Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"BP Azərbaycan" biznes əməliyyatlarının nəticələrini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BP Azərbaycan" biznes əməliyyatlarının nəticələrini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"BP"nin Azərbaycandakı ofisi 2017-ci ilin ilk üç rübünün nəticələrini açıqlayıb.

 

Reklam_3_11

Azəri-Çıraq-Günəşli (AÇG)

 

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

2017-ci il sentyabrın 14-də  Azərbaycan hökuməti  və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR),  beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar.  Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 31 oktyabr 2017-ci il tarixində ratifikasiya olundu.

 

2017-ci ilin ilk üç rübü ərzində AÇG layihəsinə 339 milyon dollardan artıq əməliyyat məsrəfləri və təqribən 890 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

 

Hasilat

 

Üçüncü rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Üç rüb üzrə AÇG-dən ümumi hasilat – Çıraq (52 000), Mərkəzi Azəri (133 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (80 000), Dərinsulu Günəşli (119 000) və Qərbi Çıraq (81 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel və ya ümumilikdə təqribən 160 milyon barel, yəni 22 milyon ton təşkil edib.

 

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 114 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

İlk üç rüb ərzində AÇG-də 15 neft hasilat quyusu, 4 suvurma quyusu qazılmışdır.

 

Səmt qazı

 

2017-cı ilin ilk üç rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8,6 milyon kubmetr, ümumilkdə isə 2,4 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Səngəçal Terminalı

 

Üçüncü rüb ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

 

Doqquz ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 211 milyon barel neft və kondensat, o cümlədən 189 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 20 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,8 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 27 milyon standart kub metr (949 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac edilmişdir.

 

Bakı-Tbilisi-Ceyhan (BTC)

 

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.  

 

Birinci üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 101 milyon dollar, əsaslı xərclərə isə 19 milyon dollar xərclənmişdir.

 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2017-ci il sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 374 milyon tondan artıq (təxminən 2,8 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3674 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 26 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 249 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

 

Şahdəniz

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), Petronas (15,5%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%) və Cənub Qaz Dəhlizi Apstrim (6.7%).

 

Bu ilin ilk doqquz ayı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 368 milyon dollar əməliyyat xərcləri və təqribən 2,28 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

 

Hasilat

 

2017-ci ilin üçüncü rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

Üç rüb ərzində yataqdan 7,4 milyard standart kubmetr qaz və 1,7 milyon ton (təqribən 14 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

 

Qazmaəməliyyatları

 

Üçüncü rübdə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA10 quyusu tamamlandı və istismara təhvil verildi. SDA11 quyusunda isə qazma işləri bərpa olundu və bu işlər hazırda davam edir.

 

2017-ci il sentyabrın ortasınadək İstiqlal qazma qurğusu yatağın qərb cinahında ilk quyunu- SDD01 quyusunu – tamamladı. Bunun ardınca  SDD02 quyusunda tamamlanma işləri başlandı və bu işlər hazırda davam edir.   Maersk Explorer qazma qurğusu isə SDF02 quyusunun məhsuldar lay hissəsini qazmaqda davam edir.

 

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində yatağın şimal cinahında dörd quyunu, qərb cinahında isə bir quyunu tamamlayıb və 9 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Şahdəniz Mərhələ 2 layihəsi

 

2017-ci ilin üçüncü rübündə Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla - ümumilikdə 97%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. 

 

Layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir.

 

Sentyabr ayının 6-da  Xəzər dənizinin yeni flaqman gəmisi olan Xankəndi  istismara verildi. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində  Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir. 378 milyon ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etmişdir. Artıq dənizdə Şahdəniz yatağı ərazisində  olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək.

 

Sentyabr ayının 15-də Şahdəniz Mərhələ 2 üçün tikilən  platformalardan ikincisinin - Hasilat və Dikborular platformasının da üst modulları yola salındı və dənizdə quraşdırıldı. Bundan əvvəl iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat platformasının üst modulları təhlükəsiz şəkildə və uğurla dənizə yola salınmış və dayaq blokunun üzərinə quraşdırılmışdı.

 

Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Hasilat və Dikborular  platformasının üst tikililəri Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən yola salındı. Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılaraq 6 gün ərzində tamamlandı. Üst tikililər artıq suyun 94 metr dərinliyində quraşdırılmış Hasilat və Dikborular  platforması dayaq blokunun üzərindədir.

 

Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal  terminalında Şahdəniz 2-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.

 

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.

 

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

 

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (operator – 28,8%), TPAO (19%), Petronas (15,5%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%) və Cənub Qaz Dəhlizi Apstrim (6.7%).

 

2017-ci ilin ilk üç rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 636 milyon dollar əsaslı xərclər sərf edilib.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

 

İlin ilk üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

 

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

 

2017-ci ilin üçüncü rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla,  98%-i artıq tamamlanıb.

 

Azərbaycanda əsas kəmər xəttinin inşası işləri tamamlanmaq üzrədir -  təqribən 419 km uzunluğunda borular artıq qaynaq edilib və 380 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb. Bundan əlavə, 6 hidro-sınaq bölməsində işlər bitib.

 

Gürcüstan ərazisində əsas kəmər xəttinin inşası işləri tamamlanıb.  Əsas kəmər xəttinin istismar sınaqları 90% bitib və 2017-ci ildə başa çatmaq planına uyğundur.

 

Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri və istismar sınaqları davam edib. 1-ci kompressor stansiyasında tikinti işləri 100%, istismar sınaqları isə 67% bitib. Bu obyekt 2018-ci ildə istismara verilmək  planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında tikinti işləri 82% tamamlanıb. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) tikinti işləri 100%, istismar sınaqları isə təqribən 87% tamamlanıb. Bu obyekt 2017-ci ildə hazır olmaq planına uyğun irəliləyir.

 

 

Geoloji kəşfiyyat

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən  2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı yekunlaşmaq üzrədir. Məlumatların interpretasiyası işlərinin bu ilin dördüncü rübündə bitəcəyi planlaşdırılır.

 

Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

 

İşçi heyətimiz

 

Üçüncü rübün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2739 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

 

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir. 


 

Biznes əməliyyatları haqqında bu məlumat AÇG yatağının əməliyyatçısı kimi “BP Exploration (Caspian Sea) Limited” şirkəti, Şahdəniz yatağının əməliyyatçısı kimi “BP Exploration (Shah Deniz) Limited” şirkəti, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti və Cənubi Qafqaz Boru Kəməri şirkəti tərəfindən, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, mətbuata açıqlanan birgə pres relizdir.

20.11.2017 09:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ