Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı - SON DƏQİQƏ
Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri 0.25 faiz bəndi azaldılıb. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılmışdı.Azərbaycan Respublikası Mərkəzi Bankı 2026-cı ilin ilk faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın yaydığı pess-relizdə bildirilir:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.
Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5.2% təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 2.5% artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4.8% təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib. Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank başlıca olaraq əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Dekabrda uçot dərəcəsinin azalmasının təsiri ilə AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı 6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib. 2025-ci ilin iyul və dekabr aylarında iki mərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub. Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb.
Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4.0% olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib.
Ötən iclasdan bəri inflyasiya riskləri balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq. 2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc amillərinin gözləniləndən çox reallaşması ola bilər.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.
Bu qərar 5 fevral 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il aprel ayının 2-də ictimaiyyətə açıqlanacaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 deakbr 2025-ci il tarixli qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib. Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
22 d. əvvəl
Fevralın 5-də gözlənilən hava şəraiti - Çovğun müşahidə edilir
- 38 d. əvvəl
- 44 d. əvvəl
-
58 d. əvvəl
Leobank və Wolt müştərilər üçün ödənişsiz abunəlik kampaniyasına start verib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
- 1 saat əvvəl
-
1 saat əvvəl
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
-
2 saat əvvəl
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 5-də gözlənilən hava şəraiti - Çovğun müşahidə edilir
Qazaxıstanın aviadaşıyıcısı Bakı – Aktau – Bakı üzrə birbaşa reyslərə aviabiletlərin satışına başlayıb
Taleh Kazımov: "Sahəvi banklara ehtiyac yoxdur"
"Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub" - BƏYANAT
Ən çox oxunanlar
Mərkəzi Bank lombard fəaliyyətini tənzimləməyə hazırlaşır
"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"
Əhali banklara daha çox valyuta satıb - "Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"
"Uçot dərəcəsindəki dəyişikliklərin kredit və depozit faizlərinə təsiri müşahidə olunub"
Mərkəzi Bankın sədri profisitin azalacağını bəyan etdi





















