Torpağa çıxarış almaq asanlaşacaq
Xəbər verildiyi kimi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarının əldə edilməsi ilə bağlı dəyişiklik ediləcəyi gözlənilir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər.
Bu o deməkdir ki, hər hansı bir bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxs tikinti həmin obyektinin yerləşdiyi torpaq sahəsi üçün hərrac olmadan çıxarış ala biləcək. Bir şərtlə ki, torpağın üzərindəki tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olsun.
Hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1 maddəsində bildirilir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il ərzində özgəninləşdirilməməklə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
Məlumat üçün bildirək ki, hərrac hər hansı bir daşınmaz əmlakın və ya əmtəənin ən çox pul verənə verilmək üzrə açıq satışa qoyulması, auksion, yəni açıq artırma üsulu ilə satılmasıdır.
Bəs bu dəyişikliyin əhəmiyyəti nə olacaq və əmlak bazarına hansı yenilikləri gətirəcək?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə gözlənilən dəyişikiyin əhəmiyyətini şərh edərkən xatırladıb ki, ölkəmizdə, xüsusən də Bakı şəhərində orta hesabla 500 minə yaxın çıxarışı olmayan fərdi ev var ki, bunun da böyük bir hissəsi bələdiyyə torpaqları üzərində tikilmiş evlərdir: “Zamanında bələdiyyələrə torpaq satmaq hüququ verilmişdi. Vətəndaşlar da bələdiyyələrdən torpaq alıb onların üzərində fərdi evlər inşa ediblər. Ancaq buna baxmayaraq bələdiyyələr tərəfindən verilmiş sərəncamların böyük əksəriyyəti aidiyyəti qurumlar tərəfindən etibarsız sayıldı. Buna əsas səbəb kimi həmin torpaqların təyinatının yaşayış məntəqələri deyil, digər təyinatlı olması oldu. Bu baxımdan bələdiyyə torpaqlarında mülkiyyət və icarə hüquqlarının əldə edilməsi üçün ilk növbədə, bələdiyyə sərəncamı ilə satılmış torpaqların təyinatları dəyişdirilməlidir. Onlar yaşayış məntəqələrinə çevrilməlidir”.
Ekspert vurğulayıb ki, 2000-ci ilin əvvəlindən başlayaraq 2007-ci ilə qədər bələdiyyələr torpaq satıb. Orta hesabla 20 il ərzində bu torpaqlarda yaşayış massivləri salınıb. Onlar digər təyinatlı olsalar da, yaşayış məqsədilə istifadə olunur. Lakin bələdiyyələr buradakı evlərin çıxarışı olmadığından onların sakinlərindən qanunla torpaq və əmlak vergisi yığa bilmir: “Bu baxımdan bələdiyyə büdcəsinin formalaşması, dövlət büdcəsinə vergilərin ödənilməsi üçün mütləq şəkildə bu torpaqların təyinatı dəyişdirilib yaşayış təyinatlı olmalıdır. Əsas məsələ isə budur ki, vətəndaşların mülkiyyət hüquqları qorunmalıdır. Çıxarış yoxdursa, vətəndaş öz mülki üzərində hüquqlarının böyük bir hissəsini itirir. Yəni, burada daha çox qeydiyyata düşmək, banka girov qoyma, kreditlə satış və digər bu kimi problemlər var. Bu problemlərin başlıca səbəbi belə ərazilərdəki fərdi evlərin üzərində yerləşdiyi torpağın çıxarışının olmamasıdır. Təbii ki, bələdiyyə sənədi ilə satılmış torpaqlarla bağlı belə bir addım atılarsa, bu, təqdirəlayiq addım olar. Həm vətəndaşlar problemdən qurtula, həm də bələdiyyələr vergi yığaraq böyük həcmdə büdcə formalaşdıra bilər”.
Ekspert əlavə edib ki, çıxarışın olmaması vətəndaşları belə torpaqlar üzərindəki fərdi evləri kreditlə əldə etmək hüququndan məhrum edir: “Son illər, xüsusən də 2022-ci ilə nəzərə salanda məlum olur ki, satılan əmlakların böyük əksəriyyəti, təqribən 60 faizindən yuxarı hissəsi ipoteka və digər kreditli şərtlərlə satılıb. Daşınmaz əmlakın kreditlə satıla bilməsi üçün onun mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənədi (çıxarış nəzərdə tutulur) olmalıdır. 2022-ci ildə İpoteka və Zəmanət Fondunun ayırdığı ipoteka kreditlərinin təqribən 90 faizindən çoxu bina evlərinə şamil olunub, 5-7 faizi isə həyət evlərinə. Həyət evlərinin ipoteka ilə satılması üçün mütləq şəkildə onun torpağının da çıxarışı olmalıdır”.
Bələdiyyə torpaqları üzərində tikilmiş evlərin böyük əksəriyyətinin çıxarışının olmaması vətəndaşları daha ucuz qiymətə geniş yaşayış sahələrini kredit vasitəsilə almağa imkan vermir. E. Fərzəliyevin sözlərinə görə, hazırda Bakı şəhərinin istənilən metrostansiyasına yaxın bir otaqlı yeni tikili binalarda təmirli mənzillərin qiyməti təxminən 100-160 min manat arasında dəyişir. Köhnə tikili binalarda isə bu qiymət 70 -90 min manat arasındadır. Hərçənd ki, 80-100 min manata gözəl şəraitli, 3-4 otaqlı həyət evi almaq olar: “Amma vətəndaşlar belə evləri kreditlər ala bilmirlər. Çünki çıxarış yoxdur. Bu baxımdan əgər sözügedən dəyişiklik edirlərsə, bu, əmlak bazarında ciddi canlanmaya səbəb ola bilər”.
Müsahibimiz fikrinə əlavə olaraq bildirək ki, çıxarış məsələsinin həll edilməsi daşınmaz əmlak bazarında təklifin artmasına imkan verir. Bu da qiymət artımının davam etməsinin qarşısını ala bilər.
Qeyd edək ki, dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsində müzakirə edilib və birinci oxunuşda baxılmaq üçün plenar iclasa tövsiyə olunub.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
3 saat əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
3 saat əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
3 saat əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
4 saat əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
5 saat əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
-
6 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirləri 8 dəfədən çox azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Ən çox oxunanlar
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı
SOCAR-ın xalis mənfəəti yerində sayıb
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı

























