Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Biznesə aid yeni qanunvericilik aktlarının icmalı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Biznesə aid yeni qanunvericilik aktlarının icmalı

Biznesə aid 2022-ci ildə qəbul edilmiş və 2023-cü ildə qüvvəyə minən qanunvericilik aktlarının icmalı - 1-ci hissə

(ikinci hissə)

Reklam_3_11

Ötən 2022-ci ildə sahibkarlıq sahəsində qəbul edilmiş və əsasən 2023-cü il yanvarın 1-dən qüvvəyə minən bir sıra qanunvericilik aktlarından, o cümlədən, “Qida təhlükəsizliyi haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunlardan, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında” və “Texnologiyalar parkı haqqında” Nümunəvi Əsasnamələrdən, Miqrasiya Məcəlləsinə edilən əlavələrdən və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun müddəasının müddətinin bitməsindən birinci icmalda bəhs edilmişdir (https://marja.az/97184/biznese-aid-2022-ci-ilde-qebul-edilmis-ve-2023-cu-ilde-quvveye-minen-qanunvericilik-aktlarinin-icmali). Hazırki ikinci icmalda isə Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, “Sosial sığorta haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Gömrük tarifi haqqında” qanunlara edilmiş əlavə və dəyişikliklərvə minimum aylıq əməkhaqqının məbləği ilə bağlı müvafiq sərəncam təqdim edilir.

Vergi Məcəlləsi üzrə

2022-ci ilin dekabr ayında 3 ayrı qanunla Vergi Məcəlləsində əlavə və dəyişiklik edilmişdir. Bu yazıda bilavasitə biznesə aid olan, son 3 qanunla edilmiş və artıq qüvvəyə minmiş bəzi dəyişiklərdən bəhs edilir.

Əsas anlayışlara əlavələr: Texnologiyalar parkının rezidenti – müvafiq orqan tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir (m.13.2.53.); Məcburi nişanlama – Məcəllənin 50-2.1-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlərdir (m.13.2.75.).

Bazar qiyməti ilə bağlı dəyişiklik: Vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda) - bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər (m.14.3.6.).

Vergi ödəyicisinin vəzifələriilə bağlı dəyişiklik: Xidmətlər üzrə pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi daşıyan subyektlərin sırasına özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də əlavə edilmişdir (m.16.1.8). Habelə, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq qaydada təsdiq edilən formada aşağıdakı məlumatları malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) uçotda olduğu vergi orqanına verməlidirlər (m.16.1.11-11.); ....Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu (16.1.11-11.3-cü) maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur (m.16.1.11-11.3.).

Kommersiya və (və ya) vergi sirri ilə bağlı əlavə: ... təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında məlumat (m.30.2.2.) və vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar (m.30.2.5.) da vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi sirri və şəxsi həyata dair məlumat hesab olunmur. 

Vergi ödəyicilərinin uçotu ilə bağlı: Məcəllənin 33.3 və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir (m.33.5.).

Operativ vergi nəzarəti ilə bağlı: Nəzarət-kassa aparatının çeklərində olmalı məlumatlara bunlar əlavə edilmişdir: avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ (m.50.8.10-1.); nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator) (m.50.8.17.);  yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı (m.50.8.18.).

Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti ilə bağlı əlavə: ... həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş  (mühasibat uçotu ilə bağlı) sənədlərinin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il... keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz (m.56.1.).

Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları ilə bağlı: Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. (m.57.1.)...Habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş 5 ildən az olmayan müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (m.57.3.).

Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ilə bağlı: Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (m.58.6.). “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini (bir əməliyyat çərçivəsində 500 manatdan artıq) nağd qaydada qəbul edən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə (m.58.7-1.10.) də müvafiq miqdarlarda maliyyə sanksiyası tətbiq edilir. .... Habelə, anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla) görə (m.58.13.) müvafiq miqdarlarda maliyyə sanksiyası tətbiq edilir.

Vergilər üzrə borcların alınması qaydası ilə bağlı: Məcəllənin 65.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olduqda, vergi ödəyicisi dondurulmuş pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödəniş tapşırığı təqdim edə bilər və həmin şəxslər vergi ödəyicisinin ödəniş tapşırığında göstərilən məbləğdə pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini təmin edir (m.65.8-1.).

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ilə bağlı: Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər (m.85.4.). Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb edə bilərlər (m.85.5.).

Gəlir vergisinin dərəcəsi ilə bağlı: Bu maddənin digər müddəalarından asılı olmayaraq, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi bu qaydada tutulur (m.101.7.): 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi (m.101.7.1.); 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi (m.101.7.2.).

Fiziki şəxslərin gəlir vergisindən azadolma halları: ... habelə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir(m.102.1.7.), bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar (m.102.1.11.);kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə(m.102.1.11-1.);siyahısı təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə (m.102.1.37.); “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir(m.102.1.38.).

Sənaye və texnologiyalar parklarının rezidentlərinin gəlir və mənfəət vergisindən azad olması: Sənaye və texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (fiziki şəxslərdə əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir. Bu güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir (m.102.1.21. və m.106.1.13.).

Hüquqi şəxslərin mənfəət vergisindən azadolma halları: kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 il müddətinə (m.106.1.14-1.); dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə, siyahısı təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə - 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir (106.1.18. ); siyahısı təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən hüquqi şəxslərin həmin fəaliyyətdən əldə etdikləri mənfəətin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə (m.106.1.31.).

Ödəmə mənbəyində dividenddən vergi tutulmaması: Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur (m.122.5.).

Gəlirin və xərcin uçotu qaydası ilə bağlı: Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. (Orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.) (m.130.4).

ƏDV ödəməkdən azadedilmə hallarına əlavələr: idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) (m.164.1.5.); istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 4 il müddətinə (m.164.1.41-1.) siyahısı təsdiq edilmiş əsas vəsaitlərin idxalı (m.164.1.60.) ƏDV-dən azaddır .

ƏDV-nin sıfır dərəcəsi ilə tutulması: müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) (m.165.1.10.) halında ƏDV sıfır dərəcəsi ilə tutulur.

ƏDV-nin qaytarılması ilə bağlı: qaytarılma qaydası müəyyən edilən ƏDV siyahısına özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV də əlavə edilmişdir. Habelə, 165.5-ci maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. 

Aksizli malların vergi dərəcələri ilə bağlı: qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – (aksiz dərəcəsi) hər kiloqramına 22,0 manatdır (m.190.3.14.).

Əmlak vergisindən azadolmalar ilə bağlı: Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən əsas vəsaitlər dəyərində azaldılır (m.199.4.1.).

Əmlak və torpaq vergilərindən azadolmalar ilə bağlı: Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini, istifadə etdikləri torpaqlara görə isə torpaq vergisini ödəməkdən azaddırlar. Nəzərdə tutulan bu güzəştlər texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir(m.199.7. və m.207.3.). Habelə, siyahısı təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini, torpaqlara görə isə torpaq vergisini ödəməkdən azaddırlar (m.199.17. vəm.207.10).

Sadələşdirilmiş verginin ödəyiciləri ilə bağlı: Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər (m.218.5.10.). Bununla yanaşı, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır (m.218.6.2.).

İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri ilə bağlı: Məcəlləyə bu mövzuda ayrıca eyni adlı 19-cu fəsil əlavə edilmişdir. Bu fəsil işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə (yəni işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə) verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir.Bu fəsildə müəyyən edilən vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət, avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri,  dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi kimi fəaliyyət növləri və əməliyyatlara şamil edilmir (m.226).İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır (m.227).Qeyd edilən azadolmalar 227.4.1. – 227.4.5. maddələrində nəzərdə tutulan bir sıra şərtlər daxilində tətbiq edilir.

Əmək Məcəlləsi üzrə

Əsas anlayışlarla bağlı əlavə: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir (xüsusi rütbəli şəxslər istisna olmaqla) (m.3).

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri ilə bağlı: işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:1. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;2. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;3. mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda (m.21-1.).

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti ilə bağlı: işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir (m.118-1.).

Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı ilə bağlı: ... Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir...

“Sosial sığorta haqqında” qanun üzrə

Əsas anlayışlara əlavə: “Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması – sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq orqan tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir.” (m.1).

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərlə bağlı: ...  texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də istisna kimi məcburi dövlət sosial sığortası ilə əhatə olunmurlar (m.12).

Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı: Texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq ödənilir.Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.( 14.8.)

Yeni əlavə edilən 14-1-ci maddə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasını tənzimləyir. Maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqınınhissəsi bu maddədə qeyd edilən müddətlərdə və miqdarlarda dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. 

“Nağdsız hesablaşmalar haqqında” qanuna edilmiş əlavəyə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir (m.3.4.12.). 

“Gömrük tarifi haqqında”qanuna edilmiş dəyişikliyə görə sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 10 il müddətinə gömrük rüsumundan azad edilir (m.20.0.19.).

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilir.

Hazırladı: 

Vəkil Allahverən Oruclu

Biznes hüququ məsləhətçisi

qanunvericilik aktlar Allahverən-Oruclu
10.01.2023 07:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ