"Bakı metrosunda uzun gözləntiyə son qoyuruq" - Qatarlar hər 2 dəqiqədən bir gələcək
Qatarların intervalı 3 dəqiqə 30 saniyədən 2 dəqiqəyə düşəcəkBakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt ("Yaşıl" və "Qırmızı") üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmir: "Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək.
Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək".
B. Məmmədov bildirib ki, layihənin əsas üstünlüklərindən biri xətlərin müstəqil fəaliyyət göstərəcək olmasıdır: "Bu halda bir xətdə baş verən nasazlıq və ya digər hadisə artıq digər xətlərin işinə təsir etməyəcək. Məsələn, "Qırmızı xət"də problem yaranarsa, "Yaşıl" və "Bənövşəyi" xətlər normal rejimdə fəaliyyətini davam etdirəcək".
Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq qarşıdakı illərdə 10 yeni metro stansiyasının tikintisi sərnişindaşıma imkanlarını artıracaq, şəhər mərkəzinə yönələn yerüstü nəqliyyatın yükünü azaldacaq, tıxacların qarşısının alınmasına, mobilliyin yüksəldilməsinə və ictimai nəqliyyatın daha səmərəli təşkilinə töhfə verəcək.
Eyni zamanda, "28 May"–"Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının qarşısı alınacaq və metropolitenin istismarı daha səmərəli təşkil olunacaq.
B. Məmmədov vurğulayıb ki, hazırda "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər "28 May" stansiyasında istədikləri marşrut üzrə hərəkət etmək üçün bəzən bir qatarı buraxaraq növbəti qatarı gözləməli olurlar: "Bu isə minmə və düşmə prosesində əlavə sıxlıq yaradır. Lakin layihə başa çatdıqdan sonra sərnişinlər qarşılarına çıxan ilk qatarla rahat şəkildə mənzil başına çata biləcəklər".
Onun sözlərinə görə, layihənin Bakı Metropoliteni üçün əsas əhəmiyyəti sərnişindaşıma imkanlarının artırılması, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və istismarın daha səmərəli təşkil edilməsidir: "Şəhər baxımından isə layihə ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq, fider zonalarında avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, mobilliyi artıracaq və Bakıda sürətlə inkişaf edən mikromobillik həllərinin daha da genişlənməsinə şərait yaradacaq".
"Bakı metrosunda yeni tunellərin tikintisi planlaşdırılandan tez başa çata bilər"
Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində inşa ediləcək təxminən 200 metr uzunluğunda iki yeni metro tunelinin tikintisi zəminin hidrogeoloji vəziyyəti əlverişli olacağı təqdirdə planlaşdırılan müddətdən daha tez başa çatdırıla bilər.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində "Nizami"–"28 May" arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzində "Nizami"–"Cəfər Cabbarlı" istiqamətində iki yeni tunel inşa olunacaq. Tikintinin təxminən 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.
Bu müddətdə "Yaşıl xətt" üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız "Nizami" stansiyasına qədər təşkil ediləcək.
B. Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri "Yaşıl" və "Qırmızı" xətlərin "28 May" stansiyasında kəsişərək birləşməsidir:
"Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlayırıq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir".
Onun sözlərinə görə, ilk olaraq "Dərnəgül" stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq: "Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan yeni tunellər inşa ediləcək.
"28 May" stansiyasının yerləşdiyi ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Buna görə də tikinti müddəti 10-11 ay hesablanıb. Lakin zəmin əlverişli olarsa, işlərin daha tez başa çatdırılması mümkündür".
B. Məmmədovun qeyd edib ki, tikinti dövründə "Qırmızı xətt" üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar "İçərişəhər"–"Həzi Aslanov" marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, "28 May" stansiyası da normal rejimdə işləyəcək. Lakin "28 May"–"Nizami" istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən "Yaşıl xətt" üzrə qatarlar müvəqqəti olaraq "Dərnəgül"–"Nizami" marşrutu üzrə hərəkət edəcək.
Layihə tamamlandıqdan sonra isə qatarlar "Dərnəgül"–"Nizami"–"Cəfər Cabbarlı"–"Xətai" marşrutu ilə hərəkət edəcək.
B. Məmmədov bildirib ki, xətlər ayrıldıqdan sonra sərnişinlər "Yaşıl xətt"dən "Qırmızı xətt"ə "Cəfər Cabbarlı"–"28 May" keçidi vasitəsilə, əks istiqamətdə isə "28 May"–"Cəfər Cabbarlı" piyada keçidlərindən istifadə edə biləcəklər.
Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir.
Onun sözlərinə görə, layihənin növbəti mərhələsi Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılmasına xidmət edəcək: "Bunun üçün ilk növbədə qatarlararası intervalların azaldılması nəzərdə tutulur.
Bu məqsədlə "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, "Xətai" stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək".
"Cəfər Cabbarlı" stansiyasının platformalarından birində yenidənqurma başa çatır"
Bakı metrosunda xətlərin ayrılması prosesi çərçivəsində "Cəfər Cabbarlı"–"Xətai" mənzilində müxtəlif texniki xarakterli işlərin icra olunması nəzərdə tutulub.
Bu barədə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, hazırda "Cəfər Cabbarlı" stansiyasının platformalarından birində aparılan yenidənqurma prosesi tamamlanmaq ərəfəsindədir: "Xüsusi olaraq vurğulamaq istəyirəm ki, xətlərin ayrılması layihəsi daxilində əlavə piyada pilləkəninin inşası da yekunlaşdırıldıqdan sonra – bu da yaxın müddətdə reallaşacaq – həmin platforma sərnişinlərin istifadəsinə açılacaq.
Ancaq xətlərin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" stansiyasından "Nizami" stansiyasına doğru yeni tunellərin tikilməsi planlaşdırıldığından infrastrukturun qarşılıqlı əlaqələndirilməsi işləri də aparılacaq".
Bəxtiyar Məmmədov qeyd edib ki, layihənin ayrılmaz hissəsi kimi, təqribən 10-11 ay müddətində "Cəfər Cabbarlı"–"Xətai" mənzilində qatarların hərəkətinin təhlükəsizliyinin təminatı, enerji təchizatı sistemləri və sair texniki məsələlər optimal formada təşkil olunacaq: "Əsas məqsəd sərnişin daşınmasında hər hansı çətinliyin meydana gəlməsinin qarşısını almaqdır və bu istiqamətdə bütün infrastruktur problemləri hərtərəfli şəkildə aradan qaldırılacaq".
"Həzi Aslanov" stansiyasının dalanı noyabrın əvvəlinə tam hazır olacaq
Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında inşa olunan dalanın bu ilin oktyabr ayının sonu-noyabr ayının əvvəllərində tam istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, stansiyada dalan infrastrukturu faktiki olaraq tam sökülərək yenidən inşa olunur:
"İçərişəhər" və "Xətai" stansiyalarındakı dönmə kameraları qatarların hərəkətinin operativliyini, intervalın minimum səviyyədə saxlanılmasını və ümumi dayanıqlılığı təmin edir. "Həzi Aslanov" stansiyasında yaradılan yeni dalan da eyni funksiyanı yerinə yetirəcək. Bundan əlavə, o, qatarların kiçik həcmli texniki təmir işlərinin həyata keçirilməsi üçün də mühüm imkan yaradacaq".
B.Məmmədov bildirib ki, tikinti işləri artıq yekunlaşmaq üzrədir: "Faktiki olaraq köhnə dalan tam sökülərək yenidən qurulub. Hazırda yol təsərrüfatının qurulması, eləcə də kommunikasiya xətlərinin və digər zəruri sistemlərin quraşdırılması sürətlə davam edir. Planımıza əsasən, dalan oktyabrın sonu - noyabrın əvvəlində tam istifadəyə veriləcək".
O vurğulayıb ki, layihənin başa çatması ilə qatarlar artıq son dayanacaq kimi "Əhmədli" deyil, "Həzi Aslanov" stansiyasına qədər hərəkət edəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
7–10 günə əsas mərhələ tamamlanır, "ABB Davr" oktyabrda fəaliyyətə başlaya bilər - ABB-nin sədrilə MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
16 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
3 saat əvvəl
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Bank of Baku”da yeni təyinat – Zöhrab Niftəliyev müşavir oldu
- 9 saat əvvəl
-
9 saat əvvəl
FAB Şirkətlər Qrupu “KazBuild-2026” beynəlxalq sərgisində iştirak edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
Azər Türk Bankdan yeni istehlak krediti kampaniyası ®
Azərbaycanda turistlərin xərcləri 349 milyon manat azaldı
“Sərnişin sayına görə gəlir” yanaşmasından “göstərilən nəqliyyat xidmətinə görə ödəniş” yanaşmasına keçid
Ən çox oxunanlar
CNN: ABŞ, Hormuz boğazından 40 gəmi ilə neft daşınmasını təmin edib
ARDNF-nin xarici səhm portfeli 18 milyard dollara çatıb – 6 ayda 1,5 milyard dollar artım
Dövlət 7%-lə 200 milyon manat borclanmağa hazırlaşır - Tələb yüksək olsa, 400 milyon manatadək borc alına bilər
Chevron Venesuelaya 7 milyard dollar sərmayə yatıracaq
Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

























