Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Vətəndaşlar ödəniş etməyəcək - icbari tibbi sığorta

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vətəndaşlar ödəniş etməyəcək - icbari tibbi sığorta

Vüqar Qurbanov: “İcbari tibbi sığortanın baza zərfindəki tibbi xidmətlərdən istifadəyə görə hər hansı limit nəzərdə tutulmayıb”

 

Reklam_3_11

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanovun müsahibəsi

 

- Hər bir vətəndaşın icbari tibbi sığortanın baza zərfindən istifadəsinə görə minimum və maksimum məbləğ nə qədər müəyyən edilib?

 

- Pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşların icbari tibbi sığortanın baza zərfindən istifadəsinə görə minimum və ya maksimum məbləği yoxdur, yəni zərfdən istifadəyə hər hansı limit nəzərdə tutulmayıb. Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatda olanlar baza zərfinə daxil olan tibbi xidmətlərdən limitsiz istifadə edə bilərlər.

 

Sığorta olunan il ərzində həkimin təyinatı ilə ürək və öd kisəsi əməliyyatı oluna bilər. Agentlik tibbi xidmətlərin xərclərinin qarşılanması ilə bağlı hansısa limit nəzərdə tutmayıb. Sadəcə, sığorta təminatında baza zərfinə daxil olan və daxil olmayan tibbi xidmətlərin siyahısı var. Sığorta zərfinə daxil olan xidmətlərə görə agentlik tibb müəssisəsinə ödəniş edəcək. Qeyd edim ki, icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri fərmanla təsdiqlənib. Vətəndaş sığorta zərfinə daxil olmayan xidmətlər üçün bu tariflər əsasında tibb müəssisəsinin kassasına ödəniş etməklə istifadə edə bilər.

- Maraqlıdır, vətəndaşa icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə ilə əlaqədar hansı seçim hüququ veriləcək? 

 

- Ötən ilin dekabrında cənab prezidentin fərmanı ilə icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Baza zərfində ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1800-dən çox xidmət öz əksini tapıb. Pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar baza zərfinə daxil olan xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) yerləşdirilən təminat zərfindəki hər bir tibbi xidmətin qarşısında agentlik tərəfindən tibb müəssisəsinə ödəniləcək sığorta ödənişi də qeyd edilib. Ancaq bəzən çaşqınlıq yaranır ki, həmin məbləğ sığorta olunan şəxsin sığorta olunmaq üçün ödəyəcəyi sığorta haqqıdır. Əslində bu, məbləğ baza zərfinə daxil olan xidmətlərin göstərilməsi üçün tibb müəssisəsinə, podratçıya agentlik tərəfindən ödəniləcək məbləğdir. Məsələn, vətəndaşın məbləği 4720 AZN (ƏDV daxil deyil) olan anadangəlmə ürək qüsurları (aşağı riskli) əməliyyatı olunmasına zərurət var. Bu sığorta ödənişi İcbari Tibbi Sığorta Agentliyi tərəfindən əməliyyatı icra edən tibb müəssisəsinə ödəniləcək. Həmin məbləğ sığorta ödənişi hesab edilir.

 

 - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ilkin səhiyyə xidməti üçün hər təhkim olunmuş şəxsə görə illik 18 manat ödəyəcək. Hər bir sığorta olunmuş vətəndaş il ərzində 18 manat məbləğində ilkin səhiyyə xidmətlərinin hər birindən istifadə edə biləcək, yoxsa hər dəfə bu xidmətlərdən yararlandıqda  agentlik  tibb müəssisəsinə 18 manat sığorta ödənişi edəcək?

 

- İlkin səhiyyə xidmətində xidmət haqqı bir qədər fərqlidir. Yəni baza zərfində əhatə olunan ilkin səhiyyə xidmətində kardioqram, həkim müayinələri, hamilə qadınların patronajı, yeni doğulmuşların patronajı, USM (abdominal, ginekoloji, uroloji), qan alma və digər xidmətlər var. İlkin səhiyyə xidməti təminatına daxil olan bütün xidmətlərin qarşılığında agentlik il ərzində hər bir vətəndaşa görə tibb müəssisəsinə 18 manat pul ödəyəcək.

 

-  Vətəndaş baza zərfinə daxil olan stasionar müayinə və müalicə təminatından, məsələn, mastoidektomiya ilə petroz apeks rezeksiyasından (2450 manat) necə istifadə edəcək?  Bunun üçün ödəniş hansı formada, hansı məbləğdə olacaq? Həyati vacib, dəyəri yüksək olan əməliyyatların icbari tibbi sığortası necə təşkil ediləcək?

 

- Təbii ki, sığorta olunan şəxsə birinci mərhələdə əməliyyat təyin edilmir. İlk mərhələdə həkim xəstəni müayinə edir, həmin şəxsdə ağır əməliyyatların aparılmasına ehtiyacın olub-olmadığını müəyyənləşdirir. Əgər həkim tərəfindən müayinə edildikdən sonra xəstənin əməliyyata ehtiyacı olduğu aşkarlansa, bu zaman sığorta olunan şəxs əməliyyat olunur. Lakin tibb müəssisəsinə bunun müqabilində heç bir vəsait ödəmir. Əməliyyat başa çatdıqdan  sonra tibb podratçısı sığorta olunanlara göstərilən bütün xidmətlərin siyahısını və tələb olunan digər sənədləri agentliyə təqdim etməlidir. Agentlik tərəfindən ekspertiza aparıldıqdan və sənədlər yoxlanıldıqdan sonra tibb müəssisəsinə ödəniş həyata keçiriləcək. Baza zərfində qeyd olunmuş xidmətlərə görə sığorta olunan heç bir vəsait ödəmir, tənzimlənmiş prosedurlar əsasında agentlik tibb müəssisəsinə ödəniş edir.

 

- Vətəndaş əməliyyat olunduqdan sonra həmin əməliyyatın məbləği icbari tibb sığortadan hansı formada geri qaytarılacaq?

 

- Cənab prezidentin müvafiq fərmanına əsasən pilot layihə Mingəçevir şəhərində və Yevlax rayonunda tətbiq olunur. Hazırda icra edilən pilot layihədə vətəndaşlardan sığorta haqqının toplanması nəzərdə tutulmayıb. Yəni bu ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən ödənişsiz istifadə edirlər. Bu o deməkdir ki, pilot ərazidə rəsmi qeydiyyatda olan vətəndaş icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən istifadə müqabilində nə Agentliyə, nə tibb müəssisəsinə vəsait ödəmir. Sığorta haqqı müvafiq qanunvericiliyə dəyişiklik edildikdən sonra toplanacaq. Agentlik bununla bağlı təkliflərini hazırlayıb və müvafiq dövlət qurumlarına təqdim edəcək.

  

- Vətəndaş illik ödəyəcəyi sığorta haqqı əvəzində bütün xidmətlərdən istifadə edə biləcəkmi? Və yaxud vətəndaş baza zərfində göstərilən 6 xidmət təminatına əsasən sığorta haqqı ödəyəcək, yoxsa 1800 xidmətin hər biri üzrə ayrıca sığorta haqqı ödəyəcək?

 

- Pilot layihə dövründə baza zərfində heç bir dəyişiklik olmayacaq. Qanunvericilikdə dəyişiklikdən sonra sığorta haqqı məbləği təyin ediləcək. Bu məbləğin qarşılığında vətəndaş il ərzində baza zərfində qeyd olunmuş xidmətlərdən pulsuz istifadə edə biləcək. Sığorta müddəti 1 ildir. 

 

- İcbari tibbi sığortanın həyata keçirilməsi üçün tibb müəssisələrinin idarəçiliyində dəyişikliklər edilməsi tələb olunurmu? Gələcəkdə bu sistemin tətbiqi Yevlax və Mingəçevir də daxil olmaqla tibb müəssisələrinin rəhbərlərinin dəyişilməsinə səbəb ola bilərmi?

 

- İcbari tibbi sığortanın tətbiqi məqsədilə tibb müəssisələrinin işi agentliyimiz tərəfindən analiz edilib. Nəticədə məsuliyyətin baş həkimlərdə cəmləşdiyinin şahidi olduq. Onlar müalicə, inzibati, təchizat, maliyyə kimi işlərə nəzarət edirdilər. Bu da istər-istəməz iş yükünün çox olmasına və nəticədə müalicənin keyfiyyətinə nəzarətin azalmasına səbəb olurdu. Bunu nəzərə alaraq agentlik tərəfindən belə bir qərar qəbul olundu ki, pilot layihənin tətbiqi müddətində tabeçiliyimizə verilən hər iki tibb müəssisəsinə direktorlar təyin olunsun. Baş həkimlər müalicə, direktorlar isə inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər. Bu da iş yükünün düzgün bölünməsinə  səbəb olacaq ki, nəticədə effektivlik, keyfiyyət daha da artacaq. Həmin müəssisələrdə idarəçilik bu sistemlə olacaq. Amma digər səhiyyə müəssisələrində proses olduğu kimi davam edir.

 

- Xəstəxanaların bugünkü kadr potensialı, onların İKT bilikləri, vətəndaşlara xidmətin göstərilməsi sahəsində lazımi biliyə malikdirlərmi?

 

-  Artıq uzun müddətdir ki, pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinə təlimlər keçirilir. Pilot ərazilərdəki tibb müəssisələrində kadr potensialını gücləndirmək, səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaq və eyni zamanda, sığorta olunanlara yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə agentlik planlı şəkildə mütəmadi olaraq, təlimlər təşkil edəcək. Vaxtaşırı respublikanın tibb müəssisələrindəki ixtisaslaşmış həkimlər pilot ərazilərdəki xəstəxanalara ezam ediləcək. Xarici ölkələrdən, xüsusilə, Türkiyədən dəvət edilmiş mütəxəssislərin təlimlərdə iştirak edəcəyi nəzərdə tutulub.

 

- Sığorta ödənişi adambaşı, sığorta ödənişi metodu və xidmətə görə sığorta ödənişi metodundan istifadə etməklə müəyyənləşdiriləcək. Bu, vətəndaşın tibb təchizatçısına, yoxsa agentliyin tibb  təchizatçısına ödəyəcəyi vəsaitin müəyyənləşdirilməsi ilə əlaqədardır?  

 

- Bu sığorta olunan şəxsə aid olan məsələ deyil. Həmin ödəniş tibb müəssisəsi ilə agentlik arasında olan münasibətdir. İcbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlər üzrə vətəndaş tibb müəssisəsinə heç bir ödəniş etməyəcək. Sadəcə, bəzi müayinələrdə azadolma məbləğini ödəyəcək. Digər sığorta ödənişlərinin hamısını agentlik həyata keçirəcək. Adambaşına ödənişlər ilkin səhiyyədə, xidmətə görə ödənişlər ambulatorda  tətbiq oluna bilər. Məsələn, əməliyyatdan sonra xəstəxanada qalmaq, yemək, dərman və s. xərclər hesablanacaq. Bu, tibb təchizatçısı ilə agentlik arasında olan müqavilə əsasında tənzimlənir.

 

- Vətəndaş sığorta olunmaq üçün hara müraciət edəcək, tibb müəssisəsinə, yoxsa agentliyə?

 

- İlkin mərhələdə pilot ərazilərdəki tibb müəssisələrinin daxilində qeydiyyat məsələləri, vətəndaşın sığortalı olub-olmaması barədə məlumatı vermək üçün bizim əməkdaşlarımız fəaliyyət göstərəcəklər. Amma sonrakı mərhələlərdə bu, onlayn qaydada həyata keçirilə bilər. Növbəti mərhələlərdə regional ofislərimiz açılacaq və vətəndaşlar birbaşa müraciət edə biləcəklər. Vətəndaşların sığortalanma prosesini asanlaşdırmaq üçün, kimə hansı vasitə uyğun olacaqsa, sığortalanma prosesi də ona uyğun həyata keçiriləcək.

 

- Kimlər sığorta haqqından azaddır və icbari tibbi sığortadan pulsuz istifadə edə biləcəklər?

 

- Yuxarıda qeyd etdiyim kimi, pilot layihə müddətində sığorta haqqı toplanmadığı üçün Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən ödənişsiz istifadə edirlər. Qanunvericilikdə dəyişikliklər edildikdən sonra sığorta haqqının toplanması nəzərdə tutulub. Agentliyin bununla bağlı təklifləri var. 18 yaşına çatmamış uşaqların, əyani təhsil alan tələbələrin, işləməyən təqaüdçülərin, aztəminatlı ailələrin sığorta haqqı ödəməkdən azad edilməsini təklif edirik. Onların sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi məqsədəuyğun olardı.

 

© APA

31.01.2017 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ