkədə uçot, depozit, eləcə də inflyasiya və digər faiz dərəcələrini nəzərə aldıqda hazırkı dövrdə 11-13 faiz arasında kredit götürüb (mühit varsa), iş görmək olar. Əlbəttə, kredit faizlərinin daha da az olmasını istədik”.
“Sahibkarların normal biznes planlarının banklara təqdimatı aşağı səviyyədədir”
Analitik hazırda Azərbaycanın bank sektorunda likvidliyin olduğunu da vurğulayıb. (Likvidlik – biznesdə, iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi. Aktivlərin pula çevrilmə imkanı əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur (müəl.):
“Aktivlərdəki müxbir və cari hesablar, eləcə də kassalardakı vəsaitləri nəzərə aldıqda bank sektorunda 7-8 milyard manatlıq likvidlik formalaşıb. Bu likvidliyin formalaşmasının əsas mənbələrindən biri sahibkarların cari hesablarında olan vəsaitlərdir. Yəni əgər bu gün sahibkarın cari hesablarında olan vəsaitinə ehtiyacı olsaydı, onları investisiyaya yönəltsəydi, əlbəttə, həmin hesablarda olan vəsaitlər o qədər yığılıb qalmazdı. Aydın məsələdir ki, hər bir sahibkar öz vəsaitini istifadə etməyə görə hər hansı bir faiz ödəmir. Əgər sahibkar öz faizsiz pulunu istifadə etmirsə, deməli, sahibkarların yeni investisiya layihələrinin həyata keçirilməsi məsələsi, eləcə də maliyyəyə olan tələbləri aşağıdır. Əgər şəxsin şəxsi hesabında pulu varsa, həmin şəxsə “niyə kredit götürmüsən?” demək, yaxud da ondan kredit götürməsini tələb etmək doğru olmaz. Hüquqi və fiziki şəxs ilk növbədə öz vəsaitindən istifadə etməlidir, əgər yetməzsə, qalan ehtiyacını kredit və digər maliyyə mənbələri hesabına təmin edə bilər. Bütün bunlar onu göstərir ki, bu gün real sektor tərəfindən, həqiqətən də, kreditləşməyə olan tələb aşağı səviyyədədir. Baxmayaraq ki, banklar bununla bağlı dəfələrlə müraciət ediblər, hətta sahibkarlarla birlikdə görüşlər keçiriblər, amma faktiki normal biznes planların banklara təqdimatı aşağı səviyyədədir. Söhbət ondan getmir ki, real sektor heç kreditləşdirilmir və yaxud da heç bir kredit verilmir. Bu, doğru yanaşma olmazdı. Əlbəttə, kreditlər verilir, amma biznes kreditlərin verilmə səviyyəsi, artım tempi qənaətbəxş deyil və istehlak kreditlərinin verilmə tempindən aşağı səviyyədədir”.
Elman Sadıqov hesab edir ki, hazırda banklar real sektorun kreditləşməsində maraqlıdır və kreditləşmənin artımını istəyir:
“Banklar real sektordan kreditləşmə ilə bağlı konkret addımlar və tələblər gözləyir. Yəni real sektor biznes planlarını, layihələrini banklara təqdim etsinlər və kredit tələb etsinlər. Mərkəzi Bank həmin layihələrin maliyyələşməsində və kreditləşməsində çox maraqlıdır. Mərkəzi Bank inflyasiya amillərini, real sektorun kreditləşmənin nisbətən aşağı səviyyəsini nəzərə alaraq, istehlak kreditlərinin çox da genişlənməsin istəmir. Mərkəzi Bankın sahibkarlarla görüş təşkil etməsində başqa bir mesaj, böhran dövründə maliyyə sektoru ilə real sektor arasında yaranmış qopmanı aradan götürməklə yaxınlaşmanı təmin etməkdən ibarət idi. Hesab edirəm ki, 2020-ci ildə real sektorun aktivləşməsi daha da sürətlənəcək”.
© “Cümhuriyət” qəzeti
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
8 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib























