Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarının açıqladı.
Marja.az xəbər verir ki, TCMB əsas faizini 2,5 faiz bəndi azaldaraq 43 faizdən 40,5 faizə endirib.
Əsas proqnozlar
AA Finans-ın 26 iqtisadçı ilə keçirdiyi sorğuda sentyabr ayı üçün orta proqnoz 2 faiz bəndi faiz endirim olacağı yönündə idi.
Reuters-in sorğusunda isə ilin sonuna qədər faiz endirimlərinin davam edəcəyi və pul siyasəti faizinin 36 faiz səviyyəsinə qədər endirilə biləcəyi proqnozlaşdırılır.
Goldman Sachs, güclü iqtisadi artım və yüksək inflyasiyaya baxmayaraq TCMB-nin 2 faiz bəndi endirim edəcəyini təxmin etmişdi.
JP Morgan isə endirimin gözləntilərdən aşağı qala biləcəyini iddia etmişdi.
TCMB-nin press-relizində aşağıdakı ifadələr yer alıb:
Pul Siyasəti Komitəsi, siyasət faizi olan bir həftəlik repo hərracı faiz dərəcəsinin 43 faizdən 40,5 faizə endirilməsinə qərar verib. Komitə həmçinin Mərkəzi Bankın gecəlik borcvermə faiz dərəcəsini 46 faizdən 43,5 faizə, gecəlik borclanma faiz dərəcəsini isə 41,5 faizdən 39 faizə endirib.
Avqust ayında inflyasiyanın əsas meyli zəifləyib. İkinci rübdə iqtisadi artım proqnozları üstələsə də, daxili tələbin zəif davam etdiyi qiymətləndirilir. Son dövrə dair göstəricilər tələb şərtlərinin dezinflasiyaya uyğun səviyyədə olduğunu göstərir. Qida qiymətləri və inersiyası yüksək olan xidmət sahələri inflyasiya üzərində yuxarı yönlü təzyiqləri "canlı" saxlayır. İnflyasiya gözləntiləri, qiymət davranışları və qlobal proseslər dezinflasiya prosesi baxımından risk amili olaraq qalmaqdadır.
Qiymət sabitliyi təmin olunana qədər davam etdiriləcək sərt pul siyasəti mövqeyi tələb, məzənnə və gözlənti kanalları vasitəsilə dezinflasiya prosesini gücləndirəcək. Ortamüddətli Proqramda nəzərdə tutulan makroiqtisadi çərçivə bu prosesə dəstək verəcək. Komitə, siyasət faizinə dair atılacaq addımları — inflyasiya göstəricilərini, əsas meylləri və gözləntiləri nəzərə alaraq, aralıq hədəflərlə uyğun şəkildə dezinflasiyanın tələb etdiyi sərtliyi təmin edəcək formada müəyyən edəcək. Addımların ölçüsü, inflyasiya mənzərəsinə fokuslanaraq, iclasdan iclasa və ehtiyatlı yanaşma ilə nəzərdən keçiriləcək. İnflyasiya mənzərəsinin aralıq hədəflərdən ciddi şəkildə uzaqlaşması halında pul siyasəti mövqeyi sərtləşdiriləcək.
Kredit və depozit bazarlarında gözlənilməyən inkişaflar baş verərsə, pul ötürmə mexanizmi əlavə makro-ehtiyat tədbirlərlə dəstəklənəcək. Likvidlik şərtləri yaxından izlənəcək və likvidlik idarəetmə alətləri effektiv şəkildə istifadə olunmağa davam ediləcək.